Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-57/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxs 1 saylı regional ərazi filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2-1(118)-435/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh 30 oktyabr 2019-cu il tarixli, **********6 saylı məktubla iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, 64 yaş 6 ayı tamam olmuş iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 23.040.00 manat pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci maddəsinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. İddiaçı əmək kitabçasında qeyd olunmuş Sumqayıt şəhərində yerləşən 2 №-İi Trestin nəzdində olan SU-24 və “Kommunaltikinti” birliyinin TTS–də 01.01.1992–cu ildən 01.09.1999-cu ilədək işlədiyi dövrü yoxlamaq zərurəti yaranmış və tərəflərindən bu məqsədlə DSMF-nin Sumqayıt şəhərinə sorğu edilmişdir. Lakin müəssisənin sənədlərinin saxlanıldığı hüququ ünvan məlum olmadığından yoxlanılması mümkün olmamışdır. Həmçinin iddiaçının təqdim etdiyi Ağcabədi Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışının sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Bu səbəbdən də həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericliklə mümkün deyildir. Tələb olunan azı 25 il sosial sığorta stajı toplamadığı üçün iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır və yaşa görə əmək pensiyası təyin oluna bilməz. Verilən cavab ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehin imtinasını əsassız hesab edilməsi və onun 64 yaşının tamam olduğu tarixdən yəni, 28.04.2019-cu ildən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1955-ci ildə anadan olmuş, əmək fəaliyyətinə Ağcabədi rayonunun Caparidze kolxozunda başlamış, 1972–1973–cü və 1976–1977-ci illərdə həmin kolxozda kolxozçu kimi işləmişdir. Bunu Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin 15 iyul 2019-cu il tarixli 285 saylı Arxiv arayışı təsdiq edir. 11.05.1974-cü ildə Sovet Ordusu sıralarına çağrılmış və 17.05.1976–cı ilə qədər hərbi xidmətdə olmuşdur. Bu barədə ona məxsus NT–İ Seriyalı ******* saylı əmək kitabçasının 2–3 səhifələrində müvafiq qeyd vardır və HC Seriyalı ******* saylı hərbi bilet qeyd ediləni təsdiq edir. 01.09.1977-ci ildən 29 iyul 1978-ci ilə kimi Sumqayıt şəhər 17 saylı Texniki Peşə Məktəbində təhsil almış, bunu 29.07.1978-ci ildə verilmiş 78 sayı attestat təsdiq edir. Bu barədə ona məxsus əmək kitabçasında müvafiq qeyd vardır. 09.08.1978-ci ildən 02.01.1989–cu ilə qədər Sumqayıt şəhər 2 saylı Trestin 21 saylı Tikinti İdarəsində rəngsaz işləmiş, 02.01.1989-cu ildə köçürmə yolu ilə Sumqayıt şəhər 2 saylı Trestin 24 saylı Tİ-nə işə qəbul olunmuş, 01.08.1995-ci ildə köçürmə yolu ilə Sumqayıt “Kommunal-Tikinti" Birliyinin X2 işə qəbul olunmuş və orada 01.09.1999cu ilə qədər işləmişdir. Ümumi iş stajı 27 ildən artıqdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2-1(118)-435/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı arxiv arayışında qeyd edilən müddətləri, 1977-1978-ci illərdə peşə məktəbində təhsil aldığı müddəti və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, 28.04.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.(hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2-1(118)-435/2020 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2020ci il tarixli, 2-1(105)-411/2020 saylı qərardadı ilə cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxs 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının 26-cı bəndinə əsasən əmək stajına əsas kimi ancaq əmək kitabçasında göstərilən dövrün məlumatları və sənədlərə əsasən verilmiş arayışlar qəbul edilə bilər. Lakin 1972-1973 və 1976-1977-ci illər Caparidze kolxozunda işlədiyi dövrlər yalnız arxiv arayışında qeyd edilmişdir. Bundan əlavə məhkəmənin istinad etdiyi arxiv arayışında vətəndaşın 1972-1973- cü və 1976- 1977-ci illərdə Caparidze kolxozunda işlədiyi faktı təsdiqlənsə də, tələb olunan minimum əmək günü qeyd olunmamışdır. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №~li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. Məhkəmənin istinad etdiyi arxiv arayışında Caparidze kolxozunda minimum adam günü göstərilməmişdir, yəni Məhkəmə 1972-1973 və 1976-1977-ci illərdə yalnız kolxozda işləmə faktını əsas götürərək qərar qəbul etmişdir. Həmçinin, 01.01.1992-01.09.1999-cıı il tarixlərində işlədiyini iddia etdiyi “xxxx” SC-nin 2 №li Müəssisəsinin sənədləri arxivdə aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “xxxx” Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi (VÖEN: **********) 27.10.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Müəssisənin 27.10.1999-cu il tarixdə dövlət qeydiyyatına alındığını nəzərə alsaq, İddiaçı 01.01.1992-01.09.1999-cu il tarixlərində həmin müəssisədə işləməsi mümkünsüzdür. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, iddiaçının 1972-1973-cü və 1976-1977-ci illərdə Caparidze kolxozunda, 01.01.1992-01.09.1999-cu il tarixlərində “xxxx” SC-də qeyd olunan dövrlərdə fəaliyyət göstərib-göstərməməsini aydınlaşdırmaq məqsədilə müvafiq qurumlara sorğular verməmiş və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz verərək, şikayətin təmin edilməməsini həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1972-1973, 1976-1977-ci illərdə Çaparidze kolxozunda işlədiyi müddət, 01.09.1977-ci ildən 29.07.1978-ci ilədək Sumqayıt şəhəri, 17 saylı texniki peşə məktəbində təhsil aldığı müddət, 09.08.1978-ci ildən 02.01.1989-cu ilədək 2 saylı Trestin 21 saylı tikinti idarəsində, 02.01.1989-cu ildən 01.08.1995-ci ilədək 2 saylı Trestin 24 saylı tikinti idarəsində, 01.08.1995-ci ildən 01.09.1999-cu ilədək Sənaye Kommunal Tikinti Birliyinin 3 saylı THS-də işlədiyi müddətlər sosial sığorta stajına daxil edilməklə, 64 yaşı tamam olduğu tarixdən, yəni 28.04.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin hallarından görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş (64) yaş həddinə çatmış, 25 ildən artıq sığorta stajı olduğunu nəzərə alaraq pensiyanın təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının 1972-1973, 1976-1977-ci illərdə Çaparidze kolxozunda işlədiyi müddətin əmək kitabçasında qeyd edilmədiyini, 2 saylı Trestin 24 saylı tikinti idarəsində və Sumqayıt Sənaye Kommunal Tikinti Birliyinin 3 saylı X2 işlədiyi dövrün yoxlanılmasının mümkün olmadığnı əsas tutaraq həmin dövrləri staja daxil etməmişdir. Həmin müddət nəzərə alınmadığından ümumi sığorta stajı 25 ildən az olmuş, iddiaçının topladığı pensiya kapitalı isə tələb edilən miqdarda olmadığından iddiaçıya pensiyanın təyinindən imtina edilmişdir. Beləliklə işin mübahisə edilən məqamı yuxarıda qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsidir. Məhkəmə kollegiyası ilk öncə kolxozdakı staj ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağcabədi Rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin 15 iyul 2019-cu il tarixli, 285 saylı arxiv arayışından görünür ki, İddiaçı 1972-1973, 1976-1977-ci illərdə Çaparidze kolxozunda işləmiş və onun adam günlərinin sayı müvafiq olaraq 184, 278, 240 və 160 olmuşdur. Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə arxiv arayışları işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının Çaparidze kolxozunda işlədiyi iş dövrünü təsdiqləyən arxiv arayışını iddiaçıya sığorta stajı kimi nəzərə alınmasında mötəbər sübut kimi qəbul edir. Qeyd edilən illərin əmək kitabçası ilə təsdiq olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışı əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. İddiaçının kolxozda işlədiyi dövrdə topladığı sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının işlədiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №~li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67- ci maddəsi). İstinad olunan normalara əsasən kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Ağcabədi rayon Dövlət Arxivinin 01.09.2020-ci il tarixli 194 saylı arayışından görünür ki, Ağcabədi rayon Dövlət Arxivində minimum əmək günü iş günü normasını müəyyən ediən təsdiqedici hüquqi sənəd mühafizə olunmadığından, iddiaçının işlədiyi müddətdə minimum əmək günü (iş günü) norması barədə məlumat vermək mümkün olmamışdır. Lakin əldə edilən şifahi məlumata əsasən, kolxozların fəaliyyəti zamanı Ağcabədi rayonunun yerləşdiyi regiona, kolxoz dövrlərində mərkəzi İcra Hakimiyyəti tərəfindən normativə uyğun minimum əmək günü(iş günü) norması kişilər üçün 240 gün, qadınlar üçün 180 adam günü müəyyən edilmişdir. Hazırki halda da iddiaçı 1973 və 1976-cı illərdə minimum əmək iştirakı normasını tam ödəsə də, 1972 və 1977-ci ildə kolxozda işlədiyi dövrlərdə minimum əmək iştirakı normasını qismən ödəmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Sözügedən illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qayda ilə hesablama apardıqda : - 1973-cü ildə kolxozda minimum adam günü 240, iddiaçının minimum əmək iştirakı 184 gün olmuşdur. Belə olduğu halda isə iddiaçının həmin kolxozda işlədiyi faktiki müddət 9 ay olmuşdur.(184x12=2208:240=9) - 1977-ci ildə kolxozda minimum adam günü 240, iddiaçının minimum əmək iştirakı 160 gün olmuşdur. Belə olduğu halda isə iddiaçının həmin kolxozda işlədiyi faktiki müddət 8 ay olmuşdur.(160x12=1920:240=8) Beləliklə də iddiaçının 1972-1977-ci illərdə kolxozda işlədiyi müddət 3 il 05 ay təşkil etmişdir. Əmək kitabçasında qeyd edilən və cavabdeh tərəfindən mübahisələndirilən 1992-1999-cu illərə aid iş stajı ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Əmək kitabçasının rus dilindən azəbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: - 11.05.1974-17.05.1976-cı illərdə Sovet Ordusunda xidmət etmişdir. - 01.09.1977-29.07.1978-ci illərdə Sumqayıt şəhər 17 saylı texniki peşə məktəbində təhsil almışdır. - 09.08.1978-ci il tarixdən 2 saylı trestin 21 saylı tikinti idarəsinə 3-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunmuşdur. - 02.01.1989-cu ildə 2 saylı trestin 24 saylı tikinti idarəsinə keçirilməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. - 02.01.1989-cu ildə köçürmə yolu ilə 2 saylı trestin 24 saylı tikinti idarəsinə 5ci dərəcəli rəngsaz vəzifəsinə qəbul edilmişdir. - 01.08.1995-ci ildə “Sənayekommunaltikinti” birliyinin 1 saylı filialından daimi əsaslarla 3 saylı filialına köçürülmüş, 5-ci dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunmuşdur. - 02.01.1996-cı ildə “Sənayekommunaltikinti” birliyinin 3 №-li filialı 3 saylı X6(THS) adlandırılmışdır. - 16.04.1996-cı ildə “Sənayekommunaltikinti” birliyinin 3 saylı X4 1 saylı X7 keçirilmişdir. - 01.11.1996-cı ildə “Sənayekommunaltikinti” birliyinin 4 saylı X7 keçirilmişdir. - 03.02.1997-ci ildə “Sənayekommunaltikinti” birliyinin 3 saylı X5 sərəncamına keçirilmişdir. - 01.09.1999-cu ildə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Beləliklə, əmək kitabçasından görünür ki, iddiaçı, 09.08.1978-ci ildən 02.01.1989-cu ilədək 2 saylı Trestin 21 saylı tikinti idarəsində, 02.01.1989-cu ildən 01.08.1995-ci ilədək 2 saylı Trestin 24 saylı tikinti idarəsində, 01.08.1995-ci ildən 01.09.1999-cu ilədək Sənaye Kommunal Tikinti Birliyinin 3 saylı X2 işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 may 1993-cü il tarixli 615 saylı fərmanına əsasən, Azərbaycan Respublikası Sənaye Tikinti İstehsalat Birliyinin tərkibinə daxil olan təşkilat və müəssisələrin bazasında “xxxx” Dövlət Şirkəti yaradılmışdır. “xxxx” SC-nin İdarə Heyətinin 02.09.1999-cu il tarxli 1 saylı iclas protokoluna əsasən, Sənayekommunaltikinti Birliyinin 3 saylı filialı (təsərrüfat hesablı sahə) “xxxx” SC-nin 2 saylı Müəssisəsi adlandırılmışdır. Mübahisələndirilən illərdə iddiaçının həqiqətən də həmin müəssisədə işləməsi barədə məlumat əldə etmək üçün məhkəmə kollegiyası tərəfindən xxxx Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinə sorğu edərək iddiaçının işlədiyi dövrlərə dair sənədlərin əsli tələb edilmişdir. Təqdim edilmiş sənədlərə tərəflərin iştirakı ilə kollegiyanın iclasında baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: - Sənaye Kommunal Tikinti Birliyinin 3 saylı filialının fəhlə və qulluqçularının 01 dekabr 1995-ci il tarixə olan siyahısından görünür ki, iddiaçının həmin siyahıda adı göstərilmiş və qarşısında 5-ci dərəcə suvaqçı qeyd edilmişdir. - “xxxx” Dövlət Şirkəti Sənayekommunaltikinti Birliyi üzrə 15.05.1995-ci il tarixli 3-c saylı əmrə əsasən, 15 may 1995-ci il tarixdən 2 №-li trestin 20 saylı X1 (PMK- 20) Sumqayıt Sənayekommunaltikinti Birliyinin 3 nömrəli filialı adlandırılmışdır. - xxxx” Dövlət Şirkəti Sumqayıt Sənayekommunaltikinti Birliyi 3 nömrəli filial üzrə 15.08.1995-ci il tarixli 16-K saylı əmrə əsasən, N.M.Doluxanovun rəhbərlik etdiyi 9 nəfərdən ibarət briqada daimi əsaslarla 01.07.1995-ci il tarixdən 1 nömrəli filialdan 3 nömrəli filiala köçürülmüşdür. Həmin siyahıda 3-cü sırada iddiaçının adı qeyd edilmişdir. Əmrin verilməsinə əsas, Sənayekommunaltikinti Birliyi üzrə 130- 1/C saylı 01.08.1995-ci il tarixli əmr olmuşdur. - “xxxx” Dövlət Şirkəti Sənayekommunaltikinti Birliyi üzrə 1 saylı 05.01.1996-cı il tarixli əmrə əsasən, 01.01.1996-cı il tarixdən etibarən Birliyin 1,2,3,4,5 və 6 saylı filialların adları struktur bazası əsasında uyğun olaraq 1,2,3,4,5 və 6 saylı təsərrüfat hesablı sahə (THS) adlandırılmışdır. - “xxxx” Dövlət Şirkəti Sumqayıt Sənayekommunaltikinti Birliyi 3 nömrəli THS üzrə 15.04.1996-cı il tarixli 35-K saylı əmrə əsasən, 13 nəfər işçi, o cümlədən 3-cü sırada adı qeyd edilmiş iddiaçı 16.04.1996-cı il tarixdən köçürmə yolu ilə 3 nömrəli THS-yə keçirilmişlər. Əmrin verilməsinə əsas, Sənayekommunaltikinti Birliyi üzrə 85 C saylı 15.04.1996-cı il tarixli əmr olmuşdur. - “xxxx” Dövlət Şirkəti Sənayekommunaltikinti Birliyi üzrə 03.02.1997-ci il tarixli 3 10-K saylı əmrə əsasən, Birliyin 4 saylı THS-nin 11 nəfər işçi, o cümlədən 7-ci sırada adı qeyd edilmiş iddiaçı 03.02.1997-cı il tarixdən köçürmə yolu ilə 3 nömrəli THS-yə keçirilmişlər. - “xxxx” SC-nin 3 nömrəli filialı üzrə 01.09.1999-cu il tarixli 2 nömrəli əmrə əsasən, 3 nömrəli filialın 5 dərəcəli malakeşi 01.09.1999-cu il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad edilmişdir. DSMF-nin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş 27.12.2016-cı il tarixli 121 saylı arayışından görünür ki, “xxxx” SC-nin 2 saylı Müəssisəsi (Sənayekommunaltikinti Birliyinin 3 saylı filialı(THS) varisi) tərəfindən 1992-ci ildən etibarən müəssisədə çalışan işçilərin əmək haqqından məcburi dövlət sosial sığorta haqqları hesablanmış və ödənilmişdir. Beləliklə, iddiaçının iddiaçının 09.08.1978-ci ildən 02.01.1989-cu ilədək 2 saylı Trestin 21 saylı tikinti idarəsində, 02.01.1989-cu ildən 01.08.1995-ci ilədək 2 saylı Trestin 24 saylı tikinti idarəsində, 01.08.1995-ci ildən 01.09.1999-cu ilədək Sənaye Kommunal Tikinti Birliyinin 3 saylı THS-də işlədiyi əmək kitabçasındakı qeydlərlə yanaşı, 2 saylı müəssisənin arxivində saxlanılan və kollegiya tərəfindən baxış keçirilən sənədlərlə tam olaraq sübuta yetirilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda, eləcə də apelyasiya şikayətində iddiaçının əmək kitabçasında qeyd edilən müəssisələrdə işləməsi ilə bağlı sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmaması səbəbindən yoxlanılmasının mümkün olmadığını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən sənədlər “xxxx” SC-nin 2 saylı Müəssisəsinin özündə saxlanılır, sadəcə cavabdeh inzibati orqan aidiyyəti orqanlara sorğu vermədən formal olaraq imtina cavabı yazmaqla kifayətlənmiş, bununla da iddianın pensiya hüququnu pozmuşdur. İddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X10) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Beləliklə, inzibati orqan apellyasiya şikayətinin dəlili kimi - iddiaçının qeyd edilən iş dövrünün qarşılıqlı yoxlanılmasının mümkün olmadığını göstərsə də, hansı səbəbdən bu nəticəyə gəlməsini əsaslandırmamışdır. Halbuki, iş dövrünün qarşılıqlı yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüquq olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. İddiaçının 01.09.1977-29.07.1978-ci illərdə Sumqayıt şəhər 17 saylı texniki peşə məktəbində təhsil aldığı dövrün sığorta stajına daxil edilməsi ilə bağlı tərəflər arasında mübahisə olmasa da, kollegiya qeyd edir ki, zamana görə qüvvədə olan 04.08.1956-cı il tarixli “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən peşə məktəblərində, dəmir yolu məktəblərində, kadr hazırlayan kurs və məktəblərdə təhsil müddəti ümumi iş stajına daxil edilmişdir. Beləliklə də, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və işlədiyi illəri cəmlədikdə iddiaçının 25 ildən çox sığorta stajı yaranmış olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, ona yaşa görə pensiya təyini üçün 25 ildən artıq sosial sığorta stajına malik olduğundan, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə nəzərə alınmaqla Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2-1(118)-435/2020 saylı qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2-1(118)-435/2020 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 1972-1973, 1976-1977-ci illərdə Çaparidze kolxozunda işlədiyi, 01.09.1977-ci ildən 29.07.1978-ci ilədək Sumqayıt şəhəri, 17 saylı texniki peşə məktəbində təhsil aldığı, 09.08.1978-ci ildən 02.01.1989-cu ilədək 2 saylı Trestin 21 saylı tikinti idarəsində, 02.01.1989-cu ildən 01.08.1995-ci ilədək 2 saylı Trestin 24 saylı tikinti idarəsində, 01.08.1995-ci ildən 01.09.1999-cu ilədək Sənaye Kommunal Tikinti Birliyinin 3 saylı THS-də işlədiyi müddətlər sosial sığorta stajına daxil edilməklə, iddiaçıya 64 yaşı tamam olduğu tarixdən, yəni 28.04.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxs 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-57/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-57/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver