Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-572/2025 03.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayonu Bala Qusar bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayonu Bala Qusar bələdiyyəsinə qarşı maddi və mənəvi ziyanın, dövlət rüsumunun qaytarılması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2738/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətlər nəticəsində ona dəymiş 59000 manat məbləğində maddi ziyanın, 1000 məbləğində mənəvi ziyanın və 270 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 60270 manat məbləğində pulu alınaraq ona qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2738/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından iddiaçının kompensasiya ödənişi ilə bağlı cavabdeh inzibati orqanlara müraciəti etməsi müəyyən olunmur. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatı zamanı məhkəmədə qaldırılan iddia tələbi ilə ilkin olaraq cavabdeh inzibati orqanlara müraciət olunmadığını təsdiq etmişdir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərardadı əsassızdır, qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Qusar rayonu Balaqusar bələdiyyəsinin qanunsuz hərəkətlər nəticəsində ona dəymiş 59000 manat məbləğində maddi ziyanın, 1000 məbləğində mənəvi ziyanın ödənilməsi tələbi ilə aidiyyəti qurumlara həmçinin, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş üzrə Mərkəzinə, cavabdehlərə rəsmi qaydada müraciət olunsa da müraciətləri cavablandırılmamış və heç bir məlumat verilməmişdir. Şikayət ərizələrin və poçt vasitəsi ilə göndərilən ödəniş qəbzlərin surətləri iş üzrə mühüm əhəmiyyəti kəsb edən bir sübut kimi göndərilmişdir. Həmçinin ikinci dəfə yuxarıda qeyd olunan aidiyyəti qurumlara qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı rəsmi qaydada müraciət etsə də, heç bir nəticə əldə edə bilməmiş, şikayətləri cavabsız qalmışdır. Ərizələrin surətləri və poçt vasitəsi ilə göndərilən poçt ödəniş qəbzlərin surətləri göndərilmişdir. Belə olduğu halda məhkəmə əsasla iş üzrə qərardad çıxarılaraq iddianı baxılmamış saxlanılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: .... 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; ..... Maddə 35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, ödənilmiş dövlət rüsumunun qaytarılması ilə bağlı olmuşdur. Birinci instanisya məhkəməsi tərəfindən iddia mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqanlara müraciət etmiş, daha sonra həmin tələblə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırki tələblə bağlı ilkin olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Xaçmaz Regional Ədliyyə İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə,həmin Xidmmətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Həmçinin, iddiaçı tərəfindən həmin müraciətin göndərilməsinə dair poçt qəzləri də (xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərə aid) məhkəməyə təqdim edilmişdir (İş materialları səh.75-88). Göründüyü kimi indiki halda iddiaçının həmin tələblə bağlı cavabdeh inzibati orqanlara müraciət etməsi halı öz təsdiqini tapmış, habelə cavabdeh inzibati orqanlar tərəfindən isə müraciətdən xeyli vaxt keçməsinə baxmayaraq (iddiaçı tərəfindən cavabdeh inzibati orqanlara 09 və 15 aprel 2024-cü il tarixdə müraciət edilmiş, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət olunmuş, cavabdeh bələdiyyə tərəfindən isə iddia tələbinə dair yazılı münasibət xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur) hələ də həmin tələblə bağlı hər hansı qərar qəbul etməsi halı müəyyən edilməmişdir. Bu hal isə özlüyündə cavabdeh inzibati orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətsizlik göstərməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə ki, inzibati icraat haqqında qanunvericilik normasının tələbinə əsasən fiziki şəxsin ərizəsi inzibati orqan tərəfindən inzibati icraatın başlanması üçün əsas qismində çıxış edir, habelə həmin ərizəyə inzibati orqan tərəfindən məhz qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmaqla, onun nəticəsinə dair müvafiq qərar qəbul edilir. İndiki halda isə iş materiallarından görünür ki, iddiaçının qeyd edilən tələblə bağlı cavabdeh inzibati orqanlara müraciət etməsindən xeyli vaxt keçməsinə baxmayaraq, hər hansı qərar qəbul edilməmiş (yalnız cavabdeh bələdiyyə qurumu iddia tələbinə yazılı münasibət bildirmişdir), habelə cavabdeh inzibati orqanlar həmin müddətin uzadılması və ya uzadılmasına səbəb olan hallar barədə heç bir hala istinad etməmişdir. Həmçinin, kollegiya onu qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında məhkəmənin sualına cavab olaraq həmin qurumlara müraciətinin olmadığını bildirsə də, daha sonra məhkəmə qərardadından verilmiş apellyasiya şikayətinə həmin qurumlara etdiyi müraciətlərinin surətlərini və onların göndərilməsinə dair poçt qəbzlərini əlavə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi həmin sənədləri birinci instansiya məhkəməsində icraat zamanı təqdim etməməsinin səbəbini məhkəmə tərəfindən ona verilmiş sualın mahiyyətini başa düşməməsi ilə izah etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində icraat zamanı, məhkəmə tərəfindən öz xidməti vəzifəsinə görə həmin halları araşdırmaq imkanı mövcud olduğu halda, həmin hal yalnız iddiaçının izahatı əsasında müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, indiki halda iddiaçının hazırki tələblə bağlı müvafiq cavabdeh qurumlara məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən öncə müraciətlərinin olması halı müəyyən edildiyindən, iddiaçının şikayətinin dəlilləri əsaslı olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddianın mümkünlük şərti qismində iddiaçının həmin tələblə bağlı ilk növbədə cavabdeh inzibati orqanlara müraciət etməsi müəyyən edildiyindən, habelə, cavabdeh inzibati orqanlar tərəfindən isə həmin tələblə bağlı hər hansı qərar qəbul edib-etməməsi halı müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən həmin əsasla iddianın mümkün sayılmaması barədə gəldiyi qənaəti yalnış olmaqla, işin hallarına uyğun olmamış, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2738/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayonu Bala Qusar bələdiyyəsinə qarşı maddi və mənəvi ziyanın, dövlət rüsumunun qaytarılması tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-572/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-572/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver