Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-57/2022 19.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı “02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanaraq ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dairiş üzrə açar sözlər: işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı “02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanaraq ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(118)- 309/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi hesablanaraq ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli protokol qərarı ilə cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir.
3. İşə apelyasiya qaydasında baxılarkən məhkəmənin 19.01.2021-ci il tarixli protokol qərarı ilə cavabdeh DSMF-nin 1 saylı Regional Ərazi filialı prosessual hüquqi varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron- Xızı regional filialı ilə əvəz edilmişdir.
İddiaçının əsaslandırması:
4. İddiaçıtələbi onunla əsaslandırmışdır ki,xx.xx.1958-ci il təvəllüdlü olmaqla 2002-ci il tarixədək müxtəlif sahələrdə işləmişdir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin onun 02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməmişdir. DSMF-nin Sumqayıt şəhər şöbəsi 01.06.2020-ci il tarixli, **********8 № li məktub ilə bildirmişdir ki, həmin müəssisənin arxiv sənədlərinin olmamasına görə göstərilən dövrün yoxlanılması mümkün deyildir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
Cavabdehin etirazları:
5. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 01.03.2021-ci il tarixli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdehə ərizə ilə müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onaimtina verilmişdir. Cavabdehin imtinası ilə bağlı iddiaçı məhkəməyə müraciət etmiş, hesab edirlər ki, imtina qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının iddia etdiyi müəssisə barədə 26.10.2020-ci il tarixli sorğularına Dövlət Vergi Xidmətinin 13.11.2020-ci il tarixli cavabında qeyd edilmişdir ki, "xxxx" fabrikinin 30.01.1996-cı ildə D-970 nömrə ilə qeydiyyatdan keçmiş, bu isə iddiaçının 02.04.1993-cü ildə qeyd olunan müəssisədə işləməsi faktını şübhə altına alır. Bundan əlavə əmək kitabçasında iddiaçının işdən çıxması barədə aparılan qeyd də qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsinə deyil, qüvvədən düşmüş Əmək Qanunları Məcəlləsinə istinad edilərək aparılmışdır. İddiaçı işdən çıxarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvədə olmuş (01.07.1999-cu ildən), Azərbaycan SSRnin 1971-ci il 10 dekabr tarixli Qanunu isə qüvvədən düşmüş hesab edilmişdir. 14.05.2002-ci il tarixli qeyd də məhz qeyd olunan səbəbdən şübhəlidir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. İddiaçıya əmək pensiyası təyin edilməsi üçün iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyildir. Ona görə də iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
6. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(118)-309/2021 saylı qərarı (hakimV.E.Əzizova) ilə iddia təmin edilərək İddiaçı 02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdeh DSMF-nin 1 saylı Regional Ərazi filialının üzərinə qoyulması qərara alınmışdır.
7. Qərardan narazı qalan cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(118)-309/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
8. Cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaşıya məxsus № ******* saylı əmək kitabçasındakı qeydlərə görə xx.xx.1958-ci il təvəllüdlü Quliyeva (Səmədova) Nəzifə Cəmil qızı 02.02.1976-cı il tarixdən 11.02.1989-cu il tarixədək Sumqayıt Əyirmə Trikotaj İstehsalat Birliyində, 12.02.1989-cu il tarixdən 01.03.1991-ci il tarixədək “Nadejda” kooperativində, 02.03.1991-ci il tarixdən 27.02.1993-cü il tarixədək Bakı Qalantereya, Dəri və Krikotaj məmulatları fabriki nəzdində “Qamma” kooperativində, 02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək “Sumqayıt şəhəri Üst Trikotaj” Fabrikində işləmişdir. İddiaçının pensiya hüququ 11.03.2020-ci il tarixdə yaranması nəzərə alınsa, onun 16.05.1977-ci ildə tərtib olunmuş əmək kitabçasına əsasən 02.04.1993-cü il tarixədək 17 il, 26 gün sığorta stajının olduğu mübahisəsizdir, lakin 02.04.1993-cü ildən 14.05.2002-ci ilədək olan stajı mübahisələndirilir ona görə ki, həmin dövrün qarşılıqlı yoxlanılması həyata keçirilməsi çalışılsa da, “Sumqayıt şəhəri Üst Trikotaj” Fabrikinin arxiv sənədlərinin təhvil verilməməsinə görə mümkün olmasa da, iddia edilən müəssisə barədə 26.10.2020-ci il tarixli sorğularına Dövlət Vergi Xidmətinin 13.11.2020-ci il tarixli cavabında qeyd edilmişdir ki, "xxxx" fabriki 30.01.1996-cı ildə D-970 nömrə ilə qeydiyyatdan keçmiş, bu isə iddiaçının 02.04.1993-cü ildə qeyd olunan müəssisədə işləməsi faktını şübhə altına alır. Həmçinin iddiaçının əmək kitabçasında iddiaçının 14.05.2002-ci ildə işdən çıxması barədə aparılan qeyd həmin zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsinə deyil (01.07.1999-cu ildən), qüvvədən düşmüş Əmək Qanunları Məcəlləsinə istinad edilərək aparılmışdır. İddiaçının "xxxx" fabrikinin qeydiyyata alındığı 30.01.1996-cı ildən 14.05.2002-ci il tarixədək işlədiyi müddət nəzərə alınsa belə yenə də iddiaçının 25 illik əmək sığortası müddəti tam çatmır. Qeyd edilənlərin nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməklə Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(118)-309/2021 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apelyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətində Fondun qeyd edilən hüquqi mövqeyini müdafiə edib, bildirdi ki, iddiaçının guya 02.04.1993-cü ildən 14.05.2002-ci ilədək "xxxx" fabrikində işləməsinə dair əmək kitabçasındakı qeydini istər iddiaya dair etiraz ərizəsində, istərsə də apelyasiya şikayətində ətraflı qeyd etdiklərindən hesab edirlər ki, həmin dövrdə iddiaçının faktiki olaraq işləməsinə dair aparılan qeyd formaldır. Bu səbəbdən də həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunamüfaviq hesab edilmir. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsasları ətraflı şəkildə göstərildiyindən apelyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edib əlavə olaraq qeyd etdi ki, apelyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, o, 1993-cü ildə işdən çıxsa da, sonradan yenidən fabrikə qayıdaraq 2002-ci ilədək işləmiş, sonradan fabrik bağlansa da, xalça sexi fəaliyyətini davam etdirdiyindən xalça sexində işləmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tədbiq edilən hüquq
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
17. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
19. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
20. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
21. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
22. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
23. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
24. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
25. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
26. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
27. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normanın “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur.
28. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixlı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə kecirilməsi və ödənilməsi Qaydaları”: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.3. Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1 Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Pensiya təyin olunması haqqında məlumatda pensiyanın təyin olunması tarixi (gün, ay, il) və təyin olunan pensiya növü göstərilməlidir. Bənd 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
32. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının 5 oktyabr 2001-ci il tarixli № 189-İİQD Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: İ Azərbaycan Respublikasının Əmək Məcəlləsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143) qüvvəyə mindiyi vaxtdan etibarən aşağıdakı qanunvericilik aktları qüvvədən düşmüş hesab edilsin:
1. "Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin qüvvəyə minməsi qaydası haqqında" 1972-ci il 19 iyun tarixli 267-Vİİİ nömrəli Azərbaycan SSR X6 Heyətinin Fərmanı (Azərbaycan SSR X5, 1972-ci il, № 12, maddə 50); (-).
33. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 87. 1-ci hissə. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. (-). Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hazırkı qərarın 12-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə yeni qərar qəbul edilməli və iddia tələbi rədd edilməlidir.
35. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi İddiaçı məxsus əmək kitabçasında qeyd olunan məlumatlara əsasən sonuncu 02.02.1976-cı il tarixdən 11.02.1989-cu il tarixədək Sumqayıt Əyirmə Trikotaj İstehsalat Birliyində, 12.02.1989-cu il tarixdən 01.03.1991-ci il tarixədək “Nadejda” kooperativində, 02.03.1991-ci il tarixdən 27.02.1993-cü il tarixədək Bakı Qalantereya, Dəri və Krikotaj məmulatları fabriki nəzdində “Qamma” kooperativində, 02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək “Sumqayıt şəhəri Üst Trikotaj” Fabrikində işləmişdir.
36. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının adına tərtib olunmuş 16.05.1977-ci il tarixli əmək kitabçasındakı qeydlərin 02.04.1993-cü il tarixədək olan hissəsi qəbul edilərək iddiaçının 17 il, 26 gün sığorta stajının olduğu mübahisələndirilmir. Lakin əmək kitabçasındakı 02.04.1993-cü ildən 14.05.2002-ci ilədək olan qeydlər cavabdeh tərəfindən mübahisələndirilir ona görə ki, həmin dövrün qarşılıqlı yoxlanılması həyata keçirilən zaman Dövlət Vergi Xidmətinin 13.11.2020-ci il tarixli cavab məktubu ilə müəyyən olunmuşdur ki, "xxxx" fabriki 30.01.1995-ci ildə D-970 nömrə ilə qeydiyyatdan keçmişdir. Belə olan halda iddiaçıya məxsus əmək kitabçasında adı çəkilən fabrikdə 02.04.1993-cü ildən işləməsi barədə qeyd əsaslı sayıla bilməz, eyni zamanda iddiaçının əmək kitabçasında "xxxx" fabrikindən işdən çıxması barəsindəki qeyd də, yəni 14.05.2002-ci il tarixində Azərbaycan Respublikasının ƏQM-nin 68-ci maddəsinə əsasən “öz xahişi ilə” işdən azad edilməsi barədə qeyd də, mövcud qanunvericiliyə uyğun olmamış, belə ki, Azərbaycan Respublikasının Əmlak Nazirliyinin 05.12.2000-ci il tarixli sərəncamına əsasən artıq "xxxx" fabriki "xxxx" ASC-yə çevrilmişdir.
37. Kollegiya qeyd edir ki, hazırkı qərarın 32-33-cü bəhdində istinad edilən qanun normalarına əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi 01.07.1999cu ildə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qüvvəyə mindiyi 01.07.1999-cu ildən qüvvədən düşməsi müvafiq qanunla təsdiq edilmiş, həmçinin qüvvədə olan Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin əsaslarında “öz xahişi ilə” işdən azad edilmə əsası yoxdur. Digər tərəfdən iddiaçının “öz xahişi ilə” işdən azad edilməsi 14.05.2002-ci il tarixindən qeyd edilsə də, buna əsas kimi 1.12.2002-ci il tarixli 17 saylı əmrin olması qeydi də əmək kitabçasında aparılmaqla, kadrlar şöbəsi – G.Salmanova tərəfindən imza edilməklə möhürlə təsdiq edilmişdir (Əmək kitabçasının əsli 6-9-cu səhifələr).
38. Məhkəmə kollegiyasının iclasında iddiaçının əmək kitabçasında əksini tapan son iş yeri barəsindəki qeydlərin düzgün və dəqiq olmaması səbəbindən əmək stajını təsdiqedici sənəd kimi digər sübutların əldə edilməsi üçün hazırkı qərarın 27-ci bəndində istinad edilən direktiv sənədin tələblərinə uyğun olaraq sübut təqdim edilməsi iddiaçıya təklif edilsə də, iddiaçı həmin dövrdə işləmiş nə hər hansı bir şəxsi, nə də ki, əmək kitabçasındakı qeydləri etmiş G.Salmanova adlı kadrlar şöbəsinin əməkdaşının məlum olmayan səbəblərdən məhkəməyə dəvət edilməsini təmin edə bilməmiş, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Dövlət Vergi Xidmətindən əldə edilən 19.05.2021-ci il tarixli sənədlərlə təsdiq edilir ki, "xxxx" fabrikinin nizamnaməsi 30.01.1995-ci ildə təsdiq edilməklə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikasının Əmlak Nazirliyinin 05.12.2000-ci il tarixli sərəncamına əsasən isə "xxxx" ASC-yə çevrilmiş və Ədliyyə Nazirliyində 20.12.2000 il tarixdə D-3061 nömrəli şəhadətnamə ilə yenidən qeydiyyata alınmışdır(i.v.39-40).
39. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hazırkı qərarın 27-33-cü bəndlərində istinad edilən normaların tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi işin faktik hallarına və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmaqla məlum məhkəmə qərarı qəbul edildiyindən apelyasiya şikayəti təmin edilməklə Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(118)-309/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının iddia tələbi rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(118)-309/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı “02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanaraq ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.