Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-566/2025 02.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “0.15 ha həyətyanı torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-1497/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “0.15 ha həyətyanı torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayon İcra Hakimiyyəti başçısının Amsar kənd inzibati ərazisi üzrə nümayəndəliyinə müraciət etmişdir. Quba rayon XDS-nin Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 60 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 266 saylı qərarı ilə A.Bakıxanov adına sovxozun ərazisindən (Amsar kəndində yerləşir) 17.5 hektar əkin sahəsi 1993-1994-cü illərdə eyni ölçüdə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi şərti ilə həmin sovxozun ərazisində yaşayan fəhlə, qulluqçu və digər şəxslərə müəyyən edilmiş norma daxilində həyətyanı torpaq kimi ayrılmasına razılıq verilmişdir. Quba RİHBnın Amsar kənd İƏV üzrə nümayəndəliyinin 15 iyul 1993-cü il tarixli 17 saylı qərarı ilə həmin ərazidən 0,15 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə iddiaçının adına verilmişdir. Torpaq sahəsində elə həmin ildə evinin 1-ci mərtəbəsini inşa etdirmişdir. Lakin sonradan hüquqmühafizə orqanlarında xidmətini başqa rayonlarda davam etdirməyi ilə əlaqədar evini tikib qurtarmamışdır və həyətyanı torpaq sahəsinin sənədləşdirilməsini başa çatdıra bilməmişdir. Evini tikib başa çatdıra bilməsə də, vaxtaşırı ora gedib gəlmişdir, torpaq sahəsindən istifadə etmişdir. Həyətində hər cürə meyvə ağacları var. Hazırda təqaüddədir. Qonşuları çoxdan ev tikib, sudan, elektrik enerjisindən, təbii qazdan istifadə edərək evlərində normal vəziyyətdə yaşayırlar. Məhkəməyə təqdim olunan arxiv arayışından müəyyən olunur ki, Quba rayon XDS-nin Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 60 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 266 saylı qərarı ilə A.Bakıxanov adına sovxozun ərazisindən (Amsar kəndində yerləşir) 17.5 hektar əkin sahəsi 1993-1994-cü illərdə eyni ölçüdə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi şərti ilə həmin sovxozun ərazisində yaşayan fəhlə, qulluqçu və digər şəxslərə müəyyən edilmiş norma daxilində həyətyanı torpaq kimi ayrılmasına razılıq verilmişdir. Məhkəməyə təqdim olunan Aktdan müəyyən olunur ki, Quba RİHB-nın Amsar kənd İƏV üzrə nümayəndəliyinin 15 iyul 1993-cü il tarixli 17 saylı qərarı ilə həmin ərazidən 0,15 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı adına verilmişdir. Bu torpaq sahəsi və üstündə tikilən yarımçıq ev 1993-cü ilin iyul ayından istifadəsində və sahibliyindədir. Quba rayonunun Amsar kənd bələdiyyəsinin təsdiq etdiyi 1:2000 və 1:10000 miqyasda yerquruluşu sxemlərindən müəyyən olunur ki, 0,15 ha həyətyanı torpaq sahəsi Quba rayonunun Amsar kəndində yerləşir. Bu torpaq sahəsi iddiaçıya məxsusdur və başqa birisi tərəfindən mübahisələndirilmir. Baxmayaraq ki, yerquruluşu sxemlərində həmin torpaq sahəsinə Şəhadətnamə verildiyi göstərilir. Lakin bununla əlaqədar müraciətinə bu şəhadətnamənin aşkar olunmaması barədə cavab verilmişdir. Məhkəməyə təqdim olunan Quba RİH Başçısının Amsar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 153 saylı arayışla təsdiq olunur ki, Quba RİH Başçısının Amsar kənd İƏD üzrə nümayəndəliyinin 05 saylı təsərrüfatbaşına kitabının-136 saylı şəxsi hesabında İddiaçı mülkiyyətində 0,15 ha həyətyanı torpaq sahəsi var. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Belə ki, qeyd olunan 0.15 ha torpaq sahəsinə dair ərizəyə Quba rayon XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 8 saylı qərarı əlavə edilmişdir. Quba rayon XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 8 saylı qərarı həyətyanı torpaq sahələrinin paylanması üçün nəzərdə tutulmuş ümumi fond torpağının ayrılması barədədir. 0.15 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000, 1:10000 miqyasda yerquruluşu sxemləri Quba RİHB-nın memarlıq şöbəsi tərəfindən təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə edilmiş Quba rayon İcra Hakimiyyəti Başçısının Amsar İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 153 saylı arayışında qeyd edilmişdir ki, nümayəndəliyin 05 saylı təsərrüfatbaşına kitabının 436 saylı şəxsi hesabında Amsar kənd ərazisində olmaqla İddiaçı mülkiyyətində 0.15 ha torpaq sahəsi var. Azərbaycan Respublikası Dövlət X3 tərəfindən verilmiş Quba rayon XDS Rəyasət heyəti iclasının 29 iyun 1993-cü il tarixli 8 saylı protokolundan arxiv çıxarışında qeyd edilmişdir ki, Quba rayon XDS-nin Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 60 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 266 saylı qərarı ilə A.Bakıxanov adına sovxozun ərazisindən 17.05 hektar əkin sahəsi 1993- 1994-cü illərdə ölçüdə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi şərti ilə həmin sovxozun ərazisində yaşayan fəhlə, qulluqçu və digər şəxslərə müəyyən edilmiş norma daxilində həyətyanı torpaq kimi paylanmasına razılıq verilmişdir. Tapşırılsın rayon Torpaq şöbəsinin müdiri M.Məmmədov, rayonun baş memarı F.Qurbanov yoldaşlara və RİHB-nın Amsar İƏV üzrə nümayəndəsinə, A.Bakıxanov sovxozunda vətəndaşlara həyətyanı torpaq sahəsinin verilməsi üçün xəritədə göstərilmiş sahəni müəyyənləşdirsinlər, komissiyaya təqdim olunmuş ilkin sənədləri bir daha yoxlasınlar. Veriləcək torpaq sahələrində gələcəkdə sosial obyektlərin və vətəndaşların fərdi mənzillərinin tikintisini həmin kəndin baş planına uyğun aparılmasını təmin etsinlər. Qeyd: həmin qərarda torpaq alacaq vətəndaşların siyahısı aşkar edilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-15848/2024 saylı məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmiş və iddia olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüşdür. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Həmin torpaq sahəsinin daxilində fərdi yaşayış məqsədi ilə tikilmiş yarımçıq tikili mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi 0.1544 ha təşkil edir. Həmin torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Mübahisəli torpaq sahəsinə dair tərəflərindən sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Azərbaycan Respublikası Dövlət X3nın 31 yanvar 2025-ci il tarixli 3-48-DA-6F/2-xxxx/2025 saylı məktubunda qeyd edilmişdir ki, Quba RİHB-nin Amsar kənd İƏV üzrə nümayəndəliyinin heç bir il üçün sərəncamları arxivə təhvil verilməmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının Amsar kənd İƏD üzrə nümayəndəliyinin 31 yanvar 2025-ci il tarixli 5-61/2-07/2025 saylı məktubunda qeyd edilmişdir ki, 15 iyul 1993cü il tarixli, 17 saylı Qərar barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-1497/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba RİHB-nin Amsar kənd İƏV üzrə nümayəndəliyinin heç bir il üçün sərəncamları arxivə təhvil verilməmişdir. 15 iyul 1993-cü il tarixli, 17 saylı Qərar barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. İşin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici heç bir lazımi sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən təhkim aktı hüququn dövlət qeydiyyatı üçün əsas deyildir. Aktda istinad edilən 15 iyul 1993-cü il tarixli, 17 saylı Qərar məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən həmin akt məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Belə ki, iddiaçının daşınmaz əmlak üzərində hüququnun qeydə alınmasına əsas verən hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi aktın verilməsi üçün əsas olan xx.xx.1993-cü il tarixli 17 saylı qərarın müəyyən edilməməsi səbəbindən məhkəmə həmin aktı mötəbər sübut kimi qəbul etmir. xx.xx.1993-cü il tarixli 17 saylı Qərara əsasən onun kimi 116 nəfər qonşuları torpaq sahəsi alıb, böyük bir məhəllə salınıb, əksəriyyəti fərdi yaşayış evi tikib 32 ildir yaşayır, evinin də torpağının da “çıxarışi” var. Bu qərarın arxivdə saxlanmamasında vətəndaşın təqsiri yoxdur. Sənədlərin arxivləşdirilib saxlanmasına vətəndaş deyil, dövlət orqanları məsuliyyət daşıyır. Həmin qərar müəyyən edilsəydi, lakin onun adı o qərarda olmasaydı onun təqdim etdiyi aktın həqiqiliyinə şübhə yaranardı. Aktın saxla və ya qeyri-qanuni olmasına dair heç bir sübut məhkəməyə qarşı tərəfdən təqdim olunmayıb. Əksinə məhkəmənin sorğusuna əsasən cavabdehin tərtib eldiyi xx.xx.2024-cü il tarixli, 3-21-3- 34/2-15848/2024 saylı müayinə aktında çıxarış alınması nəzərdə tutulan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması, uqodiyası fərdi yaşayış kimi olması, kadastrda heç bir mülkiyyət sənədi ilə üst-üstə düşməməsi, başqaları tərəfindən mübahisəli olmaması göstərilmişdir. Cavabdeh tərəfindən onun müraciətinə imtina verilməsi yalnız 1:2000, 1:10000 miqyasda yerqurluşu sxemlərinin Quba RİHB-nın memarlıq şöbəsində təsdiq olmamasına əsaslanır, lakin məhkəmə bununla bağlı öz münasibətini bildirməmişdir. Həmin hüquq normasında müəyyən olunur ki, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik elmişsə, o. mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Həmin torpaq sahəsinin mülkiyyətçi hüququ ilə 30 ildən artıq müddətdə fasiləsiz və etirazsız onun sahibliyində olması, hüquqi faktı kimi məhkəməyə təqdim etdiyi sənədlərlə sübut olunur. İddia ərizəsində qeyd olunmasına baxmayaraq birinci instansiya məhkəməsi bu xüsusata heç bir münasibət bildirməmişdir. Digər hüquq normasında göstərilir ki, Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə aktdır. Hüquq normasında qeyd olunur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad eldiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda və məhkəmədən əvvəl onun müraciətinə verilən cavabda torpağa çıxarışın verilməsinə imtna verilməsi, yalnız 1:2000. 1:10000 miqyasda yerquruluşu sxemlərinin Quba RİHB-nın memarlıq şöbəsində təsdiq edilməməsinə əsaslanır. Cavabdeh bu sxemlərin RİHB-nın memarlıq şöbəsində təsdiq olunmasının qanuniliyini əsaslandırmamışdır. (Quba RİHB-dan verilən cavabda onların bu işə aidiyyətinin olmadığı bildirilmişdir). Lakin bu hal məhkəmədə araşdırılmamış, məhkəmə bununla bağlı öz münasibətini bildirməmişdir. Məhkəmə hesab edir ki, əgər xx.xx.1993-cü il tarixli 17 saylı Qərar Amsar kənd İƏV üzrə nümayəndəlikdə saxlanmayıbsa və ya Dövlət X3na təhvil verilməyibsə, deməli bu Qərar əsasında verilmiş akt mötəbər sübut sayıla bilməz. Halbuki, vətəndaşlara fərdi yaşayış evi tikmək üçün torpaq sənədi kimi həmin qərar deyil akt verilib. Bu aktın da əsli məhkəməyə təqdim olunub. Qərarın saxlanmasına və ya arxivə təhvil verilməsinə vətəndaş məsuliyyət daşımır. Arxivdən məhkəmə sorğusuna cavabdan müəyyən olunur ki, Amsar kəndi İƏV üzrə nümayəndəlik nəinki həmin qərarı, ümumiyyətlə heç bir sənədi dövlət arxivinə təhvil verməyib. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, hazırkı mübahisənin predmetini 0.15 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini iddiaçı tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Quba rayon İcra Hakimiyyəti Başçısının Amsar İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 153 saylı arayışından görünür ki, nümayəndəliyin 05 saylı təsərrüfatbaşına kitabının 436 saylı şəxsi hesabında Amsar kənd ərazisində olmaqla İddiaçı mülkiyyətində 0.15 ha torpaq sahəsi var. Quba rayonu Amsar bələdiyyəsinin 29 aprel 2024-cü il tarixli, 5/44 nömrəli məktubundan görünür ki, Amsar kəndində İddiaçı mülkiyyətinə məxsus 0,15 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı həyətyanı sahəsi ilə qonşu mülkiyyətçilər ilə arasında mübahisəli ərazi və ziddiyyət yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-15848/2024 nömrəli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmiş və iddia olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüşdür. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Həmin torpaq sahəsinin daxilində fərdi yaşayış məqsədi ilə tikilmiş yarımçıq tikili mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi 0.1544 ha təşkil edir. Həmin torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Mübahisəli torpaq sahəsinə dair tərəflərindən sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə uyğun olaraq kifayət qədər araşdırma aparmamış, sübutlara düzgün qiymət verilməmiş və tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir. Beləki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, aktda istinad edilən 15 iyul 1993-cü il tarixli, 17 saylı Qərar məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən həmin akt məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçının daşınmaz əmlak üzərində hüququnun qeydə alınmasına əsas verən hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istinad edilən aktın mötəbər sübut kimi qəbul edilməməsi üçün heç bir əsas mövcud deyil. Mübahisə predmeti olan torpaq sahəsinin 1993-cü ildə iddiaçıya təhvil verilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır, eyni zamanda bu hal heç kim tərəfindən mübahisələndirilmir. Lakin həmin aktın mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün əsas təşkil etməsi isə başqa bir məsələdir. Məhkəmə kollegiyası hesab edir ki, istinad edilən akt öz-özlüyündə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün əsas təşkil etməsə də, işin digər halları iddiaçının tələbinin qanuni olmasını göstərir. İlkin olaraq kollegiya qeyd edir ki, aktda qeyd edilən sərəncamın arxivdə olmaması, həmin sərəncamın mövcud olmaması kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, arxiv məlumatlarında müvafiq adlı siyahının olmaması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda torpaq ayırma ilə bağlı sərəncamın əslinin olmaması, eyni zamanda həmin sərəncamın arxiv nüxsəsinin olmaması istinad edilən aktın qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququ yaradan torpaqayırma sənədi kimi qiymətləndirilməsini istisna edir. Lakin həmin sənəd əsasında torpaq sahəsinin iddiaçının faktiki istifadəsinə verilməsi, bu halı təsdiq edən etibarlı sənəd kimi qiymətləndirilməsini istisna edəcək hər hansı bir əsas müəyyən edilmir. Əksinə işin digər halları həmin sənədin etibarlı sənəd kimi qiymətləndirilməsi üçün əsas yaradır. Belə ki, iddiaçıya mübahisəli torpaq sahəsinin ayrılması barədə sərəncam iddiaçının özündə və arxiv məlumatlarında mövcud olmasa da, Quba rayon İcra Hakimiyyəti Başçısının Amsar İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 153 saylı arayışından göründüyü kimi təsərrüfatbaşına kitabda iddiaçının istifadəsində torpaq sahəsinin olmasına dair məlumatlar mövcuddur. Bununla əlaqədar apellyasiya instansiyasında icraat zamanı müvafiq sorğular edilməklə aşağıdakı məlumatlar əldə olunmuşdur. Quba rayon İcra Hakimiyyəti Başçısının Amsar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 iyul 2025-ci il tarixli, 5-61/2-41/2025 nömrəli məktubundan görünür ki, İddiaçı nümayəndəliyin 05 saylı təsərrüfatbaşına kitabının 436 saylı şəxsi hesabında ümumilikdə istifadəsində 0,38 ha, ondan 0,23 ha pay torpaq sahəsi, 0,15 ha həyətyanı torpaq sahəsi olması qeyd olunmuşdur. Dövlət X3nın 07 avqust 2025-ci il tarixli, 3-48-DA-6F/2-S-9xx-xx/2025 nömrəli məktubundan görünür ki, Quba RİHB-nın Amsar İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Amsar kəndi üzrə 7 saylı təsərrüfatbaşına kitabında İddiaçı 621 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 0,15 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Sözügedən təsərrüfatbaşına kitabın İddiaçı dair hissəsindən çıxarış təsdiq edilməklə məhkəməyə təqdim edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 29 sentyabr 2025-ci il tarixli, 3-21-3-60/2-3188/2025 nömrəli məktubundan görünür ki, arxivdə saxlanılan Quba rayonu, Amsar kəndi (keçmiş A.Bakıxanov adına sovxoz) üzrə islahat (pay torpaq) qovluğunda mövcud subyektlərin siyahılarından İddiaçı (Müdhəd) oğlunun adı qeyd edilmiş hissədən çıxarışların təsdiq edilmiş surəti təqdim edilmişdir. Sözügedən məktuba qoşma olaraq əlavə edilmiş A.Bakıxanov adına sovxoz üzrə vətəndaşların həyətyanı torpaq sahələrinin ölçülməsi yekunlarına dair cədvəldən görünür ki, İddiaçı Müdhəd oğlunun istifadəsində 0,15 ha torpaq sahəsi vardır. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması və qonşu mülkiyyətçilər ilə iddiaçı arasında mübahisəli ərazi və ziddiyyətin olmaması işin mübahisəsiz halını təşkil edir. Əlavə olaraq iddiaçının qanuni istifadəsində 0,15 ha torpaq sahəsinin olmasını təsdiq edəcək müvafiq sənədlər də məhkəmə araşdırması nəticəsində əldə olunmuşdur. Dövlət X3nın 07 avqust 2025-ci il tarixli, 3-48-DA-6F/2-S-9xx-xx/2025 nömrəli məktubundan da göründüyü kimi Quba RİHB-nın Amsar İƏV üzrə nümayəndəliyinin 1996- 2000-ci illərə aid Amsar kəndi üzrə 7 saylı təsərrüfatbaşına kitabında İddiaçı 621 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 0,15 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar iddia tələbinin təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.3-cü bəndinə əsasən 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas verən hüquq müəyyənedici sənədlər qismində qeyd olunmuşdur. Beləliklə də, iddiaçının faktiki istifadəsində olan 0,15 ha torpaq sahəsinə dair müvafiq təsərrüfatbaşına kitabdan çıxarış mövcud olduğundan Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.3-cü bəndinə əsasən iddiaçı tələbində haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən isə Quba rayon İcra Hakimiyyəti Başçısının Amsar İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 153 saylı arayışına hüquqi münasibət bildirilməmiş, orda qeyd olunan təsərrüfatbaşına kitabla bağlı müvafiq sorğular edilməklə araşdırılma aparılmalı olduğu halda, zəruri məhkəmə araşdırılması tam həyata keçirilməmişdir. Beləliklə də, birinci instansiya məhkəməsi iş üzrə yalnış hüquqi nəticəyə gəlmişdir. Əlavə olaraq apellyasiya instansiyasında icraat zamanı iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq “ona məxsus 0.15 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia təmin edilərək, 0.15 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-1497/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. 0.15 ha həyətyanı torpaq sahəsi ( Quba Rayonu Amsar kəndində yerləşən) üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.