Məhkəmə qərarları › İş №2-1(105)-571/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-571/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-571/2022 08.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “**********26 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Quba şəhərində yerləşən 80 m2 həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)- 1090/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Quba şəhərində yerləşən sahəsi 80 kv.m.olan həyətyanı torpaq sahəsi **********26 reyestr nömrəli çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir.

2. İddiaçı həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin layihələndirilməsini həyata keçirərək həmin layihənin memarlıq-planlaşdırma bölməsini qanunvericiliyə uyğun olaraq məlumatlandırma icraatı qaydasında Quba Rayon İcra Hakimiyyətinə göndərmiş, təqdim etdiyi fərdi yaşayış evinin layihəsinin memarlıqplanlaşdırma bölməsi Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsində təsdiqlənmişdir.

3. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Quba şəhəri ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli bildirişlə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, fərdi yaşayış evi kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilən tikili faktiki olaraq qeyri-yaşayış tiplidir və fəedi yaşayış evi kimi nəzərdə tutulmamışdır. Bildirilmişdir ki, tikilinin tikintialtı sahəsinin 3.0 kv.metr hissəsi sənəd üzrə göstərilən 0.008 ha torpaq sahəsinin cizgisindən kənarda yerləşir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, “**********26 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Quba şəhərində yerləşən 80 m2 həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba şəhərində yerləşən sahəsi 80 kvadrat metr olan həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini o qanunvericiliklə müəyyən edilmiş qaydada Quba Bələdiyyəsindən almışdır. Belə ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməklə Quba Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və bələdiyyənin müvafiq qərarı, həmçinin onunla Quba Bələdiyyəsi arasında bağlanılmış və Qusar rayon notariat ofisi tərəfindən təsdiq edilmiş 23 iyul 2021-ci il tarixli AN-İ N-0955200 saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsi kimi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06 avqust 2021-ci il olmaqla onun xüsusi mülkiyyəti kimi daşınmaz əmalkın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək bu barədə ona reyestr nömrəsi **********26 olan çıxarış verilmişdir. Adı çəkilən hüquqi sənəddə mülkiyyətinə verilmiş torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqələrinin torpaqları olduğu göstərilmişdir. Bundan sonra o torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin layihələndirilməsini həyata keçirərək həmin layihənin memarlıq- planlaşdırma bölməsini qanunvericiliyə uyğun olaraq məlumatlandırma icraatı qaydasında Quba Rayon İcra Hakimiyyətinə göndərmiş, təqdim etdiyi fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsi Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsində təsdiqləndikdən sonra o sözügedən fərdi yaşayış evinin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınması məqsədi ilə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə, cavabdeh onun tikili üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən onun müraciətinə verilmiş 10 yanvar 2022-ci il tarixli,**********42 saylı cavab məktubunda müraciət etdiyi tikilinin faktiki olaraq qeyri-yaşayış tipli olduğu və fərdi yaşayış evi kimi nəzərdə tutulmadığı, həmçinin tikilinin tikintialtı hissəsinin 3,0 kvadrat metr hissəsinin sənəd üzrə göstərilən 80 kvadrat metr torpaq sahəsinin cizgisindən kənarda yerləşdiyi bildirilərək ərizəmin icrasında imtina olunmuşdur. Cavabdehin fərdi yaşayış evi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası tamamilə əsassız və qərəzli sayır. Belə ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməklə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsidir. Bu hal torpaq sahəsinin Quba Bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilməsi zamanı aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən verilmiş müvafiq rəylərdən və digər texniki sənədlərdən aşkar surətdə görülür. Sözügedən torpaq sahəsi Quba Bələdiyyəsinin mülkiyyəti olaraq dövlət qeydiyyatından keçirilməmişdən əvvəl Quba Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən 15 mart 2021-ci il tarixli, 249 saylı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi şöbəsi tərəfindən də 21 iyun 2021-ci il tarixli, 441 saylı rəylər verilmiş, həmçinin "xxxx" MMC Layihə Tədqiqat İdarəsi tərəfindən torpaq sahəsinin Yerquruluşu Planı hazırlanaraq Quba Bələdiyyəsinə təqdim olunmuşdur. Bütün bu sənədlərdə qeyd edilən 80 kvadrat metr torpaq sahəsinin məhz fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi olduğu göstərilmişdir. Nəzərə alınsa ki, onun mülkiyyətinə verilmiş 80 kvadrat metr torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir və həmin torpaq sahəsində inşa edilmiş tikilinin layihəsinin memarlıq-planlaşdırma bölməsi də məhz fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsi kimi Quba Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsində təsdiqlənmişdir, aydm olur ki, cavabdehin tikilinin guya fərdi yaşayış evinə uyğun olmaması barədə bildirdikləri tamamilə əsassızdır. Həmçinin, cavabdehin tikilinin sahəsinin 3 kvadrat metr hissəsinin sənəd üzrə göstərilən 80 kvadrat metr torpaq sahəsinin cizgisindən kənarda yerləşdiyi barədə fikirləri də tamamilə əsassızdır və müvafiq texniki sənədlərlə təkbiz olunur. Göründüyü kimi, bütün bu sadalananlardan cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüququnun dövlət qeydiyyatından imtina etməsinin əsaslarının səhv olduğu anlaşılır. Hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Bu səbəbdən də mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

Cavabdehin etirazının dəlilləri

7. Cavabdeh yazılı etirazını onunla əsaslandırmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, fərdi yaşayış evi kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilən tikili faktiki olaraq qeyri-yaşayış tiplidir və fərdi yaşayış evi kimi nəzərdə tutulmamışdır. Bildirilir ki, tikilinin tikintialtı sahəsinin 3.0 kv.m hissəsi sənəd üzrə göstərilən 0.008 ha torpaq sahəsinin cizgisindən kənarda yerləşir. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2022-ci il tarixli **********42 nömrəli məktubla imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-ci maddəsində göstərilir ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.Göründüyü kimi, bu normada məhdudiyyət və yüklülüklərə riayət olunmasının vacibliyi vurğulanır (“Torpaq sahəsi mülkiyyətdə olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.”) Göründüyü kimi, tikilinin bir hissəsi sənəd üzrə olan torpaq sahəsindən kənarda yerləşir və həmin torpaq sahəsinin hissəsi iddiaçının mülkiyyətində deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1090/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi memarlıq-planlaşdırma bölməsində göstərilən ölçülərə əsasən inşa edilib və fərdi yaşayış evinin altında olan torpaq sahəsi rəsmiləşdirildikdən sonra iddiaçının sahibliyinə verilmişdir.

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1090/2022 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

13. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: M a d d ə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

17. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

19. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Quba şəhərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

24. İş materialları ilə müəyyən olunur ki, Quba şəhərində yerləşən sahəsi 80 kv.m. olan həyətyanı torpaq sahəsi **********26 reyestr nömrəli çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin layihələndirilməsini həyata keçirərək həmin layihənin memarlıq-planlaşdırma bölməsini qanunvericiliyə uyğun olaraq məlumatlandırma icraatı qaydasında Quba Rayon İcra Hakimiyyətinə göndərmiş, təqdim etdiyi fərdi yaşayış evinin layihəsinin memarlıqplanlaşdırma bölməsi Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsində təsdiqlənmişdir. İddiaçı sözügedən fərdi yaşayış evinin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınması məqsədi ilə cavabdehə müraciət etdikdə, cavabdeh onun tikili üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər sözügedən fərdi yaşayış evinin faktiki olaraq qeyri-yaşayış tipli olması, habelə onun fərdi yaşayış evi kimi nəzərdə tutulmadığı və tikilinin tikintialtı hissəsinin 3,0 kvadrat metr hissəsinin sənəd üzrə göstərilən 80 kvadrat metr torpaq sahəsinin cizgisindən kənarda yerləşməsi ilə bağlı olmuşdur.

25. Birinci instansiya məhkəməsi cavabdehin imtinasının və etirazının qeyd edilən dəlilləri ilə əlaqədar iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısına müvafiq suallar qoyulmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1967 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində mübahisə edilən tikilinin fərdi yaşayış evi olduğu və həmin tikilinin "xxxx" MMC Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin Yerquruluşu Planında göstərilmiş 0.008 ha torpaq sahəsindən kənarda yerləşmədiyi göstərilmişdir.

26. İşin qeyd edilən halı ilə əlaqədar kollegiya qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin memarlıq-planlaşdırma bölməsində göstərilən ölçülərə əsasən inşa ediməsi və onun məhz fərdi yaşayış evi olması müvafiq sahəsni tənzimləyən normalara (Mənzil Məcəlləsi, “İnşaat norma və Qaydaları”) istinad edilməklə tərtib edilmiş ekspert rəyi ilə öz təsdiqini tapdığından cavabdeh inizbati orqanın imtinasının hazırkı apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlilləri öz təsdqini tapmamışdır.

27. İmtinanın digər əsasına, tikilinin tikintialtı hissəsinin 3.0 80 kv.m. hissəsinin sənəd üzrə göstərilən 80 kv.metr torpaq sahəsinin cizgisindən kənarda yerləşməsi ilə bağlı dəlilə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməklə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsidir. Bu hal torpaq sahəsinin Quba Bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilməsi zamanı verilmiş müvafiq rəylərdən və digər texniki sənədlərlə öz təsdqini tapır. Həmin torpaq sahəsi Quba Bələdiyyəsinin mülkiyyəti olaraq dövlət qeydiyyatından keçirilməmişdən əvvəl Quba Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən 15 mart 2021-ci il tarixli, 249 saylı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsi tərəfindən də 21 iyun 2021-ci il tarixli, 441 saylı rəylər verilmiş, həmçinin "xxxx" MMC tərəfindən torpaq sahəsinin Yerquruluşu Planı hazırlanaraq Quba Bələdiyyəsinə təqdim edilmişdir. Həmin sənədlərdə qeyd edilən 80 kv.metr torpaq sahəsinin məhz fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi olduğu göstərilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə mübahisə edilən tikilinin məhz fərdi yaşayış evi olduğu və həmin tikilinin sənəd üzrə göstərilən 0.008 ha torpaq sahəsi üzərində inşa edildiyi, həmin tikilinin torpaq sahəsindən kənar ərazinin əhatə etmədiyi müyyən edilmişdir. Belə olan halda, məhkəmə araşdırması zamanı cavabdehin ikinci dəlili də öz təsdiqini tapmamış olur.

28. Belə olan halda məhkəmə kollegiyası cavabdeh inzibati orqanın hüquqi statusu və səlahiyyətləri baxımından onun imtinasının müvafiq dəlillərini əsassız hesab edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edərək qeyd edir ki, istinad olunan Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsində d, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarətin hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı (Fövqəladə Hallar Nazirliyi) həyata keçirir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından iddiaçının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl etməklə inşa etdiyi daşınmaz əmlakla bağlı təqdim etdiyi müvafiq sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2. və 10.2.1-ci maddələrinə əsasən, həmin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatdı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı deyildir.

30. Məhkəmə kollegiyası eyni zamana qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1090/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar