Məhkəmə qərarları › İş №2-1(105)-571/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-571/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-571/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu(sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Əsədova Lalə Rəşid qızının mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2- 1(118)-61/2024 nömrəli qərarından üçüncü şəxs Əsədova Lalə Rəşid qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ RX seriyalı, **********34-05101-093012 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 5 saylı evdə yerləşən 1 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı üçüncü şəxs Əsədova Lalə Rəşid qızının qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Əsədova Lalə Rəşid qızı ünvan 1 ünvanında qeydiyyatdadır. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Əsədova Lalə Rəşid qızı xx.xx.2001-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-158/2022 saylı qətnaməsindən ilə Əsədova Lalə Rəşid qızının İddiaçı qarşı mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-158/2022 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Əsədova Lalə Rəşid qızının mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5, 1 saylı mənzil iddiaçının mülkiyyətindədir. Əsədova Lalə Rəşid qızı onun atasının ikinci həyat yoldaşı olmuşdur. İddiaçının atası 2015-ci ildə vəfat etdikdən sonra L.Əsədova Rusiyaya köçüb getmiş, həmin vaxtdan mübahisəli mənzildə yaşamır. 2017-ci ildə mənzil vərəsəlik yolu ilə iddiaçının mülkiyyətinə keçmişdir. L.Əsədovanın mənzilə olan qeydiyyatı formal xarakter daşıyır. O, Əsədova Lalə Rəşid qızının qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Sumqayıt şəhər Polis idarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubu ilə vətəndaşın pasport qeydiyyatından çıxarılmasına imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Əsədova Lalə Rəşid qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(118)-61/2024 nömrəli qərarı ilə iddia təmin edilərək Əsədova Lalə Rəşid qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşamadığından onun qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə üçüncü şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasa da, qanuni qüvvədə olan qətnamə ilə üçüncü şəxsin mənzildən istifadə hüququnun olmaması müəyyən edildiyindən, cavabdeh iddiaçının müraciəti əsasında üçüncü şəxsi mənzildən qeydiyyatdan çıxarmaqda səlahiyyətli olmuşdur. Üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüququ mövcud olmadığından onun qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs Əsədova Lalə Rəşid qızı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Hazırkı mübahisə ümumiyyətlə inzibati məhkəmədə baxıla bilməz, çünki burda onun mənzildə istifadə hüququnun itirilməsi kimi hüquqa dair mübahisə var. Bu məsələ ümumi məhkəmədə həll edilib hüquqi qiymətini almayana qədər inzibati məhkəmə qeydiyyat məsələsini həll edə bilməz və polis idarəsi haqlı olaraq iddiaçının ərizəsini təmin etməmişdir. Lakin buna və yazılı etirazına baxmayaraq məhkəmə hüquqa dair mübahisənin olmasına hüquqi qiymət verməmiş və mümkünlük məsələsini düzgün həll etməmişdir. Ona görə də belə hesab edir ki, hazırkı qərar ləğv edilməli və iddia mümkünsüz sayılmalıdır. Bundan əlavə, məhkəmə iddiaçı ilə ümumi məhkəmədə mübahisəli mənzilə köçürmə iddiasına dair qəbul edilmiş məhkəmə qətnamələrinə istinad edərək belə hesab etmişdir ki, buna əsaslanaraq onun qeydiyyatdan çıxarılması mümkündür, lakin məhkəmənin gəldiyi bu nəticə qanunsuz olmuşdur. Belə ki, məhkəmənin istinad etdiyi qətnamələrdə göstərilmişdir ki, uzun müddət mənzildə yaşamamağı onun həmin mənzildən istifadə hüququnun xitamı ilə nəticələnir. Bu isə o demək deyildir ki, heç bir məhkəmə qətnaməsi olmadan onun mənzildən istifadə hüququna xitam verilə bilər və məhkəmə qaydasında onun hüququna xitam verilmədən mənzildən qeydiyyatı ləğv edilə bilər. Ona görə də belə hesab edir ki, bu halda da məhkəmənin qərarı qanunsuz olmuşdur və ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh Sumqayıt şəhər Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasına onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs isə gəlməməyi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iddiaçının dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə pasport qeydiyyatında olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, hazırkı işdə üçüncü şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasa da, qanuni qüvvədə olan qətnamə ilə üçüncü şəxsin mənzildən istifadə hüququnun olmaması müəyyən edildiyindən, cavabdeh iddiaçının müraciəti əsasında üçüncü şəxsi mənzildən qeydiyyatdan çıxarmaqda səlahiyyətli olmuşdur. Üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüququ mövcud olmadığından onun qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır. Məhkəmə üçüncü şəxsin istifadə hüququnun olmamasını qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İşin hallarından görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil iddiaçının mülkiyyətindədir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayış evində qeydiyyatda olan digər şəxslər Əsədova Lalə Rəşid qızı və X3r. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Əsədova Lalə Rəşid qızı xx.xx.2001-ci il tarixdən hazıradək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-158/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Əsədova Lalə Rəşid qızının cavabdeh İddiaçı qarşı Sumqayıt şəhəri, 6-cı mkr., ev 5 ünvanında yerləşən 1 saylı mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilmiş və qətnamə 03 avqust 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, “iddiaçı Əsədova Lalə Rəşid qızı cavadeh İddiaçı atası X6 ilə 1988-ci ildə nikaha daxil olmuşlar. xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil ünvan 6 Order əsasında X4 ayrılmışdır. xx.xx.2010-cu il tarixdə yuxarıda qeyd edilən mənzil Əsədova Lalə Rəşid qızının razılıqı əsasında X2 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X6 ilə Əsədova Lalə Rəşid qızı arasında olan nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur. X6 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölmüşdür. Bundan sonra Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil, ünvan 7 tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı Əsədova Lalə Rəşid qızı ünvan 1 ünvanında 1990cı ildən hal-hazıradək qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır, hal-hazırda Respublika hüdudlarından kənardadır, digər dövlətdə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. İddiaçı mübahisəli mənzildən nikahı pozulduqdan sonra istifadə etməsədə, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır. İddiaçı Əsədova Lalə Rəşid qızının mülkiyyətində Sumqayıt şəhəri, 6-cı mkr, bina 11A-da 166 saylı mənzil olmuş və həmin mənzil onun tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır. İddiaçının cavabdehlə hər hansı bir etibarlı ailə əlaqələri mövcud deyil, iddiaçının yaşayış sahəsinə olan ehtiyacını cavabdehin evindən istifadə etməklə qarşılamaq məcburiyyəti yoxdur. İddiaçının mübahisəli mənzildən istifadə etmə ilə əlaqədar hüquqları aradan qalxmışdır, mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən iddiaçının istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir”. Göründüyü kimi üçüncü şəxsin iddiaçının mülkiyətində olan mənzilə köçürülmə iddiası təmin edilməmiş, məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə üçüncü şəxsin mənzildən istifadə hüququnun olmadığı müəyyən edilmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublilası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti baxımından hesab edir ki, mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə hər hansı əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması qaydasının qanunverici tərəfindən təkmilləşdirilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdirki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini rəhbər tutaraq vurğulayır ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşamadığından onun qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin iddiaçının mülkiyətində olan mənzilə köçürülmə iddiasının təmin edilməməsi və həmin məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə üçüncü şəxsin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi isə iddianın tam olaraq əsaslı olduğunu göstərir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşamadığı halda həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmasına hüquqi əsas olmadığından, iddiaçı hazırki tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(118)-61/2024 nömrəli qərarından qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar