Məhkəmə qərarları › İş №2-1(105)-569/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-569/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-569/2023 25.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, X20 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X4, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(118)-556/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2015-ci il tarixli, 2(060)-2397/2015 nömrəli qətnaməsi ilə iddiaçı X4 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddası təmin edilmiş, cavabdehin Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. Bundan sonra Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 41/14, mənzil 11 (Yeni qaydalarla: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 134, M4, m2) üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh İddiaçı şikayəti əsasında işə apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2017-ci il tarixli 2(105)-450/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2015-ci il tarixli, 2(060)-2397/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Bundan sonra iddiaçı cavabdeh qismində X5 qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilinə dair özəlləşmənin və X4 adına verilmiş çıxarışın ləğv edilməsi, onun ailə üzvləri - arvadı X10, uşaqları Yusif və Leyla ilə birlikdə mübahisəli mənzilə köçürülməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(060)-920/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilinə dair X4 adına verilmiş 21 may 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, iddiaçının ailə üzvləri - arvadı X10 və uşaqları Yusif və Leyla ilə birlikdə mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli, 2(105)-2650/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi X6 mübahisəli mənzilə köçürülməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(102)-1827/2019 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi özəlləşdirmənin ləğv edilməsinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2(105)-2273/2019 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(060)-920/2018 nömrəli qətnaməsi özəlləşmənin ləğv edilməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmış və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra iddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə dair X4 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh 24 iyun 2022-ci il tarixli, **********01 nömrəli məktubla müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan çıxarışın ləğv edilməsi ilə bağlı müvafiq məhkəmə qərarı idarəyə daxil olmamışdır. Həmçinin, bildirilmişdir ki, ərizəyə əlavə edilən AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(102)-1827/19 saylı qərarında 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə aparılmış ********** saylı qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 onun bacısıdır. Onlar ailəlikcə, atası Bağırov Ağa Əyyub oğlu, anası X11 və bacısı X8 1988-ci ildə Ermənistan Respublikası, Gorus rayonu, Ağbulaq kəndində yerləşən ata evlərini Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 11-ci mənzilə dəyişmişdir və onlar bu mənzildə məskunlaşıb yaşamışdırlar. Mübahisəli mənzil atasının adına olmaqla dövlət mənzil fonduna aid olmuşdur. xx.xx.1989-cu il tarixdə atası vəfat etmişdir. İddiaçı 2000-ci ildə X10 ilə nikaha daxil olmuş, arvadı onların yaşadıqları mənzilə gəlin gəlmişdir. Birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü X21 oğlu və xx.xx.2004cü il təvəllüdlü X15 adlı iki uşaqları anadan olmuşdur. Uşaqları anadan olandan sonra bacısı Z.Bağırova onların şəxsi əşyalarını, qab-qacaqlarını mənzildən çölə tökmüş və onları evə buraxmamışdır. Həmin vaxtdan etibarən müxtəlif ünvanlarda kirayədə yaşamağa məcbur olmuşlar. Dəfələrlə mənzilə qayıdıb yaşamaq istəmişlər, lakin Z.Bağırova hər dəfə polis çağırıb onları mənzildən qovmuşdur. Bundan sonra onların kirayədə yaşamaqlarından istifadə edərək Z.Bağırova iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsinə nail olmuş və mənzili öz adına özəlləşdirmişdir. Hazırda məhkəmə qətnaməsi ilə onun mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi qət edilsə də, Z.Bağırova yenə də onu və ailə üzvlərini mübahisəli mənzilə buraxmamışdır. Ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayırlar. Nə onun, nə də həyat yoldaşının mülkiyyətində və yaxud icarəsində yaşayış sahəsi yoxdur. Odur ki, qeyd olunanları nəzərə alaraq Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilinə dair özəlləşmənin və Z.Bağırovamn adına verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2818/2022 nömrəli qərardadı ilə X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Daha sonra iddia tələbini dəqiqləşdirərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 41/14 ünvanında yerləşən 11 saylı mənzilin özəlləşdirilməsinə dair verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(118)-556/2023 nömrəli qərarı ilə iddia təmin edilərək Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 41/14 ünvanında yerləşən 11 saylı mənzilin özəlləşdirilməsinə dair X4 adına verilmiş xx.xx.2015ci il tarixli, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, iddiaçının mübahisəli “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş və iddiaçının mübahisəli mənzilə qeydiyyatı təmin edilmişdir. Hazırki halda iddiaçı mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olması “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanundan irəli gəlir. Həmin Qanunla müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı mənzilə münasibətdə mülkiyyət hüququ əldə edəcəyi üçün cavabdehin özəlləşdirməni həyata keçirməsi nəticəsində iddiaçının mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunsuz olaraq hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, iddiaçının mübahisəli “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş və iddiaçının mübahisəli mənzilə qeydiyyatı təmin edilmişdir. Hazırki halda iddiaçı mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olması dövlət daxili konkret qanunvericilik aktından, yəni “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanundan irəli gəlir. Həmin Qanunla müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı mənzilə münasibətdə mülkiyyət hüququ əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməsi nəticəsində iddiaçının mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsində özəlləşmənin buna hüququ olan bütün şəxslərin razılıqlarının mövcudluğunda həyata keçiriləcəyi aydın təsbit edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunvericiliyin tələbi ilə uzlaşmır. Belə ki, özünün izahatından da göründüyü kimi iddiaçı 2004-cü ildən Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilində yaşamır. O, məhkəməyə müraciət etmək imkanı olduğu halda yalnız 2018-ci ildə ailə üzvləri ilə birlikdə mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş, onun iddiası qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının məhkəmə qətnaməsi ilə 2018-ci ildə mənzilə köçürülməsini nəzərə alsa da, üçüncü şəxsin iddiaçının həyat yoldaşının sözügedən mənzilə köçürülməsinə etirazında haqlı olmasını nəzərə almamışdır. Həmin işin hallarından başa düşülür ki, iddiaçı həyat yoldaşı ilə birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilində yaşamaq istəmiş, onun bu tələbi sadəcə özünə münasibətdə təmin edilmişdir. Bundan başqa, həmin mənzil özəlləşdirilərkən iddiaçı faktiki olaraq həmin mənzildə qeydiyyatda olmamış və yaşamamışdır. Belə olan halda, özəlləşdirmə üzrə cavabdehin hərəkətləri qanuni olmaqla hazırkı çıxarışın ləğvi üçün əsas müəyyən olunmur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, iddiaçı 2001-ci ildən mübahisələndirilən mənzildə deyil, ailəsi ilə birlikdə başqa ünvanda kirayədə yaşayır. Üçüncü şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2017-ci il tarixli 2(105)-450/2017 nömrəli qətnaməsindən hazırkı iş üzrə üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi mübahisəni məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. (-) Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı (-) 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, Az.SSR Sumqayıt şəhər X14 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 27/157 saylı orderə əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 41/14 ünvanında yerləşən 2 otaqlı 11 saylı mənzil Bağırov Ağa Əyyub oğluna 3 nəfərdən ibarət ailə üzvləri ilə (arvadı X11, qızı X8) verilmişdir. Tərəflər arasında olmuş mülki məhkəmə icraatı zamanı qəbul edilmiş və hazırda qanuni qüvvədə olan məhkəmə qərarlarından məlum olur ki, İddiaçı 1989-cu il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilinə qeydiyyata alınmışdır. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2015-ci il tarixli, 2(060)- 2397/2015 nömrəli qətnaməsi ilə iddiaçı X4 tələbi əsasında cavabdeh İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmiş, bundan sonra isə həmin mənzil üçüncü şəxsin adına özəlləşdirilmişdir. İddiaçı apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2017-ci il tarixli, 2(105)-450/2017 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı mənzildən istifadə hüququnun itirilməsinə dair iddia tələbi təmin edilməmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-X2 6 saylı Mənzil-Kommunal sahəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2022-ci il, 01 fevral və 08 fevral 2023-cü il tarixli ətraflı arayışlardan da müəyyən edilir ki, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinin QŞVB-nın bildirişinə əsasən xx.xx.2015-ci il tarixdə mübahisələndirilən mənzildən qeydiyyatdan çıxarılmış, mənzil xx.xx.2015-ci il tarixdə X4 adına özəlləşdirilmiş, Sumqayıt şəhər Polis İdarəsinin QŞVB-nın xx.xx.2017-ci il tarixli, 3207 nömrəli bildirişinə əsasən İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(105)-450/2017 nömrəli qətnaməsi əsasında həmin mənzilə qeydiyyata düşmüşdür. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən həmin mənzilə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olmuş sənədlərdən görünür ki, həmin qeydiyyat Az.SSR Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 27/157 saylı order, mənzildə yalnız üçüncü şəxsin və onun anası X7 qeydiyyatda olduğunun göstərildiyi Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-X2 6 saylı Mənzil-Kommunal sahəsi tərəfindən tərtib edilmiş Forma-2 arayışı, habelə X7 razılıq ərizəsi əsasında aparılmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, mənzillərin özəlləşdirilməsinin prosedur qaydaları və şərtləri "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunla tənzimlənir. Belə ki, həmin normativ–hüquqi aktla qanunverici mənzillərin özəlləşdirilməsinin könüllülük prinsipinə əsaslanmasını qeyd etməklə yanaşı, belə özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarətin vacibliyini də vurğulayır. Özəlləşdirilmənin şərtləri isə Qanunun 5-ci maddəsində göstərilmişdir. Belə ki, həmin maddənin tələbinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin normada “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Nəzərə almaq lazımdır ki, istinad olunan normada təsbit olunmuş hüquqi tənzimləmə mənzil fondunun özəlləşdirilməsi zamanı mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin hüquqlarının qorunması və onların yaşayış sahəsinə ehtiyaclarının təmin edilməsi məqsədlərinə xidmət edir. Yuxarıda istinad olunan maddələrdə təsbit edilmiş tələblərə riayət edilmədən mənzilin (evin) özəlləşdirilməsi barədə qəbul olunmuş qərar, mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirmə obyektinə olan hüquqlarına qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. İşin sadalanan xüsusatlarından göründüyü kimi mənzilin hazırki iş üzrə üçüncü şəxsin adına özəlləşdirilməsi üçün əsas olmuş iddiaçının mənzilə istifadə hüququnun itirilmiş hesab olunmasının qət edildiyi Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2015-ci il tarixli qətnaməsi ləğv olunmuşdur. İddiaçının mənzilə istifadə hüquqlarına xitam verən Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iddiaçının mübahisəli mənzilə istifadə hüquqları bərpa edilmişdir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması nəzərə alınarsa, mənzilin özəlləşdirilməsi zamanı onun da razılıq ərizəsinin alınması mütləq şərt olmuşdur. Bununla da qeyd edilən Qanuna görə mənzilin özəlləşməsi zamanı cavabdehlə birlikdə eyni hüququ olan iddiaçının mənzilin özəlləşdirilməsindən kənarda qalması onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Üçüncü şəxs apellyasiya şikayətinin dəlillərində mənzil özəlləşdirilərkən iddiaçının faktiki olaraq həmin mənzildə qeydiyyatda olmadığı və yaşamadığını bildirmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının daimi yaşayış yerinin olmaması və ailəsi ilə birlikdə kirayədə yaşaması müəyyən edilərək məhz həmin əsasla onun mənzilə istifadə hüquqlarının itirilməsinə dair iddia rədd edilmişdir. Həmçinin, bundan sonra da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının uşaqları ilə birgə mənzilə köçürülməsi qət edilmişdir. Eyni zamanda, işdən görünür ki, iddiaçı üçüncü şəxsin ailə üzvü olmaqla, 1989-cu il tarixdən mübahisələndirilən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd edilən hallar isə "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun tələbləri baxımından, iddiaçıya özəlləşdirilmə anında iştirak etmək hüququ verir. Belə olan halda, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(118)-556/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar