Məhkəmə qərarları › İş №2-1(105)-572/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-572/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-572/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əbülfəz oğlunun cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Əbülfəz oğlunun cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı mülkiyyətində olan Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 68/38 ünvanda yerləşən, 48 saylı mənzildə qeydiyyatda olan X2 azyaşlı uşaqları (xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X10 oğlu) ilə birlikdə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3194/2023 nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları RX № ******* seriyalı, xx.xx.2012-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 İddiaçı Əbülfəz oğlunun mülkiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2023-cü il tarixli 2(060)-238/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 ilə cavabdeh X4 arasında xx.xx.2009-cu ildə, Sumqayıt Nikah evində bağlanmış nikahın pozulması qət edilmişdir. DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X4, X5 və X10 oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X4 xx.xx.2013-cü il, X5 və X10 oğlu xx.xx.2019-cu il tarixədn ünvan 1 ünvanında qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 68/38 ünvanda yerləşən, 48 saylı mənzildə qeydiyyatda olan X2 azyaşlı uşaqları (xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X10 oğlu) ilə birlikdə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 68/38 ünvanda yerləşən, 48 saylı mənzil onun mülkiyyətindədir. X4 onun keçmiş gəlinidir, onun oğlu ilə X2 nikahı Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(060)-238/2023 saylı qətnaməsi ilə pozulmuşdur. X4 uşaqları ilə birlikdə evdən çıxıb getmiş və onunla heç bir əlaqəsi yoxdur, pasport qeydiyyatı formal xarakter daşıyır. İddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3194/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, X2, X3 və X10 oğlunun ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdən isə göründüyü kimi üçüncü şəxslər mənzilin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə yaşamamaqla onlar arasında etibarlı ailə münasibətləri mövcud deyildir. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Üçüncü şəxs X4 qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin mahiyyətini tam, hərtərəfli və obyektiv araşdırmamış, onun və uşaqalarının mənzildən ailə münaqişəsi və hədə-qorxu altında çıxmağını nəzərə almamışdır. Bundan başqa məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qərarının ziddinə çıxmışdır. Belə ki, iddiaçı ilə ailə münasibətləri cavabdehin oğlu X7 ilə xx.xx.2009-cu ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla yarandığını və Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 1 otaqlı mənzilə qəlin köçdüyünü nəzərə almamışdır. Sonrada isə Sumqayıt şəhəri 26-cı məhəllə, ev 68/38, 48 saylı mənzil alınmışdır. Məhkəmə inzibati işə baxan zaman onlar bu evdə qeydiyyatda olmuşlar. Yaranmış ailə münasibətlərinə həmin vaxt qüvvədə olmuş AR Mülki Məcəllənin 228-ci maddəsinin 5-ci hissəsi tətbiq olnmalı halda məhkəmə maddi hüquq normalarını düzgün təbiq etməmişdir. Məhkəmə həmin mənzilə istifadə hüququnun saxlanılmalı olmasını və istifadə hüquqna xitam verilməsi mübahisəsinə inzibati məhkəmədə yox, rayon məhkəməsində mülki icraat qaydasında baxılmalı olmasını nəzərə almamışdır. Beləliklə, məhkəmə onun və azyaşlı uşaqlarının mənzil və mülkiyyət hüquqlarını pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş üçüncü şəxs X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 İ və İİ bəndi. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. ... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. ... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı üçüncü şəxsə münasibətdə tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən daimi pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, müvafiq yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-cu il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı həmin mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Hazırda inzibati iş üzrə üçüncü şəxs qismində çıxış edən şəxslər iddiaçının keçmiş gəlini və nəvələri olmaqla, həmin mənzildə yaşamışlar, hazırda yaşamırlar. Müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçının oğlu ilə üçüncü şəxs arasında nikahın pozulması və birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X10 oğlu və xx.xx.2010cu il təvəllüdlü X3 analarının himayəsində və yanında saxlanılması qət edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı üçüncü şəxsin (keçmiş gəlini və nəvələrinin) ona məxsus mənzildə formal olaraq pasport qeydiyyatında qaldılqarını, bu halın isə onun mülkiyyət hüququnu pozduğunu əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüş, üçüncü şəxs isə həmin evdə yaşadıqlarını, hazırda kirayə qaldıqlarını, qeydiyyata düşmək üçün başqa yaşayış yerinin olmaması halına istinad edərək, həmin mənzildən pasport qeydiyyatından çıxmağa razı olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İstinad edilən qanunvericilik normalarına görə inzibati məhkəmə icraatı qaydasında şəxsin yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin mənzilə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir. Birinci hal, yəni şəxsin yaşayış evində yaşamaması ilə bağlı kollegiya qeyd edir ki, iş üzrə üçüncü şəxslərin sözügedən mənzildə yaşamaması işin mübahisəsiz halıdır. Belə ki, üçüncü şəxs özü izahatında ailə münasibətləri pozulduqdan sonra uşaqları ilə birlikdə kirayəçi kimi başqa yaşayış yerində yaşadıqlarını bildirmişdir. İkinci hal olan şəxsin mənzilə dair əmlak hüququnun mövcud olub-olmaması ilə bağlı isə kollegiya qeyd edir ki, üçüncü şəxslərin mənzilə hər hansı əmlak hüquqları mövcud deyil. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən müvafiq qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda üçüncü şəxs iddiaçının keçmiş gəlini olmaqla, həmin evdə yaşasa da, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin təsiri dairəsinə düşmədiyindən, o, iddiaçının ailə üzvi hesab edilmir. Bu baxımından qeyd edilən üçüncü şəxsin mənzil qanunvericiliyinin tələbinə əsasən həmin evə dair əmlak hüququ yaranmamışdır. Bundna əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın, 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İndiki halda isə həmin əmlaka dair üçüncü şəxslə mülkiyyətçi olan iddiaçı arasında notarial qaydada bağlanılmış razılaşmanın olması və evə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi halı müəyyən edilməmişdir. Göründüyü kimi qeyd edilən mülki qanunvericilik normalarının tələbi baxımından da üçüncü şəxsin həmin yaşayış sahəsinə dair hər hansı əmlak hüququ yaranmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda üçüncü şəxs həmin evdə yaşamadığından və həmin evə dair əmlak hüquqları mövcud olmadığından, birinci instansiya məhkəməs tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası iddia tələbinin yetkinlik yaşına çatmayan şəxslərə aid olan hissəsi ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən valideynlərinin yaşayış yeri yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri sayılır. İndiki halda müvafiq məhkəmə qətnaməsi ilə qeyd edilən uşaqlar üçüncü şəxs analarının himayəsində saxlanıldığından, hazırda da onunla birgə yaşadıqlarından, adıçəkilən uşaqların həmin mənzildə daimi pasport qeydiyyatında qalmaları formal xarakter daşımışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi yetkinlik yaşına çatmayan şəxslərə münaisbətdə də əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət vermişdir. Qeyd olunan hallar özlüyündə iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib etdiyindən, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3194/2023 nömrəli qərarı üçüncü şəxs X2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar