Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-57/2025 13.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X2 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu İqrıq kəndinin ərazisində yerləşən 0,957395 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçü sənədinin və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)- 924/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba rayonu, İqrıq kəndinin ərazisində yerləşən 1,0 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması, torpaq sahəsinin plan ölçüsünün hazırlanması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İqrıq kəndinin ərazisində yerləşən 0,957395 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçü sənədinin və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı Quba rayon Dövlət Notariat Kontoru tərəfindən tərtib və təsdiq olunmuş 05 may 2005-ci il tarixli, 4-Ə-2063 müqaviləyə əsasında Quba rayonunun İqrık kəndində 1,0 ha torpq sahəsi almışdır. Həmin torpaq sahəsinin plan cizgisi müqaviləyə əlavə olunmuşdur. Bu barədə 20 may 2005-ci ildə Torpağa mülkiyyət hüququnun Dövlət aktı tərtib olunmuş və Dövlət aktı qeydiyyat kitabında 3354 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı Quba rayonu İqrık kəndi ərazisində yerləşən 1,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə mürciət etmişdir. Cavabdeh tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 3 21-3-34/2-8962/2023 saylı məktubla əsassız olaraq iddiaçının xahişindən imtina edildiyi bildirilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, ərizəyə əlavə olunmuş JN-0830 nömrəli (KOD ********) seriyalı "Torpağa mükiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmamışdır. Bundan əlavə 1,0 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 0,96 ha ölçüdə öz əksini tapmışdır. Bu, səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN-0830 KOD 30304038 seriyalı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, İddiaçı dövlət aktında göstərilən Quba rayonu, İqrıq kəndi ərazisində yerləşən 1,0 hektar torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-ə-2063 saylı alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Məhkəmənin sorğusuna əsasən Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli cavab məktubundan görünür ki, Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4-ə-2063 saylı alqı-satqı müqaviləsi xx.xx.2005-ci il tarixdə və X1 və digərləri ilə X6 arasında Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən 1,13 h torpaq sahəsinə dair rəsmiləşdirilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin arxivində JN-0830 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na dair hər hansı məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 23 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüşdür (sxem tərtib olundu, koordinatlar və ortofotogörüntülər mütəxəssis rəyinə əlavə edilmişdir.) İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-830 nömrəli Dövlət Aktı ilə uyğunluq təşkil edir, (sxem tərtib olundu, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir.) İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı olub uqodiyası çoxillik əkmə kimi göstərilmişdir. QEYD: JN-0830, KOD 30304038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) iddiaçının faktiki istifadəsinə uyğun olaraq 0,957395 ha kimi göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-924/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova) İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, 4-ə-2063 saylı alqı-satqı müqaviləsində əks olunan uyğunsuzluqlar, onun iradəsindən asılı olan hal deyildir, bu səbəbdən onun sözügedən sənədə və JN-830 kod 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməsinə dair etimad hüququ qorunmalı idi. Belə ki, sözügedən xüsusatlar onun iradəsindən kənar baş vermişdir. Məhkəmə tərəfindən sözügedən əmlaka “gözlənti hüququ”nun olması nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Quba rayonu İqrıq kəndinin ərazisində yerləşən 0,957395 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçü sənədinin və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə qərarını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Məhkəmə hesab edir ki, iddiaçıya Torpağa mülkiyyət hüququn dair dövlət aktı verilsə də, həmin dövlət aktının verilməsi üçün əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi mövcud olmadığından həmin sənəd mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi əsas götürülə bilməz. Hazırki halda iddiaçı torpaq sahəsinin notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, JN-0830 KOD 30304038 seriyalı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, İddiaçı dövlət aktında göstərilən Quba rayonu, İqrıq kəndi ərazisində yerləşən 1,0 hektar torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-ə-2063 saylı alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. İş materiallarına əlavə olunmuş Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli cavab məktubundan görünür ki, Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4-ə-2063 saylı alqı-satqı müqaviləsi xx.xx.2005-ci il tarixdə və X1 və digərləri ilə X6 arasında Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən 1,13 ha torpaq sahəsinə dair rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan da görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin arxivində JN-0830 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na dair hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində araşdırma zamanı iddiaçının hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi JN-0830 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının arxivinin mövcudluğu və həmin Dövlət Aktında qeyd olunan müqavilənin mötəbərliyi müəyyən olunmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Əlavə olaraq apellyasiya icraatı zamanı qeyd olunan məsələlərin araşdırılması məqsədilə zəruri sorğular edilmiş, aşağıdakı məlumatlar əldə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 31 oktyabr 2024-cü il tarixli, 3-21-3-02/2-13316/2024 nömrəli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin və "xxxx" MMC-nin arxivində JN-0830 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-nın arxiv nüsxəsi və onun verilməsinə əsas olmuş sənədlərə dair məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli, 3-21-3-34/2-642/2025 nömrəli müayinə aktından görünür ki, JN-830 KOD 30304038 saylı Dövlət Aktı torpaqların elektron kadastr uçotu informasiya sistemindən (TEKUİS) əvvəl baza məlumatlarında mövcud olan DWJ xəritələrində öz əksini tapmamışdır. Lakin, həmin Dövlət Aktındakı koordinatlara əsasən torpaq sahəsinin 0,81 ha hissəsi DWJ xəritələri üzərində JN-133 nömrəli Dövlət Aktına əsasən X4 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə, qalan hissəsi isə JN-132 nömrəli Dövlət Aktına əsasən X8 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Daha sonra iddiaçının vəkili və nümayəndəsi “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq X4 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi yalnız DWJ xəritələri üzərində digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyündən həmin şəxslərin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri üçün əsas mövcud deyil. Kollegiya əlavə olaraq qeyd edir ki, bu kateqoriya işlərədə bəzi hallarda iddiaçının istifadəsində olan mübahisəli torpaq sahəsinə dair sənədləşmə düzgün həyata keçirilməsə də, həmin torpaq sahəsinin əldə olunma mənbəyi, torpaq sahəsini satan şəxslər barədə məlumatlar mövcud olur. Hazırki işin hallarına nəzər yetirdikdə isə aydın olur ki, iddiaçının əlində hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi sənəd mövcud olsa da, həmin sənədin hər hansı hüquqi əsası müəyyən olunmur. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi JN-0830, KOD 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktındakı məlumatların həqiqiliyi – həqiqətən də, Şəhadətnamədə qeyd edilən torpaq sahəsinə dair ilkin mülkiyyətçi ilə İddiaçı arasında qeyd edilən tarixdə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, iddiaçının təqdim etdiyi Dövlət Aktındakı göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-924/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.