Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-565/2025 08.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1219/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1219/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqların qeydiyyata alınaraq, çıxarış və plan ölçü sənədinin verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair müvafiq çıxarışın verilməsi, plan ölçü (texniki pasport) sənədinin hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqların qeydiyyata alınaraq, çıxarış və plan ölçü sənədinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Qəçrəş bələdiyyəsinin 30 sentyabr 2005ci il tarixli qərarı ilə iddiaçıya satılmış Quba rayonu, Qəşrəş kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbində onunla əsaslandırılmışdır ki, Qəçrəş bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli qərarı ilə iddiaçıya yaşadığı kəndin ərazisindən 0,12 ha fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar, həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun sənədləşmə işi aparılmış, 15 oktyabr 2005-ci il tarixdə bələdiyyə sədrinin, DT və XK-nın müdirinin iştirakı ilə alqı-satqı aktı tərtib (təsdiq) edilmiş və müvafiq ödəniş olunmuşdur. Həmçinin, Rayon İcra Hakimiyyəti tərəfindən də müvafiq xəritələr evin sxemi təsdiq olunmuşdur. Uzun illərdir ki, heç bir mübahisə və etiraz olmadan hazırkı torpaq sahəsinin üzərində inşa edilən evdə ailəsilə birlikdə yaşayır. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etdikdə oradan bildirmişlər ki, torpağın yerqruluşu sxemlərində ziddiyət mövcuddur və TEKUİS programında torpaq sahəsi kənd təsərrüfatı təyinatlı göstərilmişdir. Hesab edilir ki, hər iki hal imtina üçün əsas ola bilməz. Xəritələrdəki ziddiyətlər torpaq sahəsi yerində müayinə edilərək aydınlaşdırıla bilərdi. Eyni zamanda, torpaq sahəsinin kategoriyası iddiaçıya təhkim edilən zaman kənd təsərrüfatı olmamışdır. Hazırda hansı əsaslarla belə bir təyinat göstərilməsi məlum deyildir. 2005-ci ildən hazıradək iddiaçı orada yaşayır və bir neçə dəfə torpaqların faktiki vəziyyətini müəyyənləşdirmək üçün dövlət tərəfindən komissiyalar təşkil olunmuşdur. Torpaqların alqısatqısına dair aktda torpaq sahəsinin iddiaçıya satılması ilə əlaqədar Qəçrəş bələdiyyəsinin 15 oktyabr 2005-ci il tarixli qərarı barədə məlumat qeyd olunmuşdur. Torpaq sahəsi müvafiq vəzifəli şəxslər (bələdiyyə sədri, üzvləri, DT və XK-nın əməkdaşı) tərəfindən yerində müayinə edilərək təqdim edilmişdir. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu, və ya başqa öhdəliklərin qoyulması qadağandır. İddiaçıya verilmiş torpaq sənədləri həmin sahədən məsul şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur və torpaq sahəsi də təhkim edilmişdir. Həmin prosesin digər hissəsi isə iddiaçıya aid məsələ deyildir. Məsələyə bu formada yanaşılması Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. İddiaçının təqdim etdiyi sənədlər qanuna uyğun formada müəyyən edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60, “İnzibatı icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1, 15.2, 15.3, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 13, 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qəçrəş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə İddiaçı satılmış Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair müvafiq çıxarışın verilməsi, plan ölçü (texniki pasport) sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş Quba rayonu Qəçrəş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 nömrəli qərardan çıxarış bəldiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlaması barədədir. Bildirir ki, 0.12 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bundan əlavə, Quba rayonu Qəçrəş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 nömrəli qərarı əsasında ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən qeydiyyata alınmış torpaqların alqı-satqı satqısına dair aktın qeydiyyatı Ərazi İdarəsində aşkarlanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Bu işlə bağlı iddiaçıya əvvəlki müraciəti zamanı xx.xx.2024-cü il tarixdə 3-21-3-34/2-3700/2024 nömrəli məktubla münasibət bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddəsinə əsasən iddiaçının ərizəsinin icrasından xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-18616/2024 məktubla imtina edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab etdi və izahatında bildirdi ki, bələdiyyənin qərarı əsasında ona fərdi yaşayış evi tikintisi məqsədilə torpaq sahəsi satılmışdır. O, torpaq sahəsinin dəyərini tam şəkildə ödəmiş, torpaq sahəsi ona faktiki olaraq yerində təhvil verilmişdir. O, öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmiş və ailəsi ilə birlikdə orada yaşayır. Ev su, işıq və qaz xətləri ilə dövlət orqanları tərəfindən təmin edilib və kommunal xidmət haqlarını ödəyir. Apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddia tələbinin əsası ondan ibarətdir ki, mübahisələndirilən torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi iddiaçının uzun müddətdir ki, faktiki istifadəsindədir, daşınmaz əmlak üzərində müvafiq dövlət orqanları tərəfindən lazımi qaydada sənədləşdirmə işi aparılmışdır. Həmin sənədlərinin mövcud olmasına baxmayaraq, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsindən cavabdeh orqan tərəfindən formal olaraq imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı göndərilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-3700/2024 nömrəli məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamam aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş Quba rayonu Qəçrəş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 nömrəli qərardan çıxarış bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlaması barədədir. Bildirilmişdir ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş yerquruluşu sxemində ziddiyyət mövcuddur. Belə ki, torpaq sahəsi 2 yerdə işarələnmişdir. Bundan əlavə, 0,12 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində (DWG) və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İddiaçı xx.xx.2005-ci il tarixli 05 nömrəli qəbzlə Qəçrəş bələdiyyəsinin hesabına torpaq alqısatqısı üçün 768.000 manat ödəniş etmişdir. Quba rayon Qəçrəş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 nömrəli qərarı ilə Qəçrəş bələdiyyəsinin alqı-satqı predmeti olan 0,12 ha torpaq sahəsinin İddiaçı həyətyanı məqsədi ilə mülkiyyətə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. Həmin qərarda bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qeyd olunsa da, qərarın məzmunundan müəyyən edilir ki, qərar torpaq sahəsinin ev tikmək məqsədilə İddiaçı satılması barədə verilmişdir. Torpaq sahəsinin dəyərinin əvvəlcədən, yəni xx.xx.2005-ci il tarixdə bələdiyyənin hesabına ödənilməsi də bunu təsdiq edir. Bu səbəbdən qərarın məzmunu formasından üstün götürülməlidir. Qəçrəş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı protokol-qərarına əsasən satılmış Qəçrəş kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair bələdiyyənin nümayəndəsi, rayon torpaq şöbəsi müdirinin və İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2005-ci il tarixli “torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir. Qəçrəş bələdiyyəsi tərəfindən tərtib edilmiş İddiaçı ayrılmış Quba rayonu Qəçrəş kəndində yerləşən 0,12 ha torpaq sahəsinin sxemi (miqyas 1:2000) və yerquruluşun planı (miqyas 1:10.000). Qəçrəş bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış Quba rayonu Qəçrəş kəndində yerləşən 0,12 ha torpaq sahəsinin satılmasına dair arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəmə kollegiyasına təqdim edilmiş və işə əlavə edilmişdir. Quba Rayonu İcra Hakimiyyətinin Memarlıq Tikinti şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş İddiaçı məxsus olan Quba rayonu Qəçrəş kəndində yerləşən fərdi yaşayış evinin eskiz sxemləri tərtib edilərək təsdiq edilmiş və işə əlavə edilmişdir. Quba rayonu Qəçrəş bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 nömrəli arayışından görünür ki, Qəçrəş bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli 11 saylı qərarına əsasən Quba rayonu Qəçrəş kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı alqı-satqı yolu ilə satılmışdır və həmin torpaq sahəsinə çıxarışın verilməsinə Qəçrəş bələdiyyəsi etiraz etmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 5 iyul 2024-cü il tarixli 3-21-3-34/2-7285/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Quba rayonu Qəçrəş kəndi ərazisində 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın və texniki pasportun tərtib edilməsinə dair 3 fevral 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Qeyd edilir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilən fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair yuxarıda qeyd olunan ərizəyə əlavə edilmiş Quba rayon Qəçrəş bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli, 11 nömrəli qərardan çıxarış bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlaması barədədir. Eyni zamanda, həmin 0,12 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş yerquruluşu sxemində ziddiyyət mövcuddur, yəni qeyd olunan torpaq sahəsi 2 yerdə işarələnmişdir. Bundan əlavə, 0,12 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində (DWG) və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikasının X3 filialının 2 oktyabr 2024- cü il tarixli, 3-48-DA-6F/2-2xxxx/2024 nömrəli arxiv arayışından görünür ki, Quba rayon Qəçrəş bələdiyyəsinin heç bir il üçün sənədləri X3 filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28 noyabr 2024-cü il tarixli 3-21-3-34/2-16896/2024 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, Qəçrəş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə İddiaçı satılmış Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə naturada (yerdə) baxış keçirmiş, torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüşdür. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Torpaq sahəsinin daxilində fərdi yaşayış evi mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, torpaq sahəsi 0,1747 ha təşkil edir. Həmin torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı olub uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Qeyd edilir ki, torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər qoşma şəklində göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27 dekabr 2024-cü il tarixli, 3-21-3-34/2-18656/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi üçün ərizəsinə əlavə olunmuş Quba rayonu Qəçrəş bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli 11 nömrəli qərardan çıxarış bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlaması barədədir. Bildirilmişdir ki, 0,12 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bundan əlavə, Quba rayonu Qəçrəş bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli 11 nömrəli qərarı əsasında ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsi tərəfindən qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın qeydiyyatı Ərazi İdarəsində aşkarlanmamışdır. Quba Rayonu İcra Hakimiyyəti başçısının aparatı Memarlıq və Tikinti Şöbəsinin 28 dekabr 2023-cü il tarixli 566 nömrəli rəyindən görünür ki, fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi Qəçrəş bələdiyyəsinə aid olan ərazinin hüdudları çərçivəsində yerləşir. Həmin ərazidə Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə uyğun olaraq yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinə və tikinti layihələri əsasında mövcud tikinti norma və qaydalarına riayət etmək şərti ilə fərdi yaşayış evi tikintisi üçün aidiyyəti hissədə mülki və torpaq qanunvericiliyinin tələblərini nəzərə almaqla torpaqayırma sənədlərinin hazırlanması məqsədə müvafiqdir. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş imtina məktubunda qeyd edilən halları nəzərə alaraq, məhkəmə mübahisə predmeti olan əmlaka dair mütəxəssis rəyi almışdır. Həmin mütəxəssis rəyindən müəyyən edilir ki, müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamış, torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən kənd təsərrüfatı təyinatlı olub, uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Həmçinin, torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinə dair sxem tərtib olunmuşdur. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə, eyni zamanda fərdi yaşayış ərazilərinə aid olduğu təqdim edilən mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Qəçrəş bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 nömrəli arayışı ilə iddiaçıya həmin torpaq sahəsinin satılması təsdiq edilmiş, mülkiyyət hüquqların qeydiyyata alınaraq, çıxarışın verilməsinə etiraz edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Qəçrəş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə İddiaçı satılmış Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin orpaq sahəsində təsdiq edilmiş layihəyə uyğun inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Həmin torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt, həmçinin, bələdiyyə tərəfindən torpaq sahəsinin planı və sxemi tərtib edilmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evinə dair eskiz sxemləri tərtib edilmiş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Qəçrəş bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsini İddiaçı satarkən səlahiyyətli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-) Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin xx.xx.2008-ci il tarixədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Həmçinin qərarda ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi qanuni əsaslara söykənmişdir və əsaslıdır. Bu səbəbdən də cavabdeh inzibati orqanın iddiaçının müaciətinin icrasından imtina dəlilləri əsassızdır. İddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa etdiyi fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ qeydə alınmalıdır. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materiallarında olan rəsmi sənədlərlə təsdiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, iddiaçıya bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi qanuni əsaslarla ayrılmış, ayrılmış torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və bələdiyyə həmin torpaq sahəsi üzərində sərəncam verməkdə səlahiyyətli olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya satılmış ayrılmış torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evini onun adına ilkin huquqi qeydiyyata almaqdan imtina bərədə hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1219/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-565/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-565/2025
08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver