Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-573/2025 11.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2090/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 2090/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşın tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin iyun ayında ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan onun güzəştli iş stajının olmamasını əsas gətirməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Halbuki, əmək fəaliyyətinin demək olar ki, əsas hissəsi əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aid olmuşdur. 1981-1982-ci illərdə Texniki Peşə məktəbində gəmi təmiri çilingəri ixtisası üzrə təhsil almışdır. 1982-1984-cü illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1984-cü ildə keçmiş 23 nömrəli Hərbi Zavodda (indiki Müdafiə Nazirliyi N nömrəli hərbi hissə) gəmilərdə boru kəmərləri çəkən çilingər vəzifəsində başlamışdır. xx.xx.1993-cü il tarixədək həmin zavodda 8 nömrəli sexdə gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşğul olan gəmilərdə boru kəmərləri çəkən çilingər vəzifəsində işləmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 7 nömrəli sexdə gəmi bölmələrində dizel quraşdırma və boru misgər sahəsi üzrə istehsalat ustası vəzifəsində işləmişdir. 1995-ci ildən eyni zavodun tərkibində 16-cı sahəyə istehsalat ustası vəzifəsinə keçirilmişdir. 2011-ci ildə ştat dəyişikliyi ilə əlaqədar istehsalat ustası vəzifəsindən baş istehsalat ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Həmin ilin may ayında yenidən işə dəvət olunmuşdur. xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək üzən Tərsanə (ÜT-74) istehsalat sahəsində gəmi gövdələri və val xətlərinin təmiri üzrə baş istehsalat ustası vəzifəsində işləmişdir. Daha sonra xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək N nömrəli istehsalat sexinə gəmi bölmələrində dizel quraşdırma və boru misgər sahəsi üzrə baş istehsalat ustası vəzifəsində işləmişdir. 2022-ci ilin noyabr ayından 2024-cü ilin aprel ayına kimi texnoloq, xx.xx.2024-cü il tarixdən hal-hazıra kimi istehsalat bölməsinin mühəndisi vəzifəsində işləyir. Cavabdeh orqana təqdim etdiyi sənədlərdən də göründüyü kimi güzəştli iş stajı 18 il, ümumi iş stajı da 40 il olmuşdur. Onun əmək fəaliyyətində uzun müddətli fasilə heç vaxt olmamış, əmək stajının 18 ilini əmək şəraiti ağır və zərərli vəzifələrdə işləmişdir. Bu günə kimi əmək fəaliyyətini davam etdirir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçı Ağababa Həsənova ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-179240/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 9 nömrəli və xx.xx.2024-cü il tarixli 19 nömrəli arayışlarında onun xx.xx.1984 - xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində 8 nömrəli sexdə gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşğul olan gəmilərdə boru kəmərləri çəkən çilingər, xx.xx.1993 - xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində 7 nömrəli sexdə gəmilərdə dizel quraşdırma və boru misgər sahəsi üzrə istehsalat ustası, xx.xx.2015 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Tərsanə istehsalat sahəsində baş istehsalat ustası, xx.xx.2020 xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində N nömrəli istehsalat sexinin dizel quraşdırma və boru misgər sexində baş istehsalat ustası vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı Ağababa Həsənovun işlədiyi müəssisənin fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarında nəzərdə tutulan metal emalı sahəsinə, tərsanə istehsalat sahəsi isə üzən heyət sahəsinə aid deyildir. Bu səbəbdən də iddiaçı Ağababa Həsənovun güzəştli iş stajı yoxdur. Güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. İddiaçının güzəştli şərtlərlə iş stajı olmadığndan ona pensiya təyin edilə bilməz. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filial tərəfindən iddiaçı Ağababa Həsənova ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-179240/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 9 nömrəli və xx.xx.2024-cü il tarixli 19 nömrəli sizə dair arayışlarında onun xx.xx.1984 xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində 8 nömrəli sexdə gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşğul olan gəmilərdə boru kəmərləri çəkən çilingər, xx.xx.1993 xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində 7 nömrəli sexdə gəmilərdə dizel quraşdırma və boru misgər sahəsi üzrə istehsalat ustası, xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Tərsanə istehsalat sahəsində baş istehsalat ustası, xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində N nömrəli istehsalat sexinin dizel quraşdırma və boru misgər sexində baş istehsalat ustası vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışlarda istinad edilən və yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan metal emalı sahəsinə, tərsanə istehsalat sahəsi isə üzən heyət sahəsinə aid deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Məhkəmə icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 610 nömrəli arayışı təqdim olunmuşdur. Həmin arayış münasibət bildirilməsi məqsədilə Mərkəzi Filiala ünvanlanmışdır. Məhkəmə hesab etmişdir ki, arayışda Tərsanə üzən vasitə olduğu üçün (ÜT-74) işlərin su üzərində (dənizdə) aparıldığı göstərilmişdir. X7 tərəfindən ünvanlanan arayışa münasibət olaraq xx.xx.2025-ci il tarixli 3-17-1/3- 1-27011/2025 nömrəli məktuda aşağıdakılar qeyd olunmuşdur: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr və nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) nəzərdə tutulmuşdur. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 610 nömrəli arayışında adıçəkilən şəxsin gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşğul olan gəmilərdə boru kəmərləri çəkən çilingər işlədiyi müddətdə güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrində məşğul olub-olmaması barədə məlumat göstərilməyib. Həmçinin, gəmilərdə dizel quraşdırma və boru misgər sahəsi üzrə istehsalat ustası fəhlələr kateqoriyasına aid vəzifə olmadığından sözügedən vəzifə yuxarıda qeyd edilən siyahıda nəzərdə tutulan vəzifəyə aid deyil. Bundan başqa, adıçəkilən şəxsin işlədiyi tərsanə istehsalat sahəsi dəniz və çay donanmasının üzən heyətinə aid deyil. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı yoxdur.” Bundan əlavə iddiaçı A.X6 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 41 il 9 ay 1 gün (xx.xx.2006-cı il tarixədək 23 il 6 ay 1 gün (xx.xx.1982 - xx.xx.1984-cü il, xx.xx.1984 - xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 3 ay) təşkil edir. Eyni zamanda adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23682,47 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 60986,73 manat olmaqla cəmi pensiya kapitalı 84669,20 manat təşkil edir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-179240/2024 nömrəli imtina məktubunda qeyd olunur ki, təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 9 nömrəli və xx.xx.2024-cü il tarixli 19 nömrəli sizə dair arayışlarında onun xx.xx.1984 - xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində 8 nömrəli sexdə gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşğul olan gəmilərdə boru kəmərləri çəkən çilingər, xx.xx.1993 - xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində 7 nömrəli sexdə gəmilərdə dizel quraşdırma və boru misgər sahəsi üzrə istehsalat ustası, xx.xx.2015 xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Tərsanə istehsalat sahəsində baş istehsalat ustası, xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində N nömrəli istehsalat sexinin dizel quraşdırma və boru misgər sexində baş istehsalat ustası vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışlarda istinad edilən və yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan metal emalı sahəsinə, tərsanə istehsalat sahəsi isə üzən heyət sahəsinə aid deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, mübahisənin yaranması əsasını sahə uyğunsuzluğu təşkil edir. Bu səbəbdən də cavabdeh iddiaçıya münasibətdə güzəştli iş stajını nəzərə almamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissənin xx.xx.2024-cü il tarixli 19 saylı arayışında qeyd edilmişdir ki, xx.xx.1984-cü il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixdən hal-hazıradək N nömrəli hərbi hissənin N nömrəli istehsalat sexinin gəmilərdə dizel quraşdırma və boru misgər sexində işləyir. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək 8 nömrəli sexdə işlədiyi gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşqul olan gəmilərdə boru kəmərləri çəkən çilingəri vəzifəsi, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 7 nömrəli sexdə gəmi bölmələrində dizel quraşdırma və boru misgər sahəsi üzrə işlədiyi istehsalat ustası vəzifəsi, xx.xx.2020-ci tarixdən, xx.xx.2022-ci il tarixədək N nömrəli istehsalat sexinin dizel quraşdırma və boru misgər sexində işlədiyi baş istehsalat ustası vəzifəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qəran ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6-a bölməsinin Qazanxana gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan işçilər bəndinə uyğundur. İddiaçı xx.xx.2015-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək Tərsanə istehsalat sahəsində gəmi gövdələri və val xəttlərinin təmiri üzrə işlədiyi baş istehsalat ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-bölməsinin Dəniz və çay donanması, üzən heyət xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər( xidmət gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) o, cümlədən İddiaçı güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 09 fevral 2024-ci il tarixli 8N nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən “1-1. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər’' bölməsi də həmçinin İddiaçı güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. İddiaçının hərbi biletinin və əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin xx.xx.2024-cü il tarixli 610 saylı arayışında qeyd edilmişdir ki, aşağıda qeyd olunan vəzifələrin əmək funksiyaları aşağıdakılardan ibarətdir: Gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşğul olan gəmilərdə boru kəmərləri çəkən çilingər vəzifəsinin əmək funksiyası - Gəmi bölmələrinin daxilində boru kəmərlərinin sökülməsi, təmiri və quraşdırılması, qaz vasitəsilə yandırmaq, çirk və pasdan təmizləmək, qaynaq, boya və təzyiqlə yoxlamaq. Gəmilərdə dizel quraşdırma və boru misgər sahəsi üzrə istehsalat ustası vəzifəsinin əmək funksiyası - Gəmi bölmələrinin daxilində boru kəmərlərinin çəkilməsi və val kəmərlərinin sökülməsi, quraşdırılması və təmiri. Tərsanə istehsalat sahəsində baş istehsalat ustası vəzifəsinin əmək funksiyası - Uzən tərsanədə (ÜT-74) gəmilərin gövdələrinin kəsilməsi, dəyişdirilməsi və qaynağı gövdənin bioloji yapışqanların (balıq qulağı) qum vuran aparatı ilə təmizlənməsi, yuyulması və bir neçə qat boyanması. Tərsanə üzən vasitə olduğu üçün (ÜT-74) işlər su üzərində (dənizdə) aparılır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2025ci il tarixli məktubları ilə B.Alxasovun, G.Abdullayevin, X.Yusubovun, S.Pirverdiyevin və T.Usubovun pensiya işlərinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələbinə görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 12 il 6 ay güzəştli, 25 il ümumi iş stajı tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissənin xx.xx.2024-cü il tarixli 19 saylı arayışına əsasən gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşqul olan gəmilərdə boru kəmərləri çəkən çilingəri vəzifəsi, gəmi bölmələrində dizel quraşdırma və boru misgər sahəsi üzrə istehsalat ustası vəzifəsi, N nömrəli istehsalat sexinin dizel quraşdırma və boru misgər sexində baş istehsalat ustası vəzifəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6-a bölməsinin Qazanxana gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan işçilər bəndinə uyğundur. Tərsanə istehsalat sahəsində gəmi gövdələri və val xəttlərinin təmiri üzrə baş istehsalat ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-bölməsinin Dəniz və çay donanması, üzən heyət xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər( xidmət gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) bəndinə uyğundur. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin xx.xx.2024-cü il tarixli 610 saylı arayışa əsasən Gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşğul olan gəmilərdə boru kəmərləri çəkən çilingər vəzifəsinin əmək funksiyası - Gəmi bölmələrinin daxilində boru kəmərlərinin sökülməsi, təmiri və quraşdırılması, qaz vasitəsilə yandırmaq, çirk və pasdan təmizləmək, qaynaq, boya və təzyiqlə yoxlamaq, gəmilərdə dizel quraşdırma və boru misgər sahəsi üzrə istehsalat ustası vəzifəsinin əmək funksiyası - Gəmi bölmələrinin daxilində boru kəmərlərinin çəkilməsi və val kəmərlərinin sökülməsi, quraşdırılması və təmiri, Tərsanə istehsalat sahəsində baş istehsalat ustası vəzifəsinin əmək funksiyası - Uzən Tərsanədə (ÜT-74) gəmilərin gövdələrinin kəsilməsi, dəyişdirilməsi və qaynağı gövdənin bioloji yapışqanların (balıq qulağı) qum vuran aparatı ilə təmizlənməsi, yuyulması və bir neçə qat boyanması kimi qeyd edilmişdir. Arayışda həmçinin Tərsanə üzən vasitə olduğu üçün (ÜT-74) işlərin su üzərində (dənizdə) aparıldığı göstərilmişdir. Göründüyü kimi, işdə olan sənədlərlə və məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. (xx.xx.1984-xx.xx.1993-cü il; xx.xx.1993xx.xx.1995-ci il; xx.xx.2015-xx.xx.2020-ci il; xx.xx.2020-xx.xx.2022-ci il, cəmi 18 il 7 ay 21 gün) Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Bundan əlavə məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktubları ilə X2, X1, X4, X3 və X5 pensiya işlərinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh etirazında iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsinin metal emalı sahəsinə, tərsanə istehsalat sahəsinin isə üzən heyət sahəsinə aid olmadığını qeyd etsə də, təqdim edilmiş pensiya işlərindən görünür ki, N nömrəli istehsalat sexinin dizel quraşdırma və boru misgər sexində və Üzən tərsanədə (ÜT-74) işləmiş şəxslərə işəgötürənin müvafiq arayışına uyğun olaraq güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Göründüyü kimi iddiaçı ilə eyni vəziyyətdə olan şəxslərə pensiya təyin olunduğu halda iddiaçıya münasibətdə fərqli qərarın qəbul edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin 5-ci hissəsinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmçinin iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsinin metal emalı sahəsinə, tərsanə istehsalat sahəsinin isə üzən heyat sahəsinə aid olması iş materialları ilə sübut olunur. İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Göründüyü kimi, cavabdehin etirazında və apellyasiya şikayətində qeyd edilən dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçının tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsas deyildir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2090/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-573/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-573/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver