Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-572/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı ona təyin edilmiş yaşa görə əmək pensiyasının 2021-ci ilin aprel ayından bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1512/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq, xx.xx.2014-cü il tarixdən ona yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə pensiya ilə bağlı müraciətinə əsasən xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, sonradan 2021-ci ilin aprel ayından, pensiya işindəki şəxsiyyət vəsiqəsinin verilmə tarixinin xx.xx.2017-ci il olduğu əsas gətirilərək ona verilən əmək pensiyası əsassız olaraq dayandırılmışdır. İddiaçı bununla bağlı cavabdehə, eləcə də əlaqədar orqanlara ərizə ilə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. O, xx xxxx 1954-cü il tarixdə Xaçmaz şəhərində anadan olmuş, 1979-cu ildən 1994-cü ilə kimi Xaçmaz MRX-nın Vərəm Dispanserində 15 il sanitar işləmiş, onunla birlikdə işləyən iş yoldaşları, güzəştli şərtlərlə 45 yaşında pensiyaya çıxmış və xəstəxananın vərəm dispanserində işlədiyinə görə onun yaşa görə əmək pensiyası xx.xx.2014-cü ildən deyil, xx.xx.2017-ci il tarixdən təyin edilməli idi. Belə ki, 01 iyul 2017-ci il tarixindən Xaçmaz şəhəri sakinidir. Xəstəliyi ilə bağlı böyrək köçürülmə əməliyyatı ilə əlaqədar İsrail dövlətinə getmiş və orada yaşayan qızının, qohumlarının köməyi ilə Flippinin Manila şəhərində əməliyyat keçirilib bir böyrəyi dəyişdirilmişdir. Böyrək əməliyyatı ilə bağlı Xaçmaz şəhərində doğulduğu və yaşadığı evi satmışdır. Quba şəhəri, Qırmızı qəsəbə, S.Vurğun küçəsi 57 saylı evdə onun qızı yaşayır. Səhhətində problemlər olduğundan və həkimi İsraildə olduğu üçün əvvəllər altı aydan bir həkimin yanına gedibgəlmişdir. Bir ildən çoxdur ki, pandemiya ilə bağlı sərhədlər bağlandığına görə İsraildə qalmış və qızının evindədir. Pandemiya ilə bağlı respublikaya qayıda bilmir. Təqaüdünü Quba şəhərində yaşayan qızı Hana alıb ona göndərmişdir. Bir ilə yaxındır təqaüdünün verilməsini dayandırıblar, səbəbini də əvvəllər guya onun Azərbaycan Respublikasının vətəndaşı olmağına şübhə ilə yanaşmaları idi. Pensiya idarəsindən ona demişlər ki, DİN-in Baş Pasport və Qeydiyyat İdarəsinə sorğu göndərilib ancaq cavab gəlməyib. “Əmək pensiyaları haqqında” Qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısında 19-cu hissənin a bəndində göstərilir ki, vərəm və infeksion müəssisələrində, bölmələrində, kabinetlərində işləyən orta tibb heyəti və kiçik tibb heyətinin qadınlarda ən azı 10 il, kişilərdə isə 12,5 il iş stajı olduqda güzəştli şərtlərlə təqaüdə çıxmaq hüquqları vardır. Onun isə 15 il iş stajı, eləcə də 3 uşağı olub. Ona xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, güzəştli şərtlərlə 2005-ci ildən pensiya təyin edilməli idi. 2017-ci ilin qanununda edilən dəyişikliklər şamil olunmamalıdır. Onun işdən çıxmağına səbəb də səhhətində yaranan problemlər olub, böyrəyi ilə bağlı əməliyyat olmağı olub. 2017-ci ilə kimi onda keçmiş sovet pasportu olub və 2017-ci ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Cavabdehin onun əmək pensiyasının əsassız olaraq dayandırması qanunaziddir və cavabdehin üzərinə ona pensiyanın bərpa edilməsi öhdəliyi qoyulmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı şəxsiyyət vəsiqəsi xx.xx.2017-ci il tarixdə verilmişdir. İddiaçı isə ona pensiyanın təyin edilməsi üçün inzibati orqana 2017-ci ildə müraciət etmişdir. İnzibati orqan tərəfindən iddiaçıya 14 il 5 ay sığorta stajı olmaqla xx.xx.2014-cü il tarixdən hesablanıb təyin edilib. Əslində təyinat iddiaçının vəsiqəsinin verilməsi tarixindən hesablanmalı idi. Həmin tarixdən isə tələb olunan sığorta stajı və ya pensiya kapitalı olmadığından haqlı olaraq iddiaçının pensiyası ləğv edilmişdir. Bundan əlavə, iddiaçının əmək kitabçasının əsli mövcud deyildir. Təqdim edilən isə əmək kitabçasına əlavədir. Göründüyü kimi iddianın təmin edilməsi üçün istər faktiki, istərsə də hüquqi əsaslar mövcud deyildir. Bu səbəbdən də iddiaçının tələbi təmin olunmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1512/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilərək, İddiaçı yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (...) Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixindən yaşa görə təyin edilmiş əmək pensiyasının ödənişi iddiaçının xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi olmasını təsdiq edən sənədinin olmaması səbəbindən dayandırılmışdır. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmiş, həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşa görə əmək pensiyasını bərpa etməkdən imtinası əsassız olmuşdur. Belə ki, Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, 14 aprel 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, xx xxxx 1954-cü il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 08/A-2545-QV nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan isə müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış və onun vətəndaşlıqdan çıxması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı olmamışdır. Göründüyü kimi iddiaçının xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək Azərbaycan Respublikasının vətəndaşı olmaması və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi olması barədə cavabdehin dəlilləri yuxarıda qeyd olunan sənədlərlə təkzib olunur. Təyinatın iddiaçının vəsiqəsinin verildiyi tarixdən hesablanmalı olması, həmin tarixdən tələb olunan sığorta stajı və ya pensiya kapitalının olmaması və digər apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2014-cü ildə təyin olunmuş yaşa görə əmək pensiyasının dayandırılması səbəbi əsassız olduğundan cavabdehin digər dəlilləri də əsassızdır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt (qərar) qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, iddiaçının yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1512/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-572/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-572/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver