Məhkəmə qərarları › İş №2-1(105)-566/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-566/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-566/2021 05.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli **********2 saylı əmrinin ləğv edilməsi, əvvəlki işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli **********2 saylı əmrinin ləğv edilməsi, əvvəlki işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2-1(118)-882/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 1.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilməsi və məcburi işdən kənarlaşdırma vaxtının iş stajı kimi hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 03 may 2019-cu il tarixli **********2 saylı əmrinin ləğv edilməsi, əvvəlki işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 aprel 2005-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Əhalinin Sosial Müdafiəsi üzrə Ünvanlı Sosial Yardım və Müavinətlər sektorunda baş məsləhətçisi vəzifəsində işləmiş, 26 oktyabr 2016-cı il tarixdən həmin şöbənin yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 26 sentyabr 2018-ci il tarixdə rəhbərlik etdiyi sektorun baş məsləhətçisi X16 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq həbs edilmişdir. Şöbədə axtarış aparıb sənədlər götürüldükdən sonra həmin idarəyə gedib işlə maraqlanarkən həmin gün o da əsassız olaraq həbs edilmiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019cu il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmişdir. Cavabdeh nazirlik Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 03.10.2018-ci il tarixli məktubunu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsisinin “c” bəndini rəhbər tutaraq, 19.10.2018-ci il tarixli əmri ilə onu tutduğu vəzifədən kənarlaşdırmış, 03.05.2019-cu il tarixli əmr ilə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, onun təqsirsizliyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilmişdir. Onun müraciətilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayev tərəfindən 19.12.2019-cu il tarixli **********5 saylı məktubla verilmiş cavab formal xarakter daşımış, qanunun tələblərinə cavab verməmiş, hazırkı münasibətləri tənzimləyən normaları kobud şəkildə pozmuşdur. O, nazirlikdə hər zaman vicdanla işləmiş və qanun pozuntusuna onun tərəfindən heç bir zaman yol verilməmişdir. Buna görə də məhkəmələr onun günahsız olduğunu hökmlə təsdiq etmişlər. Qanunun tələbindən göründüyü kimi o, əsassız yerə həbs edildiyindən və haqqında bəraət hökmü qəbul edildiyindən, o, əvvəlki vəzifəsinə bərpa edilməli və məcburi işdənkənarlaşdırılma vaxtı iş stajı kimi hesablanmalıdır. Lakin, cavabdeh məhkəmə araşdırmasının sonunu gözləmədən ona qarşı qərəzli davranmışdır. Belə ki, barəsindəki cinayət təqibi başa çatdıqdan sonra tutduğu vəzifədən azad edilməsi barədə əmri əldə etmək üçün dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh əmri ona təqdim etməmiş, yalnız 2020-ci ilin fevral ayının 25-də məktub göndərərək əmr barədə məlumat vermişdir. Nəticədə onun hüquqları iki ilə yaxındır kobud şəkildə pozulmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasnıın 68-ci, Azərbaycan Respublikası CPM-nin 56, 59, 63-cü maddələrinin tələblərinə görə əsassız olaraq həbs edildiyindən və onun barəsində bəraət hökmü qəbul edildiyindən hesab edir ki, cavabdeh tərəfindən verilmiş əmr qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəlki vəzifəsinə - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə Sosial Yardım və Müavinat Sektorunun müdiri vəzifəsinə bərpa edilərək məcburi işdən kənarlaşdırma vaxtı iş stajı kimi hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməklə üzərinə vəzifə qoyulmalıdır.

Cavabdehin etirazları:

4. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 03 may 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6cı maddəsinə əsasən işdən azad edilmiş və buna əsas Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 02.05.2019-cu il tarixli məktubu və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində nazirliyin 28.09.2018-ci il tarixli əmri əsasında həyata keçirilmiş audit yoxlaması olmuşdur. İddiaçı 26.09.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27.09.2018-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən barəsində hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Bununla bağlı İstintaq İdarəsinin 03.10.2018-ci il tarixli məktubu əsasında 19.10.2018-ci il tarixdə işdən kənarlaşdırılmışdır. Nazirliyin 28.09.2018-ci il tarixli əmrinə uyğun olaraq Dövlət Sosial Müdafiə fondunun Sumqayıt şəhər şöbəsində 01.07.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırma aparılmış və İddiaçı rəhbərlik etdiyi Sosial yardım və müavinət sektorunda bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara artıq ödəmələrə yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Bu məqsədlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Nazirliyin 03.05.2019-cu il tarixli əmri ilə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4-cü maddəsinə əsasən başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək və 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək dövlət qulluqçularının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi kimi tədbir görülə bilər (25.2.6). Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2-1(118)-882/2020 saylı qərarı ilə (hakim V.E.Əzizova) iddia qismən təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli **********2 saylı əmri qismən, İddiaçı aid hissədə ləğv edilməklə İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

6. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının təmin edilən hissədə ləğv edərək iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyaməhkəməsində birinci icraat:

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2-1(105)-100/2021 saylı qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və F.Ə.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-882/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

8. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(105)-100/2021 saylı qərarının ləğv edilməsini və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işə bərpa və sair tələbləri barədə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiya məhkəməsində icraat.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 06 iyul 2021-ci il tarixli, 2-1(102)-976/2021 saylı qərarı ilə (sədrlik edən K.N.Bədəlov, hakimlər N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2- 1(105)-100/2021 nömrəli qərarı ləğv edilməklə işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

10. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 03 may 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 02 may 2019-cu il tarixli, ********* nömrəli məktubu və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Nazirliyin 28 sentyabr 2018-ci il tarixli, **********2 nömrəli əmri əsasında həyata keçirilmiş audit yoxlaması olmuşdur. İddiaçı 26 sentyabr 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 sentyabr 2018-ci il tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin 03 oktyabr 2018-ci il tarixli ********* nömrəli məktubuna əsasən Nazirliyin 19 oktyabr 2018-ci il tarixli **********1 nömrəli əmri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparıldığı müddətdə işdən kənarlaşdırılmışdır. Həmin dövrdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2018-ci il tarixli, **********2 nömrəli əmrinə uyğun olaraq Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində 01 iyul 2017ci il tarixdən 01 iyul 2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırılma aparılmış və Sosial yardım və müavinət sektorunda (həmin dövr ərzində İddiaçı rəhbərlik etdiyi) bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Həmçinin müəyyənləşdirilmişdir ki, şöbənin ünvanlı dövlət sosial yardımı, sosial müavinət və təqaüdlər sahəsindəki fəaliyyətində də bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara pensiya və sosial müavinət təyin olunmasında artıq ödəmə hallarına yol verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Bu səbəbdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. Həmçinin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində həmin maddə ilə müəyyən olunmuş intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. Lakin, Sumqayıt İnzibati Məhkəməsi qeyd edilənləri nəzərə almamış və belə qənaətə gəlmişdir ki, nazirlik iddiaçının əməllərində cinayət tərkibinin olmasına dair məhkəmənin hökmü olmadan əmək müqaviləsinə xitam vermişdir. Halbuki, nazirliyinin nümayəndəsinin təqdim etdiyi etirazdan göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürənin intizam tənbehlərindən birini tətbiq edə bilər. Həmçinin, məhkəmə prosessual müddətin ötürülmə səbəbi ilə iddianın mümkün sayılmaması ilə bağlı vəsatətlərini də qəbul etməmiş, halbuki, vəsatətdə qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddəyə istinadən onu da qeyd edirlər ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan 15.11.2019-cu il tarixli, ********** nömrə ilə və 11.02.2020-ci il tarixli, **********1 nömrə ilə qeydə alınmış müraciətlərinin tarix və məzmunundan göründüyü kimi, iddiaçının iddia etdiyi tələbə münasibətdə hüququnun pozulduğu ona 1 təqvim ayı öncədən bəlli olmuşdur. İddiaçı həbsdən azad ediləndən sonra Nazirlikdə olmuş və ona əmrin verilmə səbəbləri izah edilmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi, İddiaçı 31 may 2019-cu il tarixdən həbsdən azad edilməsinə baxmayaraq məlumatlı olduğu halda məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarından göründüyü kimi, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-nin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmçinin, iddianın yalnız birinci hissəsinin qismən mümkün sayıla bilməsi ilə bağlı Nazirliyin vəsatəti də təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 33-cü maddəsi məcburetmə haqqında iddianın mümkünlüyü hallarını müəyyən edir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin müvafiq maddələrinə əsasən iddiaçı tərəfindən iddia olunan məcburi iş buraxma müddətinə görə əmək haqqının cavabdeh təşkilat tərəfindən ödənilməsi tələbi isə məcburetmə haqqında iddianın predmetini təşkil edir. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9-cu hissəsində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən bu prosedur normalar da pozulmuşdur.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi və vəkili Vəkil etiraz təqdim edərək qeyd etmişdir ki, Ali Məhkəmənin qərarında qoyulan göstərişlərlə bağlı məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən aparılan audit yoxlaması zamanı iddiaçının rəhbərlik etdiyi şöbənin iki əməkdaşı tərəfindən qulluq vəzifələrinin icrası zamanı nöqsanlara yol verilməsi müəyyən edilmiş, həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülsə də, həmin tənbeh çox yüngül olmuş, hətta sonradan həmin şəxslər cavabdeh təşkilatda rəhbər vəzifələrə təyin edilmişlər. Belə olan təqdirdə necə ola bilər ki, nöqsanlara bir başa yol vermiş şəxslər yox, iddiaçı işdən azad edilmişdir? Cavabdeh iddiaçını işdən kənarlaşdıranda və işdən azad etdiyi dövrdə iddiaçı həbsdə olmuşdur. Cavabdehin və Ali Məhkəmənin istinad etdiyi audit yoxlaması iddiaçının iştirakı olmadan keçirilib. Audit yoxlaması zamanı iddiaçının fəaliyyətində hər hansı bir pozuntular və qanunsuzluqlar aşkar edilməmişdir. Audit yoxlaması zamanı aşkar edilmiş pozuntulara görə iddiaçı heç bir intizam tənbehinə cəlb edilməmişdir. İddiaçının işdən azad olunması barədə əmr 03.05.2019-ci il tarixdə verilmişdir. Həmin dövrdə iddiaçı məhkəmə istintaqı altında olmuşdur. Bu vəziyyətdə isə onun işdən çıxarılması barədə əmr verməyə cavabdehin hüququ olmamışdır. Belə ki, AR ƏM-nin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Bu halda isə iddiaçı həbsdə olduğu üçün təbii ki, ondan heç bir izahat alınmamışdır. İddiaçının cinayət işinin nəticəsini gözləmədən, ondan audit yoxlamasına dair izahat alınmadan, onun dəlilləri dinlənilmədən işdən çıxma barədə əmr verməkdə cavabdeh haqlı və qanuni olmamışdır. Bu işin hallarından da aydın olur ki, iddiaçının iştirakı olmadan keçirilmiş audit yoxlamasının nəticələri ilə iddiaçı tanış edilmədən, onun həmin yoxlamaya dair etiraz və dəlillərinin olub-olmaması müəyyən edilmədən, ondan bu barədə izahat alınmadan, məhkəmə istintaqının sonuna çatması gözlənilmədən cavabdeh onun işdən azad edilməsi barədə əmr vermişdir ki, bu halda həmin əmr düzgün olaraq məhkəmələr tərəfindən ləğv edilmişdir. AR ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İş materiallarından da görünür ki, cavabdehin istinad etdiyi audit yoxlaması 24 oktyabr 2018-ci il tarixdə keçirilmiş, yoxlama nəticələrinə dair əmr 07.11.2018-ci il tarixdə qəbul edilmiş, iddiaçı isə işdən cavabdehin 03.05.2019-cu il tarixli əmri ilə azad edilmişdir. Bununla da cavabdeh AR ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərini də pozmuşdur. Çünki əgər cavabdeh həmin yoxlama nəticəsində iddiaçının pozuntulara yol verdiyi nəticəsinə gəlmişdisə, onda inzibati tənbehə səbəb ola biləcək əməlin aşkar edildiyi gündən bir ay ərzində işçiyə inzibati tənbeh verə bilərdi, amma cavabdeh bu barədə əmri “fakt aşkar ediləndən” 6 ay sonra vermişdir. AR ƏM-nin 187-ci maddəsinin 3-cü hissəsinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İş materiallarından görünür ki, audit yoxlaması 01.07.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövrü əhatə etmişdir və həmin şöbədə işləyən işçilərin nöqsanları o dövrə aiddir. Bu yoxlama zamanı iddiaçının fəaliyyətində hər hansı bir pozuntu aşkar edilməmişdir. Əgər Ali Məhkəmənin dəlilinə görə iddiaçıya inzibati tənbeh tədbiri həmin dövrdə yol verdiyi nöqsanlara görə verilmişdirsə (işçilərinə nəzarət etməmək və sairə), yenə də həmin əməldən 6 aydan çox vaxt keçmişdir. Belə olan təqdirdə cavabdehin iddiaçıya münasibətdə inzibati tənbeh - işdən çıxarma tədbiri görməyə hüququ olmamışdır, çünki həmin dövrdən 2 il vaxt keçmişdir. Bütün bu hallar və maddi normaların tələbləri baxımından belə hesab ediilir ki, iddiaçı işdə yol verdiyi nöqsanlara, o cümlədən işçilərinə lazımi nəzarət etməməyə görə deyil, məhz prokurorluğun məktubunun nəticəsi olaraq azad edilmişdir. Amma məhkəmə araşdırması zamanı hər iki əsasın qanunsuz olması təsdiq edilmiş və məhz bu səbəbdən də əmr ləğv edilmişdir. Ali Məhkəmənin araşdırılmalı olduğunu iddia etdiyi məsələlərə gəldikdə isə, bu hallar artıq audit yoxlamasının nəticələri və bu barədə nazirin əmri ilə tam aydın olmuşdur. Belə ki, həmin audit yoxlaması zamanı iddiaçının fəaliyyətində hər hansı bir nöqsan aşkar edilməmiş, rəhbəri olduğu sahədəki işçilərin yol verdikləri pozuntulara görə o, intizam məsuliyyətinə cəlb edilməmiş, yoxlama nəticəsində cəzalanmalı olan işçilər siyahısında onun adı yoxdur. Belə olan təqdirdə iddiaçının həmin şəxslərin yol verdikləri nöqsanlara görə hər hansı bir inzibati məsuliyyətə cəlb edilə bilməsindən söhbət belə gedə bilməz. Ali Məhkəmənin dəlilərindən biri də “həmçinin iddiaçı barəsində tətbiq, olunan intizam məsuliyyətinin onun əməlinə mütənasibliyinə hərtərəfli qiymət vermək”lə əlaqədar olduğundan bu barədə qeyd etmək istəyirlər ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin “Sumqayıt şəhər şöbəsinin bir sıra işçiləri barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında” olan 14 noyabr 2018-ci il tarixli əmrindən də görünür ki, iddiaçının rəhbər olduğu sektorun işçilərinə işdə yol verdikləri nöqsanlara görə çox yüngül - 6 ay əmək haqqlarının azaldılması tənbehi verilmişdir. Belə olan təqdirdə işdə birbaşa ciddi nöqsanlara yol vermiş şəxslərə belə yüngül cəzalar verildiyi və onlardan bəzisinin isə sonradan rəhbər vəzifələrə təyin edildiyi halda, iddiaçıya belə ağır inzibati tənbeh tədbiri seçilməsi tam qanunsuz olmuş və qərəzli mövqenin nümayişidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03.05.2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı və Elnur Мəlik oğlu Quliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı və 25.11-ci maddələrinə əsasən tutduqları vəzifədən azad еdilmişlər və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu göstərilmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 02.05.2019-cu il tarixli məktubundan görünür ki, həmin İdarə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri H.Abdullayevin 02.05.2019-cu il tarixli sorğusuna cavab vermişdir ki, İddiaçı və X11 Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair istintaq olunmuş cinayət işinin istintaqı tamamlanaraq 31.01.2019-cu il tarixdə ittiham aktı ilə aidiyyəti üzrə baxılmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.05.2019cu il tarixli hökmünün əsaslandırma hissəsində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində İddiaçı rüşvət alma, qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən təkrar rüşvət alma cinayətlərinin törətməsi, yəni Azərbaycan Respublikası CM-nin 311.3.1-ci və 311.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona həmin maddələrlə bəraət verilməlidir. Sumqayıt Apellyasiya Мəhkəməsinin 03.10.2019-cu il tarixli qərarı ilə bəraət hökmü qüvvədə saxlamış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 26.02.2020-ci il tarixli qərarı ilə də həmin bəraət hökmü qüvvədə saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəmənin qərarında göstərilən hallarla təsdiq olunmuşdur ki, cavabdeh təşkilat heç bir qanuni əsas olmadan İddiaçı işdən аzad etmiş və sonra isə işə bərpa etməkdən belə imtina etmişdir. İddiaçı- /'tərəf olaraq belə hesab edirlər ki, məhkəmələr bu işə tam qanuni baxmışlar, bütün hallar tam və hərtərəfli araşdırılıb, cavabdehin əmrinin qanunsuz olması tam sübut edilmişdir. İddiaçının işdən azad edilməsi barədə əmrdə əsas kimi yalnız Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu göstərilmişdir ki, bu da iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır. Ona görə də belə hesab edirlər ki, cavabdehin əmrinin qanunsuz olması bütün iş materialları və tədqiq edilmiş işin halları ilə sübut olunduğu üçün bu əmrin ləğv edilməsi barədə olan 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.

a) məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, İddiaçı 03 may 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 02 may 2019-cu il tarixli məktubu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsində Nazirliyin 28 sentyabr 2018-ci il tarixli əmri əsasında həyata keçirilmiş audit yoxlamanın nəticələri olmuşdur. Hesab edirlər ki, birinci instansiyası məhkəməsinin bu mövqeyi əsassız və qanunsuzdur. İddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Ali Məhkəmənin audit yoxlamasının nəticələri ilə bağlı mövqeyi üzrə bildirirlər ki, İddiaçı uzun müddət Sosial yardım və müavinət sektorunda çalışmış, 2017-ci ildən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2018-ci il tarixli əmrinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsində 01 iyul 2017-ci il tarixdən 01 iyul 2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırılma aparılmış və İddiaçı rəhbərlik etdiyi Sosial yardım və müavinət sektorunda bir sıra nöqsanlara yol verildiyi aşkar edilmişdir. Araşdırmanın nəticələrinə uyğun olaraq 30.10.2018-ci il tarixli arayış və 07.11.2018-ci il tarixli əmr verilmişdir. Nazirliyin 14.11.2018-ci il tarixli əmri ilə pozuntuya yol verən işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq edilmişdir. Onların arasında bilavasitə İddiaçı rəhbərlik etdiyi sektorun 4 əməkdaşı: X19, X5, X12 və X14 da olmuşdur.

13. Həmçinin müəyyənləşdirilmişdir ki, Şöbənin ünvanlı dövlət sosial yardımı, sosial müavinət və təqaüdlər sahəsindəki fəaliyyətində də bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara sosial müavinət təyin olunmasında artıq ödəmə hallarına yol verilmişdir. Bunu təqdim edilmiş arayış və digər sənədlər də sübut edir. Həmin dövrdə İddiaçı barəsində «həbs» qətimkan tədbiri seçildiyindən məruzədə adı qeyd edilməmişdir. Təqsirləndirilən şəxs qismində saxlanılmış sektorun digər əməkdaşı X16 məhkəmə qərarı ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. İddiaçı bir sektor müdiri kimi ona həvalə olunmuş vəzifələri düzgün icra edə bilməmişdir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə Əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.

14. Nümayəndə onu da vurğuladı ki, audit yoxlaması Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmrinə əsasən olur. Yoxlamada sektorun adı gedir və İddiaçı həmin sektorun müdiri olub. Audit yoxlamasında ayrı-ayrı işçilərin fəaliyyəti deyil, hər bir sektorda olan pozuntular və dövlət büdcəsinə vurulmuş ziyan hesablanır. Audit yoxlamasında konkret adlar var. Lakin İddiaçı barəsində cinayət araşdırması getdiyi üçün ona intizam tənbeh tətbiqi tətbiq edilə bilməzdi. Ona görə də audit yoxlamasında onun adı yoxdur. Sektorda işdən çıxarılanlar olub, bəziləri barəsində intizam tənbehi tətbiq edilmişdir, hətta həbs olunan işçi də vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28.09.2018-ci il tarixli əmri ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin araşdırılması məqsədi ilə araşdırma qrupu yaradılmış, 07.11.2018-ci il tarixli əmr ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırılması zamanı bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara pensiya və sosial müavinət təyin olunmasında artıq ödəmə hallarına, təyinatı nöqsanlı hesab edilmiş pensiya və sosial müavinət işləri üzrə ödənişlərin aparılmasına yol verildiyi müəyyən olunmuşdur. 03 may 2019-cu ildə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Şəxs barəsində cinayət işi getdiyi üçün müddət hesablanmır, həmçinin müraciət də təkrar müraciətdir. Birinci əmrdə İddiaçı adı yoxdur. İddiaçı Sosial yardım və müavinətlər sektorunda əvvəl məsləhətçi, sonra isə müdir vəzifəsində işləmişdir. İddiaçı tərəf hər dəfə qeyd edir ki, dövlət büdcəsi ilə bağlı hər hansı bir pozuntu halına yol verməmişdir. Lakin VEMTAS tərəfindən təyinat aparılmış ünvanlı dövlət sosial yardım işlərinin araşdırılması nəticəsində aşkar edilmiş artıq ödəmələr barədə məlumatların surətlərini məhkəməyə təqdim edərək bildirirlər ki, ünvanlı dövlət sosial yardımı təyin olunmuş 48 nəfərdə artıq ödəmə müəyyən edilib və buna görə 80 min manatdan artıq dövlət büdcəsinə ziyan vurulmuşdur. Əlavə olaraq onu da bildirirlər ki, iddiaçı, barəsində məhkəmə qərarı olmadan azadlıqdan məhrum edilmiş şəxsə 520 manat müavinət təyin etmişdir. Bəzi şəxslərə həm sosial müavinət təyin edilib, həm də pensiya almışlar. Təqdim olunmuş məlumatların surətləri məhkəmədə araşdırılan zaman həmin artıq ödəmələrin tam həcmi bilinirdi. Həmçinin iddiaçının rəhbərlik etdiyi sektorun 4 əməkdaşı olan X8, X2, X4 və X6 izahatlarının surətləri məhkəməyə təqdim edilərək aydınlıq gətirilmişdir ki, həmin şəxslər funksional vəzifələrinin icrası vəziyyətinin araşdırılması zamanı xidmət etdikləri sahələr üzrə nöqsanların olduğunu qeyd etmişlər. Ayaz Qədirov işdən azad edilmişdir. Artıq ödəmələ vətəndaşlardan məhkəmə yolu ilə geri qaytarılmışdır. Vətəndaşlardan elələri var idi ki, pensiya təyin edilib, lakin pensiyadan əvvəl müavinət alıb. Hər ilin sonu əmr verilirdi ki, həmin şəxslərin üzləşməsi aparılsın və həmin üzləşmə zamanı bu problemlər üzə çıxmalı idi. Belə hallar artıq ödəmədir, lakin yeyinti deyil. Ancaq pul iddiaçıya vətəndaşa artıq ödəmə etməyi üçün ayrılmamışdır ki, istədiyi şəxsə artıq ödəmə etsin. Ünvanlı sosial yardım təyin edilərkən VEMTAS proqramından istifadə edilir. Həmin proqramla 20-dən artıq dövlət orqanının elektron bazasına inteqrasiya olunub, yəni o sistem vasitəsi ilə vətəndaşın əmək müqaviləsi də görünür, Ədliyyə Nazirliyinin də sistemi və s. görünür. Bu proqramda yalnız vətəndaşın ailə tərkibi barədə məlumat görsənmir. Hər cari ilin sonunda əmr verilir ki, büdcələr üzləşdirilsin. Cavabdeh tərəfin məqsədi ondan ibarətdir ki, dövlət büdcəsindən olan artıq ödəmələrin geri qaytarılsın, yəni işçilər çox vaxt artıq ödəmələri özləri ödəyirdilər. Yoxlama keçiriləndə cavabdeh olan hər bir şəxsin üzərinə məsuliyyət düşür. İdarənin müdiri yoxlama keçiriləndə artıq işdən çıxarıldığından ona cəza müəyyən edilməmişdi. İddiaçı həbsdə olduğu üçün ona hər hansı tənbeh tətbiq edilməmiş, ancaq Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılmış işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Onlar da həmin maddəyə istinad edərək iddiaçının müqaviləsinə xitam vermişlər. Göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə maddi və prosessual hüquq normaları pozulmuş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.

15. Nümayəndə onu da qeyd etdi ki, İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan 15.11.2019-cu il tarixli, ********** nömrəli və 11.02.2020ci il tarixli, **********1 nömrə ilə qeydə alınmış müraciətlərinin tarix və məzmunundan göründüyü kimi, iddiaçının iddia etdiyi tələbə münasibətdə hüququnun pozulduğu ona 1 təqvim ayı öncədən bəlli olmuşdur. İddiaçı həbsdən azad ediləndən sonra Nazirlikdə olmuş və ona əmrin verilmə səbəbləri izah edilmişdir. Göründüyü kimi, İddiaçı 31 may 2019-cu il tarixdən həbsdən azad edilməsinə və onunla əmək münasibətlərinə xitam verilməsi barədə məlumatlı olmasına baxmayaraq məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. Həmçinin, iddianın yalnız birinci hissəsi qismən mümkün sayıla bilməsi ilə bağlı işə birinci instansiyası məhkəməsində baxılan zaman tərəflərin verilən vəsatət də təmin edilməmiş, əvvəlki apelyasiya baxışında da bu pozuntuya qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin digər nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətini müdafiə etdiyini, həmkarının izahatındakı göstərilənləri təsdiq edərək apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında vurğuladı ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Apelyasiya şikayəti tamamilə formal mülahizələrdən ibarətdir. Cavabdehin nümayəndəsinin izahatında göstərilənlərlə bağlı onu demək istəyir ki, cavabdeh tərəf yoxlama aktını əsas götürərək 03 may 2019-cu il tarixli əmr qəbul etdiyini bildirsə də, rəhbərlik etdiyi Sosial yardım və müavinətlər sektorunda heç bir yeyinti halı baş verməmişdir. Pozuntuya yol verən işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq edilmiş şəxslər barəsində qeyd edə bilər ki, X19 yoxlamadan 4 aydan sonra məşğulluq mərkəzinə müdir gedib. Əgər onun səhvi var idisə, onu niyə müdir göndərdilər? İkincisi, X5 3 ay əvvəl öz ərizəsi ilə işdən azad edilib. X12 7-8 ay əvvələ qədər öz işində işləyirdi. X14 isə hal-hazırda da əvvəlki vəzifəsində işləyir. Yəni qeyd edilən məsələyə görə o, vaxt heç kim işdən azad edilməyib. Əlavə olaraq bildirir ki, nazirlikdə hər zaman vicdanla işləmiş və qanun pozuntusuna onun tərəfindən heç bir zaman yol verilməmişdir. Buna görədir ki, məhkəmələr onun günahsız olduğunu öz hökmlərində qeyd etmişlər. Hüquqları 3 ildir ki, kobud şəkildə pozulmaqdadır. Müavinət sektoru olduğu üçün, kimin pensiya almasından onların xəbəri olmur, çünki onlar sistemdə vətəndaşın pensiya alıb-almamasına baxa bilmirlər, artıq ödəmələr də ona görədir. Ünvanlı sosial yardım da artıq ödəmələrin də mənbəyi ona görədir ki, yoxlama gəlir idarənin müdirinə kimə sosial yardım edilə bilməsi barədə məlumat verir. Müdir də hansı ailəyə sosial müavinət verməli olduğunu deyir. Bir sözlə o, yalnız sektor müdiri olub, idarə müdiri deyil ki, artıq ödənişlərin edilməsinə səbəbkar olsun. O, 2017-ci ildə sektor müdiri olmayıb, sadəcə sektor müdirini əvəz etmişdir. VEMTAS proqramı ilə 2017-ci ildən işləyiblər. Artıq ödəməni edən işçi özləri ödəmir, sadəcə vətəndaşları geri çağırıb artıq ödəmələrin olduğu barədə məlumatlandırıb, artıq ödəmələri geri alırdılar. Əvvəlki məhkəmə baxışı zamanı cavabdeh orqan tərəfindən ona bildirilmişdir ki, «səni işə qəbul edirik, ancaq ilk əvvəl bir aydan sonra işdən çıxmaqla bağlı ərizə yaz, əlavə bir ərizədə yaz ki, «sənə işdə qalmaq barədə xəbərdarlıq edildi, ancaq sən öz istəyinlə işdən çıxırsan». Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə ona intizam tənbeh tədbiri tətbiq edilməli idisə, işdən kənarlaşdırılmağından öncə digər tədbirlər görülməli idi. O, cavabdehin nümayəndəsinə bildirmişdir ki, iş tapanda başqa işə keçə bilər, amma cavabdeh tərəfin mövqeyi o idi ki, yalnız bir aylıq işə götürə bilər. Bütün qeyd edilənlərin nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş edir.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında vurğuladı ki, İddiaçı 04 aprel 2005-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Əhalinin Sosial Müdafiəsi üzrə Ünvanlı Sosial Yardım və Müavinətlər sektorunda baş məsləhətçisi vəzifəsində işləmişdir. 26 oktyabr 2016-cı il tarixdən həmin şöbənin yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 26 sentyabr 2018-ci il tarixdə rəhbərlik etdiyi sektorun baş məsləhətçisi X16 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq həbs edilmişdir. Şöbədə axtarış aparıb sənədlər götürüldüyündən o, öz təşəbbüsü ilə həmin idarəyə gedib işlə maraqlanmışdır, elə həmin gün onu da əsassız olaraq həbs etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığından iddiaçıya bəraət verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 03.10.2018-ci il tarixli məktubunu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsisinin “c” bəndini rəhbər tutaraq 19.10.2018-ci il tarixli əmr ilə iddiaçını tutduğu vəzifədən kənarlaşdırmış, 03.05.2019-cu il tarixli əmri ilə isə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, onun təqsirsizliyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilmişdir. Cavabdeh məhkəmə araşdırmasının sonunu gözləmədən ona qarşı qərəzli davranmışdır. Belə ki, barəsindəki cinayət təqibi başa çatdıqdan sonra iddiaçı tutduğu vəzifədən azad edilməsi barədə əmri əldə etmək üçün dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh əmri ona təqdim etməmiş, yalnız 2020-ci ilin fevral ayının 25-də məktub göndərərək əmr barədə məlumat vermişdir. Nəticədə iddiaçının hüquqları iki ilə yaxındır kobud şəkildə pozulmaqdadır. İddiaçı əsassız olaraq həbs edildiyindən və onun barəsində bəraət hökmü qəbul edildiyindən hesab edir ki, cavabdeh tərəfindən verilmiş əmr qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəlki vəzifəsinə bərpa edilərək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.

19. İddiaçının vəkili onu da vurğuladı ki, hüquqlarını müdafiə etdiyi şəxs həbsdə olduğu dövrdə ƏƏSMN-i tərəfindən DSMF-nin Sumqayıt şəhər şöbəsində nazirliyin daxili nəzarət və audit şöbəsi araşdırma aparmışdır. Araşdırmanın nəticəsi olaraq 2018-ci ilin dekabr ayının 1-dən şöbənin məsləhətçilərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş hallar üzrə inzibati tənbeh tədbirlərindən ancaq biri - töhmət vermək və ya aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək tətbiq edilmişdir. Onların arasında bilavasitə hüquqlarını müdafiə etdiyi şəxsin rəhbərlik etdiyi sektorun 4 əməkdaşına; X13, X3, X7 və X9 intizam tənbeh tədbiri tətbiq edilmiş və heç biri işdən azad edilməmişlər. Nəinki hüquqlarını müdafiə etdiyi şəxsin rəhbərlik etdiyi sektorun əməkdaşları, ümumiyyətlə şöbənin heç bir əməkdaşı auditin nəticəsi olaraq işdən azad edilməmişdir. Belə ki, X13 əmək haqqından 6 (altı) ay müddətinə 10 faiz azalma və töhmət tətbiq edilmiş, 2019-cu ilin mart ayının 11-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xaçmaz rayon Məşğulluq Mərkəzinə direktor vəzifəsinə təyin olunmuş, 2020-ci ilin may ayında öz ərizəsi əsasında işdən çıxmışdır. X3 əmək haqqından 6 (altı) ay müddətinə 10 faiz azalma və töhmət tətbiq edilmiş, 19.03.2020-ci il tarixdə, yəni intizam tənbeh tədbiri tətbiq edildiyi tarixdən 1 il 4 ay sonra öz arzusu ilə işdən azad edilmişdir. X7 töhmət verilmiş və 2021-ci ilin may ayında, yəni intizam tənbeh tədbiri tətbiq edildiyi tarixdən 2 il 6 ay sonra işdən azad olunmuşdur. X9 töhmət verilib və hal hazırda Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Ərazi filialında əmək fəaliyyətini davam etdirir. Lakin aparılan araşdırmanın nəticələrinə əsasən tətbiq edilmiş inzibati tənbehlərdən heç biri hüquqlarını müdafiə etdiyi şəxsə 01.12.2018-ci il tarixdə tətbiq edilməmişdir. Onun əmək müqaviləsinə 03.05.2019-cu il tarixdə, yəni audit yoxlamasından 6 ay keçdikdən sonra xitam verilmişdir. Əmək Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 03.10.2018-ci il tarixli məktubu Nazirliyə daxil olduqdan sonra tətbiq edilmişdir, yəni hüqquqlarını müdafiə etdiyi şəxsin işdən kənarlaşdırma səbəbi cinayət məsuliyyətinə cəlb edilməsi olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərin, yəni bəraət almış təqsirləndirilən şəxs və digər qeyd olunan şəxslər vurulmuş ziyanın ödənilməsi ilə bağlı əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq hüquqları vardır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29.12.1998-ci il Qanununun 8-ci maddəsinə əsasən qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən çıxarılmış və ya işdən kənarlaşdırılmış şəxs, əvvəlki işə bərpa edilməli, bu mümkün olmadıqda isə dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq işlə təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən çıxarılma haqqında əmək kitabçasında edilmiş qeyd etibarsız hesab olunur. Şəxsin tələbi ilə onun işdən çıxarılması haqqında əmək kitabçasında müvafiq qeyd aparmış orqan və ya onun vəzifəli şəxsi beş gün müddətində etibarsız hesab olunmuş qeydin olmadığı əmək kitabçasının dublikatını ona verməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanuni qərar qəbul etmişdir və həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Bütün qeyd edilənlərin nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş edirlər.

Tədbiq edilən hüquq

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

21. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

22. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

23. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

24. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

25. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

26. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

27. Həmin Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.

28. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

30. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

31. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

32. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

33. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

34. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

35. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun məqsədi Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: (-) 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yolverməməli; (-) 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. 25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. 25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddə 33. Dövlət qulluğuna xitam verilməsi (-) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-) 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; (-). Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

36. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar 9.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir. 9.2. Korrupsiya hüquqpozmaları aşağıdakılardır: 9.2.1. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi; 9.2.2. xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi; 9.2.3. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi; 9.2.4. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi; 9.2.5. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi; 9.2.6. müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi; 9.2.7. müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi. (-)

37. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hazırki qərarın 20-30-cu bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. İş materiallarında olan iddiaçıcnın əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçı 04.04.2005-ci il tarixdə Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində məsləhətçi vəzifəsinə qəbul edilmiş, 03.04.2006-cı ildə baş məsləhətçi vəzifəsinə keçirilmiş, 28.07.2016-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunin Sumqayıt şəhər şöbəsində Sosial yardım və müavinət sektorunda baş məsləhətçi vəzifəsinə keçirilmiş, 03.11.2017-ci il tarixdə həmin sektorun müdiri təyin edilmiş, 26 sentyabr 2018-ci il tarixdə həmin sektorun əməkdaşı X16 ilə birlikdə şübhəli şəxs qismində tutulmuş və 27 sentyabr 2018-ci il tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və 03.05.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı və 25.11-ci maddələrinə əsasən tutduğu vəzifədən azad edilmişdir(cild 1, i.v.7-8).

40. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19.10.2018-ci il tarixli əmrindən görünür ki, iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai təhlükəli əməllər törətdiklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparıldığı müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsi Sosial yardım və müavinətlər sektorunun müdiri İddiaçı və həmin sektorda sahə məsləhətçisi vəzifəsində qulluq keçən X16 işdən kənarlaşdırılmışlar. Əmrin verilməsi üçün əsas kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 03.10.2018-ci il tarixli məktubu göstərilmişdir(cild 1, i.v.151).

41. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28.09.2018-ci il tarixli əmrindən görünür ki, Dövlət Sosial Müdafiə fondunun Sumqayıt şəhər şöbəsinin 01.07.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin araşdırılması məqsədi ilə araşdırma qrupu yaradılmışdır (cild 2, i.v.23-24).

42. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 07.11.2018-ci il tarixli əmrindən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair aparılmış araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, 01.07.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırılması zamanı bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara pensiya və sosial müavinət təyin olunmasında artıq ödəmə hallarına, təyinatı nöqsanlı hesab edilmiş pensiya və sosial müavinət işləri üzrə ödənişlərin aparılmasına yol verilmişdir (cild 1, i.v.157-159).

43. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin bir sıra işçiləri barəsində intizan tənbeh tədbirinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14.11.2018-ci il tarixli əmrindən görünür ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə şöbənin sektorlarında qulluq keçən əməkdaşlardan 44 nəfəri barəsində intizam tənbeh tədbiri (5 nəfər barəsində vəzifə maaşının azaldılması, 39 nəfər barədə isə töhmət verilməklə) görülmüş, o cümlədən Sosial yardım və müavinətlər sektorunun 4 əməkdaşına X13, X3, X7 və X9 intizam tənbeh tədbiri kimi töhmət, eyni zamanda X13 və X3 həmçinin vəzifə maaşları 6 ay müddətinədək 10 faiz azaldılması əmr edilmiş, əmrin verilməsinə əsas kimi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apartının Daxili nəzarət və audit şöbəinin müdiri H.İmanovun 30.10.2018-ci il tarixli **********2 nömrəli yazılı məruzəsi olmuşdur (cild 1, i.v.254-255).

44. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.05.2019-cu il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilmiş və barəsində həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunda sahə məsləhətçisi işləmiş X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərarına əsasən də apellyasiya instansiya məhkəməsinin qərarı dəyişirilmədən saxlanılmışdır(cild 1, i.v.25-86).

45. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanladığı 25.02.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 03.10.2018ci il tarixli məktubuna və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1ci hissəsisinin “c” bəndinə əsasən 19.10.2018-ci il tarixli əmr ilə tutduğu vəzifədən kənarlaşdırılmış, 03.05.2019-cu il tarixli əmr ilə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir(cild 1, i.v.4).

46. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçını işdən kənarlaşdırarkən, həmçinin onun tutduğu vəzifədən azad edərkən iddiaçının barəsində təqsirsizlik prezumpsiyasını pozmuş, yəni məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan onun iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əmllər törətdiyinə görə işdən kənarlaşdırılması və daha sonra yenə də Baş Prokuror yanında Mübarizə Baş İdarəsinin cinayət işinin baxılması üçün məhkəməyə göndərilməsi barədə məktubuna istinad edərək onu tutduğu vəzifədən azad edilməsi barədə əmr vermişdir. Cavabdeh nazirlik iddiaçının əməlində cinayət tərkibinin olmasına dair məhkəmənin hökmü olmadan, yəni onun “Dövlət qulluğu haqqında” Qanunun 25.11-ci maddəsində qeyd olunan hüquqpozmaları törətməsi sübuta yetmədən onu tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Eyni zamanda cavabdeh mübahisələndirilən əmrdə qeyd etməsə də, iddia ərizəsinə etirazda bildirmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmrin verilməsi üçün əsaslardan biri də 2018-ci ilin otktyabr ayında DSMF-nin Sumqayıt şəhər şöbəsində aparılan audit araşdırması olmuşdur. Lakin, həmin araşdırmanın nəticələrinə görə tərtib edilmiş arayışda bir sıra işçilərə inzibati tənbeh tədbirinin görülməsi təklif edilsə də, konkret olaraq İddiaçı adı qeyd olunmamışdır. İddiaçının işdən azad edilməsi barədə əmrdə əsas kimi yalnız Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsnin məktubu göstərilmiş olsa da, həmin əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır.

48. Mübahisələndirilən məhkəmə qərarı həmçinin onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülmüş hesab edilməsinə dair vəsatətinə münasibətdə iddia müddəti ötürülməmiş hesab edilməlidir, ona görə ki, iddiaçı məhkəmə iclasında izah etdiyi kimi, 26.09.2018-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 27.09.2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 31.05.2019-cu il tarixdə həbsdən azad edilmişdir. Bundan sonra iddiaçı dəfələrlə nazirliyə müraciət etsə də, əmrin surətini əldə edə bilməmiş, nazirliyin portalında isə onunla bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu qeyd edilmişdir. Yalnız 25.02.2020-ci il tarixli məktubunda cavabdeh ona izahedici məktub göndərmişdir. Cavabdeh inzibati orqan iddiaçının barəsində verilmiş əmrin və əmək kitabçasının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaçıya təqdim edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli **********2 saylı əmri qismən, İddiaçı aid hissədə ləğv edilməli, onun əvvəlki tutduğu vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

49. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 06 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, qərarı ləğv edilməklə iş təkrar baxılması üçün göndərilərkən kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əməlində cinayət tərkibi olmaması səbəbindən bu əsasla iddiaçının işdən azad olunmasının yolverilməzliyi ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşılsa da, audit yoxlamasının nəticəsinə dair arayışda iddiaçının adının olmamasına görə mübahisələndirilən əmrin qəbul edilməsinin qanunsuzluğu ilə bağlı mövqe ilə razılaşılmır və işə baxan məhkəmələr keçirilmiş audit yoxlaması nəticəsində iddiaçının sektorunda işləyən və nöqsanlara yol vermiş şəxslərin intizam məsuliyyətinə cəlb edilib-edilmədiyini, edildiyi halda hansı növ tənbeh tədbirinin tətbiq olunduğunu, işçilər tərəfindən yol verilmiş nöqsanların iddiaçının rəhbər vəzifəli şəxs kimi öz vəzifələrini lazımi qaydada həyata keçirməməsi ilə əlaqəsini, iddiaçının rəhbərlik etdiyi sektorda işçilər tərəfindən yol verilən nöqsanların onun öz vəzifə səlahiyyətlərini düzgün icra etməməsinin nəticəsi olaraq təzahür edib-etməməsini müəyyən etməli, həmçinin iddiaçı barəsində tətbiq olunan intizam məsuliyyətinin onun əməlinə mütənasibliyinə hərtərəfli qiymət verməklə qərar qəbul etməli idi.

50. Məhkəmə kollegiyası, Ali Məhkəmənin baxılan iş üzrə qərarında göstərilən mövqe baxımından məhkəmə araşdırmalarını keçirməklə əldə olunan sübutlara ümumilikdə qiymət verməklə, eyni zamanda hazırki qərarın 10-cu bəndində öz əksini tapan cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

51. Belə ki, apelyasiya şikayətinin, “İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 02 may 2019-cu il tarixli, ********* nömrəli məktubu və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Nazirliyin 28 sentyabr 2018-ci il tarixli, **********2 nömrəli əmri əsasında həyata keçirilmiş audit yoxlaması olması” dəlililə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ilkin olaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu əsasında iddiaçının barəsində cinayət işinin olması iddiaçının vəzifədən kənarlaşdırılmasına yetərli olması qəbul edilsə də, sonradan aparılan istintaq, eləcə də məhkəmə araşdırmalarının nəticəsi olaraq iddiaçının əməlində cinayət tərkibi olmaması məhkəmə qərarları ilə təsdiq edildiyindən həmin əsasın aradan qalxmasını özündə ehtiva edir. Apelyasiya şikayətində, əmrin verilməsinə ikinci əsas kimi göstərilən audit yoxlamasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, əvvəla belə bir əsas 03.05.2019-cu il tarixli əmrdə göstərilməyib, yəni əmrdə Dövlət qulluğu haqqında Qanunun 33.1.6-cı və 25.11-ci maddələrinə əsaslanılıb ki, həmin əsaslar da hazırkı qərarın 35-ci bəndində istinad edilən Qanun normalarında açıq aydın görünür ki, Qanunun 33.1.6-cı maddəsi (Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə) dövlət qulluğuna xitam verilməsini, Qanunun 25.11-ci maddəsi isə ((dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur)) dövlət qulluqçusunun məsuliyyətini göstərir. Kassasiya instansiyası məhkəməsinin göstərişinin araşdırılması nəticəsində hazırkı qərarın 43-cü bəndində istinad edilən əmrdə audit yoxlamasının nəticəsində iddiaçının da işləmiş olduğu şöbənin 44 əməkdaşı əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə müvafiq intizam tənbehləri görülərək əsasən töhmətlə, 5 nəfəri isə vəzifə maaşının müəyyən müddətə azaldılma ilə barələrində intizam tənbeh tədbiri görülmüş, o cümlədən iddiaçının müdiri olmuş sektorun 4 əməkdaşı - X17, X5, X12 və X15 intizam tənbeh tədbiri kimi töhmətlə, eyni zamanda X17 və X5 həmçinin vəzifə maaşları 6 ay müddətinədək 10 faiz azaldılma ilə intizam tənbeh tədbirinə məruz qalmışlar. Qeyd edilən əmrlə istər adı çəkilən şöbənin müdir müavini, istərsə də şöbədə fəaliyyət göstərən Pensiya, Sosial sığorta, Sosial xidmət, eləcə də Mühasibat uçotu sektorlarının bir çox əməkdaşları intizam tənbeh tədbirinə məruz qalmalarına baxmayaraq həmin sektorların müdirləri, həmçinin şöbənin müdir müavini barəsində yalnız töhmət və ya vəzifə maaşının müəyyən müddətə azaldılması intizam tənbeh tədbirilə kifayətlənilmiş, lakin iddiaçının müdir olduğu sektorun cəmi 4 əməkdaşı barəsində müəyyən intizam tənbeh tədbiri görülməsi iddiaçı haqqında ən agır (dövlət qulluğundan azad edilmə - Qanunun 25.2.6-cı maddəsi) intizam tənbeh tədbirinin tətbiq edilməsi iddiaçının əməlilə mütənasiblik baxımından adekvat hesab edilə bilməz. O da qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı (dövlət qulluğundan azad edilmə) maddəsinin tətbiq edilməsi həmin Qanunun 25.3-cü maddəsilə şərtləndirilir və həmin maddənin tələbi onu özündə ehtiva edir ki, Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılmalı, dövlət qulluqçusundan yazılı izahat alınmalı, zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir, həmçinin dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Göründüyü kimi cavabdeh tərəf aparılmış audit yoxlamasının nəticələrinə görə iddiaçını işdən azad etməsini əsaslandırmaq istəsə də, bu əsaslandırma “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə uyğun gəlmir.

52. Məhkəmə kollegiyası, apelyasiya şikayətinin digər bir dəlili olan, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər” dəlililə bağlı qeyd edir ki, əmrin qəbul edilməsinə əsas kimi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu götürülməklə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 33.1.6 və 25.11-ci maddələri rəhbər tutularaq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi üçün cavabdeh inzibati orqanın Əmək Məcəlləsinin normalarına istinad etməsi əsassızdır. Belə ki, hazırkı qərarın 35-ci bəndində istinad edilən Qanunun 34-cü maddəsinin tələbinə uyğun olaraq bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Dövlət qulluqçusunun məsuliyyəti Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə tənzimləndiyindən cavabdehin bu dəlili də əsassızdır.

53. Məhkəmə kollegiyası, apelyasiya şikayətinin digər bir dəlili olan, “cavabdehin vəsatətlərinə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməməsilə” bağlı qeyd edir ki, hazırkı qərarın 47 və 48-ci bəndlərində isinad edilən birinci instansiya məhkəməsinin əsaslandırması yetərli hesab edilir, eyni zamanda o da qeyd edilməlidir ki, cavabdehin həmin yazılı vəsatətində vurğulanır ki, iddiaçının əmək kitabçası DSMF-nun Sumqayıt şəhər şöbəsinə təqdim edilmiş və iddiaçı əmək kitabçasını həmin şöbədən təhvil almışdır. Lakin iş materiallarında iddiaçının əmək kitabçasını nə zaman aldığı müəyyən olunmadığı üçün və cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamış, əksinə iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, dəfələrlə nazirliyə müraciət etsə də, əmrin surətini əldə edə bilməmiş, nazirliyin portalında isə onunla bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu qeyd edilmişdir. Yalnız cavabdehin ona ünvanladığı 25.02.2020-ci il tarixli məktubunda iddiaçı ilə olan əmək müqaviləsinə 03.05.2019-cu il tarixdə **********2 nömrəli əmrlə xitam verildiyi bildirilmiş və bundan sonra 12.03.2020-ci il tarixdə iddiaçı məhkəməyə müvafiq iddia ilə müraciət etmişdir. Həmçinin iş materiallarında olan və 01.07.2019-cu il tarixdə çap edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, həmin bildiriş 01.07.2019-cu il tarixdə qüvvədə olmuşdur. Yəni, 03 may 2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 01.07.2019cu il tarixdə isə iddiaçıya aid həmin əmək müqaviləsi qüvvədə olan kimi qeyd edilmişdir. Baza məlumatlarından görünür ki, həmin məlumatlar iddiaçının əmək kitabçası məlumatları ilə üst-üstə düşür, bu baxımdan cavabdehin bu dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir(cild 1, i.v.113-115).

54. Apelyasiya şikayətinin digər bir dəlili olan, “iddianın yalnız birinci hissəsinin qismən mümkün sayıla bilinməsi ilə bağlı” vəsatətdə cavabdehin qənaətinə görə iddiaçı tərəfindən iddia olunan məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinin təmin olunması mövcud iddia ərizəsi ilə əlaqədar məhkəmə icraatının yekun nəticəsindən asılı olduğundan, iddiaçı iddia tələbinin həmin hissəsində haqlı deyildir göstərməsini məhkəmə kollegiyası əsaslı hesab etmir ona görə ki, işə bərpa işləri ilə bağlı formalaşmış məhkəmə təcrübəsində bu qəbildən olan işlər üzrə iddia tələbləri adətən əmək haqqının ödənilməsi tələbilə birgə verilir və məhkəmələr həmin tələbə digər tələblərlə birgə baxaraq hüquqi qiymət verirlər. Bu səbəbdən cavabdehin həmin dəlilini də kollegiya əsaslı hesab etmir.

55. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apelysiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, hazırkı qərarın 35-37-ci bəndlərində istinad edilən konstitusion normanın və qanunların tələblərinə görə təqsirsizlik prezumpsiyası hüququ baxımından iddiaçının əməllərində cinayət tərkibi olmadığından, həmçinin audit araşdırmasının nəticəsində bir sıra işçilərə inzibati tənbeh tədbirinin görülməsi təklif edilsə də, konkret olaraq iddiaçı barəsində hər hansı tədbir görülməsi audit yoxlamasının nəticəsinə dair arayışda əks olunmadığından, həmçinin məhkəmə kollegiyasının hazırkı qərarın 51-ci bəndində istinad edilən araşdırmalarının nəticəsi baxımından da iddiaçı barəsində tətbiq olunan intizam məsuliyyətinin onun əməlinə mütənasibliyinə hərtərəfli qiymət verilməklə bu qənaətə gəlinir ki, cavabdehin mübahisələndirilən əmri qanunsuz olmuş, ona görə də birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsaslarını müəyyən etməklə iddia tələbini təmin etmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də apelyasiya şikayəti təmin edilmədən Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(118)-882/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh nazirliyin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(118)-882/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar