Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-570/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1882/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05 nömrəli qərarının surətindən görünür ki, bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədi ilə İddiaçı 0.10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Cavabdehin xx.xx.2023-cü il imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı arxiv arayışının müraciətə əlavə olunmadığı, Masazır bələdiyəsi tərəfindən vətəndaşa 0.10 ha torpaq sahəsinin 14 aprel 2005-ci il tarixli, 05 saylı qərarı ilə ayrıldığı halda, alqı-satqı aktının 02 dekabr 2015-ci il tarixində verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi, həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Masazır bələdiyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DTvə XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6KV) elektirik xəttinin, bir hissəsinin isə Azərsu ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, səlahiyyətli nümayəndəsi vasitəsilə 08 sentyabr 2023-cü il tarixdə ərizə ilə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Abşeron rayonu Masazır kəndində yerləşən ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, cavabdeh inzibati orqan 09 oktyabr 2023-cü ii tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubla onun müraciətini müsbət həll etməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı arxiv arayışının müraciətə əlavə olunmadığı, Masazır bələdiyəsi tərəfindən vətəndaşa 0.10 ha torpaq sahəsinin 14 aprel 2005-ci il tarixli, 05 saylı qərarı ilə ayrıldığı halda, alqı-satqı aktının 02 dekabr 2015-ci il tarixində verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi, həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Masazır bələdiyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DTvə XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6KV) elektirik xəttinin, bir hissəsinin isə Azərsu ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1882/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Nəzərə alınmalıdır ki, yerquruluşu planından çıxarış texniki sənəd olmaqla yanaşı müvafiq daşınmaz əmlakın yerləşdiyi yerin müvafiq kartada əks olunmuş fotogörüntüsüdür. Göründüyü kimi DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsi həmin yerquruluşu planından çıxarışın qanunauyğun qaydada təsdiq edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən göstərilən sonuncu arqument onun mülahizələrinə əsaslanmışdır. Bu onu deməyə əsas verir ki, cavabdehin gətirdiyi 1-ci arqumentin əsassız olmasına dəlalət edir. X5 tərəfindən torpaq sahəsinin xx.xx.2005-ci il tarixdə 05nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının olmaması, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəylərinin qanunamüvafiq qaydada verilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılması ilə bağlı Masazır Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci ildə torpaq sahəsinin ayrılması haqqında qərar vermiş, lakin aktın qanunamüvafiq qaydada tərtib edilməsi Masazır Bələdiyyəsinin əmlak sahibi kimi iradə ifadəsini əks etdirir və işin gedişatına bir o qədər də təsir göstərmir. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi özü-özlüyündə iki tərəfli əqd hesab edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsində nəzərdə tutulmuş maddənin (Bəyənmə) tələbləri baxımından geriyə təsir qüvvəsinə malikdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqumenti əsassızdır. Masazır bələdiyəsinin hesabına torpaq sahəsinin dəyərinin ödənilməsi həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dəlalət edir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilən X1 planından çıxarışdan görünür ki, iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilibedilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdehin gətirdiyi 1-ci arqumentin əhəmiyyətsiz olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Müvafiq sənədlər Abşeron rayon Dövlət arxivindən məhkəmə tərəfindən tələb edilmiş və iş materiallarına əlavə edilmişdir.Bu səbəbdən də cavabdeh təşkilatın 2-ci arqumenti də əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi sonuncu arqumentə yəni, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6KV) elektirik xəttinin, bir hissəsinin isə Azərsu ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşməsi münahibətdə bildirilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmçinin, "xxxx" ASC tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin su xəttinin mühafizə zolağından 6 m məsafədə yerləşir. Eyni zamanda cavabdehin təqdim etdiyi müayinə aktından da görünür ki, mübahisəli torpaq sahəsi 6.67-7.23 m aralığı məsafəsində yerləşir. Bildirilir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 70-ci maddəsinə görə Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq.Belə olan halda cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsini iddiaçının adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxmayaraq iddiaçının tələbinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, yerquruluşu planından çıxarışının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilməməsi iddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair təqdimedilmiş sənədlərin qeyd olunan torpaq sahəsinə dair verilməməsi halını istisna etmir. Belə ki, təqdim edilmiş digər sənədlərdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilməmiş, həmin sənədlərə əsasən torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün deyil. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının
5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.
7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış 0,10 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, araşdırma zamanı soyad dəyişikliyi barədə sənəd, arxiv arayışı əlavə edilməmiş, torpaq sahəsinə dair bələdiyyə qərarının tarixi 14 aprel 2005-ci il olduğu halda, alqı-satqı aktının tarixi 02 dekabr 2015-ci il olduğundan, müvafiq Fərmanla təsdiq edilmiş qaydalara zidd tərtib edilmiş, iddiaçının imzası olmamış, habelə yerquqruluşu planından çıxarış qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmiş, bir hissəsi müvafiq su kəmərinin, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Abşeron rayonu Masazır Bələdiyyəsinin 30 iyul 2003-cü il tarixli 18 №li protokolunun arxiv çıxarışının məzmunundan görünür ki, X7 torpağın müəyyən edilmiş qiymətinin-833193 manat mbləğində vəsaiti bələdiyyənin hesbaına ödəmək şərti ilə bələdiyyənin perspektiv inkişaf sahəsindən fərdi mənzil tikintisi üçün alqı-satqı qaydasında 0,10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 №li sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün X4 adına 0,10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarınad oaln Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindn cavabdeh inzibati orqana ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubun məzmunundan görünür ki, Seyidəliyeva (Budaqova) Zeynəb İslam qızına alqı-satqı qaydasında bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi ev tikmək məqsədilə 0,10 ha torpaq sahəsi satıldığı, onun dəyərinin bələdiyyənin hesbaına ödənildiyini qeyd etmişdir. İş materiallarından görünür ki,sözügedən torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilərək, qeydiyyata alınmış, ahbelə yerquruluşu planından çıxarış tərtib edilərək, bələdiyyə tərəfindən təsdiq edilmiş, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair 15 aprel 2005-ci il tarixli qəbz mövcud olmuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpa shaəsinin alqı-satqı predmeti olması nəzərə alınaraq,satılmasına etiraz edilməmişdir. İş materiallarında olan torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsi naturada mövcuddur, yol və qonşu torpaq sahələri ilə sərhəddir, icazəsiz tikililər yoxdur,şimal-şərq istiqamətindən keçən 6 kv-luq elektrik xətti ilə arasındakı məsafə 3,06 metrdən 3 metr arasında, eyni istiqamətdən keçən su xətti ilə arasındakı məsafə 667 metrlə 7,23 metr arasında dəyişir, torpaq sahəsi ümumi daş hasar daxilində yerləşir, koordinatlar əlavə olunduğu qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının ləğv edilməsi, geri çağrılması və etibarsız hesab edilməsi halı müəyyən edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən isə torpaq sahəsinin ayrılmasına dair sənədlər müvafiq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İndiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi sözügedən torpaq sahəsinə dair müvafiq alqı-satqı aktının tərtib edilmə tarixinin müvafiq bələdiyyə qərarının qəbul edilmə tarixindən fərqli olması, qanunamüvafiq qaydada təsdiq edilməməsi, habelə yerqurulu planından çıxarışın qanunauyğun təsdiq edilməməsi halı iddiaçının təqsiri ilə əhatə olunamamaqla, onun hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Qeyd edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi məhz müvafiq inzibati orqan və qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, iddiaçının konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda həmin torpaq sahəsinə dair arxiv çıxarışı iş materiallarında mövcud olmuşdur. Eyni zamnada, cavabdeh inzibati orqan özü də iznibati icraat çrçivəsində müvafiq quruma sorğu ünvanlamaqla, həmin sənədləri əldə edə bilmə imkanına malik olmuşdur. bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən hissədə də imtina əsası formal xarakter daşımışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin su kəmərinin və yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zolağında yerləşməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları əsasında sözügedən torpaq sahəsinin su kəməri mühafizə zonasında yerləşməsi halı təkzib olunmuşdur. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş məktubun məzmununda qeyd olunan torpaq sahəsinin yerləşdiyi ünvanda "xxxx" ASC-yə məxsus su təchizatı və kanalizasiya sistemləri mövcud olmadığı qeyd edilmişdir. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası digər arqumentlə bağlı qeyd edir ki, yuxarıda istinad edilən Qaydalarda qeyd edilən halın torpaq sahəsinə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hala istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1882/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.