Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-564/2025 11.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, X7 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “oğluna şəhid statusunun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(118)- 453/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. N sentyabr 2022-ci il tarixli, AZ-İİ seriyalı, 288156 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 N avqust 2022-ci il tarixdə “travmatik hemotoraks” səbəbindən ölmüşdür.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N sentyabr 2022-ci il tarixli 50 saylı bildirişindən görünür ki, İddiaçı “onun oğlu N nömrəli hərbi hissədə atıcı-nizamlayıcısı vəzifəsində xidmət edən əsgər X3, 27 iyun 2003-cü ildə anadan olmuş, qeyri-döyüş şəraitində odlu silahdan açılan atəş nəticəsində həlak olması”nın bildirilməsi xahiş olunmuşdur.
3. N nömrəli hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli, 259 nömrəli əmrindən görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X6 qərargah bölüyün komendant taqımının 1-ci komendant manqasının atıcı-nizamlayıcısı qeyri-döyüş şəraitində qərargah bölüyünün komendant taqımının 2-ci komendant manqasının atıcınizamlayıcısı əsgər X8 tərəfindən odlu silahdan açılan atəş nəticəsində həlak olmuşdur, N sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış hesab edilmişdir. Ölüm hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar deyil. 27 iyun 2003-cü il tarixdə Xaçmaz rayonun Yergüc kəndində anadan olub, azərbaycanlı həqiqi hərbi xidmətə 06 iyul 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən çağırılmışdır. N avqust 2022-ci il tarixdə Xaçmaz rayon, Yergüc kəndində dəfn edilmişdir. Atası: İddiaçı, Xaçmaz rayonun Yergüc kəndində yaşayır.
4. Gəncə Hərbi Məhkəməsinin 22 may 2023-cü il tarixli, 1-1(095)-33/2023 saylı hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalarını cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq ona 12 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin N avqust 2022-ci il tarixdən hesablanması, X8 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 05 iyun 2024-cü il tarixli, 3-xxxx/2829/2024 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Qaytarılmaz itkilərin elektron məlumat sistemi”ndə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X3 N avqust 2022-ci il tarixdə saat 01:20 radələrində Tovuz rayonu Ağdağ yüksəkliyində əsas Komando Məntəqəsində səhra çadırında əsgər yoldaşı X8 ilə qarşılıqlı münasibət qaydalarının kobud şəkildə pozulması “əl odlu silahdan atəş açma qəsd, travmatik hemotoraks, döş qəfəsinin açıq yarası və qarın divarının açıq yaraları” nəticəsində vəfat etməsi barədə məlumat vardır.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N iyun 2024cü il tarixli, 894 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin bəzi bölmələri düşmənlə təmas xəttində yerləşsə də, mərhum əsgər X3 həmin vaxt xidmət etdiyi qərargah bölüyü düşmənlə təmas xəttində yerləşməmişdir. Həmçinin, bildirilmişdir ki, qərargah bölüyünün şəxsi heyəti ilə birlikdə mərhum əsgər X6 04 avqust 2022-ci il tarixdə həyacan siqanlı ilə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən “Ağdağ” adlandırılan əsas komanda məntəqəsinə çıxarılsa da, N avqust 2022-ci il tarixdə heç bir döyüş tapşırığını icra etməmişlər.
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək, oğlu X4 şəhid statusunun verilməsini xahiş etmişdir.
8. Cavabdeh 13 iyul 2023-cü il tarixli, 3-43-90/2-A1xx/xx/2023 nömrəli məktubla iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın 1.2.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N avqust 2022-ci il tarixli, 50 nömrəli bildirişinə əsasən, P.S. Ağamirov qeyri-döyüş şəraitində odlu silahdan açılan atəş nəticəsində həlak olmuşdur. Mərhum P.İddiaçı ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmadığından, Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən ona şəhid statusunun verilməsi mövcud qanunvericiliyinin tələblərinə uyğun hesab edilmir.
9. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, tək varisi X3 Azərbaycan Respublikasına, dövlətin nümunəvi xidmətini, xidməti vəzifəsini icra edərkən, düşməndən daha qorxunc, daxili düşman tərəfindən odlu silahdan açılan atəş nəticəsində həlak olmasını nəzərə alıb, X4 şəhid adı verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum oğlu X4 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailənin tək oğlu, tək varisi mərhum X6 2021-ci ilin iyun ayından həqiqi hərbi xidmətə göndərilmişdir. Mərhum oğlu X6 N saylı hərbi hissədə ön cəbhədə xidmət edirdi. Oğlu nümunəvi xidmət etdiyinə görə, komandanlıq tərəfindən bir neçə dəfə təşəkkürlər almışdır. Tək varisini avtomat silahdan atəş açaraq öldürən N saylı hərbi hissənin əsgəri X8 N saylı hərbi hissə komandalığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə mənfi xarakterizə edilmiş bir əsgər olub. Həmin əsgər qəsdən xidməti vəzifəsini nümunəvi icra edən iddiaçının oğlu Pünhana avtomat silahından atəş açaraq, onu həyatdan məhrum etmişdir. Təhlil edib analiz edəndə məlum olur ki, tək varisi Pünhan düşmənlə üz-üzə mövqedə olan N saylı hərbi hissədə Azərbaycan Respublikasına, dövlətinə qulluq edərkən həyatından məhrum edilib, yəni şəhid olub. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
12. İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
13. Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(118)-453/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova).
14. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, İş materialında olan Gəncə Hərbi Məhkəməsinin 22 may 2023-cü il tarixli, 1-1(095)-33/2023 nömrəli hökmündən görünür ki, X8 qanunsuz olaraq odlu silahı və döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, həmin odlu silahdan istifadə etməklə digər şəxsi X5 qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən adam öldürmüşdür. Qeyd edilən cinayət işi üzrə X8 təqsirli bilinmişdir. Tərəflərin izahatına və iş materiallarında mövcud olan sənədlərə əsasən məhkəmə müəyyən etmişdir ki, iş üzrə apellyasiya şikayəti və ya protest verilməmiş, hökm qanuni qüvvəyə minmişdir. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsinə əsasən qeyd edilən işlərdə işin faktiki halları ilə müəyyən edilmişdir ki, hərbi qulluqçu hərbi xidmət zamanı qeyri-döyüş şəraitində həlak olmuşdur. Qeyd edilənlərəəsasən şəhid statusu ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair tələb təmin olunmamalıdır.
15. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ:
20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununu: Maddə 4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası
1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.
2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.
21. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”:
1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: ... 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
4. Şəhid və şəhid ailəsi statusunun verilməsi 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları» nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.
24. İnzibati Prosessual Məcəllə: Maddə 14. Sübut etmə vəzifəsi ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. ... 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
26. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Hazırkı mübahisənin predmetini iddiaçının oğlu X4 şəhid statusunun verilməsindən cavabdehin imtinası təşkil edir.
29. Cavabdehin imtinasının əsası iddiaçının oğlunun ölümünə səbəb olan şəraitin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın müddəalarında nəzərdə tutulmamasıdır.
30. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçının oğlunun əsgər X8 tərəfindən odlu silahdan açılan atəş nəticəsində həlak olduğu, bununla da onun qeyri-döyüş şəraitində öldüyü qənaətinə gələrək, cavabdehin imtinasını əsaslı saymaqla iddianı təmin etməmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
32. Hazırkı qərarın 22-ci bəndində istinad olunan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2-ci bəndində şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydalara əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında məhz döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar.
33. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.
34. Yəni, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə həlak olmuş şəxs o halda, şəhid hesab edilir ki, onun ölümü məhz döyüş tapşırıqları nəticəsində baş vermiş olsun.
35. Belə olan halda, iddiaçının oğlunun ölümü faktı ilə döyüş tapşırıqlarının yerinə yetirilməsi münasibətləri arasında səbəbli əlaqənin olub-olmadığı müəyyən edilməlidir.
36. İşin bu halı isə artıq yuxarıda qeyd olunan cinayət işi üzrə məhkəmə icraatı zamanı müəyyən edilmişdir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
38. Hazırkı qərarın 1-6-cı bəndində qeyd olunanlardan görünür ki, iddiaçının oğlu hərbi xidmət etdiyi dövrdə odlu silahdan açılmış atəş nəticəsində ölmüş, bununla əlaqədar əsgər X8 barəsində cinayət işi başlanmış, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçının oğlunun əsgər X8 tərəfindən odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyən edilmişdir.
39. Göründüyü kimi iddiaçının mərhum oğlunun ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı olmamış, ölüm səbəbi qeyri-döyüş şəraitində əsgər X8 tərəfindən odlu silahdan açılan atəş olmuşdur.
40. Lakin yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. İndiki halda isə iddiaçının mərhum oğluna münasibətdə belə səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir.
41. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının mərhum oğlunun ölümü ilə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi münasibətləri arasında səbəbli əlaqə müəyyən edilmədiyinə görə cavabdeh inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur.
42. Həmçinin, qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlər üzrə 2-1(102)-1096/2023, 2-1(102)-548/2024 və 2- 1(102)-680/2024 nömrəli qərarlarında da ifadə olunmuşdur.
43. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(118)-453/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.