Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-573/2022 14.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı mənzillə təmin olunma tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(118)-1105/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özü də daxil olmaqla 6 nəfər ailə üzvü tərkibi nəzərə alınmaqla, Qarabağ əlili kimi imtiyazlı şəxs qismində mənzil və ya fərdi evlə təmin olunmağının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdeh kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin tanınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, hərbi xidmət dövründə aldığı travmalar nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi mərkəzi hərbi həkim komissiyanın qərarına əsasən ona 2-ci qrup əlillik müəyyən edilmişdir. “Əlillərin sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli 284 saylı Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50, 51-ci maddələrinin tələblərinə əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 02 iyun 2014-cü il tarixli sərəncamı ilə iddiaçı da daxil olmaqla 5 nəfər ailə tərkibdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan 2-ci qrup Qarabağ müharibəsi əlili kimi Sumqayıt Şəhər İcra Hakimiyyətində mənzil növbəsinə alınmış, həmin sərəncama əsasən İddiaçı özü də daxil olmaqla 5 (beş) nəfər ailə tərkibi ilə mülkiyyətində olan, yaşayış sahəsi 37,80 kv.metrdən ibarət, iki otaqlı, 47-ci məhəllə, ev 16, mənzil 20-də qeydiyyatdadır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin sərəncamın 2-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanları bu sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərancamının tələblərini nəzərə alaraq mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, cavabdehin 08 fevral 2022-ci il tarixli, ********** nömrəli cavab məktubu ilə imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, tələb qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Baxmayaraq ki, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 2005-ci il tarixdə ünvan 1 ünvanında yaşayış sahəsi 37,80 kv.metrdən ibarət iki otaqlı mənzillə təmin olunmuş və hal-hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır, təkrarən eyni imtiyaza görə Sumqayıt Şəhəri İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 122 saylı sərəncamına əsasən 2-ci qrup Qarabağ müharibəsi əlili kimi 5 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin nümunəvi Qaydaları”nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər, yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər, o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(118)-1105/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ona 2005-ci ildə mənzil ayrılmasına istinad edərək göstərmişdir ki, guya ailənin tərkibində sonradan dəyişikliklər olsa da, ailənin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan ailə kimi yenidən mənzil növbəsinə götürülsə də əvvəlki mənzili özəlləşdirdiyini və bu hüquqdan istifadə etdiyi üçün əlavə mənzillə təmin edilməyi barədə xahişini təmin etməməkdə cavabdeh haqlı olmuşdur. Daha sonra məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı yaşayış sahəsinə ehtiyacı olan şəxslərə aid olduğundan və iddiaçının mülkiyyətində mənzilin olması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qəbul edilməsinə dəlalət edir. Məhkəmənin bu yanaşması tam əsassızdır. Bununla bağlı, Sumqayıt Şəhər İcra Hakimiyyətində komissiya fəaliyyət göstərir və həmin komissiyanın nəticəsi olaraq xx.xx.2014-cü tarixli sərəncamla yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülmüşdür, həmin sərəncam 8 ildir qüvvədədir və ləğv edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 57. Sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən vətəndaşların qanuni mənafelərinin nəzərə alınması 57.1. Sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. 57.2. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs” kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilmiş və ona 2005-ci ildə ünvan 1 ünvanında yerləşən iki otaqdan ibarət 37,80 kv.m sahəsi olan mənzil ayrılmışdır. İddiaçı mənzillərin bölüşdürülməsi üzrə müvafiq püşkatma tədbirində iştirak etmiş və ona verilən iki otaqlı mənzilin açarlarını təhvil almış, sözügedən mənzildə həmin ərəfədən də başlayaraq yaşayır. Hal-hazırda həmin mənzil üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestri xidmətindən müvafiq çıxarış da almışdır. İddiaçı ona ayrılan mənzil sahəsinin müvafiq yaşayış sahəsinin ayrılma normasından az olmasını əsas gətirərək, əlavə mənzilin də verilməsini tələb edir. Belə ki, onun 2005-ci ildən sonra ailə tərkibində dəyişiklik olmuş (hal-hazırda 6 nəfərdən ibarət ailəsi var) və onun kimi ailə tərkibində dəyişiklik olmuş şəxslərə ikinci dəfə mənzil ayrılmışdır. Lakin cavabdeh təşkilat ona bir dəfə mənzil ayrıldığını əsas gətirərək ikinci dəfə mənzil ayırmasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi mövcud qanunvericilik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada uçota alınmaqla yaşayış sahələri ilə təmin olunmasını nəzərdə tutur və bunu sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsi və digər amillərlə şərtləndirir. İddiaçıya dövlət mənzil fonduna aid olan 2 otaqlı yaşayış sahəsi ayrılmış və həmin yaşayış sahəsi iddiaçı tərəfindən özəlləşdirilmişdir. Beləliklə, iddiaçı ona verilmiş hüquqdan, yəni əvəzsiz olaraq mənzil almaq hüququndan artıq bir dəfə istifadə etmiş və bu əmlakını öz mülkiyyətinə keçirmişdir. İddiaçının istinad etdiyi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı yaşayış sahəsinə ehtiyacı olan şəxslərə aid olduğundan və iddiaçının mülkiyyətində mənzilin olması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qəbul edilməsinə əsas verir. Bundan başqa, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 122 nömrəli, 02 iyun 2014-cü il tarixli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində yenidən uçota alındığını qeyd etmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 122 nömrəli, 02 iyun 2014-cü il tarixli sərəncamına əsasən iddiaçı və onun ailə üzvləri başqa yaşayış sahəsinin kirayəçisi və kirayəçisinin ailə üzvləri, mülkiyyətçisi və mülkiyyətçisinin ailə üzvləri olmaması əsası ilə yenidən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti iddiaçını yenidən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alsa da, işin mübahisəsiz halları ilə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 2005-ci ildə yaşayış sahəsi ilə təmin olunmuşdur və həmin mənzil iddiaçının mülkiyyətindədir. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi iddiaçının onunla birlikdə müraciət edən şəxslərin ikinci dəfə yenidən mənzillə təmin edilməsi barədə dəlilini araşdırmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə sorğu verərək, X2 adına xx.xx.2014-cü ildə, X4 adına xx.xx.2015-ci ildə, X5 adına xx.xx.2014-cü ildə və X1 adına xx.xx.2009-cu il tarixdə uçota alınmış mənzillərin verilmə səbəbi və mənzillərin verilməsinə səbəb olan icraat materillarının məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində 27 mart 2014-cü il tarixində mənzil uçotuna alınmış X9 25 fevral 2022-ci il, 31 iyul 2014-cü il tarixində mənzil uçotuna alınmış X6 30 avqust 2021-ci il, 10 noyabr 2015-ci il tarixində mənzil uçotuna alınmış X8 4 sentyabr 2021-ci il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yuxarıda göstərilmiş sərəncamların icrası çərçivəsində mövcud qanunvericiliyə uyğun olaraq Abşeron rayonu, Yeni Yaşayış kompleksində mənzillərlə təmin olunmuşlar. Həmin şəxslərin əvvəlki dövrlərdə dövlət tərəfindən mənzillə təmin olunmaları barədə Sosial Xidmətlər Agentliyində məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(118)-1105/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-573/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-573/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver