Məhkəmə qərarları › İş №2-1(105)-563/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-563/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-563/2022 14.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-1113/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 0949003AACJA nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 əsasında təyin olunmuş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. xx.xx.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il qeyd olunmuşdur. İddiaçı xx.xx.2022-ci ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlilliyin təyinatı zamanı diaqnoz bölməsində «Bronxların və ağciyərin bədxassəli yenitörəməsi; Sol ağciyərin Cr-i; kimyəvi terapiyadan 6 kurs sonrakı vəziyyət; Limfa və qaraciyərə MTS; İkincili anemiya; Splenomegaliya» qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona təyin olunmuş pensiya dayandırılmışdır. İddiaçı tərəfindən həmin hal araşdırılmış və onun əlilliyinin ƏƏSMN-nin “Əlillik” altsistemində etibarsız hesab edilməsi məlum olmuşdur. İddiaçı ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, iddaçıya məxsus müalicə məlumatları səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən əlillik “əlillik” Alt sistemində etibarsız edilmişdir. İddiaçı cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir. Bu səbəbdən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı müəyyən olunmuşdur ki, Səhiyyə Nazirliyi tərəfindən AR ƏƏSMN-ə xx.xx.2019-cu il tarixli, xx/xx-4330 № li məktub göndərilmişdir. Məktubda qeyd olunmuşdur ki, 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 №-li Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndinin tələlərinə əməl edilməməsi ilə bağlı Səhiyyə Nazirliyinin İşçi qrupunun 13 may 2019-cu il tarixli aktı ilə “Tibbi arayışların elektron reyestri” ndə etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı yenidən iddia ərizəsi ilə cavabdeh Səhiyyə Nazirliyinə qarşı məhkəməyə müraciət etmişdir. Lakin işə məhkəmədə baxılan zaman mövcud məhkəmə praktikasının dəyişməsi ilə əlaqədar iddia ərizəsi iddiaçı tərəfindən geri götürülmüşdür. Hazırda mövcud praktikaya uyğun olaraq iddiaçı təkrarən eyni iddia ilə cavabdeh “Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2rşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, iddaçının əlillik vəziyyəti Gəncə şəhər 1 nömrəli poliklinikasının 04940003AACJA saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcəli əlilliyin təyin edilməsi barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 04940003AACJA saylı göndəriş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli, 02/02/-45 nömrəli məktubla əsassız hesab edildiyinə görə əlillik məlumatları altsistemdə etibarsız hesab edilmişir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Həmçinin iddiaçıya təyin edilmiş əlillik etibarsız hesab edilsə də, etibarsız hesab ediləcəyi barədə əvvəlcədən iddiaçıya heç bir məlumat verilməmişdir. Hesab edir ki, cavbabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-1113/2022 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur (hakim L.Mirzəyeva). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı əlillik vəziyyəti Gəncə 1 nömrəli Şəhər poliklinikasının xx.xx.2017-ci il tarixli 0494003AACJA saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. AR NK-nın xx.xx.2016-cı il tarixli 140 nömrəli “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” nın 1.3.1-ci bəndinə əməl edilməməsi ilə bağlı ƏƏSMN tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə İddiaçı dair tərtib olunmuş xx.xx.2017-ci il tarixli 0494003AACJA nömrəli göndəriş etibarsız hesab edilmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən “Əlillik altsistemi” ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. İddiaçı əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdehin iddia ərizəsinə etirazı, habelə AR Səhiyyə Nazirliyinin AR ƏƏSMN-ə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının adına rəsmiləşdirilmiş göndəriş işçi qrupun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri''ndə etibarsız hesab edilmişdir. Yəni, iddiaçıya təyin edilmiş İİ dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi, 13 may 2019-cu il tarixli aktı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə yuxarıda göstərilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuşdur, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Yenə həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə aparılmadığından əlilliyin ləğvi də qanunsuz olardı. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsada, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdə olan TSEK elektron informasiya sistemindən çıxarışlardan görünür ki, Gəncə şəhər 1 nömrəli poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli 0494003AACJA saylı (Forma 88) göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT 10 C34 “Bronxların və ağciyərin bədxassəli yenitörəməsi, Sol ağciyərin Cr-i T2 Nx Mx İİ mərhələ. Polikimyəvi terapiyadan 6 kurs sonrakı vəziyyət”; Ağırlaşmaları: C77 “Limfa düyünlərinin ikincili və dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi, Limfa və qaraciyər MTS. İkincili anemiya. Splenomegaliya”; J96 “Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, xroniki tənəffüs çatmamazlığı ikinci və üçüncü dərəcə” qeyd edilmişdir. TSEK-in elektron informasiya sistemindən çıxarışından görünür ki, xx.xx.2017-ci il tarixli 0494003AACJA saylı (Forma 88) göndərişinə əsasən cavabdeh tərəfindən iddiaçıya 06 iyun 2017-ci il tarixdən 5 il müddətinə “Bronxların və ağciyərin bədxassəli yenitörəməsi, Sol ağciyərin Cr-i T2 Nx Mx İİ mərhələ. Polikimyəvi terapiyadan 6 kurs sonrakı vəziyyət. Limfa və qaraciyər MTS. İkincili anemiya. Splenomegaliya” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri tərəfindən ƏƏSMN-nin aparat rəhbərinə ünvanlanan xidməti məruzə məktubundan görünür ki, AR Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 02/02-45 nömrəli məktubuna Əlillik siyasəti şöbəsində aidiyyatı üzrə baxılmış və məktubda qeyd edilmiş 105 nəfər üzrə rəsmiləşdirilmiş göndərişlərin AR Səhiyyə Nazirliyi tərəfindən etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar 105 nəfərin əlillik müayinələrinin əlillik altsistemində etibarsız hesab edilməsinə dair Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə, vətəndaşların sosial müdafiə və təminat hüququnun yenidən nəzərdən keçirilməsi və artıq ödənilmiş vəsaitin bərpası ilə əlaqədar isə DSMF-ə tapşırıq verilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş siyahıda 75ci sırada iddiaçının adı qeyd edilmişdir. Kollegiya xüsusi olaraq qeyd edir ki, iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə yuxarıda göstərilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuşdur, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində öz hərəkətlərinin qanuniliyini onunla əsaslandırmışdır ki, “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” nın 1.3.1-ci bəndinə əməl edilməməsi ilə bağlı ƏƏSMN tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçı barəsində tərtib olunmuş xx.xx.2017-ci il tarixli 0494003AACJA nömrəli göndəriş etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası bununa bağlı qeyd edir ki, cavabdeh iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona ikinci dərəcə əlillik təyin edildiyi halda, əvvəlki praktikasına zidd olaraq onun həmin əlilliyini, ona heç bir məlumat verilmədən, Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubuna əsasən etibarsız hesab etməkdə qanunsuzluğa yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: - 1.1 və 1.2-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2 və 2.3-cü bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələbləri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı iddiaçının əlilliyi etibarsız hesab edilərkən yuxarıda qeyd olunan qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-1113/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar