Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-569/2024 12.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Rəhimov Elman Gülbaba oğlu və X1 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixinədək ona ödənilən əmək pensiyası məbləğinin azaldılmasında və hazırda ona ödənilən pensiya məbləğindən tutulma aparılmasında ifadə olunan cavabdehin hərəkətlərinin qanunsuz hesab olunmasına, xx.xx.2023-cü il tarixinədək ona ödənilən əmək pensiyası məbləğinin (2112,84 manat) bərpa olunması və pensiya məbləği bərpa olunana qədər ona əskik ödənilmiş məbləğin hesablanılaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2-1(118)-1554/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya 55 yaşının tamam olduğu xx.xx.2006-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda iddiaçı işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı sığorta kapitalına uyğun olaraq əmək pensiyası xx.xx.2018-ci il tarixində yenidən hesablanmış və artırılmışdır. Cavabdeh inzibati orqan iddiaçının məlumatı olmadan, inzibati icraatı təzələmədən faktiki xarakterli hərəkət edərək, pensiyanın 55 yaşından yox 57 yaşından təyin eilməli olması qənatinə gələrək 7161,40 manat artıq pul vəsaiti ödənildiyini hesab etmiş və 2023ci ilin iyul ayından hər ay 186,82 manat məbləğində iddiaçının pensiyasına tutma yönəltmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək pensiya məbləğindən qanunsuz tutulan pul məbləğinin geri qaytarılaraq ödənilməsini xahiş etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının iddiaçıya ünvanlanmış 31 avqust 2023-cü il tarixli məktubu ilə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia ilə Sumqayıt İnzibati Məhkəməsinin Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq xx.xx.2023-cü il tarixinədək ona ödənilən əmək pensiyası məbləğinin azaldılmasında və hazırda ona ödənilən pensiya məbləğindən tutulma aparılmasında ifadə olunan cavabdehin hərəkətlərinin qanunsuz hesab olunmasına, xx.xx.2023-cü il tarixinədək ona ödənilən əmək pensiyası məbləğinin (2112,84 manat) bərpa olunması və pensiya məbləği bərpa olunana qədər ona əskik ödənilmiş məbləğin hesablanılaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1951-ci il tarixdə anadan olmuş,1967-ci ildə M.Əzizbəyov adına-Qırmızı Əmək-Bayrağı Ordenli-Azərbayoan Neft və Kimya İnstitutuna daxil olmuş və 1972-ci ildə həmin institutu bitirmişdir. Həmçinin 1971- 1972-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1972-ci il tarixindən əmək fəaliyyətinə başlamışdır və 45 ildən çox əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1997-ci il tarixinədək olan əmək fəaliyyətinin təxminən 16 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışmışdır. Qeyd olunan hallar həmçinin diplom, hərbi bilet və əmək kitabçası ilə də öz təsdiqini tapır. Onun təhsil müddəti, hərbi xidmətdə olduğu müddət və əmək fəaliyyəti nəzərə alındıqda xx.xx.1997-ci il tarixə 25 ildən çox ümumi, 12 il 6 aydan çox isə güzəştli əmək stajı olmuşdur. Həmin tarixdə isə NKnin göstərilən qərarının 2 nömrəli siyahısına uyğun olaraq güzəştli şərtlərlə pensiya yaşı 55 yaş olmuşdur. Göstərilənlərə əsasən xx.xx.2006-cı il tarixində onun 55 yaşı tamam olan zaman xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri (bu Qanun qüwəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən islərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmus qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir) nəzərə alınaraq ona 291.65 manat məbləğində güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Sonrakı dövrlərdə pensiya məbləği bir neçə dəfə indeksləşdirilmiş və sonuncu indeksləşdirmədən sonra ona xx.xx.2023-cü il tarixinədək 2112,84 manat pensiya ödənilmişdir. Lakin 2023-cü ilin iyul ayında pensiyanın ödənilməsi ərəfəsində ona məlum olmuşdur ki, xəbərdarlıq olunmadan pensiya məbləği azaldılmışdır. Bununla əlaqədar olaraq o, DSMF-yə bir neçə dəfə müraciətlər etmiş, müraciətlərinə DSMF-nin xx.xx.2023-cü il, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktubları ilə cavab verilmişdir. Qeyd olunan məktublar təxminən eyni məzmunlu olsa da, guya ona artıq ödənilmiş pul vəsaitinin məbləği hər ay pensiyasından tutulan məbləğ və hazırda ona ödənilən pensiya məbləği eyni inzibati orqanın 20 gün ərzində ona ünvanladığı hər üç məktubda fərqli göstərilmişdir. Təkcə elə bu hal inzibati orqanın hərəkətlərinin tamamilə qanunsuz olduğunu təsdiq edir. Bildirmişdir ki, inzibati orqanın yuxarıda qeyd olunan bütün hərəkətləri qanunsuz və əsassızdır. