Məhkəmə qərarları › İş №2-1(105)-566/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-566/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-566/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı mərhumə X1 mülkiyyətinə 0,05 ha torpaq sahəsinin verilməsi barədə Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 saylı iclasının qərarının ləğv olunması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1912/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə mərhumə D.Rüstəmovanın mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilməsinə dair qərar səhv olduğundan məhkəmə tərəfindən ləğv olunması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçı nümayəndəsi X6 müddətin ötürülmədiyini hesab etdiyindən, iddiaya mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 mart 2008-ci ildə mərhumə, dayısının həyat yoldaşı - X4 özünə məxsus və 1964-cü ildə tikilmiş Şamaxı rayonu Qəleybuğurd kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və digər bütün əmlakını vəsiyyətnamə əsasında ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə dövlət reyestrində 04- 05 nömrəsi ilə qeyd edilmişdir. X5 2010-cu ildə vəfat etmişdir və digər vərəsəsi yoxdur. Həmin torpaq sahəsinin ölçüsü 0,11 hektardır və üzərində 1964-cü ildə fərdi ev inşa edilmişdir. 29 dekabr 2018-ci il tarixində vəsiyyətnamə əsasında ona məxsus olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evinə reyestrdən çıxarış almaq məqsədilə sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə təqdim etmişdir. Həmin qurumdan daxil olmuş 9 yanvar 2020-ci il tarixli **********23 nömrəli cavab məktubunda qeyd olunur ki, “təqdim etdiyiniz sənədlər mütəxəssilərimiz tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Milli Arxiv İdarəsi X10 Filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 841 nömrəli arxiv çıxarışında 1977-1979-cu illər üzrə qaytanlanmış kitabda X1 şəxsi hesabında 0,11 ha torpaq sahəsinin olması qeyd olunsa da respublikada aparılan aqrar islahatlar zamanı Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə onun mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilmiş, DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən həmin 0,05 ha sahəyə torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Ona görə də, 0,11 ha torpaq sahəsinə mərhumə Dəryabəyim Əbil qızının adına çıxarışın verilməsi mümkün olmamışdır.” Milli Arxiv İdarəsinin rəsmi arayışından məlum olur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə hüquqi varisi olduğu mərhumə X1 mülkiyyətinə səhvən 0,05 ha torpaq sahəsi verilmişdir. Həmçinin, həmin səhv qərar əsasında DTXK-nın Şamaxı rayon şöbəsi də öz növbəsində yenə də səhvən 0,05 ha sahəyə torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlamışdır. Bununla da hüquqi varisi olduğu mərhumə X1 özünün xəbəri olmadan bütün bu proses həyata keçirilmiş və hüquqları kobud şəkildə pozulmuşdur. Məsələ ilə bağlı əvvəlcə Sumqayıt İnzibati Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1225/2021 saylı qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1225/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadda apellyasiya məhkəməsinin mövqeyi bölməsində məhkəmə qeyd etmişdir ki, birinci hissədə cavab verməli orqan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi deyil, Şamaxı Rayon İcra Hakimiyyətidir. Bundan sonra, Şamaxı Rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət edərək Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 saylı iclasının qərarının surətinin mərhumə X2 rəsmi qaydada təqdim olunmasına dair sübutun təqdim olunmasında və mərhumə X1 mülkiyyətinə 0,11 ha torpaq sahəsinin əvəzinə səhvən 0,05 ha sahəsinin ayrılması barədə yanlışlığın aradan qaldırılmasında və buna dair torpaq sahəsinin müvafiq planı və ölçüsü sənədinin hazırlanaraq təqdim olunmasında köməklik göstərilməsini xahiş etmişdir. Şamaxı Rayon İcra Hakimiyyətindən daxil olmuş 15 aprel 2022-ci il tarixli, Ş- 06-698 №İi cavab məktubunda qeyd olunur ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq son 5 ilə aid sənədlər istisna olmaqla rayon icra hakimiyyətinə aid bütün sənədlər, o cümlədən Aqrar İslahat Komissiyasına aid sənədlər X10 filialına təqdim olunmuşdur. Buna görə də, Aqrar İslahat Komissiyasının hər hansı qərarının surətinin təqdim edilməsi və həmin qərarda düzəliş aparılmasının mümkün olmadığı ilə yanaşı torpaq sahəsinin müvafiq plan və ölçüsü sənədinin hazırlanmasının rayon icra hakimiyyətinin səlahiyyətinə aid olmadığını sizə bildiririk”. Şamaxı Rayon İcra Hakimiyyətinin bu mövqeyi onu qane etmir, çünki məktubda adı qeyd olunan X10 filialı elə Şamaxı şəhərində yerləşir ki, cavabdeh də Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.200l-ci il tarixli 05 saylı qərarının surətini asanlıqla əldə edə bilərdi. Lakin göründüyü kimi, o bunu etmək istəmir və bununla da sübut olunur ki, hüquqlarını kobud şəkildə pozur. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1912/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Leyla Mirzəyeva) Qərardaddan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gətiridiyi əsas arqument ondan ibarətdir ki, Aqrar islahat Komissiyası tərəfindən vətəndaşlara pay torpaqları ayrıldığı dövrdə mərhumə D.Rüstəmovanın aqrar islahat komissiyasının qərarından şikayət vermək hüququ olmuş, lakin o, bu hüquqdan istifadə etməmiş və 30 gün ərzində məhkəmədə iddia qaldırmamışdır. Məhkəmənin bu arqumentininn bir neçə sadə cavabı vardır. Mərhumə D.Rüstəmova savadsız, oxuyub-yazmağı bacarmayan bir şəxs olmuşdur və aqrar islahat komissiyasının onun şəxsi mülkiyyətində olan torpağı bölüb kimlərəsə verməsinə dair qərarından xəbəri olmamışdır və onun hüquqi varisinin bu faktdan yalnız DƏDRX-nin 14 saylı Ərazi İdarəsindən 9 yanvar 2020-ci il tarixli **********3 nömrəli cavab məktubu daxil olduqdan sonra məlumatı olmuşdur. Əgər məhkəmə iddia edirsə ki, mərhumə D.Rüstəmovanın aqrar islahat komissiyasının məlum qərarından məlumatı olmuşdur, o zaman xidməti vəzifəsinə görə sorğu verərək həmin aktın mərhumə D.Rüstəmovaya elan və təqdim olunmasına dair sübutun məhkəməyə təqdim olunmasını tələb etməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Qanunverciliyin tələblərindən də göründüyü kimi hazırki halda sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür və əgər mərhumə D.Rüstəmova mübahisələndirilən aktla rəsmi şəkildə tanış olmuşdursa həmin aktın ona təqdim olunmasına və onunla tanış olmasına dair sübut məhkəməyə təqdim olunmalı idi. Belə bir sübut isə yoxdur. Ona görə də məhkəmənin gəldiyi qənaət səhv, qəbul etdiyi qərardad isə qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia)... Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunlarla (Azərbaycan SSR Mülki Məcəlləsi və Azərbaycan Respublikasının MPM-nin 298-ci maddəsi) müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərar 2001-ci ildə qəbul edilmişdir və bu müddət ərzində iddaçı tərəfin həmin qərardan məlumatlı olmaması barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində qərarı mübahisələndirmədiyindən birinci instansiya məhkəməsi müddətin ötürülməsi əsası ilə iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1912/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar