Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-564/2022 16.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Babayeva Hökümə Çingiz qızı qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Oktay oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(118)-944/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Oktay oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7382 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aidiyyəti üzrə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. İddiaçı kənd təsərrüfatı məhsullarının idxalı və ixracı fəaliyyət növü üzrə pərakəndə satışla məşğul olur və heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. Eyni zamanda iddiaçının sahibkarlıq fəaliyyəti dövründə heç bir vergi ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. İddiaçı barəsində tərtib edilmiş akt və onun əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********7382 nömrəli vergi məsuliyyətinə cəlb edilməsi qərarı düzgün tərtib edilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********7382 nömrəli vergi məsuliyyətinə cəlb edilməsi qərarı poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi olaraq qeyd olunmuşdur. Həmin Məcəllənin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə- faktura təqdim etmək, yuxarıda 16.1.11-6-cı maddəyə əsasən istisna təşkil edir. Həmin maddənin tələbindən də açıq görünür ki, əgər alıcı tərəfindən elektron qaimə tələb olunduğu halda elektron qaimə-faktura təqdim etmək vəzifəsi vergi ödəyicisinin üzərinə qoyulmuşdur. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə əsasən elektron qaimə-faktura tələb edilməli olduğu halda tələb edilmədikdə VM-nin 58.13-cü maddəsinin tərkib hissəsi yaranır və yalnız bu halda vergi ödəyicisinə qarşı sanksiya tətbiq edilə bilər. Hazırki halda isə, mübahisələndirilən qərar qəbul olunarkən cavabdeh tərəfindən, vergi ödəyicisinə malların satışı zaman alıcının elektron qaimə tələb etməsi faktını təsdiq edən sübutlar vergi ödəyicisinə təqdim edilməmişdir. Operativ vergi nazərəti orqanı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, seriya DVX № 002471 nömrəli aktda qeyd olunmuşdur ki, 1483538.60 manat dəyərində malin ayrı-ayrı vergi ödəyicisinə satılması faktı qeyd olunsa da, həmin vergi ödəyicilərinin kim olduğu, həmin vergi ödəyicilərinin, adı, soyadı, atasının adı və VÖEN nömrəsi qeyd olunmamışdır. Hesab edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozması faktı barədə akt, dəqiq səlis və aydın tərtib edilməlidir. Bu xüsusat, həmin aktın qeyd hissəsində öz əksini tapmışdır. Bu da öz-özlüyündə tərtib edilmiş aktın və bunun nəticəsində qəbul edilmiş qərarın ləğvinə gətirib çıxarır. Qanunvericiliyin tələbinə görə vergi orqanı vergi ödəyicisinin təqsirini, habelə öz qərarının qəbulunu zəruri edən şərtlərin mövcudluğunu sübut etməyə borcludur. Lakin, hazırkı halda cavabdeh orqan iddiaçıya xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Odur ki, həmin qərar ləğv edilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4919 nömrəli qərarına əsasən iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xoçasən yolu 57 ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı tərəfindən ümumi dəyəri 14835386,0 manat məbləğində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi müəyyən edilərək qanun pozuntusu faktı xx.xx.2021-ci il tarixli akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də, vergi uçotu olmayan alıcılara ödəniş çeki verilməklə malları təqdim etməsi qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 14835368,0 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 1483538,60 maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63-cü və 71-1-ci maddələrinin tələblərinə əməl etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(118)-944/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********7382 nömrəli qərarı ləğv edilmişdir (hakim L.Mirzəyeva). Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə bildirmişdir ki, “qanunverici vergi orqanına operativ vergi nəzarətini həyata keçirmək səlahiyyətinin diskression sərhədlərini Vergi Məcəllənin 50.2-ci maddəsi ilə məhdudlaşdırmışdır. Lakin hazırkı işdə Vergi Məcəllənin 50.2-ci maddəsində göstərilən əsasları vergi orqanı özünün xx.xx.2021-ci il tarixli, **********4919 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarında əsaslandırmamış, eyni zamanda məhkəmə prosesi gedişində də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bu isə iddiaçı tərəfin göstərdiyi dəlillərin əsaslı olduğunu göstərir”. Məhkəmənin təqdim etdiyi dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə VM-nin 23.1.1-ci maddəsini özünün müəyyən etdiyi iş üzrə hala, yəni yoxlamanın təyin edilməsi üçün əsasların olmaması halına tətbiq etmişdir ki, bu isə anlaşılan və aydın deyildir. Çünki, işin mübahisəsiz halı ondan ibarətdir ki, vergi orqanı operativ vergi nəzarətini həyata keçirmək hüququna sahibdir. Belə hüququ olan vergi orqanının hüququna həyata keçirmək üçün qərar qəbul etməsi ağlabatan olmaqla, qanunvericiliklə müəyyən olunmuş haldır. İş materiallarında mövcud olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışında sözügedən yoxlamanın həm hüquqi əsası, həm də yoxlamanın təyin olunması üçün əsaslar öz əksini tapmışdır. Belə ki, VM-nin 50.1.13-cü maddəsi yoxlamanın hüquqi əsasını, 50.2.4-cü maddəsi isə yoxlamanın təyin olunması əsasını təşkil etmişdir. Bildirir ki, məhkəmənin “DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********4919 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edilmişdir. Eyni zamanda məhkəmə prosesi gedişində bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir” dəlili tamamilə əsassızdır. Eyni zamanda, məhkəmənin “hazırkı işdə VM-nin 50.2-ci maddəsində göstərilən əsasları vergi orqanı özünün xx.xx.2021-ci il tarixli, **********4919 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında əsaslandırmamışdır” dəlili ilə bağlı qeyd edir ki, məhkəmə bu hal üzrə VM-nin 50.3-cü maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə maddi hüquq norması olaraq VM-nin 50.1-ci maddəsini tətbiq edərək hesab etmişdir ki, operativ vergi nəzarətinin aparılması da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, məhkəmə həmin normalara istinad edərək hesab etmişdir ki, operativ vergi nəzarətinin mahiyyəti və məqsədi VM-nin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Operativ vergi nəzarətinin mahiyyəti nəzarət həyata keçirilən dövrdə vergi ödəyicisi tərəfindən VM-nin 50.1-ci maddəsində sadalanan halların aşkar edilərək müəyyən edilməsindən ibarətdir. Qeyd edir ki, məhkəmənin irəli sürdüyü dəlilin heç bir hüquqi əsası yoxdur. Çünki, məhkəmə heç bir halda operativ vergi nəzarətinin məhz nəzarət həyata keçirilən dövrdə aşkar olunan nöqsanların, hüquq pozuntularının müəyyən edilməsindən ibarət olduğunu hüquqi cəhətdən əsaslandırmamış, operativ vergi nəzarətinin mahiyyətini isə məhdudlaşdırıcı təfsir etmişdir. Operativ vergi nəzarəti VM-nin 50.1-ci maddəsində müəyyən olunan məsələlər və hallara nəzarətin həyata keçirilməsini təmin edən və vergi məsuliyyətinə səbəb olacaq hüquq pozuntuları aşkar edildiyi təqdirdə dövlətin uğraya biləcək maliyyə itkisinin qarşısının alınması üçün maliyyə sanksiyasının tətbiqi ilə nəticələnən nəzarət formasıdır. İddiaçının yoxlama həyata keçirilən ünvanda qeydiyyata aldığı obyekt yalnız anbardan ibarət olmuşdur ki, məhkəmə bu hala da diqqət etməmiş və iddiaçının pərakəndə satış üçün mağazalarının qeydiyyatda olub-olmamasını və ya faktiki olaraq olub-olmamasını araşdırmamışdır. Halbuki, bu fakt araşdırılmalı hallardan hesab olunur. İddiaçı topdansatış fəaliyyəti ilə məşğul olmuşdur ki, bu halda da həmin anbarda pərakəndə satış fəaliyyəti ilə məşğul olması qanunvericiliyə ziddir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri (maddə 50.1.1-50.1.14) əhatə edən vergi nəzarəti formasıdır. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Cavabdehin apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı yoxlamanı qanunsuz təyin etmiş, yoxlama zamanı araşdırmalı olduğu halları araşdırmayaraq, qanunvericiliyin tələblərinə uyğun olmayan yoxlama keçirilmiş və eyni zamanda müəyyən etdiyi halları düzgün qiymətləndirməyərək əsassız qərar qəbul etmişdir. Pərakəndə ticarət fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicisinin vəzfəsi olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, maliyyə sanksiyası tətbiq olunmuş dövriyyə ilə bağlı iddiaçıdan elektron vergi hesab-faktura tələb edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 14835380 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olmasını topdan satış kimi qiymətləndirmiş, lakin bu qiymətləndirmənin hüquqi əsasını göstərə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki işin hallarından görünür ki, Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən VM-nin 50.2.4-cü maddəsinə əsasən vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduğundan iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) növbədənkənar operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmışdır. Qərarda nəzarətin keçirilməsi müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeyd olunmuşdur. 16 noyabr 2021-ci il tarixdə iddiaçıya məxsus anbarda operativ vergi nəzarətinin həyata keçirilməsinə başlanılmış və tədbirin nəticəsində vergi ödəyicisinə məxsus obyektdə heç bir mal qalığı mövcud olmadığından ümumi dəyəri 14835386 manat olan malların elektron-qaimə faktura əsasında təqdim edilməli olduğu halda (topdan satış fəaliyyəti) pərakəndə qaydada təqdim edildiyi müəyyən olunmuşdur. İddiaçının nümayəndəsindən yoxlama zamanı izahatı alınmış və o, kənd təsərrüfatı mallarının satışının topdan və pərakəndə həyata keçirildiyini, fəaliyyəti dövründə alıcı VÖEN-i təqdim etdiyi halda tərəflərindən e-qaimə təqdim edildiyini, digər ödəyicilərin VÖEN-ləri olmadığı, yəni vergi ödəyici kimi qeydiyyatda olmadıqlarını bildirdiklərindən satışın pərakəndə satış kimi qeydiyyata alındığını, malların satışlarının tərəflərindən rəsmiləşdirildiyini və müvafiq bəyannamədə öz əksini tapdığını, qeyd olunan 14835386 manat məbləğin pərakəndə şəkildə satıldığını bildirmişdir. Bundan sonra keçirilmiş tədbirin nəticəsi olaraq cavabdeh tərəfindən 16 noyabr 2021-ci il tarixli, DVX seriyalı, 002471 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında qəbul edilmiş xx.xx.2021-ci tarixli, **********7382 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 1483538,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki işdə bir halda ki, cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, bunu konkret sənədlərlə, dəlillərlə sübut etməlidir. İddiaçının PKS vasitəsi ilə həyata keçirilmiş həmin malların bəzilərinin pərakəndə satışı və malların alıcılarının vergi uçotunda olmamaları bildirdiyinə qarşı, əslində həmin alıcıların vergi ödəyicisi olmasını sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır, əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin, kollegiya qeyd edir ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Bundan əlavə, qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bununla bağlı kollegiya qeyd edir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçı tərəfindən PKS vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bundan əlavə, operativ vergi nəzarətinin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə operativ vergi nəzarəti ilə əhatə olunan məsələlər təsbit edilmişdir ki, onlardan biri də malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsidir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilir. Halbuki, hazırkı iş üzrə, cavabdehin keçirdiyi operativ vergi nəzarətinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, xx.xx.2021-ci il tarixədək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr ərzində baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakteristikasına uyğun deyildir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda da operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan aydın olur ki, İddiaçı Oktay oğlunun hazırkı operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliyyət növləri “TƏZƏ MEYVƏ VƏ TƏRƏVƏZİN PƏRAKƏNDƏ SATİŞİ” olmuşdur. Həmçinin, vergi ödəyicisi haqqında məlumatdan görünür ki, iddiaçının icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocasən yolu, ev. 57 ünvanında yerləşən təsərrüfat subyektində (anbarda) AZ SMART Mobile markalı SA**********202021 zavod nömrəli PKS xx.xx.2021-ci il tarixdə vergi orqanında qeydiyyatdan keçirilmişdir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçının fəaliyyət növü pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə proqram kassa sisteminin quraşdırılması da bu faktı təsdiq edir. Həmin proqram kassa sisteminin vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Beləliklə, məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, iddiaçıya operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(118)-944/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-564/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-564/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver