Məhkəmə qərarları › İş №2-1(105)-565/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-565/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-565/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2020-ci ilin dekabr ayından ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1361/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2020-ci ilin dekabr ayından ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi və dayandırılmış pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin dekabr ayından ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasİya Xidmətinin 12 X4 Komissiyasının qərarına əsasən ona sol uşaqlıq borusunun Cr-i, qara ciyərin piy distrofiyası, xroniki pankreatit,15 - 51 fəqərəarası osreoxandroz, kəskin kökcük ağrılarla, qarnın ön divarının cərrahi əməliyyatından sonra iri diaqnozu ilə 2006-cı il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. 2006-cı il tarixdən başlayaraq 14 yanvar 2016-cı il tarixədək fasiləsiz olaraq 10 il müddətinə müayinədən keçərək ona ikinci dərəcəli əlillik təyin edilmişdir. 01 yanvar 2016-cı il tarixdən 02 dekabr 2020-ci il tarixinə kimi ikinci dərəcəli əlillik təyin edilmişdir. 2021-ci ilin yanvar ayından pensiyanın verilməsi dayandırılmışdır. İkinci dəfə müraciət etməsinə baxmayaraq ona əlillik təyin edilməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt rayonlar arası onkoloji dispanser xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C51-C58 - Qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C52 - Uşaqlıq yolunun bədxassəli yenitörəməsi; Diaqnozun mətni: Sol borunun Cr-i (cərrahi və 3 kurs PKT dərman müalicəsindən sonrakı vəz.). İİ dər.anemiya. Qabarıq ANS.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt rayonlararası onkoloji dispanser xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C51-C58 - Qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C52 - Uşaqlıq yolunun bədxassəli yenitörəməsi; Diaqnozun mətni; Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müal.sonr.vəz.). Qara ciyərin piy distrofiyası. Xr. pankreatit. L5-S1 fəqərəarası osteoxondroz. kəskin kökcük ağrılarla. Qarının ön divarının cərrahi əməliyyatdan sonrakı iri həcmli yırtığı.; Meyar; 2 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C51-C58 - Qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C52 - Uşaqlıq yolununbədxassəli yenitörəməsi;Diaqnozun mətni: Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müal.sonr.vəz.). Qara ciyərin piy distrofiyası. Xr. pankreatit. L5- S1 fəqərəarası osteoxondroz. kəskin kökcük ağrılarla. Qarının ön divarının cərrahi əməliyyatdan sonrakı iri həcmli yırtığı.; Meyar: 2 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.Sumqayıt rayonlararası onkoloji dispanserinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Sol uşaqlıq borusunun Cr-i. (kombinəolunmuş müalicədən sonrakı vəziyyəyt) TxNxMO Histerektomiya və 4 kurs PKT sonrakı vəziyyət.Patohistoloji rəy N 405-12/06. L5-S1 fəqərəarası diskin osteoxondrozu uzun sürən kökcük sindromu ilə. Qabarıq asteno nevrotik sindrom. OU Zəif dərəcəli hipermetropiya. Arterial hipertenziya İİ mər..; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Hal hazırki vəziyyətini qiymətləndirmək üçün Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür" səbəbi ilə imtina verilmişdir. İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi – “göndərişin natamam doldurulması, halhazırki vəziyyətini qiymətləndirmək üçün Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür” olmuşdur. İddiaçı Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış aldıqdan sonra iddiaçının xəstəliyi müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1361/2023 nömrəli qərarı ilə İddiaçı 2020-ci ilin dekabr ayından müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Vəfa Əzizova) Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normalarının tələbləri baxımından Sumqayıt İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayəti tamamilə əsassız və qanunsuzdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1361/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-1361/2023 nömrəli qərarının dəyişiklik edilmədən saxlanılmalıdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: .... 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia).... Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2 Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbinin predmetini əlilliyin təyin edilməsi ilə bağlı tələb (məcburetmə iddia növü) təşkil edir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Həkim Məsləhət Komissiyasının bildirişinin məzmunundan görünür ki, iddiaçı komissiya tərəfindən müayinə olunmuş və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasının göndərişlərin reyestrinə” daxil edilmişdir. Həmçinin, iş materiallarında olan Forma 088 arayışın məzmunundan görünür ki, iddiaçının müayinə tarixi xx.xx.2020-ci il, imtinanın əsası kimi hal-hazırki vəziyyətin qiymətləndirilməsi üçün Milli Onkologiya Mərkəində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülməsi qeyd edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin yuxarıda istinad olunan normanın tələbinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İndiki halda isə iddiaçının məhkəməyə müraciət etmək hüququ cavabdehin imtinasını aldığı gündən 30 gün ərzində mövcud olduğu halda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə iki il müddət keçdikdən sonra müraciət etmişdir. Həmçinin, qeyd olunmalıdır ki, İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İndiki halda prosessual müddətin ötürülməsi ilə bağlı qeyd olunan istisna halların olması aşkar edilmədiyindən və 1 ildən artıq müddət keçdiyindən, İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş hallarla bağlı hüquqi yardım göstərilməsi də mümkün olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarında iddiaçının cavabdeh inzibati orqana 12 oktyabr 2022-ci il tarixdə müraciəti etməsinə dair sənəd olsa da, bununla bağlı iş materiallarında müvafiq tibbi göndəriş və Forma 088 arayışı mövcud olmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, yuxarıda istinad olunan Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə məhkəmələr ilk növbədə iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmamış, iddia müddətinin ötürülüb-ötürülməməsinə iddianın mümkünlük şərti baxımından hüquqi qiymət verilməmişdir. Nəticə etibarilə iddianın mümkün sayılmaması üçün əsas olduğu halda, iddia tələbinə mahiyyəti üzrə baxaraq, iş üzrə yalnış nəticəyə gəlmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddianın mümkünlük şərtləri bütün məhkəmə icraatı mərhələlərində yoxlanılmalıdır. İddia tələbi yalnız mümkünlük şərtlərinə cavab verdiyi halda, onun əsaslılığının yoxlanılması yolveriləndir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi məcburetmə iddia növü olmaqla, iddia müddəti ötürüldüyündən, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddia mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, iddiaçının yenidən həmin hallarla bağlı cavabdeh inzibati orqana müraciət etmək, habelə cavabdeh inzibati orqan imtina etdiyi və bununla hüquqlarının pozulduğunu ehtimal etdiyi halda, yenidən iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında prosessual müddətlərə əməl etməklə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilən hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1361/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar