Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-567/2021 26.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh AR ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair Akt” əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsinin üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Qalacıq kənd bələdiyyəsinin 11.10.2005-ci il tarixli 15 nömrəli qərarı ilə satılmış və həmin torpaq sahəsi ilə bağlı verilmiş 11.03.2006-cı il tarixli JN-474 seriyalı kod 30115018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında sözügedən 2.40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli 2-1(085)-1166/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Qalacıq kənd bələdiyyəsinin 11.10.2005-ci il tarixli 15 nömrəli qərarı ilə satılmış və həmin torpaq sahəsi ilə bağlı verilmiş 11.03.2006-cı il tarixli JN-474 seriyalı kod 30115018 “Torpağa mülkiyyət hüququna dair aktı” əsasında sözügedən 2.40 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Qusar rayonu Qalacıq kənd bələdiyyəsinin 11.10.2005-ci il tarixli 15 nömrəli qərarı ilə satılmış və həmin torpaq sahəsi ilə bağlı verilmiş 11.03.2006-cı il tarixli JN-474 seriyalı kod 30115018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında sözügedən 2.40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Qalacıq kənd bələdiyyəsinin 11.10.2005-ci il tarixli 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məqsədi ilə 2.40 ha torpaq sahəsi ona satılmış, həmin alqı-satqıya dair 14.10.2005-ci il tarixli 005404 saylı qəbz və 20.10.2005-ci il tarixli alqı-satqı aktı verilmiş, torpağın satılması ilə əlaqədar DTXK-nin Qusa rayon şöbəsindən rəy də alınmışdır. Həmin şöbə tərəfindən həmçinin JN- 474 seriyalı kod 30115018 “Torpağa mülkiyyət hüququna dair akt” verilmiş və torpaq sahəsi həmin vaxtdan göstərilən ölçüdə onun qanuni istifadəsində və sahibliyindədir. O, torpaq sahəsnə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etdikdə həmin torpaq sahəsinin bir hissəsinin "xxxx" MMC-nin istifadəsində olması ona bildirilmiş və ona imtina cavabı verilmişdir. Halbuki, həmin MMC-nin onun mülkiyyətində olan torpaq sahəsinə qonşu olduğunu və torpağın onun adına sənədləşdirilməsinə etiraz etməməsinə dair məktub da vermişdir.
Cavabdehin etirazları:
4. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərlə dövlət reyestrində saxlanılan məlumatlar arasında ziddiyyət yarandığından iddiaçıya imtina cavabı verilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi dövlət aktı idarənin elektron baza məlumatlarında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nin Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə olan Dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan başqa xəritəyə görə həmin torpağın 1.14 ha hissəsi digər şəxslərin istifadəsindədir, 0.88 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 0.38 ha hissəsi isə kolluq torpaq sahəsi olduğu müəyyən edilmişdir. Odur ki, iddiaçının İdarəyə qarşı verilmiş iddia ərizəsinin təmin edilməməsini xahiş edirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsindəki icraat
5. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli 2-1(085)- 1166/2019 saylı qərarı ilə iddia təmin edilərək Qusar rayonu Qalacıq kənd bələdiyyəsinin 11.10.2005-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı satılmış və həmin torpaq sahəsi ilə bağlı verilmiş 11.03.2006-cı il tarixli JN-474 seriyalı kod 30115018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında 2.40 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Qərardan narazı qalan cavabdeh ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli 2-1(085)-1166/2019 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Ç.Babayeva-məruzəçi, Z.İ.Məmmədov və F.Ə.Məmmədov, 2-1(105)-99/2020 saylı iş) 4 noyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2019-cu il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.S.Nəbizadə-məruzəçi, Z.M.Quliyev və S.Ə.Kərimov, 2-1(102)-907/2021 saylı iş) 23 iyun 2021-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-99/2020 saylı, 4 noyabr 2020ci il tarixli qərarı ləğv edilməklə işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
9. Cavabdeh ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 rayonu, Qalacıq kəndi ərazisində yerləşən 2,40 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 23.05.2019-cu il tarixli ərizə ilə müraciət etmiş, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, JN-474 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Döviət aktı” 5 saylı Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə olan Dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan əlavə, JN-474 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"-nın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərin araşdırılması və daşınmaz əmlakın müayinəsi zamanı faktiki göstərilən torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elekton məlumat bazasında olan xəritəyə əsasən 2.40 ha torpaq sahəsinin 1.14 ha hissəsi digər şəxslərin istifadəsindədir, 0.88 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 0.38 ha hissəsinin isə kolluq torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilməsi nəzərə alındıqda qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Yuxarıda qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrası tərəflərindən mümkün olmamış və bununla bağlı 30.05.2019-cu il tarixli **********98 nömrəli məktubla imtina olunmuşdur.
b) apelyasiya şikayətinə qarşı etirazlar
10. İddiaçı tərəfindən apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclaslarına qanunla müəyyən olunmuş qaydada çağırılmış tərəflər təkrar olaraq gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
13. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
15. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
16. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
18. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
19. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: - 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
21. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
22. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
23. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
24. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-). Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-); hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; (-).
28. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; (-). Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-). 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiyada).
29. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: (-). İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. (-).
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. (-). İV. Torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. (-).
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. (-).
28. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanı: (-).
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
30. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 saylı Fərmanı: (-).
2. Müəyyən edilsin ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər; həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) həyata keçirir; həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər; (-).
31. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin qərarında qeyd edilən göstərişləri nəzərə alaraq hesab edir ki, cavabdeh İdarənin apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
34. Belə ki, iddiaçı Qusar rayonu Qalacıq Bələdiyyəsinin 11.10.2005-ci il tarixli 15 nömrəli qərarı əsasında ona satılmış torpaq sahəsi ilə bağlı verilmiş 11.03.2006-cı il tarixli JN-474 seriyalı kod 30115018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında 2.40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
35. Cavabdehin mövqeyinə görə şəhadətnamənin elektron baza kadastr xəritə materiallarında əks olunmaması, ləğv edilmiş DT və XK-nın Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə olan Dövlət aktlarının qeydiyyat kitablarında iddiaçının təqdim etdiyi Dövlət aktının qeydə alınmaması, elektron məlumat bazasında olan xəritəyə əsasən 2.40 ha torpaq sahəsinin 1.14 ha hissəsinin digər şəxslərin istifadəsində olması, 0.88 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 0.38 ha hissəsinin isə kolluq torpaq sahəsi olduğu müəyyən edildiyindən hüququn qeydə alınmasından imtina edilmişdir.
36. İşin mübahisə olunmayan hallarına əsasən Qusar rayonu Qalacıq Bələdiyyəsinin 11 oktyabr 2005-ci il tarixli 15 saylı qərarı ilə İddiaçı bələdiyyənin ehtiyat fondunun alqısatqı predmeti olan kənd təsərüfatına şərti yararsız torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 2.40 ha torpaq sahəsi satılmış, DT və XK-nın Qusar rayon şöbəsi tərəfindən verilmiş rəydə 2.40 ha torpaq sahəsinin iddiaçıya satılması qanuna müvafiq hesab edilmiş, rəydə torpaq sahəsinin az yararlı olması qeyd edilmiş, Qalacıq Bələdiyyə sədrinin və DTXK-nın Qusar rayon şöbəsinin müdirinin imzaladığı 1:1000 miqyaslı yerquruluşu Planı tərtib edilmiş, 20.10.2005-ci il tarixli Torpağın alqı-satqı aktı tərtib edilərək Qalacıq Bələdiyyə sədri, DT və XK-nin Qusar rayon şöbəsinin müdiri və iddiaçı tərəfindən imzalanmış, 14.10.2005-ci il tarixli kassa mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən torpaq sahəsinə görə bələdiyyənin hesabına 1.533.120 manat pul ödənilmiş və həmin torpaq sahəsinə DT və XK-nın Qusar rayon şöbəsi tərəfindən 11.03.2006-cı il tarixli JN-474 kod 30115018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.
37. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, göstərilən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi torpaq sahəsi üzərində iddiaçının sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırdığından və nəticədə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. Bundan başqa qeyd olunan bələdiyyə qərarı və ya onun əsasında verilmiş toprağın mülkiyyətə verilməsinə dair dövlət aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə isə həmin aktı və şəhadətnaməni məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. Cavabdeh imtina məktubunda və etiraz ərizəsində dövlət aktının xəritədə aşkar olunmamasını bildirsə də, növbəti cümləsində həmin torpağın bir hissəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirir və mübahisəli torpaq sahəsinin "xxxx" MMCnin mülkiyyətində olan torpağı ilə üst-üstə düşməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd edilir ki, həmin dəlil də cavabdehin özünün 17.09.2019-cu il tarixli və "xxxx" MMC-nin 21.11.2018-ci il tarixli məktubu il təkzib edilir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2021ci il tarixli qərarında qeyd edilir ki, 2.40 ha torpaq sahəsi iddiaçıya Qusar rayonu, Qalacıq Bələdiyyəsinin 11.10.2005-ci il tarixli, 15 saylı qərarı ilə ayrılarkən qərarda torpağın kənd təsərrüfatına şərti yararsız olması, kənd təsərrüfatı məqsədilə satıldığı göstərilmiş, apelyasiya baxışı zamanı məhkəmənin aldığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 7 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyində isə qeyd edilir ki, Qusar rayonu Qalacıq Bələdiyyəsinin 11.10.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin naturada faktiki ölçüsü 2,5 ha-dır. Faktiki istifadədə olan torpaq sahəsinin naturadakı döngə nöqtələrinin koordinatları torpaq sahəsinə dair hazırlanmış ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyi ilə üst-üstə düşür. JN 474 nömrəli 30115018 kodlu X9 elektron baza məlumatlarında (DWJ xəritələrində) qeydə alınmamışdır, lakin iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi JN 474 nömrəli, 30115018 kodlu Dövlət Aktındakı plan ölçü və koordinatlarla üst-üstə düşür. Qeyd edilən torpaq sahəsi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş sorğuya verilmiş cavaba əsasən elektron bazada "xxxx" MMC-nin adına verilmiş **********46, **********23 reyestr nömrəli və X7 və ailə üzvlərinin adına verilmiş **********04 nömrəli çıxarışlarla kəsişir. Məqsədli təyinatına görə Bələdiyyənin qərarı ilə ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir və kənd təsərrüfatı üçün yararlıdır.
39. Ali Məhkəmənin qərarında o da vurğulanır ki, işin 59-cu səhifəsində cavabdehin birinci instansiya məhkəməsinə ünvanlandığı 17 sentyabr 2019-cu il tarixli məktubunda bildirilir ki, "xxxx" MMC-nin adına həmin əraziyə çıxarış verilməmişdir. Apelyasiya məhkəməsinin aldığı mütəxəssis rəyində cavabdehə istinad olunaraq iddiaçıya aid torpaq sahəsinin "xxxx" MMC-nin adına verilmiş **********46, **********23 reyestr nömrəli çıxarışla kəsişdiyi bildirilmiş, apelyasiya məhkəməsi bu ziddiyyəti aradan qaldırmamışdır. Cavabdeh İdarə elektron məlumat bazasında olan xəritəyə istinad edərək 2.40 ha torpaq sahəsinin 1.14 ha hissəsinin digər şəxslərin istifadəsində olduğu, 0.88 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 0.38 ha hissəsinin isə kolluq torpaq sahəsi olduğunu bildirmiş, apelyasiya məhkəməsi istinad edilən elektron məlumat bazasında olan xəritəyə baxış keçirməmiş, elektron məlumat bazasında hüququn qeydə alınması tələb olunan torpaq sahəsinin həqiqətən 1.14 ha hissəsinin digər şəxslərin istifadəsində olduğu, 0.88 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 0.38 ha hissəsinin isə kolluq torpaq sahəsi olduğu yoxlanılmamışdır. Həmçinin ləğv edilmiş DT və XK-nın Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə olan Dövlət aktlarının qeydiyyat kitablarında iddiaçının təqdim etdiyi Dövlət aktının qeydə alınmadığı barədə cavabdehin dəlili ilə bağlı araşdırma aparılmamış, Dövlət aktının tərtib edildiyi il, yaxud ondan sonrakı illərlə bağlı cavabdehə təqdim edilmiş qeydiyyat kitablarına baxış keçirilməmişdir. Cavabdeh imtinasında 2.40 ha torpaq sahəsinin 0.38 ha hissəsinin kolluq torpaq sahəsi, mütəxəssis rəyində isə kənd təsərrüfatı üçün yaralı olduğu bildirilmiş, apelyasiya məhkəməsi bu barədə olan ziddiyyətlə bağlı araşdırma aparmamışdır. Cavabdeh imtinasında 1.14 ha torpaq sahəsinin digər şəxslərin istifadəsində, mütəxəssis rəyində konkret sahə qeyd edilməsə də, elektron bazada "xxxx" MMC-nin adına və A.İ.Xamedovun adına olan çıxarışlarla kəsişdiyi qeyd olunmuş, apelyasiya məhkəməsi həmin şəxsləri, o cümlədən Qalacıq Bələdiyyəsini məhkəmə icraatına cəlb etməmiş, 2.40 ha torpaq sahəsinin "xxxx" MMC-yə, A.İ.Xamedova, yaxud hər hansı digər şəxsə ayrılması barədə sənədləri cavabdehdən tələb etməmiş, torpaq sahəsinin nə vaxt digər şəxslərə ayrılmasına, torpaq sahəsinin qanuni əsasla verilibverilməməsinə hüquqi qiymət verilməmiş, mübahisə ilə bağlı torpaq sahələrinin üst-üstə düşməsi barədə məhkəmə ekspertizası təyin edilməsinin zəruriliyini müzakirə edilməmişdir.
40. Kasasiya instaniyasının qərarında həmçinin vurğulanmışdır ki, 2005-ci ildə iddiaçıya ayrılmış torpaq sahəsinə dair rayon torpaq şöbəsinin rəyində və bələdiyyə qərarında bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin az yararlı olması qeyd edilsə də, 2020-ci ildə tərtib edilmiş mütəxəssis rəyində torpaq sahəsinin yararlı olması göstərilmiş, apelyasiya məhkəməsi torpaq sahəsinin iddiaçıya ayrılan zaman yararsız, az yararlı, yaxud yararlı olub-olmaması ilə bağlı araşdırma aparmamış, aidiyyəti dövlət orqanlarının rəyi alınmamış, 2.40 ha torpaq sahəsi iddiaçıya ayrılarkən kadastr fondunda hansı kateqoriya torpaq sahəsi olmasını müəyyən etməmiş, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanununun tələblərinə müvafiq olaraq torpaq kadastr fondunda mübahisə predmeti olan 2.40 ha torpaq sahəsinin keyfiyyət göstəriciləri üzrə hansı məlumatın olması müəyyən edilməmişdir.
41. Cavabdeh İdarənin apelyasiya şikayətinin dəlillərinə görə JN-474 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Döviət aktı” 5 saylı Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə olan Dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan əlavə, JN-474 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"-nın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin araşdırılması və daşınmaz əmlakın müayinəsi zamanı faktiki göstərilən torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elekton məlumat bazasında olan xəritəyə əsasən 2.40 ha torpaq sahəsinin 1.14 ha hissəsi digər şəxslərin istifadəsində, 0.88 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 0.38 ha hissəsinin isə kolluq torpaq sahəsi olduğu müəyyən olunduğundan sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır.
42. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
43. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə görə müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perespektiv inkişafı üçün cəlb olunan torpaqlar və kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər (2.4, 7.1.1 və 7.1.2-ci maddələr).
44. Torpaq Məcəlləsinin tələblərinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur (9.2, 10.4, 10.5-ci maddələr).
45. Həmçinin torpaq qanunvericiliyinə görə bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir (12.5 və 17-ci maddələr).
46. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun tələblərinə görə dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır (1, 5-7-ci maddələr).
47. Mübahisəyə baxılan zaman qüvvədə olmuş “ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə”nin müddəalarına görə bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritələrini, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək üçün arayış hazırlanması, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratması, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək, mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədi ilə tədqiqat və monitorinq aparmaq və çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya edilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək Xidmətin fəaliyyət istiqamətlərinə və vəzifələrinə aid edilmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmiş çoxsaylı göstərişlərin icra edilməsi üçün, o cümlədən iş üzrə 3-cü şəxslərin cəlb edilməsi, mübahisələndirilən torpaq sahəsinin keyfiyyət göstəricisi üzrə yuxarıda qeyd edilən aidiyyəti dövlət orqanlarına sorğu edilib rəsmi məlumatların alınması, belə məlumatlara istinad edilmədən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kənd təsərrüfatına yararlı olmasına dair alınan rəyin mötəbər sübut kimi qəbul edilə bilməməsi, mübahisəli torpaq sahəsinin iddiaçıya satılan zaman kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız olmasının dəqiq müəyyən edilməsi üçün səlahiyyətli orqanların rəyinin alınması, iddiaçıya satılmış 2.40 ha torpaq sahəsinin keyfiyyət göstəricisi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat alınmasının zəruriliyinin müzakirə edilməsi, torpaq sahəsi satılan zaman kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız olduğu dəqiq müəyyən edildikdən sonra Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq onun xüsusi mülkiyyətə satılmasının mümkünlüyünə qiymət verilməsi, eləcə də həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarının tələbləri nəzərə alınmaqla həll edilməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət daşıdığından, həmçinin geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilərək birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar araşdırılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 80, 87, 89, 90 və 94-cü maddələrinə əsasən məhkəmə kollegiyası,
QƏRARA ALDİ:
Cavabdeh ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli 2-1(085)- 1166/2019 saylı qərarı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verə bilər.