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixindən təyin edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 N-li siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 6 5 % - i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla lakin 90%-dən çox olmamaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. Mərkəzi Filialda mövcud olan iddiaçıya dair sənədlərində qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 37 il 11 ay 25 gün təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının əmək pensiyası əmək haqqına əsasən hesablanarkən tələb olunan 25 ildən artıq 12 il iş stajına görə hər il üçün 2 faiz olmaqla orta aylıq əmək haqqının 89 faizi (25 il üçün 65 faiz+25 ildən artıq 12 il üçün 24 (12x2)%) miqdarında müəyyən olunmuşdur. Belə ki, əmək pensiyası xx.xx.2006-cı il tarixinə orta aylıq əmək haqqına uyğun 328,22 manat ((9525,12:24=396,88x89%)=353,22-25,00 manat (baza hissəsi)) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilib 414,82 manat müəyyən edilərək üzərinə xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində sonradan qeydə alınmış 4727,52 manat sığorta kapitalına uyğun 32,83 (4727,52:144) manat və baza hissəsi (60,00 manat) əlavə edilərək xx.xx.2008-ci il tarixinə 507,65 manat (414,82+32,83+60,00 (indeksləşdirilərək xx.xx.2018ci il tarixinədək 928,23 manat)) ona ödənilməli olduğu halda, qanunvericiliyə zidd olaraq, xx.xx.2006-cı il tarixinə 291,65 manat (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 892,53 manat) məbləğində hesablanaraq iddiaçıya ödənilib. Bundan başqa Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda iddiaçı işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 17075,52 manat sığorta kapitalına uyğun əmək pensiyasının xx.xx.2018-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 17075,52 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay)) aya bölünməklə (17075,52/72=237,16 manat) qanuni əmək pensiyasının (928,23 manat) üzərinə əlavə edilərək (928,23+237,16=1165,39 manat (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1868,28 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 30743,04 manat sığorta kapitalı 72 aya bölünərək (30743,04/72=426,99 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (892,53+426,99=1319,52 manat (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinədək 2112,84 manat) ona artıq əmək pensiyası ödənilmişdir.Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən sözügedən maddənin tələbləri nəzərə alınaraq, ona 7161,40 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 7161,40 manat pul vəsaiti cari ilin sentyabr ayından etibarən hissə-hissə (hər ay 186,82 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulub. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 1868,28 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-198/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixinədək iddiaçıya ödənilən əmək pensiyası məbləğinin azaldılmasında və hazırda İddiaçı ödənilən pensiya məbləğindən tutulma aparılmasında ifadə olunan cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması, xx.xx.2023-cü il tarixinədək iddiaçıya ödənilən əmək pensiyası məbləğinin (2112,84 manat) bərpa olunması və pensiya məbləği bərpa olunana qədər İddiaçı əskik ödənilmiş məbləğin hesablanılaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim C.Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə həmçinin qeyd etmişdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola hüquq normalarını pozaraq faktiki xarakterli hərəkətlər etməklə onun əmək pensiyasından tutulmalar etmiş, bu barədə iddiaçıya sadəcə olaraq “pensiya məbləğindən tutulma haqqında” məktub ünvanlayaraq məlumat verməklə kifayətlənmiş, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan normaların tələblərini pozmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Bildirilmişdir ki, sosial təminat hüququnun məzmununa nəzər salsalar, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respiblikası Qanunun (qüvvədən düşmüşdür): Maddə 13.Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi ödənilən pensiya məbləğindən tutulma aparılmasında ifadə olunan cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması, xx.xx.2023-cü il tarixinədək iddiaçıya ödənilən əmək pensiyası məbləğinin bərpa olunması və pensiya məbləği bərpa olunana qədər əskik ödənilmiş məbləğin hesablanılaraq ödənilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixindən təyin edildiyi aşkar olunmuş, 7161,40 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 7161,40 manat pul vəsaiti cari ilin sentyabr ayından etibarən hissə-hissə (hər ay 186,82 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulub. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 1868,28 manat təşkil edir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1951-ci il təvəllüdlü olmaqla, ona 55 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 37 il 11 ay 25 gün ümumi iş stajına və 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğunu qəbul etməklə, həmin halı mübahisələndirməmiş, mübahisələndirdiyi hal yalnız yaşla bağlı şərtə aid olan hal olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi zamanı yalnışlığa yol verilməsi halına istinad edərək, əmək pensiyası məbləğini yenidən hesablayaraq, iddiaçıya artıq pensiya ödənişlərinin ödənilməsini müəyyən edərək, iddiaçıya ödənilən pensiya məbləğindən tutulmaları həyata keçirir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən bu qənaətə iddiaçı barəsində güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı inzibati icraatı təzələməklə, inzibati icraat aparılmaqla gəlinməmişdir. Halbuki, yuxarıda istinad edilən inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqan iddiaçı barəsində qüvvədə olan əlverişli inzibati aktın dəyişdirilməsi üçün əsaslar müəyyən etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin dispozitiv şərtlərinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İndiki halda iş materiallarından görünür ki, artıq ödənilmiş pensiya məbləğinin iddiaçının əmək pensiyası məbləğindən tutulması onun razılığı əsasında həyata keçirilməmiş, bu barədə iddiaçının razılığı olması halı müəyyən edilməmişdir. Bundan əlavə, hazırki iş üzrə qeyd edilən halla bağlı cavabdeh inzibati orqan tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət etməsi və bu barədə məhkəmə qərarının olması halı da aşkar edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan onun əmək pensiya məbləğindən artıq ödənilmiş məbləğin tutulması qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtləri ilə uzlaşmamaqla, qanunvericiliyin tələbinə zidd olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin norma və prinsiplərinin tələbləri ətraflı qeyd edilməklə, həmin hallara istinad edilməklə cavabdeh inzibati orqanın əmək pensiyasının yenidən hesablanması ilə bağlı hərəkətlərinin qanunazidd olmasının qeyd edilməsi əsaslı olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı etdiyi hərəkətlərin və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması halının da araşdırılması zəruridir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasının qanuni əsası qismində məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndi çıxış etmişdir. Qeyd olunan Qanunun 9.8-ci maddəsinin dispoztiv şərtlərindən görünür ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Göründüyü kimi, həmin şəxslərə münasibətdə həm yaşa, həm də staja aid tələblər məhz əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə tətbiq edilir. Həmçinin, digər qeyd edilən Qanunun 13-cü maddəsinin b bəndinə əsasən 55 yaşına çatmış kişilər 25 il ümumi və 12 il 6 ay güzəştli iş satjına malik olduqda, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yaranır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İşin mübahisəsiz hallarından görünür ki, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 37 il 11 ay 25 gün ümumi iş stajına və 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Həmçinin, qeyd edilən qanunvericilik normalarının təhlilindən görünür ki, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyin tələbinə əsasən pensiya hüququnun yaranması üçün yaşa dair tələb olunan şərt 55 yaşın tamam olması ilə bağlı olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə 55 yaşının tamam olduğu vaxtda qanunla tələb olunan yaş şərti ilə yanaşı, digər şərtlər (ümumi və güzəştli iş stajına dair) də ödənildiyindən, həmin yaşda güzəştli şərtlərlə pensiya hüququ yarandığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 55 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya təyin edilməsi qanuni və əsaslı olmuşdur. Nəticə etibarilə indiki halda cavabdeh inzibati orqan iddiaçının yaşa görə pensiya hüququnun 55 yaşda deyil, 57 yaşının tamam olduğu vaxtda yaranması halına istinad edərək, əmək pensiyasını yenidən hesablamaqla, artıq ödəmə məbləğini müəyyən etməsi və tutulma aparması qanunvericiliyin tələbinə zidd olmuşdur. Cavabdeh inzibati orqan əlavə olaraq qeyd edir ki, iddiaçı işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 17075,52 manat sığorta kapitalına uyğun əmək pensiyasının xx.xx.2018-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 17075,52 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay)) aya bölünməklə (17075,52/72=237,16 manat) qanuni əmək pensiyasının (928,23 manat) üzərinə əlavə edilərək (928,23+237,16=1165,39 manat (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1868,28 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 30743,04 manat sığorta kapitalı 72 aya bölünərək (30743,04/72=426,99 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (892,53+426,99=1319,52 manat (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinədək 2112,84 manat) ona artıq əmək pensiyası ödənilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqandan bu qeyri-müəyyənliyə aydınlıq gətirilməsi, xx.xx.2018-ci il tarixində yığılmış pensiya kapitalının açıqlaması tələb edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin inzibati orqan tərəfindən pensiya kapitalının fərqli müəyyən edilməsinin əsasında iddiaçıya 55 yaşından yox, 57 yaşından pensiya hesablaması olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 55 yaşından güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi qanuni olduğu üçün, ona işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı sığorta kapitalına uyğun əlavə hesablama da düzgün olmuş, cavabdeh inzibati orqan sonradan müəyyən etdiyi artıq hesablamaların hamısı əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, cavabdeh inzibati orqan inzibati icraatı təzələmədən qanunsuz faktiki xarakterli hərəkət etmiş və iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2-1(118)-1554/2024 nömrəli dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-569/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-569/2024
12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver