Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-571/2023 06.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X11 qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 28 sentyabr 2022-ci il tarixli **********256400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dair iddia üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 15(118)-20/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər İdarəsinə qarşı «cavabdeh tərəfindən qəbul edilmiş 28 sentyabr 2022-ci il tarixli, **********256400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. X2 həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilən iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2022-ci il tarixli, **********256400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarnın icrasının dayandırılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni dəqiqləşdirərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2022ci il tarixli, **********256400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarla hesablanmış borc məbləğinin 105 faiz həcmində dondurulması istisna olmaqla qərarın icrasının qalan hissədə dayandırılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********256400 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibatı Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən gələcəkdə yaranacaq maneələrin aradan qaldırılması üçün müvəqqəti xarakterli tədbirlər görülməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli 15(118)-20/2023 nömrəli qərardadı ilə ərizənin təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər İdarəsi tərəfindən X2na hesablanmış borc məbləğinin 105 faiz həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, qəbul edilmiş 28 sentyabr 2022-ci il tarixli, **********256400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın icrasının qalan hissədə dayandırılması qərara alınmışdır. Qərardaddan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər İdarəsi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Qanunverici vergi orqanı tərəfindən kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi kimi verilən sərəncamın iki növünü fərqləndirmişdir: 1)borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam, 2) borc məbləğinin dövlət büdcəsinə alınması haqqında sərəncam. Eyni zamanda Vergi Məcəlləsinin 65.2 və 65.2.1-ci maddələrinin məzmununa əsasən müvafiq borc məbləği vergi orqanları tərəfindən hesablandıqda kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə həmin məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında, müvafiq borc məbləği vergi ödəyicisi tərəfindən hesablandıqda və ya yazılı razılığı olduqda isə dövlət büdcəsinə alınması (silinməsi) haqqında sərəncam verilir. Qeyd olunanlardan belə nəticə əldə olunur ki, hər hansı vergi borcu vergi orqanı tərəfindən hesablandığı halda, vergi orqanı kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxsə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam verir və həmin hesablama ilə bağlı məhkəməyə şikayət verildiyi halda sərəncam yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin qərara uyğun olaraq icra edilir. Həmçinin, Məcəllənin 23.1.7-ci maddəsinə əsasən Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüququ kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi məhkəmə vergi orqanının qanundan irəli gələn hüquqlarını “borc məbləğinin 105 faiz həcmində pul vəsaitlərinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, qəbul edilmiş 28 sentyabr 2022-ci il tarixli, **********256400 nömrəli qərarın icrası dayandırılmasını qadağan edərkən qanunvericiliyin tələbini birbaşa pozmuşdur. Eyni zamanda məhkəmənin “mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimlənmə zəruridir. Vergi orqanının mübahisəli qərarının icrasına yönələn digər hərəkətlər ərizəçinin vəsaitinin onun hesabından silinməsi ilə nəticələnə, yaxud onun hesabına pul vəsaitinin daxil olmasınamane ola bilər ki, mübahisənin onun xeyrinə olacağı təqdirdə ərizəçinin hüquqlarının qorunması mümkün olmaya və xeyli dərəcədə çətinləşə bilər” dəlilinə münasibətdə isə bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadın qəbul edilməsini zəruri edən faktiki və hüquqi hallar əsaslandırılmamış və məhkəmə inzibati aktın icrasının dayandırılması nəticəsinə gələrkən İPM-nin 43.1-ci maddəsində göstərilən əsasların mövcud olmamasını nəzərə almamışdır. Halbuki İPM-nin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, ərizəçi vergi orqanının yuxarıda adı qeyd olunan qərarla hesablanmış borc məbləğinin 105 faiz həcmində dondurulması istisna olmaqla qərarın icrasının qalan hissədə dayandırılmasının cavabdehə qadağan edilməsinə dair tələblər irəli sürmüşdür. Birinci instansiya məhkəməsi ərizəni təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən vergilərin hesablanması ilə bağlı qərarlar inzibati akt hesab olunsa da, inzibati icraat haqqında qanunvericilik həmin münasibətlərə şamil edilsə də, vergi qanunvericiliyində həmin qərarlarla bağlı yaranmış borcların alınması mexanizmi konkret olaraq müəyyən edilmiş və eyni zamanda hüquqi müdafiə vasitələri də göstərilmişdir. Hesabdakı vəsaitin dondurulması həmin vəsaitin vergi ödəyicisi tərəfindən hesabdan kənarlaşdırılmayacağına dair vergi orqanına verilmiş bir təminatdır və əgər vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə vergi ödəyicisinin özü əlavə hesablanmış məbləğin (əgər həmin məbləği könüllü olaraq ödəməmişdirsə) 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İPM-nin müddəalarına əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. (40.1) Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. (40.3) İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. (41.1) İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər (İPM-in 42.2-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin mahiyyəti üzrə araşdırılması sübutların hərtərəfli tədqiq edilməsini, onlara hüquqi qiymət verilməsini və həmin qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunun ortaya çıxarılmasını zəruri edir. Göründüyü kimi, işin hazırkı mərhələsində iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, işin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı aydın deyil. Bu səbəbdən İPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmək qeyri-müəyyəndir. Belə olan halda İPM-in 41.2-ci maddəsində ikinci cümlədə olan vəziyyət nəzərdən keçirilməlidir, yəni iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Bu vəziyyətdə müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilərkən hər iki tərəfin hüquqi mənafeyi nəzərə alınmalıdır. Vergi Məcəlləsinə əsasən, hesablanmış vergi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanına bir sıra hüquqlar verilmişdir. Belə ki, Məcəllədə vergi ödəyicisinin əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq (maddə 23.1.8 və 89-90), vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq (maddə 23.1.8), borcların dövlət büdcəsinə alınması haqqında banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək (maddə 65.2.1), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək (maddə 23.1.15-3), o cümlədən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək (maddə 65.2) kimi hüquqları təsbit olunmuşdur. Bundan əlavə, vergi ödəyicisinin də qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (maddə 16.1.1), o cümlədən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək (maddə 16.1.11-2) kimi vəzifələri vardır. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir və qanunvericilikdə nəzərdə tutulmuş vacib bir prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. Qeyd olunmalıdır ki, inzibati aktın mübahisələndirilməsi onun icrasının dayandırılmasına əsas vermir (İPM-nin 41-ci maddəsi). Başqa sözlə, inzibati aktın mübahisələndirilməsi onun icrasından irəli gələn tədbirləri görməyi inzibati orqana qadağan etməməklə yanaşı, həmin inzibati aktın yönəldiyi şəxsləri də onun icrasını təmin etmək vəzifəsindən azad etmir. Lakin qanunverici nəzərə alır ki, elə hallar ola bilər ki, inzibati aktın icrasına yönələn hərəkətlərin davam etdirilməsi (və ya icrası ilə bağlı konkret hansısa tədbirin görülməsi) tərəfi elə bir əlverişsiz vəziyyətə sala bilər ki, iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra (iddianın təmin olunduğu halda) iddiaçının (ərizəçinin) hüquqlarının müdafiəsi mümkünsüz ola bilər və ya xeyli çətinləşər. Məhz bu səbəbdən inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri barədə institutu təsbit etmişdir. Birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddianın uğurluluq ehtimalı hazırda aydın olmasa da (İPM-in 41.2-ci maddəsinin 2-ci cümləsi), ərizəçinin ən azından inzibati aktın icrasının dayandırılmasına olan marağının üstün qüvvəyə malik olduğunu qanunverici Vergi Məcəlləsinin 63.2-ci maddəsində təsbit etmişdir. Həmin normanın tələbinə əsasən, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Hazırkı işdə ərizəçi vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə onun tərəfindən Vergi Məcəlləsinin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verdiyindən (maddə 65.2.1.2), həmin qərarın icrasına yönələn hərəkətlərin (görülən tədbirlərin) qadağan edilməsini tələb etməkdə vergi ödəyicisi (ərizəçi) haqlıdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, həmçinin nəzərə alır ki, mübahisələndirilən qərar üzrə hesablanmış vergilərin tutulması ilə bağlı vergi orqanının vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqları, eyni zamanda, vergi ödəyicisinin mübahisələndirilən qərarla müəyyən edilmiş vergi öhdəliyinin icrası Vergi Məcəlləsinin 65.2-ci maddəsi ilə təmin edilir. Həmin normaya görə, vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir ki, hazırkı işdə də vergi orqanının həmin təminat üsulundan istifadə imkanı məhdudlaşdırılmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli 15(118)-20/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-571/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-571/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver