Məhkəmə qərarları › İş №2-1(105)-574/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-574/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-574/2022 04.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı müavinətin ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-355/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına müraciət edərək, qızı X4 dekabr 2019-cu ildən avqust 2020-ci il tarixə kimi ödənilməmiş müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdeh 12 iyul 2021-ci il tarixli, **********4 nömrəli məktubu ilə iddiaçının müraciətinə imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə (uşağın adı X5) 150 manat sosial müavinət, 50 manat SİM - 18 uşaqlara qulluğa görə (qulluq edən şəxsin adı X6) AR Prezidentinin təqaüdü 30 noyabr 2019-cu ilə qədər ödənilmişdir. İddiaçının övladına TSEK - in verdiyi təyinat tarixinə görə, yəni xx.xx.2020-ci il tarixindən sosial müavinət və Prezident təqaüdünün ödənişi həyata keçirilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X3 dekabr 2019-cu ildən avqust 2020-ci il tarixə kimi ödənilməmiş ayların müavinət pulunun ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, cavabdehi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialı ilə əvəz edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən ərizə icraata qəbul edilərək iş üzrə cavabdeh əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialı ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X7 anadangəlmə sağlamlıq imkanları məhduddur. Təkrar həkim komissiyasından koronovirus pandemiyası səbəbi ilə əlaqədar keçə bilməmişdir. 2020-ci ilin avqust ayında həkim komissiyasından keçmişdir. Hazırda müavinət alır. Lakin həkim komissiyasından keçənə qədər olan müddət ərzində dekabr 2019-cu il tarixdən avqust 2020-ci il tarixə kimi olan ayların müavinəti ödənilməmişdir və bu günə kimi etdiyi müraciətlərə cavab verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinə verdiyi iddia tələbi cavabdehin ünvanının düzgün olmaması səbəbindən baxılmamış saxlanılmışdır. İddiaçının müraciətinə DSMF-nin 1 saylı regional ərazi filialının cavab məktubunda TSEK-in verdiyi təyinat tarixinə görə, yəni xx.xx.2020-ci il tarixindən sosial müavinət və Prezident təqadünün ödənişinin həyata keçirildiyi göstərilmiş, lakin dekabr 2019-cu il tarixindən avqust 2020-ci il tarixə kimi ödənilməmiş müavinət pulunun hansı səbəbdən ödənilməməsi barədə izahat verilməmişdir. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bununla yanaşı, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.3-1-ci yarımbəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-355/2022 nömrəli iddia təmin edilmiş, X5 dekabr 2019-cu ildən avqust 2020-ci il tarixə kimi ödənilməmiş aylar üzrə müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur (hakim L.Mirzəyeva). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının sağlamlıq imkanları məhdud övladı A.R.Adiyevanın əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlillik təyin edən orqana (DTSERA) müraciət etdiyi barədə hər hansı sübut yoxdur. Ödənilməmiş müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etməsi isə əsas sübut kimi qiymətləndirilə bilməz. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyası) Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: (-) 4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət (-). Maddə 7. Müavinətlərin təyin olunması şərtləri Müavinətlər aşağıdakı hallarda təyin edilir: (-) 7.0.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; (-). Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. (-) 9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə (-). Maddə 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə. Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. (-) Bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. (-) Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının qızının sağlamlıq imkanlarının məhdudluğu bitdikdən sonra onun sağlamlığı ilə bağlı müalicə və müayinələr aparılmış, nəhayət 2020-ci ilin avqust ayında əvvəlki diaqnoz əsasında əlillik müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının qızının əlilliyi fasiləsiz olmuş, əlilliyin təkrar qiymətləndirilməsi onun əlilliyinin səbəbinin aradan qalxması ilə bağlı deyil, buna görə təyin edilmiş müddətin bitməsinə görə aparılmışdır. Aparılan qiymətləndirmə nəticəsində də iddiaçının qızına əvvəlki diaqnozda qeyd edilən səbəblə əlillik dərəcəsi təyin edilmişdir. Belə olan halda iddiaçıya təyin olunmuş əlilliyin müddətinin bitməsi, yenidən qiymətləndirmənin aparılması həmin şəxsin əlilliyin təyin olunma müddətinin bitdiyi tarixdən yenidən qiymətləndirilmənin aparıldığı tarixədək əlil olmaması qənaətinə gəlməyə əsas vermir. Buna görə də cavabdeh tərəfindən iddiaçının qızına qeyd edilən dövrlərə görə də sosial müavinətin ödənilməsi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı mübahisə iddiaçının qızı X5 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayınadək olan dövrdə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğuna görə ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Belə ki, iş materiallarında olan TSEK-in müayinə aktlarından çıxarışlardan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X8 ilk dəfə xx.xx.2004-cü il tarixində TSEK-də müayinədən keçmiş və o, “Ou-qüzehli qişanın anadangəlmə koloboması ptoz.” diaqnozu ilə xx.xx.2006cı il tarixinədək sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Daha sonra onun sağlamlıq imkanlarının məhdudluğu müddəti 16 yaşınadək, yəni xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. İşdə olan Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sərəncamlarından görünür ki, A.R.Adiyevaya xx.xx.2019-cu il tarixədək sağlamlıq imkanları məhdud uşağa görə sosial müavinət təyin edilmişdir. TSEK-in elektron informasiya sistemindən çıxarışdan görünür ki, A.R.Adiyevaya 0535003AAB2S nömrəli göndəriş (Forma 88) əsasında ümumi xəstəlik, gözdən əlil səbəbindən “Nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri, OU-Horizontal nistaqm, Mikrokornea, Mikroftalm, Xorioidea və tor qişanın kolaboması, başlanğıc fəsadlı katarakt. VisOD = 0,05 (yüzdə 5) k/etmir. Müştərək daxili çəpgözlük, Dəqiqləşdirilməmiş anemiya, xroniki defisit anemiya” diaqnozu ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının qızına 29 iyul 2004-cü il tarixindən 03 dekabr 2019-cu il tarixinədək sağlamlıq imkanları məhdudluğuna görə müavinət təyin edilmiş və ödənilmiş, sağlamlıq imkanlarının məhdudluğu müddətinin bitməsi səbəbindən müavinətin ödənilməsi xx.xx.2019-cu il tarixdən etibarən dayandırılmışdır. Daha sonra iddiaçının qızının sağlamlıq vəziyyəti 03 avqust 2020-ci il tarixində yenidən qiymətləndirilərək o, 18 yaşınadək, yəni xx.xx.2021-ci il tarixinədək sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş və ona 03 avqust 2020-ci il tarixindən müavinət təyin edilmişdir. Beləliklə, iddiaçının qızına xx.xx.2019-cu il tarixdən 03 avqust 2020-ci il tarixinədək müavinət ödənilməmişdir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etməsinə baxmayaraq, cavabdeh A.Adiyevanın sağlamlıq imkanlarının məhdudluğunun təkrar qiymətləndirilməsi tarixindən, yəni xx.xx.2020-ci il tarixdə yenidən bərpa edildiyindən müavinətin həmin tarixdən ödənilməli olmasını əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahsiə yuxarıda göstərilən qaydada həll edilmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iş materiallarına əsasən iddiaçının sağlamlıq imkanları məhdud övladı X3 əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlillik təyin edən orqana (DTSERA) müraciət edilmədiyindən sosial müavinətin verilməsindən imtina edilməsi qanunidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Aysun Adiyevanın sağlamlıq vəziyyətinin təkrar qiymətləndirilməsinin uzanması iddiaçının təqsiri ucbatından olmamışdır. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı, qızına təyin edilmiş əlilliyin yenidən qiymətləndirilməsi ilə bağlı 2020-ci ilin aprel ayında Sumqayıt şəhər Səhiyyə Şöbəsinə müraciət etmiş və onun müraciətinə əsasən, Şöbə tərəfindən Bakı şəhəri Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 29 aprel 2020-ci il tarixdə 490 nömrəli məktub ünvalanaraq, A.R.Adiyevanın müayinə edilməsi xahiş edilmişdir. Akademik Z.Əliyeva adına Milli Oftamologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli tibbi rəyə əsasən, A.R.Adiyeva Mərkəzdə müayinə olunmuş və ona “Horizontal nistaqm, Mikrokornea, Mikroftalm, Xorioidea və tor qişanın koloboması, başlanğıc fəsadlı katarakta” diaqnozu qoyulmuşdur. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 4 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2022ci il tarixli, 204 nömrəli məktubdan aydın olur ki, xx.xx.2020-ci il tarixdə A.R.Adiyeva ilə bağlı Milli Oftamologiya Mərkəzindən rəy gətirilərək azyaşlının valideyni tərəfindən Ailə Sağlamlıq Mərkəzinə təqdim edilsə də, Ailə Sağlamlıq Mərkəzi üzrə Forma 088/1 adlı proqram o zamanlar bir müddət işləmədiyi üçün onlar tərəfindən A.R.Adiyevanın məlumatları iki ay gecikməklə, yəni xx.xx.2020-ci ildə TSEK-ə göndərmiş, Forma 088/1-nə səbəbsiz yerə imtina cavabı gəldikdən sonra, Mərkəz tərəfindən məlumatlar xx.xx.2020-ci il tarixində təkrarən göndərilmiş, ikinci dəfə göndərilən Forma 088/1-ə TSEK tərəfindən xx.xx.2020-ci ildə təsdiq cavabı gəlmiş və xəstə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sağlamlıq imkanları məhdud olan uşaq kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü bəndinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanuna 02 iyul 2021-ci il tarixli, 356 nömrəli AR Qanunu ilə dəyişiklik edilərək yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin dəyişiklik 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddədə qeyd edilir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş 3.3-1-ci maddəsi iddiaçının qızının hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qızının əlilliyinin təkrar qiymətləndirilməsi ilə bağlı 2020-ci ilin aprel ayından (əlillik müddəti bitdikdən 4 ay sonra) başlayaraq, adidiyyəti üzrə inzibati orqanlara müraciətlər etdiyindən və yuxarıda da qeyd edildiyi kimi, inzibati orqanların öz funksiyalarını vaxtında icra etməməsi nəticəsində A.Adiyevanın sağlamlıq imkanlarının məhdudluğunun təkrar qiymətləndirilməsi bir neçə ay gecikməklə xx.xx.2020-ci il tarixdə aparıldığından, yuxarıda qeyd edilən normadakı 06 aylıq müddətin ötürülməsi iddiaçının təqsiri ucbatından baş verməmişdir. Eyni zamanda məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, Aysun Adiyeva xx.xx.2003-cü ildə doğulduğu andan hazırkı vaxtadək Ou-qüzehli qişanın anadangəlmə koloboması xəstəliyindən əziyyət çəkmiş, tibb müəssisələrində dəfələrlə müayinədən keçmiş, müalicə olunmuş, xx.xx.2019-xx.xx.2020-ci il aralığında olan müddət ərzində də, xəstəliyi xronoloji xarakter daşımış, mütəmadi sağlamlıq imkanları məhdud olmuş, lakin həmin dövrdə onun sağlamlıq vəziyyətinin təkrar qiymətləndirilməsi iddiaçının özündən asılı olmayan səbəbdən gecikdirilmişdir. İddiaçının qızının sağlamlıq vəziyyəti 03 avqust 2020-ci il tarixində yenidən qiymətləndirilərkən də o, əvvəlki diaqnozlarda qeyd edilən səbəblə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin qanunun 4–cü maddəsinə əsasən, əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Sadalanan qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək, məhkəmə kollegiyası hesab edir ki, Aysun Adiyeva dekabr 2019-cu ildən avqust 2020-ci il tarixə kimi ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edildiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-355/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar