Məhkəmə qərarları › İş №2-1(105)-566/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-566/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-566/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X18 qızının katibliyi, İddiaçı X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı "bakalavr diplomunun tanınması" tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-412/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 2014-2018-ci illərdə Rusiya Federasiyasının “İdarəetmə və Hüquq İnstitutu” da “Menecment” ixtisası üzrə qiyabi təhsil almış və ona Dövlət İmtahan Komissiyasının 21 sentyabr 2018-ci il tarixli, 08 iclas qərarı ilə 01 oktyabr 2018-ci il tarixdə tarixli, 137724 ******* nömrəli bakalavr diplomu verilmiş, həmin diplom Moskva şəhəri Təhsil Departamenti tərəfindən 10 yanvar 2022-ci il tarixdə apostil olunmuşdur. İddiaçı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edərək xx.xx.2018ci il tarixli, 137724 ******* nömrəli diplomunun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İnzibati orqan 30 yanvar 2023-cü il tarixli, NA00006225 nömrəli qərarı ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ərizəçi ali təhsiİ pilləsinin dövlət standartı ilə müəууən edilmiş tədris normativi üzrə təhsil almaq üçün tələb оlunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı” nın 8.7.2-ci yarımbəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur ki, ərizəçinin təhsil aldığı ölkədə olma müddəti onun diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilmir. İddiaçı aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Qeyd olunanlara əsasən xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Təhsildə X3rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 30 yanvar 2023-cü il tarixli qərarının qanunsuz hesab edilməsini və Rusiya Federasiyası İdarəetmə və Hüquq Universiteti tərəfindən verilmiş “Menecment” ixtisası üzrə bakalavr diplomunun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-2018-ci illərdə Rusiya Federasiyasının “İdarəetmə və hüquq” İnstitutunda menecment ixtisası üzrə distant təhsil formasında əyani təhsil almış və ona bakalavr diplomu verilmişdir. Həmin diplomun və verilmiş ixtisasın Azərbaycan Respublikasında tanınması üçün diplomu və qiymət cədvəlini tərcümə olunmuş formada və apostillə birlikdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim etmişdir. Müsahibəyə dəvət almış və xx.xx.2023-cü il tarixdə müsahibədən müvəffəqiyyətlə keçmişdir. Lakin, cavabdeh həmin diplomu tanımaqdan imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçının diplom əlavəsində də qeyd olunur ki, əyani aldığı təhsil müddəti 4 ildir. Odur ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartları və proqramı” nın 8.7.2-ci yarımbəndində qeyd olunan tələblərin iddiaçıya aid edilməsi yanlışdır. Üstəlik cavabdeh iddiaçının distant əyani təhsil aldığını da nəzərə almamışdır. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq onun təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2015/2016-cı tədris ili üzrə - getməyib, 2016/2017-ci tədris ili üzrə -1 gün, 2017/2018-ci tədris ili üzrə - getməyib, kollec diplomu əsasında qəbul olunduğu üçün 3 il təhsil alıb. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən, iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.1-ci bəndinə əsasən tanınma üçün NK-nın 2018-ci il 18 iyul tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda, NK-nın xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. NK-nın xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-412/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya Rusiya Federasiyası İdarəetmə və Hüquq Universiteti tərəfindən verilmiş “Menecment” ixtisası üzrə bakalavr diplomunun tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” nın tələblərinə görə xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduğu hallarda mənfi rəy verilə bilər. Bu qaydanın cavabdeh tərəfindən onun imtinasında istinad etdiyi tədris yükünün mənimsənilməsinə dair qısa müddət anlamında təfsir olunması da yanlış sayılmalıdır. Belə ki, həmin hal Qaydaların 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən, xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur. İddiaçının ixtisasının bu meyarlardan hər hansı birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, inzibati icraat zamanı iddiaçının cavabdeh orqana təqdim etmiş olduğu sənədlərdən onun qiyabi təhsil formasında təhsil aldığı açıq surətdə görünür. Belə ki, iddiaçı xx.xx.1984-cü il tarixli, 780654 nömrəli kollec diplomu əsasında universitetə daxil olmuş və bu hal onun diplom əlavəsinin “diplom sahibi haqqında məlumat” bölməsində təsdiqlənmişdir. İddiaçının təqdim etdiyi müqavilə sənədində qeyd olunmuş əyani təhsilalma formasının distant texnologiyaların tətbiqi ilə tədrisi məsələsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” nın 4.1.5-ci yarımbəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması da tanınmaya dair tələblərə aid edilmiş, beləliklə əyani və qiyabi təhsilalma formasında ümumi təhsil müddətinin üçdə birinin distant metodların tətbiqi ilə tədrisi üçün çərçivə müəyyən edilmişdir. İddiaçının təqdim etmiş olduğu POU2Q08/14 saylı, xx.xx.2014-cü il tarixli müqavilənin həqiqiliyi şübhə altındadır. İşə baxan məhkəmə qeyd olunan faktalara diqqət etməmişdir. İddiaçı 2017/2019-cu tədris ili ərzində cəmi 1 gün Rusiya Federasiyası ərazisində olmuşdur ki, bu müddət ərzində onun müvafiq olaraq birinci və ikinci kurs üçün nəzərdə tutulmuş tədris yükünü dövlət standartlarına uyğun yerinə yetirməsi mümkün deyildir. Belə olan halda, iddiaçının tədris yükünü dövlət standartları çərçivəsində yerinə yetirməsinin mümkünlüyü istisna edilir. Məhkəmə Azerbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1ci və 73.3.2-ci maddələrinin tələblərini pozaraq cavabdehin diskresion salahiyyətini həyata keçirməsini, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzinda olmasını tasdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin təmin olunmasına dair mövqeyini əsaslandırması üçün "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya" ya qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanununa istinad edir ki, sözügedən Konvensiyada xarici kvalifikasiyaiarın tanınması deyil, sənədlərdə olan imzaların həqiqiliyinin təsdiqi məsələləri tənzimlənir. Halbuki, cavabdeh təqdim olunan diplomun həqiqiliyi yox, alınmış kvalifikasiyanın tanınmasından imtina etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlər üzrə (əyani tahsilalma formasına nisbətdə) xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2022 nömrəli Qərarının 41-ci bəndində qeyd edilir, "İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin "bakalavr" ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 27. Təhsil haqqında dövlət sənədi (-) 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri (-) 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; (-) Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-) 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: (-) 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də, buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam və ətraflı araşdırılmamış, eləcə də mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya məxsus xx.xx.2018-ci il tarixli, 137724 ******* nömrəli bakalavr diplomunun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsindən imtinası təşkil edir. Cavabdeh tərəfindən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının Rusiya Federasiyasında qısa müddət ərzində olması, həmin müddətin isə tədris proqramının mənimsənilməsi üçün kifayət hesab olunmaması əsası ilə ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının ixtisasının qanunvericilikdə təsbit edilmiş xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarlarına uyğun gəlmədiyinin sübuta yetirilmədiyi əsası ilə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli olan ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İş materiallarında olan sənədlərdə isə iddiaçının xarici ölkədə aldığı bakalavr təhsilinin formasına münasibətdə ziddiyyətli məlumatlar mövcuddur. Belə ki, iddiaçıya məxsus 137724 ******* nömrəli bakalavr diplomu və diploma əlavədə təhsilin forması göstərilməmişdir. İddiaçı bakalavr diplomunda əyani təhsil formasının müddəti ilə bağlı yazılan qeydi (“Срок освоения программы бакалавриата/специалитета в очной форме обучения-4 года) əsas götürərək, aldığı bakalavr təhsilinin formasının əyani olduğunu iddia edir. İddiaçının qeyd edilən dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həm cavabdeh tərəfindən məhkəməyə təqdim edilən digər bakalavr diplomlarının surətindən, həm də məhkəmə kollegiyasının icraatında olan oxşar işlər üzrə təqdim edilən bakalavr diplomlarından müəyyən edilir ki, bakalavr təhsilinin formasından (əyani və qiyabi) asılı olmayaraq Rusiya Federasiyasının ali təhsil müəssisələri tərəfindən verilən əksər bakalavr diplomlarının üzərində (“Срок освоения программы бакалавриата/специалитета в очной форме обучения (əyani təhsil üzrə bakalavr proqramının/ixtisasının mənimsənilmə müddəti) qrafası yazılır. Belə ki, məhkəmə kollegiyasının icraatında olmuş 2-1(105)-533/2023 və 2-1(105)- 349/2024 nömrəli işlər üzrə iddiaçıların Rusiya Federasiyasında qiyabi formada təhsil alması işin mübahisəsiz halı olmuş, iddiaçılardan müvafiq olaraq X12 barəsində Rusiya Federasiyasının "xxxx" Ali Təhsil üzrə X15 Təhsil Müəssisəsi tərəfindən verilmiş 107724 ******* nömrəli diplomda, eləcə də digər iddiaçı X13 barəsində “Rusiya Federasiyası mülki müdafiə, fövqəladə hallar və fəlakət nəticələrinin aradan qaldırılması işləri üzrə Nazirliyinin Dövlət Yanğın Xidmətinin Sankt-Peterburq Dövlət Universiteti” tərəfindən verilmiş 107805 ******* nömrəli diplomda da “Срок освоения программы бакалавриата/специалитета в очной форме обучения” qrafası qeyd edilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən də məhkəməyə nümunə olaraq bir neçə şəxs - X10, X14 barəsində təqdim edilmiş müvafiq olaraq 137705 ******* nömrəli, 107704 ******* nömrəli bakalavr diplomlarının blanklarında da eyni qrafa göstərilmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının diplomun yuxarıda qeyd edilən qrafadakı məlumatına istinadən əyani formada təhsil alması ilə bağlı irəli sürdüyü dəlili əsassızdır. Eyni zamanda, kollegiya qeyd edir ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən müəyyən edilməsi (nostrifikasiyası) üzrə X17” ndən çıxarışdan görünür ki, iddiaçının özü bakalavr diplomunun tanınması üçün cavabdehə müraciət edərkən təhsil müddətini 2015-2018-ci illər, təhsil formasını isə qiyabi olaraq göstərmişdir. Həmçinin, iddiaçı tərəfindən inzibati icraat zamanı cavabdehə təqdim edilmiş Rusiya Federasiyası “İdarəetmə və Hüquq İnstitutu” qeyri-dövlət ali təhsil müəssisəsinin rektoru С.В.Устинов tərəfindən verilmiş 28 avqust 2015-ci il tarixli, 09-З(15) nömrəli əmrdən çıxarışdan görünür ki, qəbul imtahanlarını müvəffəqiyyətlə vermiş və müsabiqədən keçmiş abituriyent İddiaçı menecment ixtisası üzrə İ kursa qəbul edilmiş, təhsilin forması qiyabi, təhsil müddətinin başlanğıcı 01 sentyabr 2015-ci il göstərilmişdir. Lakin, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən məhkəməyə Rusiya Federasiyası “İdarəetmə və Hüquq İnstitutu” qeyri-dövlət ali təhsil müəssisəsi tərəfindən verilmiş eyni tarixli və nömrəli (28 avqust 2015-ci il tarixli 09-З(15) nömrəli) lakin fərqli məzmunda əmrdən çıxarış təqdim edilmiş, bu çıxarışda yuxarıda qeyd edilən əmrdə göstərilənin tam əksinə iddiaçının təhsilinin forması “əyani” qeyd edilmişdir. İddiaçı məhkəmə iclasında izahatında təhsilin formasına münasibətdə əmrlərdəki ziddiyyətin səbəbini birinci dəfə təqdim etdiyi əmrdə təhsilin formasının mexaniki yanlışlıq olaraq qiyabi göstərildiyini, bu yanlışlığın aradan qaldırılması məqsədilə tərəfindən yenidən təhsil aldığı institutdan təhsil forması əyani göstərilən əmrdən çıxarış alması ilə izah etmişdir. Cavabdeh inzibati orqan tərəfindən təhsilin formasına münasibətdə əmrlərdəki ziddiyyətlə bağlı “İdarəetmə və Hüquq İnstitutu” qeyri-dövlət ali peşə təhsili müəssisəsinə sorğu verilsə də, müəssisə hazırda ləğv prosesində olduğundan sorğu cavablandırılmamışdır. Kollegiya iddiaçı tərəfindən təqdim edilən ikinci əmrdən çıxarışdakı məlumatları digər sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, həmin sənəddəki (əmrdən çıxarışda) məlumatların mötəbərliyi öz təsdiqini tapmır. Belə ki, 1-ci əmrdən çıxarış institutun rektoru “С.В.Устинов” tərəfindən imzalansa da, eyni tarixli eyni nömrəli ikinci əmrdən çıxarış institutun rektoru “O.В.Устинов” tərəfindən imzalamışdır. Halbuki, Rusiya Federasiyası hüquqi şəxslərin vahid dövlət reyestri (еди́ный госуда́рственный рее́стр юриди́ческих ли́ц (ЕГРЮЛ) məlumatlarından (https://egrul.nalog.ru/index.html) görünür ki, İdarəetmə və Hüquq İnstitutu” qeyri-dövlət ali peşə təhsili müəssisəsi xx.xx.2022-ci il tarixdə X7 və X8 tərəfindən təsis edilmiş, həmin təhsil müəssisəsi hazırda ləğv prosesindədir və ləğvedicisi X5. Eləcə də, audit.ru internet informasiya ehtiyatı məlumatlarından müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Rusiya Federasiyası “İdarəetmə və Hüquq İnstitutu” qeyri-dövlət ali təhsil müəssisəsinin rektoru Устинов Сергей Владимирович (S.V.Ustinov) olmuşdur. Həmin ali təhsil müəssisəsinə dair dövlət reyestri məlumatlarında xx.xx.2014-cü il tarixdə dəyişiklik edilməsi Rusiya Federasiyası hüquqi şəxslərin vahid dövlət reyestri məlumatlarında da təsdiq edilmişdir. Eyni zamanda, Rusiya Federasiyasının yekun məhkəmə qərarlarının məlumat bazasında (sudact.ru) yerləşdirilmiş Moskva Arbitraj Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, A40-332503/xx-xx-1834 nömrəli qərarından görünür ki, həmin ali təhsil müəssisəsinin təsisçiləri olmuş X7 və X8 arasında əmlakın alqı-satqısı müqaviləsinin etibarsız sayılması haqqında mübahisə olmuş və həmin mübahisə üzrə aparılmış məhkəmə araşdırması ilə həmin təhsil müəssisəsinin təsisçilərindən İ.M.Aleksandrovun 21 noyabr 2013-cü il tarixdə Moskvanın Perovski Rayon Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edildiyi, daha sonra “İdarəetmə və Hüquq İnstitutu” – nun təsisçilərinin ümumi yığıncağının 14 noyabr 2014-cü il tarixli, 1/2014 nömrəli iclas qərarına əsasən S.V.Ustinovun institutun rektoru təyin edildiyi və həmin tarixdən sonra müəssisəni təmsil etmək hüququna malik şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı ali təhsil müəssisinə daxil olduğu 2015-ci il tarixdə ali təhsil müəssisəsinin rektoru X8 (“С.В.Устинов”) olmuş, nə əvvəl, nə də sonrakı vaxtlarda həmin institutun rektoru “O.В.Устинов” adlı şəxs olmamışdır. Ona görə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ikinci əmrdən çıxarış səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından həqiqiliyi sübuta yetirilmir və kollegiya tərəfindən mötəbər sübut kimi nəzərə alınmır. Eyni zamanda, kollegiya qeyd edir ki, əmrdən çıxarışlarda edilən imzalar da gözlə görünən səviyyədə tamamilə bir birindən fərqlənir. Bundan əlavə, iddiaçı məhkəməyə “distant təhsil texnologiyalarının tətbiqi ilə əyani” təhsil almasının sübutu olaraq onunla Rusiya Federasiyası “İdarəetmə və Hüquq İnstitutu” qeyri-dövlət ali təhsil müəssisəsi arasında bağlanan “Təhsil xidmətlərinin göstərilməsi barədə” 20 avqust 2014-cü il tarixli, POU2Q08/14 nömrəli müqavilə təqdim etmişdir. Həmin müqavilənin 1.3-cü bəndində təhsilin forması “distant təhsil texnologiyalarının tətbiqi ilə əyani” göstərilmişdir. Aşağıda qeyd edilən səbəblərdən təqdim edilən müqavilə də kollegiya tərəfindən mötəbər sübut kimi qəbul edilmir. 1) müqavilədə onun bağlandığı tarix 20 avqust 2014-cü il tarix göstərilsə də, müqavilə tərəfi olan təhsil müəssisəsinə təhsil fəaliyyətinin həyata keçirilməsinə dair lisenziyanın verilmə tarixi müqavilənin bağlandığı tarixdən 2 il sonraya aid olmaqla, 02 iyun 2016-cı il, təhsil müəssisəsinin nümayəndəsi (rektor) - O.V.Ustinova verilən etibarnamənin tarixi isə müqavilənin bağlandığı tarixdən 10 gün sonraya aid olmaqla “xx.xx.2014-cü il” qeyd edilmişdir. Bu isə birmənalı olaraq müqavilənin əsl həqiqətdə 20 avqust 2014-cü il tarixdə bağlanmadığını təsdiq edir. 2) müqavilədə təhsil fəaliyyətinin həyata keçirilməsinə dair lisenziyanın verilməsi tarixi 02 iyun 2016-cı il, nömrəsi isə Л041-011xx-xx/00302980 kimi göstərilsə də, Rusiya Federasiyası hüquqi şəxslərin vahid dövlət reyestri məlumatlarından görünür ki, “İdarəetmə və Hüquq İnstitutu” qeyri-dövlət ali təhsil müəssisəsinə 2 – təhsil fəaliyyətinin həyata keçirilməsinə dair və tibb xidmətlərinin göstərilməsinə dair lisenziyalar verilmişdir. Hansı ki, təhsil fəaliyyətinin həyata keçirilməsinə dair lisenziyanın verilməsi tarixi 02 iyun 2016-cı il, nömrəsi isə 2177, tibb xidmətlərinin göstərilməsinə dair lisenziyanın tarixi isə 18 dekabr 2015-ci il, nömrəsi isə Л041-011xx-xx/00302980-dır. Yəni, müqavilədə təhsil fəaliyyətinin həyata keçirilməsinə dair lisenziya nömrəsi kimi istinad edilmiş Л041-011xxxx/00302980 nömrə həmin lisenziyanın deyil, tibb xidmətlərinin göstərilməsi barədə lisenziyanın nömrəsidir. 3) digər tərəfdən iddiaçı təhsilini 2015-2018-ci illər ərzində alsa da, müqavilədə təhsil xidmətlərinin göstərildiyi dövr xx.xx.2014-xx.xx.2018-ci il qeyd edilmişdir. 4) ən əsası isə həmin dövrdə yuxarıda qeyd edildiyi kimi institutun rektoru X9 (S.V.Ustinov) olduğu halda, müqavilə səlahiyyətsiz şəxs rektor-O.V.Ustinov tərəfindən imzalanmışdır. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, təqdim edilən müqavilə iş üzrə heç bir sübut əhəmiyyəti kəsb etmir. Həmin müqavilə iddiaçının distant təhsil texnologiyalarının tətbiqi ilə təhsil almasının sübutu olaraq qəbul edilə bilməz. Beləliklə, yuxarıda sadalanan və mötəbərliyi şübhə doğurmayan sübutların qarşılıqlı tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçının “İdarəetmə və Hüquq İnstitutu” qeyridövlət ali təhsil müəssisəsində aldığı bakalavr təhsilinin forması qiyabi olmuşdur. İşin hüquqi halları ilə bağlı isə kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alınmaqla onun tərəfindən tədris yükünün yerinə yetirməsi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olması müəyyən edilə bilər. Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının auditoriya dərslərində iştirak etdiyi dövrlərdə tədris yükünü dövlət standartlarına uyğun yerinə yetirib-yetirməməsi birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” nın 8.7.2ci bəndinə əsasən qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat müəyyən edilmişdir. İddiaçının təhsil müddətinin isə bu şərti ödəməsi işdən görünmür. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Hazırki işin xüsusi halları baxımından, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda, onun tərəfindən tədris yükünün yerinə yetirilmədiyi və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu müəyyən olunmur. Belə ki, işdən görünür ki, iddiaçı 2015-2018-ci illər üzrə təhsil almış, 1-ci (2015/2016ci illər) və 3-cü (2017/2018-ci illər) tədris ili üzrə təhsil aldığı ölkəyə, ümumiyyətlə, getməmiş, 2-ci (2016/2017-ci illər) tədris ili üzrə yalnız 1 gün müddətində həmin ölkədə olmuşdur. İddiaçının təhsilini distant təhsil texnologiyalarından istifadə olunmaqla aldığına dair dəlillərinə münasibətdə isə kollegiya iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin, nəzərə almaq lazımdır ki, təhsilin forması qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Yəni, burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İşin yuxarıda qeyd edilən hallarından isə göründüyü kimi iddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbini təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-412/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar