Məhkəmə qərarları › İş №2-1(105)-570/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-570/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-570/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 10.12.2020-ci il tarixli **********4017 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(118)-643/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı MMC (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 10.12.2020-ci il tarixli **********4017 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10.12.2020-ci il tarixli **********4017 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 487456.17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********4018 nömrəli tələbnamə verilərək qərarda göstərilən məbləğin dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edlmiş qeyd edilən qərar əsassızdır, MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(118)-643/2021 saylı qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş 10 dekabr 2020-ci il tarixli **********4017 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması qərara alınmışdır.(hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın qismən təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh vergi orqanının “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21.09.2020-ci il tarixli **********7079 nömrəli qərarına əsasən iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt yolu ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı tərəfindən ümumi dəyəri 4874561,70 manat məbləğində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi müəyyən edilərək qanun pozuntusu faktı 21.10.2020-ci il tarixli akt tərtib edilməklə rəsmiləşdirilmişdir. İşin faktiki halları ilə əlaqədar olaraq bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş yazılı məlumatda 01.01.2020-ci il tarixdən 13.10.2020-ci il tarixədək invoicc dəyəri 361517,29 manat, gömrük dəyəri 384504,89 manat, gömrük xidmət haqqı 44511,96 manat dəyərində mal idxal edildiyi, həmin malların 99280,20 manat (ƏDV-siz) dəyərində hissəsinin elektron qaimə ilə, 4130502,11 manat (ƏDV-siz) dəyərində hissəsinin isə nəzarət-kassa aparatı vasitəsi ilə (alıçılara ödəniş çeki verilməklə) təqdim edildiyi, malların bir hissəsinin satışının elektron qaimə tərtib edilməklə deyil, nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsi həmin malların bəzilərinin pərakəndə satışı və malların alıcılarının vergi uçotunda olmamaları səbəbindən həyata keçirildiyi bildirilmişdir. Lakin işin hüquqi hallarına gəldikdə isə bildirmişdir ki, iddiaçının vergi orqanına təqdim etdiyi 24.09.2018-ci il tarixli yerli investisiyalı məhdud məsuliyyəti cəmiyyətinin eqeydiyyat ərizəsinə (qeydiyyat nömrəsi: **********923400) əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 46901 kod altında “ixtisaslaşdırılmış topdansatış” kimi qeyd edilmişdir. Eyni zamanda 12.12.2020-ci il tarixdə təqdim edilmiş məlumat dəyişikliyi haqqında arayışda 52101 kod altında “saxlama və anbarlara yığma” fəaliyyət sahəsi də əlavə edilmişdir. Vergi orqanına təqdim edilmiş məlumatlardan görünür ki, iddiaçı vergi orqanında dövlət qeydiyyatına alındığı tarixdən “ixtisaslaşdırılmış topdansatış” fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıcılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı tərəfindən ümumi dəyəri 4874561,70 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 487456,17 (487456,17 x10%) maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən yoxlama anında riayət edilib-edilməməsini yoxlamaq üçün həyata keçirilən nəzarət tədbiridir və 21.09.2020-ci il tarixli, **********7079 nömrəli qərardan müəyyən olunur ki, tədbirin 22.09.2020-ci il tarixdən 21.10.2020-ci il tarixləri aralığında keçirilməsi zamanı nəzarət tədbirinin əvvəlki tarixin əməliyyatlarına şamil edilməsi yolverilməzdir. 22.09.2020-ci il tarixdən 21.10.2020-ci il tarixləri aralığında keçirilməsi zamanı nəzarət tədbirinin əvvəlki tarixin əməliyyatlarına şamil edilməsi yolverilməzdir. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-materiai ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan- və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi. Vergi Məcəlləsinin 50.1.14-ci maddəsinə əsasən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Vergi Məcəlləsinin 50.1.1- 50.1.14-cü maddələrində məhkəmənin istinad etdiyi hallar nəzərdə tutulmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. İddiaçının apelyasiya şikayətinə dair etirazı: Cavabdeh vergi orqanı tərəfindən cəmiyyətə məxsus təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və 4874561,70 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda elektron qaimə-faktura verilmədən vergi ödəyicilərinə təqdim edilməsi aşkar edilmişdir. Cavabdeh tərəfindən operativ vergi nəzarəti keçirilən gün (12.10.2021-ci il tarixdə) cəmiyyətə məxsus obyektdə 4874561,70 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2020-ci ilin yanvar ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri Nəzarət kassa aparatına mədaxil edilmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Sadalanan normalardan aydın olduğu kimi, mallar alıcıya son istehlak məqsədi ilə təqdim edildiyi halda həmin fəaliyyət pərakəndə, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçiin təqdim edildiyi halda isə həmin fəaliyyət topdansatış fəaliyyəti hesab edilir. Vergi ödəyicisi malların (işlərin, xidmətlərin) alıcılarına alınan pulun müqabilində pərakəndə ticarət fəaliyyəti zamanı nəzarət-kassa aparatının çekini, topdansatış fəaliyyəti zamanı isə elektron qaimə-faktura təqdim etməyə borcludur. Pərakəndə ticarət fəaliyyəti zamanı elektron qaimə-fakturanın təqdim edilməsi yalnız malın (işin, xidmətin) alıcısı tələb etdiyi halda, məcburi xarakter daşıyır. "xxxx" MMC isə həm pərakəndə, həm də topdansatışı fəaliyyəti ilə məşğul olur və malları istehlak məqsədi ilə aldığını qeyd edən şəxslərə nəzarət kassa aparatının çekini, satış məqsədilə aldığını qeyd edən şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Buna baxmayaraq cavabdeh vergi orqanı özünü istehlakçı qismində təqdim edən şəxslərə satılmış və dəyəri nəzarət kassa aparatına mədaxil edilmiş malları elektron qaimə-faktura təqdim edilmədən satılmış mallar kimi qiymətləndirmişdir. Halbuki, qanunverici yalnız topdansatış fəaliyyəti zamanı, yəni malı alan şəxs həmin malı sahibkarlıq fəaliyyəti üçün, başqa sözlə desək yenidən satış, emal və digər məqsədlər üçün aldığı zaman ona elektron qaimə-fakturanın təqdim edilməsini vergi ödəyicisinin vəzifəsi kimi təsbit etmişdir. Qeyd edilənlərə əsasən, hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən iddianın təmin edilməsinə dair düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qanuni məhkəmə qərarının ləğvinə əsas ola bilməz. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin direktoru Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi nəticəsində tətbiq edilmiş maliyyə sanksiyası barədədir. Belə ki, işdən görünür ki, cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21.09.2020-ci il tarixli **********7079 nömrəli qərarına əsasən, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolu ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmışdır. Qərarda nəzarətin keçirilməsi müddəti 22.09.2020-ci il tarixdən 21.10.2020-ci il tarixədək (21.10.2020-ci il tarixi daxil olmaqla) qeyd olunmuşdur. İş materiallarının 47-ci səhifəsində olan 12.10.2020-ci il tarixli akta əsasən, həmin tarixdə iddiaçıya məxsus anbarda operativ vergi nəzarətinin həyata keçirilməsi başlanılmış, vergi ödəyicisinin 2020-ci ilin 9 ayı ərzində vergi orqanına təqdim etdiyi bəyannamələrin, eləcə də vergi ödəyicisi tərəfindən digər vergi ödəyicilərinə təqdim olunmuş e-qaimə fakturaların cəmi məbləği ilə fərq yarandığına görə, vergi nəzarəti başladıqdan sonra anbarda qeydiyyatda olan (...) yeni nəsil kassa aparatından 01.01.2020-13.10.2020-ci il tarixləri aralığında qısa fiskal hesabatlar alınmışdır. Qeyd olunmuş dövr üçün NKA-lardan alınmış qısa fiskal hesabatların cəmi məbləği (ƏDV-li) 4874561,70 manat təşkil etmişdir. Vergi ödəyicisinin qeyd olunan dövr ərzində ümumi dövriyyəsinin yalnız 99,280.20 manat hissəsi e-qaimə fakturası əsasında topdansatışla həyata keçirilmişdir. Bu fakt vergi ödəyicisinin e-qaimə faktura təqdim etmədən malların topdansatış qaydasında təqdim etməsi riski kimi qiymətləndirilmişdir. Bununla bağlı şirkətin rəhbərliyindən yoxlamanın nəticəsi olaraq izahat alınmış və o, satılan malların bir qisminin fiziki şəxslərə kassa mədaxil orderi, hüquqi şəxslərə satılan malların isə qaimə hesab fakturası əsasında rəsmiləşdirilməsini bildirmişdir. Bundan sonra keçirilmiş tədbirin nəticəsi olaraq cavabdeh tərəfindən 12 oktyabr 2020-ci ildə 001123 saylı akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, 12.10.2020-ci ildə İddiaçı MMC-nin anbarında ümumi dəyəri 4.874.561.70 manat məbləğində malların e-qaimə faktura tərtib edilmədən satışın həyata keçirilməsi müəyyən edilmişdir. (i.v.41-42) Qeyd olunanlara əsasən cavabdeh tərəfindən qəbul edilmiş 10 dekabr 2020-ci il tarixli **********4017 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən iddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 487456,17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. İşə baxan birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Cavabdeh qərarla razılaşmamış və öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı vergi orqanında dövlət qeydiyyatına alındığı tarixdən “ixtisaslaşdırılmış topdansatış” fəaliyyəti ilə məşğul olmuşdur. Bu fəaliyyətlə məşğul olan iddiaçı tərəfindən VM-in 13.2.63cü maddəsinə əsasən elektron-qaimə faktura təqdim edilməklə ticarət fəaliyyəti həyata keçirilməlidir. Cavabdehin mövqeyinə görə (iş materiallarının 47-ci səhifəsinə əlavə olunmuş 12.10.2020-ci il tarixli aktda da qeyd olunmuşdur) iddiaçının pərakəndə qaydada apardığı ticarət vergi ödəyicisinin e-qaimə faktura təqdim etmədən malların topdansatış qaydasında təqdim etməsi riski kimi qiymətləndirilmişdir. Mübahisəli ilə bağlı kollegiya cavabdehin dəlilləri ilə aşağıdakılara əsasən razılaşmır. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki işdə bir halda ki, cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, bunu konkret sənədlərlə, dəlillərlə sübut etməlidir. İddiaçının nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilmiş həmin malların bəzilərinin pərakəndə satışı və malların alıcılarının vergi uçotunda olmamaları bildirdiyinə qarşı, əslində həmin alıcıların vergi ödəyicisi olmasını sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır, əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Həmçinin, kollegiya qeyd edir ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Bundan əlavə, qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən, vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Bununla bağlı kollegiya qeyd edir ki, pərakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bilirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olması barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Eyni zamanda, cavabdeh apelyasiya şikayətində bildirir ki, iddiaçının məlumat bazasında əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilmişdir. Eyni zamanda 12.12.2020-ci il tarixdə təqdim edilmiş məlumat dəyişikliyi haqqında arayışda 52101 kod altında “saxlama və anbarlara yığma” fəaliyyət sahəsi də əlavə edilmişdir. Bununla əlaqədar olaraq kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus “Hüquqi şəxslərin məlumat dəyişikliyi barədə” arayışdan görünür ki, iddiaçının faəliyyət növləri “SAXLAMA VƏ ANBARLARA YİĞMA” və “İXTİSASLAŞDİRİLMAMİŞ TOPDANSATİŞ(əsas)” olmuşdur. Həmçinin, vergi ödəyicisi haqqında məlumatdan görünür ki, iddiaçıya məxsus Xırdalan şəhəri Bakı-Sumqayıt yolu ünvanında yerləşən ANBAR təsərrüfat subyektində quraşdırılmış MERKURİ-112F markalı 05082348 zavod nömrəli Nəzarət kassa aparatı 17.10.2018-ci ildə vergi orqanında qeydiyyatdan keçirilmişdir. 15.09.2020-ci il tarixdə isə həmin təsərrüfat subyektində SUNMİ VİS markalı VS43204P61545 zavod nömrəli Nəzarət kassa aparatı qeydiyyatdan keçirilmişdir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğuıl olmasına razılığını ifadə edir. Beləliklə, məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, iddiaçıya operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(118)-643/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar