Məhkəmə qərarları › İş №2-1(105)-564/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-564/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-564/2023 18.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təyin olunduğu tarixdən əvvəlki üç il müddətinə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” nün ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2-1(118)-1264/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı 05 may 1981-ci il tarixdən 09 iyun 1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 1992-ci il tarixdən “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən ikinci dərəcəli əlil hesab edilmişdir. TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən, iddiaçıya “Çernobıl AESdə hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə” səbəbindən xx.xx.2021ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona xx.xx.2021-ci il tarixdən əvvəlki üç illik dövr üçün “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” nün ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan 21 sentyabr 2022-ci il tarixli, **********8 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələr) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixindən "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə uyğun olaraq şəxsin əlilliyi ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirmə əlaqədar səbəblərdən birinə əsasən müəyyən edilir. X1 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2021-ci tarixindən müddətsiz olan "Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" İİ dərəcə əlilliyi müəyyən olunmuş və müvafiq olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq həmin tarixdən 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. "Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" İİ dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edildiyi üçün iddiaçıya ərizədə qeyd edilən dövrlər üzrə sözügedən təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci ildən əvvəlki üç il müddətinə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ilə təyin olunmuş məbləğin ona verilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ikinci dərəcə əlilliyi xx.xx.2021ci il tarixdən təyin edildiyinə görə əvvəlki dövrlər üçün təqaüd üzrə təyin olunmuş məbləği ala bilməmiş, ona ikinci dərəcəli əlilliyinə görə, xx.xx.1992-ci il il tarixində ömürlük ÇAES kimi əmək pensiyası təyin olunmuşdur. Hesab edir ki, onun təqaüdü almaq hüququ xx.xx.2021-ci il tarixindən deyil, xx.xx.1992-ci il tarixindən yaranmışdır. 2020-ci ilin sentyabr ayında əmək pensiyası dayandırıldıqda və o, pensiyanı almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdikdə, ona məlum olmuşdur ki, o, həm də prezident təqaüdü almalıdır. Lakin, müvafiq orqanın səhlənkarlığı səbəbindən həmin təqaüdü xx.xx.2021-ci il tarixindən alır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələr) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixindən "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir. Həmin qanunun müvafiq müddəasına əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 350 manat aylıq məbləğ müəyyən edilmişdir. "Sosial müavinətlər haqqında" Qanunun 9.1ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən: əlilliyə görə müavinət-əlillik müddətinə təyin edilir. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(112)-13102/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, X1 Sisteminin Əlillik altsisteminə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) verinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyi müəyyən edilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin tarixdən ona 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Deməli, məhz bu əlilliyinin müəyyən edildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərin təqaüd almaq hüququnu onların əlillik statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Əlillik statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, belə mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu təqaüdün veriləcək şəxslər kateqoriyasını Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslər əhatə edir. İddiaçıya xx.xx.1996-cı il tarixdə müəyyən olunmuş əlillik səbəbi (“Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”) isə bu kateqoriyaya aid edilmir. Beləliklə, iddiaçıya “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) verinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyi xx.xx.2021-ci İİ tarixdə müəyyən edildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidenti təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından hesab edirlər ki, hazırki halda, iddiaçının İİ dərəcə əlilliyinin müəyyən edildiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il ücün Prezident təqaüdünün ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2-1(118)-1264/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim: İ.Quliyev). İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Çernobıl hadisəsi 1986-cı ildə baş vermişdir. Onun aradan qaldırılması ilə əlaqədar keçmiş Sovet dövlətinin tərkibində olan respublikaların vətəndaşları iştirak etmişlər. Şüalanma nəticəsində çoxlu insan, o cümlədən iddiaçı əlil olmuşdur və buna görə xx.xx.1992-ci il tarixindən ona əlilik təyin edilmişdir. Həmin dövrdə qanuvericiliyin tələblərinə uyğun olaraq əlilliyin səbəbi qəzanın aradan qaldırılması ilə əlaqədar qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ”Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanından sonra qanunvericilikdə “Çernobıl AESdə qəzanın ləğvi ilə əlaqədar” anlayışı “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” anlayışı ilə əvəz edilmişdir. Yəni həmin hadisə Azərbaycan Respublikası müstəqil dövlət olmamışdan əvvəl baş verdiyinə görə hadisənin aradan qaldırılması ilə əlaqədar iddiaçı xx.xx.1992-ci il tarixində əlillik statusu əldə etmişdir. xx.xx.2021-ci il tarixdən “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlilliyin yaranma anlayışı ilə əvəz edilmişdir. Məhkəmə qeyd etmişdir ki, prezident təqaüdünün müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən əvvəlki 3 il tarixə hesablanaraq ödənilməsi ilə əlaqədar olan bir sıra bənzər işlərdə məhkəmə təcrübəsi formalaşmış, Prezident təqaüdü ilə bağlı tələblərə “Sosial müavinətlər haqqında” Qanunun müddəalarının tətbiq edilmədiyi qəbul edilmişdir. Lakin hansı bənzər işlərə istinad olunması məhkəmə qərarında qeyd edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin işlər üzrə 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir, bu vəsait artıq “Sosial müavinətlər haqqında” Qanunun müddəaları ilə yox, digər əsasla verilir. Məhkəmə hansı əsaslarla olduğunu bildirməyərək qərarında bir-birinə ziddiyyətli cümlələri qeyd etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı hərbi xidmət müddəti bitdikdən sonra hərbi vəzifəli kimi Çernobıl AES-də toplanışa çağırılmışdır. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasına sədrlik edən hakimin sualına cavab olaraq iddiaçıya mübahisələndirilən xx.xx.2021-ci il tarixdən əvvəl təyin edilmiş “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlillik səbəbini mübahisələndirmədiklərini bildirmişdir. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə 11.2.2. hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya xx.xx.2021-ci il tarixdən əlillik təyin edildiyi zaman qüvvədə olan redaksiyası): Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; (-). Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bənd. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. (-) 1.7-ci bənd. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. (-) 3.1-ci bənd. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. (-) 4.1-ci bənd. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat; 1.2. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat; 1.3. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 (üç yüz otuz) manat.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; 2.2. bu Fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri – daha yüksəyi verilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

“İnzibati icraat haqqında” Azəbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisə predmeti cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixdən əvvəlki üç illik dövr üçün “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” nün ödənilməsindən imtinası barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, qanunvericilikdə tələb olunan prezident təqaüdünün əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulmadığından cavabdeh orqanın imtinası əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə onu da qeyd etmişdir ki, tələb edilən müavinət qanunvericilikdən irəli gələn qazanılmış hüquq kimi tələb edilərsə, bu xx.xx.2021-ci il tarixdən əvvəlki üç illə bağlı yox, hüquq yaradan norma kimi qeyd edilən prezident fərmanının qüvvəyə mindiyi 2008-ci il tarixdən tələb edilə bilər. Lakin iddiaçının 2008-ci ildən bu hüquqlardan istifadə etmə imkanı olsa da o, həm əlilliyi və əlilliyin səbəb əlaqəsi ilə bağlı, həm də prezident təqaüdü ilə bağlı zəruri müraciətləri etməmiş, öz hüquqlarından istifadə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı hərbi xidmət müddəti bitdikdən sonra hərbi vəzifəli kimi Çernobıl AES-də toplanışa cəlb edilmiş, daha sonra o, 1992-ci il tarixdən “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən ikinci dərəcəli əlil hesab edilmişdir. Bundan sonra isə iddiaçıya “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə” səbəbindən xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdən iddiaçıya "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin edilmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən təqaüdü almaq hüququnun onun “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən əlil hesab edildiyi 1992-ci il tarixdən əldə etdiyini, Azərbaycan Respublikası Prezidentinin ”Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 9 sentyabr 2008-ci il tarixli Fərmanından sonra “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” anlayışının “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” anlayışı ilə əvəz edildiyini bildirmiş, dolayısı ilə iddiaçının sonuncu qeyd edilən hazırkı əlillik səbəbinin elə “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbi ilə eyni olduğunu vurğulamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” nın 1.5-ci bəndinə əsasən: Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Qeyd olunan hüquq normalarının tələbindən göründüyü kimi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” və “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik səbəbləri müxtəlif kateqoriyalardan olan səbəblər olmaqla, biri digəri ilə əvəz edilməmiş və hal-hazırda hər ikisi qanunvericiliklə qüvvədə olan əlillik səbəbləridir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 1992-2021-ci il tarixləri arasındakı dövr ərzində mövcud olmuş ilkin əlilliyin səbəbi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olmuş, daha sonra ona xx.xx.2021-ci il tarixdən məhz “Çernobıl AESdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Yəni iddiaçıya münasibətdə TSEK tərəfindən 2021-ci ilədək əlilliyin səbəbi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olmaqla inzibati akt qəbul edilmişdir. 15 may 2021-ci il tarixdən isə ona “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Həmin tarixə qədər isə iddiaçının əlillik səbəbinin “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” olması barədə iş materiallarında hər hansı sübut və ya dəlil mövcud deyildir, iddiaçı tərəfindən də məhkəmə kollegiyasına təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış elektron cavab məktubundan görünür ki, AR Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquqi ekspertizası məsələləri şöbəsinin 2008-ci il 22 oktyabr tarixli, 14/3173 nömrəli məktubuna əsasən Çernobıl AESdə hərbi xidmətlə əlaqədar əlil hesab edilmiş şəxslərə də “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Prezidentin 9 sentyabr 2008-ci il tarixli, 823 nömrəli fərmanı ilə müəyyən olunan Prezidentinin təqaüdünün təyin edilməsi nəzərdə tutulmuşdur. Bunun davamı olaraq kollegiya Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 nömrəli fərmanınına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin fərmanın iddiaçıya “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilən zaman qüvvədə olan redaksiyasına əsasən: Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilmişdir: 1.1. İ dərəcə əlilliyi olan şəxslərə – 400 (dörd yüz) manat; 1.2. İİ dərəcə əlilliyi olan şəxslərə – 350 (üç yüz əlli) manat; 1.3. İİİ dərəcə əlilliyi olan şəxslərə – 300 (üç yüz) manat. Qeyd edilən normativ-hüquqi aktın tələblərindən göründüyü kimi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən əlilliyi müəyyən edilmiş şəxslərə xx.xx.2008-ci il tarixdən (Fərmanın qüvvəyə mindiyi tarix) “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və bu təqüdün məbləği İİ dərəcə əlilliyi olan şəxslərə münasibətdə 350 manat müəyyən edilmişdir. İddiaçı da xx.xx.2021-ci il tarixdən “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlil hesab edildiyindən yalnız həmin tarixdən etibarən fərmanda qeyd edilən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən əlilliyi müəyyən edilmiş şəxslərin kateqoriyasına aid edilmiş və qanunvericiliyin tələbinə müvafiq qaydada ona həmin tarixdən prezident təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” nın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. İddiaçıya “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən əlillik təyinatı barədə TSEK tərəfindən tərtib edilmiş əvvəlki aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Qeyd edilən müayinə aktlarında TSEK-nin diaqnozu qeyd edilmiş, həmin aktlarda göstərilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin sonrakı dövrdə həmin aktlarla bağlı mübahisə açmamış, inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci və 64.2-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçıya qeyd edilən səbəbli əlaqə ilə təyin edilən əlillik barədə aktlar ona məlum olduğu vaxtdan qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin aktlar “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” səbəbindən əlilliyin təyini barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirmə tarixi 15 may 2021-ci il tarixli qərarında həmin qərarın ondan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmiş, əlillik müddətsiz müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun iddiaçıya xx.xx.2021-ci il tarixdən əlillik təyin edildiyi zaman qüvvədə olan redaksiyasının 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Kollegiya qeyd edir ki, iddiaçı ona hazırkı məzmunda “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlilliyin təyin edildiyi 15 may 2021-ci il tarixdən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsi anlamında qeyd edilən səbəbli əlaqə ilə əlilliyi olan şəxsdir. İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində tələbi ilə bağlı hüquqi mövqeyini “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Halbuki, həmin norma müharibə veteranları üçün qanunla nəzərdə tutulmuş sosial müavinətin müvafiq inzibati orqana müraciətlərindən əvvəlki üç il üçün ödənilməsi ilə bağlıdır. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək kollegiya belə qənaətə gəlir ki, idiaçının əvvəlki dövrlər üzrə ödənilməsini tələb etdiyi Azərbaycan Respublikası Prezidentinin təqaüdü xx.xx.2008-ci il tarixdən təsis edildiyindən, ona həmin təqaüdün alınması hüququna malik “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” səbəbindən əlilliyi olan şəxs statusu xx.xx.2021-ci il tarixdən verildiyindən, həmin gündən də ona qeyd edilən təqaüd təyin edildiyindən, həmin tarixədək ona sözügedən səbəbli əlaqə ilə deyil, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” səbəbindən əlilliyin təyini barədə qüvvədə olan inzibati aktlar olduğundan iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2-1(118)-1264/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar