Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-570/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı “Xırt” Birgə Təsərrüfatının direktoru X3 iştirakı ilə, İddiaçı “Xırt” Birgə Təsərrüfatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Aqrar İslahat Komissiyasının 06 aprel 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş Quba rayonu “Təngə” sovxozunun AİK-nın Xırt kəndində “Xırt” birgə təsərrüfatının yaradılması ilə əlaqədar 14 oktyabr 1995-ci il tarixli, 07 saylı qərarı ilə yaradılmış “Xırt” Birgə Təsərrüfatına məxsus 153 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(118)-371/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı “Xırt” Birgə Təsərrüfatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Aqrar İslahat Komissiyasının 06 aprel 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş Quba rayonu “Təngə” sovxozunun AİK-nın Xırt kəndində “Xırt” birgə təsərrüfatının yaradılması ilə əlaqədar 14 oktyabr 1995-ci il tarixli, 07 saylı qərarı ilə yaradılmış “Xırt” Birgə Təsərrüfatına məxsus 153 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(118)-371/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Belə ki, apellyasiya şikayəti, qanunvericiliklə müəyyən olunmuş 30 gün müddət ərzində verilməmişdir. Məhkəmə qərarı 11 mart 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmaqla iddiaçıya məxsus olan elektron kabinetə yerləşdirilsə də, iddiaçı həmin qərardan 15 may 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Qeyd edilənlərlə əlaqədar apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 05 iyun 2025-ci il tarixə məhkəmə iclası təyin edilmişdir. Bununla əlaqədar, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsinə əsasən, məhkəmə kollegiyası tərəfindən iddiaçıya 23 may 2025ci il tarixli məktub göndərilərək, buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi hüququnun olması ona izah olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 19 may 2025-ci il tarixli məktub ünvanlanaraq üzrlü səbəbdən ötürülmüş prosessual müddətin bərpasına dair ərizənin təqdim edilməsi izah olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı prosessual müddətin bərpasına dair ərizə təqdim etməmiş, izahatında bildirmişdir ki, aprelin 4-ü birinci instansiya məhkəməsinin dəftərxanasına yaxınlaşaraq qərarı əldə etmədiyini və elektron kabinet vasitəsilə görə bilmədiyini qeyd etmişdir. Elektron kabineti mövcuddur, lakin aprel ayında 1 aya yaxın elektrik enerjisi olmamış, bu səbəbdən də elektron kabinetdən istifadə edə bilməmişdir. Məhkəmə qərarını 18 aprel 2025-ci il tarixində əldə etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində apellyasiya şikayətinin elektron kabinetə yerləşdirildiyi tarixdən 30 gün müddətində verilməli olduğu barədə hər hansı qeyd etməmişdir. İddiaçı qeyd olunanlara əsasən apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təqdim edilməmiş, həmçinin məhkəmə kollegiyasının iclasında bildirilən dəlillər isə şifahi qaydada olmaqla əsassız olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclasında qeyd olunanlarla bağlı yazılı formada ərizə və ya hər hansı sübut təqdim etməmiş, bununla da qeyd olunan müddət ərzində (məhkəmə qərarının “Elektron məhkəmə” informasiya sistemində iddiaçıya məxsus olan elektron kabinetə yerləşdirildiyi tarixdən 2 ay, 4 gün keçdikdən sonra) apellyasiya şikayətinin təqdim edilməməsi ağlabatan olmamışdır. Kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 9-1.3-cü maddəsi imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 iyul 2019-cu il tarixli, “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.3-cü bəndinə əsasən hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının informasiya sistemində yaradılmış elektron kabinetində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. X4 Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi iddiaçı tərəfindən məhkəmə iclasında elektron kabinetinin mövcud olması faktı təsdiqlənmişdir. Bununla da hazırki halda mübahisələndirilən məhkəmə qərarı iddiaçıya məxsus elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirildiyindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin axımı həmin tarixdən başlanmışdır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı tərəfindən apellyasiya şikayəti məhkəmə qərarının “Elektron məhkəmə” informasiya sistemində iddiaçıya məxsus olan elektron kabinetə yerləşdirildiyi tarixdən 2 ay, 4 gün keçdikdən sonra təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İşdən görünür ki, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmışdır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Sumqayıt İnzibati Məhkəməsi də mübahisələndirilən məhkəmə qərarını iddiaçının elektron kabinetində 11 mart 2025-ci il tarixdə yerləşdirmişdir. Lakin, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra verilmişdir. İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 15 may 2025-ci il tarixdə başa çatmışdır, bununla da şikayətin verilməsi müddəti ötürülmüşdür. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(118)-371/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-570/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-570/2025
05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver