Məhkəmə qərarları › İş №2-1(105)-563/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-563/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-563/2024 28.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər X1 və X2 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 01 iyul 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-1106/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur və 65 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. İddiaçıya məxsus ИТ-İ № ******* saylı xx.xx.1988-ci ildə qeydə alınmış, əmək kitabçasının surətindən görünür ki, onun xx.xx.1978-ci il traixindən xx.xx.2015-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olması barədə qeydlər aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 31 avqust 2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya yaşa görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçının əmək kitabçadında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2015-ci tarixinədək işlədiyi illəri ümumi sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “ona 01 iyul 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə Şamaxı rayonunda anadan olmuş, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. Daha sonra xx.xx.1978-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi müxtəlif peşələrdə və vəzifələrdə çalışmışdır. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Göstərilənləri nəzərə alaraq, cabadeh orqan AR. ƏƏSMNnin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyası təyin olunması üçün rəsmi şəkildə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********8 nömrəli və xx.xx.2023-cü il tarixli **********1 nömrəli cavab məktubları ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Pensiyanın təyin edilməsindən imtina olunması barədə məktub onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək “X5 və Emal Birliyi” ASC-də olan fəaliyyət dövrünün sığorta stajına daxil edilmədiyi qeyd edilmiş və fərdi hesabının sığorta hissəsində pensiya kaptalının olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1-ci bəndinə uyğun olaraq bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək kitabçasında bütün qeydlər aparılmışdır. Hesab edir ki, cavabdehin sözügedən imtinası qanuni və əsaslı olmamışdır çünki, bu barədə bütün qeydlər ona məxsus əmək kitabçasında qeyd olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olub, 1978-ci il tarixdən xx.xx.2016-cı h tarixədək müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı eyni tələblə cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də, ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Z- 183728/2023 nömrəli imtina məktubunda qanunvericiliklə tələb olunan sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Hesab edir ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-Z-183728/2023 nömrəli imtina məktubu qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 16 il 2 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1992-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “X5 və Emal Birliyi” ASC-də olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. xx.xx.2006cı il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə cavabdeh orqana ünvanladığı müraciətin araşdırılması zamanı Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmişdir. Göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedən, "Abşeron rayonu Güzdək Qoyunçuluq üzrə X7 X3" MMC {SUN: **********4) tərəfindən təqdim edilmiş 2006-2010-cu illər üzrə məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında illik məlumatlarda (bundan sonra-İllik məlumat) İddiaçı məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlərinə nisbətdə müəyyən edilmiş faizlə xeyrinə məcburi dövlət sosial sığorta haqları hesablanmış, lakin sığortaedən tərəfindən ödənilmədiyi üçün **********275 nömrəli hesabında əks olunmamışdır. Həmçinin sığortaedən tərəfindən 2011-2015-ci illər üzrə illik məlumatlar, 2016-cı il üzrə isə məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar və illik məlumat təqdim edilməmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək, həmçinin "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək sığortaedənin vəzifəsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir və xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Bununla bərabər onu da qeyd etmişlər ki, “X5 və Emal Birliyi” MMC tərəfindən göndərilmiş, 11 aprel 2023-cü il tarixli 3-22-15/2-53/2023 nömrəli müraciət məktubu ilə İddiaçı adına yaranmış DSMF borclarının ödənilməsi bildirilisə də, daxil olan müraciət düzgün olmadığından və lazımi məlumatlar təqdim edilmədiyindən araşdırılması mümkün olmamışdır. Belə ki, daxil olan müraciətə cavab olaraq müəssisəyə ünvanlanmış 18.04.203- cü il tarixli 3-17-1/2-83969/2023 nömrəli məktubda sözügedən müəssisənin hüquqi varisi olduğu sığortaedənlər barəsində məlumatlar (sığortaedənlərin adları, rekvizitləri (SUN və VÖEN), məcburi dövlət sosial sığorta haqqı üzrə borcların hansı dövrlərə aid edilməsi və sığortaedənlər üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məbləğlər) qeyd edilmədiyindən sözügedən müraciətin araşdırılmasının mümkün olmaması bildirilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqlan sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqlarına münasibətdə proporsional bölüşdürülərək fərdi şəxsi hesablarda qeydə alınır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-1106/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının xx.xx.1978-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olması onun əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda yuxarıda adıçəkilmiş və iş materiallarına əlavə edilmiş məhkəməyə sorğu əsasında daxil olmuş “X5 və Emal Birliyi”nin 21 noyabr 2023-cü il tarixli məktubu ilə İddiaçı 1997-2006-cı illər üzrə işləməsini təsdiq edən əmrlər təqdim edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hal-hazırdakı inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan onun xx.xx.1978-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Belə ki, cavabdeh orqan iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrləri onun sosial sığorta stajına daxil etməyərək, iddiaçının yetərli sığorta stajına malik olmamasını, ona pensiyanın təyin edilməsinin əsassız olmasını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçası və yuxarıda adları çəkilən məktubla iddiaçının xx.xx.1978-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək müxtəlif vəzifələrdə işləməsi və əməkhaqqı alması öz təsdiqini tapmışdır. Qeyd edilən dövrlər də cavabdeh inzibati orqanın hesabladığı iddiaçıya məxsus sosial sığorta stajına daxil edildikdə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş həddən çox, yəni 25 ildən çox sosial sığorta stajı möcvud olmuş olur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı eyni tələblə cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də, ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Z-183728/2023 nömrəli imtina məktubunda qanunvericiliklə tələb olunan sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 16 il 2 gün təşkil etmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1992-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “X5 və Emal Birliyi” ASC- də olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə cavabdeh orqana ünvanladığı müraciətin araşdırılması zamanı Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmişdir. Göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)" altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedən “Abşeron rayonu Güzdək Qoyunçuluq üzrə X7 X3" MMC (SUN: **********4) tərəfindən təqdim edilmiş 2006-2010-cu illər üzrə məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında illik məlumatlarda (bundan sonra- İllik məlumat) İddiaçı məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlərinə nisbətdə müəyyən edilmiş faizlə xeyrinə məcburi dövlət sosial sığorta haqları hesablanmış, lakin sığortaedən tərəfindən ödənilmədiyi üçün **********275 nömrəli hesabında əks olunmamışdır. Həmçinin sığortedən tərəfindən 2011-2015-ci illər üzrə illik məlumatlar, 2016-cı il üzrə isə məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar və illik məlumat təqdim edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir və xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, 01.01,2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Bununla bərabər onu da qeyd etmişlər ki, "X5 və Emal Birliyi” MMC tərəfindən göndərilmiş, 11 aprel 2023-cü il tarixli, 3-22-15/2-53/2023 nömrəli müraciət məktubu ilə İddiaçı adına yaranmış DSMF borclarının ödənilməsi bildirilsə də, daxil olan müraciət düzgün olmadığından və lazımi məlumatlar təqdim edilmədiyindən araşdırılması mümkün olmamışdır. Belə ki, daxil olan müraciətə cavab olaraq müəssisəyə ünvanlanmış xx.xx.2023-cü İl tarixli 3-17-1/2- 83969/2023 nömrəli məktubda sözügedən müəssisənin hüquqi varisi olduğu sığortaedənlər barəsində məlumatlar (sığortaedənlərin adları, rekvizitləri (SUN və VÖEN), məcburi dövlət sosial sığorta haqqı üzrə borcların hansı dövrlərə aid edilməsi və sığortaedənlər üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məbləğlər) qeyd edilmədiyindən sözügedən müraciətin araşdırılmasının mümkün olmaması bildirilmişdir. Onu da qeyd etmişlər ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqları sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqlarına münasibətdə proporsional bölüşdürülərək fərdi şəxsi hesablarda qeydə alınır. Qeyd edilmişdir ki, işə birinci instansiya məhkəməsi qismində baxan Şəki İnzibati Məhkəməsi tərəfindən qeyd olunanların heç biri nəzərə alınmamış və əsassız olaraq aşağıda sadalanan hallara əsaslanaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Birinci İnstansiya məhkəməsi iddianı təmin edərkən əsaslandığı hallar aşağıdakılardır: xx.xx.2006-cı il tarixdən sonrakı dövrlərin xx.xx.2006-cı il tarixədək olan əmrlər əsasında qəbul edilməsi iddianın təmin edilməsinə yönələn absurt mövqedir. Əlavə olaraq məhkəmə tərəfindən qeyd edilmişdir ki, hal-hazırdakı inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bu mövqeyə münasibətdə qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddiaçının əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı sübutun olmaması qeyd edilmişdir. Lakin 2006- 2015-ci illər üzrə dövrün sosial sığorta stajına hansı mötəbər sübutlar əsasında daxil edildiyi iş üzrə qəbul edilmiş qərarda müəyyən edilmir. Eyni zamanda qərarda qeyd edilmişdir ki, inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx-2015-cİ il tarixinədək işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Sözügedən hala münasibətdə bildirilmişdir ki, xx.xx.1978-xx.xx.1992-ci illər arasındakı dövrün cavabdeh inzibati orqan tərəfindən iddiaçının sığorta stajına daxil edilməsinə baxmayaraq məhkəmə sözügedən dövrün nəzərə alınmalı olduğunu qeyd etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin təmin edilməsinə yönəlik araşdırma apardığından qəbul edilən qərar üzrə inzibati orqanın mövqeyini heç bir halda nəzərə almamış və nəzəri ehtimallara əsaslanmışdır. Məhkəmənin qəbul etdiyi qərarın əsaslandırması kimi qeyd edilmişdir ki, cavabdeh orqan iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrləri onun sosial sığorta stajına daxil etməyərək, iddiaçının yetərli sığorta stajına malik olmamasını, ona pensiyanın təyin edilməsinin əsassız olmasını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçası və yuxarıda adları çəkilən məktubla iddiaçının xx.xx.1978-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək müxtəlif vəzifələrdə işləməsi və əməkhaqqı alması öz təsdiqini tapmışdır. Bildirilmişdir ki, məhkəmə qəbul edilən qərarın əsaslandırma hissəsində əmək kitabçasının xx.xx.2006-cı il tarixədək əsas sənəd olmasını qeyd etsə də, sonrakı abzasda yuxarıda qeyd olunan mövqedən çıxış edərək əmək kitabçası əsasında xx.xx.2015-ci il tarixədək olan dövrün təsdiq edildiyini bildirmiş, eyni zamanda qərarda sorğuya cavab olaraq təqdim edilən məktubun 1997-2006-cı illəri təsdiq etdiyini bildirməsinə baxmayaraq son olaraq nəticədə xx.xx.1978-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrün qəbul edilməsi əsası kimi sözügedən məktuba əsaslanmışdır. Bundan başqa məhkəmə müvafiq məktubun iddiaçının əməkhaqqı almasını təsdiq etməsini qeyd etsə də, təqdim olunmuş əmrlərdən çıxarışda iddiaçının hər hansı əməkhaqqı cədvəlləri yoxdur. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin qeyd etdiyi məsələlərə əsaslansalar belə iddiaçının xx.xx.2006-cı il tarixdən sonra MDSS haqlarının ödənilməməsi heç bir halda həmin dövrün sığorta stajına daxil edilməsinə əsas vermir və qanunvericiliklə mümkün deyildir. Bundan başqa qeyd edilmişdir ki, işin məhkəmə icraatının gedişində obyektiv və ətraflı araşdırmanın aparılmasını təmin etmək məqsədilə cavabdeh tərəfindən iş üzrə Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının üçüncü şəxs qismində cəlb edilməsi üçün 12 yanvar 2024-cü il tarixli 3-17-1/2-5244/2024 nömrəli və “X5 və Emal Birliyi”nin cəlb edilməsi məqsədilə 12 yanvar 2024-cü il tarixli 3-17- 1/2-5157/2024 nömrəli vəsatətlər təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının gedişində və ya qəbul edilən qərarda qeyd olunan vəsatətlərə münasibət bildirilməmiş və həmin vəsatətlərin təmin olunmaması əsaslarının nədən ibarət olması qeyd edilməmişdir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. Lakin işdən görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Deməli, həmin normalara əsasən iddiaçının işlədiyini iddia etdiyi və məhkəmə tərəfindən qəbul edilən dövr onun sığorta stajına daxil edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında tərəflərə hüquqi yardım edilmiş, iddiaçı iddiasını qəqiqləşdirmiş və əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2006-ci il tarixinədək olan işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, məhkəmənin sualına cavab olaraq bildirmişdirki, 2006- 2015-ci illər arasındakı dövrün nəzərə alınması pensiyanın məbləğinə təsir etmir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2006-ci il tarixinədək olan işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti… Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. SSRİ Nazirlər Sovetinin 17 oktyabr 1964-cü il tarixli, 859 saylı qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinə pensiyalar təyin edilməsi və verilməsi qaydası haqqında” Əsasnamə: İş stajını aşağıdakı sənədlər sübut edə bilər a) ... arxiv idarələrinin arayışları. 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək “X5 və Emal Birliyi” ASC-də olan fəaliyyət dövrünün sığorta stajına daxil edilmədiyini və fərdi hesabının sığorta hissəsində pensiya kaptalının olmadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının xx.xx.1978-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olması onun əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda yuxarıda adıçəkilmiş və iş materiallarına əlavə edilmiş məhkəməyə sorğu əsasında daxil olmuş “X5 və Emal Birliyi”nin 21 noyabr 2023-cü il tarixli məktubu ilə İddiaçı 1997-2006-cı illər üzrə işləməsini təsdiq edən əmrlər təqdim edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hal-hazırdakı inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan onun xx.xx.1978-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Belə ki, cavabdeh orqan iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrləri onun sosial sığorta stajına daxil etməyərək, iddiaçının yetərli sığorta stajına malik olmamasını, ona pensiyanın təyin edilməsinin əsassız olmasını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçası və yuxarıda adları çəkilən məktubla iddiaçının xx.xx.1978-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək müxtəlif vəzifələrdə işləməsi və əməkhaqqı alması öz təsdiqini tapmışdır. Qeyd edilən dövrlər də cavabdeh inzibati orqanın hesabladığı iddiaçıya məxsus sosial sığorta stajına daxil edildikdə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş həddən çox, yəni 25 ildən çox sosial sığorta stajı möcvud olmuş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 65 yaşının tamam olduğu tarixdə pensiya hüququnun yaranması ilə bağlı düzgün nəticəyə gəlsədə, iddiaçının sosial sığorta stajının dövlər üzrə nəzərə alınması və onun əsaslararının müəyyən edilməsində qanunvericiliyin tələbinə uyğun qiymətləndirmə aparmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan onun xx.xx.1978-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən sosial sığorta sajının müəyyən edilməsi əsasları xx.xx.2006-cı ilə qədər olan dövrlər ilə ondan sonrakı dövrlər arasında fərqli müəyyən edilmişdir. İddiaçının xx.xx.2006-cı ilə qədər işlədiyi dövrlər ona 65 yaşından yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verdiyi üçün iddiaçı iddia ərizəsinə qədiqləşmə vermiş, əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2006-ci il tarixinədək olan işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən qanunvericiliyə əsasən xx.xx.2006-ci il tarixinədək olan dövrlər əmək kitabçasına əsasən müəyyən edildiyinə görə, cavabdeh inzibati orqanın sosial sığorta stajı kimi nəzərə almadığı xx.xx.1992-ci il tarixdən xx.xx.2006-ci il tarixinədək iddiaçının işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməlidir. Eyni zamanda tərəflər arasında mübahisə olunmayan 16 il 2 gün təşkil edən sosial sığorta stajını nəzərə alanda, iddiaçının qanunvericiliyə əsasən tələb olunan 25 il sosial sığorta stajı tamam olur. Beləliklə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan iki şərt, 25 il sosial sığorta stajı və 65 yaşın tamam olması şərtləri ödənildiyi üçün, ona xx.xx.2022-ci il tarixdən hesablanıb, ödənilməklə yaşa görə əmək pensiyası təyin edilməlidir. Hazırda iddianın predmetinə daxil olmasada, məhkəmə kollegiyası iddiaçının 2006- 2015-ci illərlə bağlı sosial sığorta stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh inzibati orqan qeyd edir ki, 2006-2010-cu illər üzrə məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında illik məlumatlarda İddiaçı məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlərinə nisbətdə müəyyən edilmiş faizlə xeyrinə məcburi dövlət sosial sığorta haqları hesablanmış, lakin sığortaedən tərəfindən ödənilmədiyi üçün **********275 nömrəli hesabında əks olunmamışdır. Həmçinin sığortedən tərəfindən 2011- 2015-ci illər üzrə illik məlumatlar, 2016-cı il üzrə isə məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar və illik məlumat təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyə əsasən xx.xx.2006-ci il tarixindən sonrakı dövrlərdə sosial sığorta stajının əmək kitabçası əsasında deyil, sosial sığorta haqlarının hesablanıb ödənilməsi əsasında müəyyən olunduğuna görə, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması qeyd edilən əsasların müəyyən edilməsinə bağlıdır. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, 2006- 2015-ci illər arasındakı dövrlərin nəzərə alınması pensiyanın məbləğinə təsir etmir. Hər bir halda iddiaçıya izah edilir ki, 2006-cı ildən sonra sosial sığorta stajının hesablanması və ödənilməsini dəqiqləşdirib, hansıkı bunu işlədiyi müəssisələrdən tələb edə bilər, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin, ounun hüquqi və maddi marağına uyğun olacağı təqdirdə, həmin dövrlərin sosial sığorta stajına daxil edilərək pensiya məğləğinin yenidən hesablanmas tələbi irəli sürə bilər. Beləliklə, işin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyindən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya onun 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-1106/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci ildən xx.xx.2006-ci il tarixinədək olan dövrlərin sosial sığorta stajına daxil edilərək, 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar