Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-565/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “öz arzusu ilə tutduğu vəzifədən azad olunmağı barədə əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: işə bərpa, şəxsin ərizəsi əsasında dövlət qulluğuna xitam Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin 27 iyul 2020-ci il tarixli, **********6 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad olunmağı barədə əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-1(118)-998/2021 saylı qərarından İddiaçı verdiyi apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən onun işdən azad olunmağı barədə verilmiş 27 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ƏƏSMN-nin Xaçmaz rayon şöbəsində mühasib vəzifəsində işləmiş və cavabdehin 27 iyul 2020-ci il tarixli əmrilə işdən azad edilmiş, həmin əmr ona təzyiq altında öz arzusu ilə işdən azad olunma barədə yazdığı ərizə əsasında verildiyindən əmri qanunsuz hesab edir, ona görə də əmrin ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Cavabdehin etirazları:
3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir ona görə ki, iddiaçı 03 iyul 2020-ci il tarixdə ərizə ilə müraciət edərək öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və onun dövlət qulluğuna 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmrlə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində dövlət qulluğuna xitam verilə bilən hallar öz əksini tapır və dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin3-cü hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı 03 iyul 2020-ci il tarixdə öz ərizəsi ilə işəgötürənə müraciət edərək onu 1 ay xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və bu halda işəgötürən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsində qeyd edilən hüququndan istifadə etməmiş və ərizədə qeyd edilənlərə əsasən İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-1(118)-998/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad olunmağı barədə əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-1(118)-998/2021 saylı qərarını ləğv edərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a)apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarından narazıdır, belə ki, cavabdehin 27.07.2020-ci il tarixli əmrilə əsassız olaraq işdən azad edilmiş, ondan öz arzusu ilə işdən azad olunma ərizəsi məcburi şəkildə alınmış, o, təhsilli olmaqla 33 il dövlət qulluğunda işləmiş və öz xoşu ilə işdən azad edilmə ərizəsi yazmazdı.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdeh inzibati orqanın apelyasiya şikayətinə qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə X7 şəxs yaradılmış, həmin Fərmanın 7-ci hissəsinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirirlər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir: - “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6- 1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir: - Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun” Nizamnaməsinin 4.5.6-cı yarımbəndinə əsasən Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək səlahiyyəti X5 verilmişdir. Həmin Fərmanın 4.11.11ci yarımbəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin(təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. İddiaçı öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş və sonradan ərizəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunda müvafiq işlə təmin olunmuşdur (əmrin və ərizənin surəti əlavə olunur). Yuxarıda göstərilənlərə əsaslanaraq apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Sumqayıt İnzibati Məhkəməsinin qərarından narazıdır. Belə ki, bütün işçilər, həmçinin o, məcburiyyət qarşısında qalıb ərizə yazmış və onlara bildirilmişdir ki, DSMF-nin əsasında Dövlət Sosial Müdafiə X7 şəxsi yaradılır. İşdən azad ediləndən sonra o, üç ay müddətinə DSMF-nin Xaçmaz rayon xidmət nümayəndələyinin ştatdankənar işçi vəzifəsinə qəbul edilmiş və üç ay tamam olan kimi də işdən azad edilmişdir. O, mühasibatlıq kursunu bitirmiş olsa da, uzun illərdir ki, mühasib işləmiş, hətta Rusiya Federasiyasında İqtisadiyyat Universitetini bitirmiş, lakin diplomu hələ təhsil nazirliyi tərəfindən tanınmamışdır. Hazırda işsiz olduğundan qeyd edilənlərin nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.
9. Cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında vurğuladı ki, iddiaçının apelyasiya şikayətini qəbul etmirlər və bu haqda apelyasiya şikayətinə etirazda ətraflı göstərilmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, iddiaçı ali təhsilli olmasını bildirsə də, əslində ali təhsili yoxdur, sadəcə iki-üç aylıq kurs keçməklə mühasib kimi işləməyə başlamışdır. İddiaçı 03 iyul 2020-ci il tarixdə ərizə ilə müraciət edərək onu 1 ay xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və rəhbərliyin 27 iyul 2020-ci il tarixli əmrilə iddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Əlavə olaraq onu da bildirmək istəyir ki, Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin Strukturuna daxil olan orqanların siyahısından DSMF-nin adı çıxarılmış və Publik hüquqi şəxslər yaradılmışdır. Hətta iddiaçı yeni yaradılan orqanda 3 ay əmək fəaliyyəti ilə məşğul olmuş sonradan əmək müqaviləsinin müddəti uzadılmamışdır. Onu da qeyd etmək istəyir ki, bütün rayon şöbələrində olan mühasibatlıqlar ləğv edilib, yalnız Bakı şəhərində Mərkəzləşdirilmiş Mühasibatlıq idarəsi yaradılmışdır ki, respublika üzrə Fondun bütün mühasib işlərini onlar həyata keçirirlər. Həmçinin bildirmək istəyir ki, iddiaçı artıq inzibati vəzifədə işləyə də bilməzdi ona görə ki, inzibati vəzifələr üçün ali təhsil tələb edilir. DSMF-nin Xaçmaz rayon xidmət nümayəndəliyi üzrə cəmi 8 ştat vahidi mövcud olmaqla mühasib ştatı yoxdur. Göstərilənlərə əsasən apelyasiya şikayətinin təmin edilmədən iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər.
Tədbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
15. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
16. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
17. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
18. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
19. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
20. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
21. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
22. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
23. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
24. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
25. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hazırki qərarın 10-19-cu bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. İş materiallarından müəyyən olunur ki, iddiaçı işləmiş olduğu vəzifədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə 27.07.2020-ci il tarixli əmrlə işdən azad olunduqdan sonra, 12 avqust 2020ci il tarixli ərizəsi əsasında 14.08.2020-ci il tarixli əmək müqaviləsilə Fondun regional ərazi filialında ştatdankənar işçi vəzifəsinə qəbul edilmiş və 20 noyabr 2020-ci il tarixli əmrlə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir (i.v.50-52). Qeyd edilən əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini və yeni yaranmış “Dövlət Sosial Müdafi Fondunda” müvafiq işlə təmin olunmağı tələb edir, lakin cavabdeh inzibati orqan iddiaçının tələblərinin təmin olunmasından imtina edir.
29. Birinci instansiya məhkəməsi mübaghisələndirilən qərarını onunla əsaslandırmışdır ki, İddiaçı 03 iyul 2020-ci il tarixində nazirliyə müraciət edərək öz xahişi ilə işdən azad olunmağını istəmiş və iddiaçının xahişi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmrilə onun dövlət qulluğuna xitam verilmişdir. İddiaçı öz xoşu ilə tutduğu vəzifədən azad olunması barədə iradəsinə uyğun olmayan ərizəsi mübahisələndirilmədiyi tədqirdə, həmin ərizənin əsasında işdən azad olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmrinin ləğv edilməsi mümkün deyil. Çünki mübahisə predmeti olan 27 iyul 2020-ci il tarixli əmr İddiaçı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanmış 03.07.2020-ci il tarixli ərizəsi əsasında qəbul edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi mümkün hesab edilməmişdir.
30. Məhkəmə kollegiyası hazırki qərarın 6-cı bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırkı qərarın 25-26-cı bəndində istinad edilən qanun normalarının tələbləri baxımından həmin dəlillər əsaslı hesab edilmir, həmçinin o da vurğulanmalıdır ki, İddiaçı özü 03.07.2020-ci ildə ərizə yazaraq bir ay xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və 27.07.2020-ci il tarixli əmrlə iddiaçı 29.07.2020-ci il tarixdən öz xahişi ilə işdən azad olunmasına dar əmr imzalanadək yazmış olduğu ərizəsindən imtina barədə heç bir müraciəti olmamış və işəgötürənin 27.07.2020-ci il tarixli əmri ilə hazırki qərarın 25-ci bəndində istinad edilən qanun normasına istinad edilməklə işdən azad ediləndən sonra, yenidən iddiaçı 12.08.2020-ci il tarixli ərizəsinə əsasən 14 avqust 2020-ci il tarixdən Fondun regional ərazi filialında ştatdankənar işçi vəzifəsinə qəbul edilmiş və 20 noyabr 2020-ci il tarixli əmrlə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Nəhayət, əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra onunla əmək müqaviləsinin müddətinin uzadılmaması səbəbindən hazırki iddianı qaldırmış ki, bu da qanunvericiliyin tələbləri baxımından mümkün deyil, eyni zamanda cavabdeh tərəfin təqdim etdiyi sənədlərdən də göründüyü kimi, hətta iddiaçının işləmiş olduğu şöbədə mühasib ixtisası üzrə ştatlar belə artıq mövcud deyildir. Yəni, iddiaçının işdən azad edilməsi barədə cavabdehin 27.07.2020ci il tarixli əmrinə əlavə edilmiş siyahıdan görünür ki, iddiaçının işləmiş olduğu Xaçmaz rayon şəbəsində 20-dən artıq işçi ştatı olmaqla iddiaçının tutduğu vəzifə məsləhətçi olmuş, lakin cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi Xaçmaz rayon xidmət nümayəndəliyinin ştat cədvəlindən görünür ki, nümayəndəlikdə mövcud olan vəzifələr Rəhbərlikdə: 1 - direktor, 1 - direktor müavini; Sənədlərlə iş üzrə vətəndaş qəbulu sektorunda: 1 - sektor müdiri, 1 - baş mütəxəssis, 1 - mütəxəssis; İnvertarlaşdırma, arxiv və təsərrüfat sektorunda: 1 - sektor müdiri, 1 - baş mütəxəssis, 1 - böyük mütəxəssis olmaqla cəmi 8 ştat nəzərdə tutulmuşdur (i.v. 34-35; 102).
31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin qəbul etdiyi inzibati aktı mübahisələndirir, halbuki inzibati akt iddiaçının özünün yazdığı ərizə əsasında qəbul edilmiş, lakin iddiaçı yazmış olduğu ərizəsindən imtina edilməsi barədə mübahisə açmamışdır. Bu baxımdan cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir.
32. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(118)- 998/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(118)-998/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.