Məhkəmə qərarları › İş №2-1(105)-570/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-570/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-570/2023 22.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Xaçmaz rayonu Xudat bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı Şahərəm oğlu və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xaçmaz rayonu Xudat bələdiyyəsinə qarşı “X7 Xudat bələdiyyəsi tərəfindən 2000-ci ildə verilmiş torpaqların alqı-satqısına dair aktın qeyri-qanuni hesab edilməsi və ləğv edilməsi, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində qeydiqanuni şəkildə quraşdırılmış köşkün sökülməsi və başqa yerə köçürülməsi”nə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2179/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Xaçmaz rayonu Xudat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək X7 Xudat bələdiyyəsi tərəfindən 2000ci ildə verilmiş torpaqların alqı-satqısına dair aktın qeyri-qanuni hesab edilməsi və ləğv edilməsi, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində qeydi-qanuni şəkildə quraşdırılmış köşkün sökülməsi və başqa yerə köçürülməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı massivdə M.F.Axundov küçəsində vətəndaş X9 evinə gedən yolda meyvə-tərəvəz ticarəti ilə məşğul olmaq məqsədi ilə metal konstruksiyalardan qeyri-qanuni şəkildə köşk quraşdırmışdır. Həmin köşk Xudat bələdiyyəsinin Torpaqların alğı-satqısına dair aktı (bundan sonra - “Akt”) ilə 2000-ci ildə satın alınmışdır. Qeyd edilən aktda onun imzalandığı tarix qoyulmamışdır. Hesab edir ki, qeyd edilən Akt qeyri-qanunidir, çünki onun dövlət, bələdiyyə orqanlarının verdiyi sənədlərdə məcburi rekvizit olan qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi məlum deyil, yəni o, hüquqi qüvvəyə malik olan sənəd hesab oluna bilməz. Bundan əlavə, X4 qeyd edilən köşkə dair mülkiyyət hüququnu təsdiq edən və yanaşı sənədlər (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarış və texniki pasport) yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2179/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İsmayıl Quliyev) Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün mümkün sayılması barədə yeni qərardad edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbində yol verilmiş formal xətaların aradan qaldırılması üçün yardım etmə vəzifəsini icra etməmişdir. Əslində o metal konstruksiyalı köşkün yerləşdirilməsinə səbəb olmuş Xudat bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı qərarını mübahisələndirmişdir. Həmin qərar da inzibati aktdır və yalnız inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şahərəm oğlu da apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi müvafiq bələdiyyə orqanınn başqa şəxsin adına olan torpaq sahəsinin alqı-satqısına dair aktının ləğv edilməsi və müvafiq ünvanda yerləşən köşkün sökülərək, başqa yerə köçürülməsi ilə bağlı olmuşdur. Cavabdeh bələdiyyə orqanı xx.xx.2000-ci il tarixli bələdiyyə qərarı ilə həmin torpaq sahəsinin digər şəxsə satıldığını və həmin əraziyə dair həmin şəxsin sənədlərinin olduğunu, bu barədə həmin vətəndaşlara məlumat verildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq ilk növbədə onu qeyd edir ki, torpaq sahəsinin alqı-satqısına dair müvafiq müqavilə mülki hüquqi müqavilə qismində çıxış etməklə, həmin müqavilənin mübahisələndirilməsi məhz mülki məhkəmə icraatının predmeti qismində çıxış edir. Həmçinin, həmin torpaq sahəsində yerləşən köşkün sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı mübahisəli hüquq münasibətləri də məhz mülkiyyət hüququnun və ya digər hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsi və digər hallarla bağlı olmaqla, inzibati hüquq münasibəti qismində çıxış etməməklə, mülki məhkəmə icraatının predmeti qismində çıxış edir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə işin hallarına düzgün hüquqi qiymət vermişdir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iddiaçının müvafiq bələdiyyə qərarını mübahisələndirməklə bağlı subyektiv hüququ mövcud olmamışdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd olunan müvafiq qərarı mübahisəlndirməklə bağlı subyektiv hüququ o halda mövcud olmuş olardı ki, həmin qərar onun hansısa hüquqlarına və ya maraqlarına (mənafeyinə) toxunmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı özü başqa ərazi ünvan üzrə pasport qeydiyyatındadır, həmin ərazidə yerləşən yaşayış sahəsinin anasına məxsus olduğunu, anasının vəfat etdiyini, miras əmlakın heç kim tərəfindən qəbul edilmədiyini, qardaşı, özünün orada yaşadığını öz izahatında bildirmişdir. Nəticə etibarilə məhkəmə araşdırması zamanı mübabisə predmeti olan torpaq sahəsi və köşkün iddiaçının mülkiyyət hüququ və ya əmlak hüquqları, habelə başqa digər hüquqlarına və ya hansısa maraqlarına toxunması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hallar baxımından da iddiaçının müvafiq bələdiyyə qərarını mübahisələndirməklə bağlı subyektiv hüququ mövcud olmamışdır. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müvafiq qərarı mübahisələndirməklə bağlı subyektiv hüququ işin halları baxımından mövcud olmadığından, onun bununla bağlı məhkəmə tərəfindən hüquqi yardım edilməməsinə dair apellyasiya şikayətinin dəlili də əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2179/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar