Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-574/2024 29.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində yerləşən 15 ədəd tikiliyə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-258/2024 nömrəli qərarından üçüncü şəxs və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(119)-339/2020 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixinə DSMF-yəödənilməmiş 207266,03 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" ASC-yə məxsus siyahıya alınmış cəmi 13729,15 kv m sahəsi olan 15 ofis və binaların ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. Hərracın yekunları barədə Y-222/21 nömrəli, xx.xx.2021-ci il tarixli hərracın nətiələrinə haqqında yekun protokoldan görünür ki, əmlakın ilkin satış qiyməti 355000 manat olan "xxxx" ASC-yə məxsus siyahıya alınmış 15 ofis və binalar Sumqayıt şəhər üzrə İcra və Probasiya Şöbəsinin 73/36, xx.xx.2021-ci il tarixli məktubuna və Sumqayıt Kommersiya Məhkəməsinin e- 2-2(119)339/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən hərraca çıxarılmışdır. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 05 iyul 2021-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə sifarişçi Sumaqayıt şəhər İcra və probasiya şöbəsi hərracın təşkilatçısı "xxxx" MMC və alıcı İddiaçı arasında bağlanmışdır. 13 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən auksion ödənişi olaraq 207432 manat vəsait ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hərrac vasitəsilə əldə olunmuş əmlak kompleksi kimi müəssisə ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı, dövlət reyestrində məlumat aşkar olunmamış, buna görə də yaranmış zərurətlə əlaqədar olaraq sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququ haqqında sənədin verilib-verilməməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən 13729.15 kv m-dən ibarət 15 ədəd ofis və binalarına dair "xxxx" ASC-nin adına mülkiyyət hüququna dair şəhadətnamə verilmədiyi bildirilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Odur ki, sözügedən daşınmaz əmlak üzərində əvvəllər hüquqlar dövlət qeydiyyata alınmadığından, həmin daşınmaz əmlakla bağlı sərəncam verilməsi qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(119)-339/2020 saylı qətnaməsinə əsasən "xxxx" tərəfindən açıq hərracdan Y-222/21 saylı 05 iyul 2021-ci il tarixli “Hərracın nəticələri haqqında“ yekun protokolu və 05 iyul 2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə ilə əldə etdiyi “Sumqayıt Ağac Emalı“ ASC-yə məxsus sahəsi 13729,15 kv m olan 15 ədəd ofis və binalara (daş) dair mülkiyyət hüququnun qeydə alınması və müvafiqin çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçının Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(119)-339/2020 saylı qətnaməsinə əsasən "xxxx" tərəfindən açıq hərracdan Y- 222/21 saylı 05 iyul 2021-ci il tarixli “Hərracın nəticələri haqqında“ yekun protokolu və 05 iyul 2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə ilə əldə etdiyi “Sumqayıt Ağac Emalı“Açıq Səhmdar Cəmiyyətinə məxsus sahəsi 13729,15 kv.m olan torpaq sahəsi üzərində yerləşən 15 ədəd tikiliyə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o,"xxxx" tərəfindən keçirilmiş hərracda "xxxx" MMC-yə məxsus 13729,15 kv m sahəsi olan 15 ədəd ofis və binaları 213.000 manat ödəyərək açıq hərracdan almışdır. Bu zaman Y22\21 saylı xx.xx.2021-ci il tarixli “Hərracın nəticələri haqqında” yekun Protokol tərtib edilmiş və həmin Protokolda qeyd edilmişdir ki, bu protokol müqavilə qüvvəsinə malikdir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsinə əsasən, “qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol” daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin protokolu cavabdeh təşkilata təqdim edərək mülkiyyət hüquqlarının qeydə alınmasını və bunun əsasında çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə ərizənin icrasından imtina etmişdir. halbuki, həmin əmlaklar Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2-2(119)-339\2020 saylı qətnaməsi əsasında hərraca çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minərək icra yönəlmiş və bu barədə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş və Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru tərəfindən hərraca sifariş verilmiş və hərracdan da həmin əmlaklar ona satılmışdır. Binaların satılması barədə sərəncamı (qətnaməni) məhkəmə vermiş,qətnamə icraya yönəlmiş,icra orqanı hərracı sifariş vermiş, hərrac orqanı da hərracı keçirmişdir. Mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəsi müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, hərrac vasitəsilə əldə olunmuş əmlak kompleksi kimi müəssisə ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı, dövlət reyestrində məlumat aşkar olunmamış, buna görə də yaranmış zərurətlə əlaqədar olaraq sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququ haqqında sənədin verilibverilməməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən 13729.15 kv m-dən ibarət 15 ədəd ofis və binalarına dair "xxxx" ASC-nin adına mülkiyyət hüququna dair şəhadətnamə verilmədiyi bildirilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Odur ki, sözügedən daşınmaz əmlak üzərində əvvəllər hüquqlar dövlət qeydiyyata alınmadığından, həmin daşınmaz əmlakla bağlı sərəncam verilməsi qanunvericiliyin tələblərinə ziddir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-258/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2-2(119)- 339/2020 saylı qətnaməsinə əsasən "xxxx" tərəfindən açıq hərracdan Y222/21 saylı 05 iyul 2021-ci il tarixli “Hərracın nəticələri haqqında“ yekun protokolu və 05 iyul 2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə ilə əldə etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus sahəsi 13729,15 kv.m olan torpaq sahəsi üzərində yerləşən 15 ədəd tikiliyə dair İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlakın üzərində iddiaçının sahiblik hüququnun yaranması üçün əsas olan Bakı Hərrac Mərkəzi MMC-inin keçirdiyi hərracın keçirilməsinə əsas olan Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e2-2(119)-339/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsi üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçı qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirmək niyyətində olduğu daşınmaz əmlak ilə bağlı 05 iyul 2021-ci il tarixli “Hərracların yekununa dair” Y-222/21 saylı protokolu cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat Qanunun 8.0.2-ci maddəsinin tələblərini icra etmək əvəzinə buna dair arqumentlər irəli sürmüşdür. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin bu qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün aşağıda qeyd olunan əsaslar üzrə ləğv olunmalıdır. Belə ki, girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Maddədən də göründüyü kimi, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Göründüyü kimi, qanunverici ipoteka (girov) saxlayanın ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstün hüququnu müəyyən etmişdir. Hazırda, Sumqayıt İnzibati Məhkəməsi 2-1(118)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul etməklə, Mərkəzi Bankın (girov saxlayan) yuxarıda qeyd edilən qanunvericiliklə müəyyən edilmiş hüququnu məhdudlaşdırmışdır. İşin hallarından müəyyən edilir ki, Mərkəzi Bank tərəfindən verilmiş kreditlərin təminatı qismində "xxxx" ASC-nin nominal dəyəri 2 (iki) manat olan 23 891 (iyirmi üç min səkkiz yüz doxsan bir) ədəd sənədsiz adi adlı səhm Mərkəzi Bankın xeyrinə girov qoyulmuşdur. Səhmlərin əsas öhdəliyin təminatı qismində girovla yüklü edilməsinə səbəb həmin dövrdə "xxxx" ASC-nin mülkiyyətində olan daşınmaz əmlakların (torpaq sahəsi və qeyri-yaşayış binaları) girov müqaviləsində qeyd olunduğu kimi 8 000 000 (səkkiz milyon) manat məbləğində qiymətləndirilməsi olmuşdur. Hazırda mübahisələndirilən qərar ilə "xxxx" ASC-yə məxsus daşınmaz əmlakların özgəninkiləşdirilməsi Mərkəzi Bankın xeyrinə girov qoyulmuş səhmlərin real dəyərinin azalmasına səbəb olmuşdur. Beləliklə, ipotekanın (girovun) məqsədi əsas öhdəliyin icrasının ipoteka (girov) predmeti hesabına təmin edilməsindən ibarətdir. Məhdud əşya hüququ olaraq ipoteka bu hüquq sahibinə (girov saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə girov predmeti olan əşyanın realizəsi hesabına əldə olunmuş vəsaitlə kreditorun xeyrinə tələbin təmin edilməsi imkanını verir. İpoteka (girov) əsas öhdəliklərin icrasının təmini vasitəsi olaraq kreditorun əmlak mənafeyinin qorunması baxımından mühüm funksiyanı yerinə yetirir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə etirazın əsasları ilə eyni olmaqla qeyd edilmiş və əlavə olaraq göstərilmişdir ki, Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən qeyri-yaşayış binası ilə bağlı sənədlərə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində ddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə üçüncü şəxsin apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 cavabdehin apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətlərinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ....139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;... Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 284.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Maddə 288.1. Girov qoyulmuş əşyanı saxlayan və ya saxlamalı olan girov saxlayan onu özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edə bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi hərracın yekunlarına dair prtokol əsasında satın alınmış əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən əmlakın iddiaçının satın aldığı "xxxx" ASC-yə məxsus olmasını, yəni əmlaka dair mülkiyyət hüququ təsdiq edən sənəd müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qətnaməsi əsasında "xxxx" ASC-nin borc öhdəliyinin icrasının təmin edilməsi məqsə ASC-yə məxsus olan siyahıya alınmış cəmi 13729,15 kv.m. sahəsi olan 15 ədəd ofis və binalar (daş) ixtisalaşdırılmış açıq hərracda satılması qərara alınmışdır. “Hərracıb nəticələri haqqında yekun” Protokolun məzmunundan görünür ki, qeyd edilən əmlak barəsində həmin icra vərəqəsi əsasında Sumqayıt şəhər İcra və probasiya şöbəsinin sifariş məktubu ilə hərrac keçirilmiş, alıcı qimsində İddiaçı çıxış etmiş, əmlakın ilkin staış qiyməti 355000 manat, son qiyməti 213000 manat müəyyən edilərək, alıcıya satılmış, bu barədə hərrac yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Həmçinin, iş materiallarından görünür ki, “Sumqyaıt Ağac Emalı” zavodunun özəllədşirmə planı (emisisya prospekti) tərtib edilərək, təsdiq edilmiş, həmin sənədin məzmununda bina və tikililərin, maşın, avadanlıq və digər əsas vəsaitlərin qiymətləndirilməsi aktı, ümumi dəyəri, nizamnamə kapitalının hesabı, buraxılmış səhmlərin sayı, nominal dəyəri qeyd edilmişdir. İş materiallarından görünür ki, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun "xxxx" ASC-yə qarşı “kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələbi olmuş, müvafiq məhkəmə qətnaməsi əsasında iddia təmin edilmişdir, hazırda da borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri 1 saylı Ağac Emalı zavodu özəlləşdirilərkən, “Özəlləşdirmə planı (emissiya prospekti)”na daxil olmuş sənədlər, güzəştli satışın yekun protokolunun, səhmlərin sertifikatının, şəhadətnamənin surətləri təqdim edilmiş, habelə özəlləşdirilmiş tikililərə dair texniki pasportu və mülkiyyət sənədləri alınmadığı qeyd edilmişdir. Həmçinin, qeyd edilən əmlak cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmiş, müayinə aktının məzmununda torpaq sahəsinin faktiki ölçüsünün 7,166 ha, ümumi tikintialtı sahəsi 14385,2 kv.m. olan tikili mövcud olduğu, torpaq sahəsinin yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmədiyi, bəzi tikililərdə məcburi köçkünlər məskunlaşdığı qeyd edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2015-vi il və xx.xx.2016-vı il tarixli kredit müqavilələri üzrə Mərkəzi Bank tərəfindən verilmiş kreditlərə görə "xxxx" ASC-nin nominal dəyəri 2 manat olan 23891 ədəd sənədsiz adi adlı səhm mərkəzi Bankın xeyrinə girov qoyulmuş, xx.xx.2016-cı il tarixli sonrakı girov müqaviləsinə "xxxx" ASC-yə məxsus əmlakın ümumi dəyəri (torpaq sahəsi və qeyri-yaşayış binaları) müstəqil qiymətləndirici tərəfindən ******* manat məbləğində qiymətləndirilmişdir, əmlakın Ç.R.Əsədullayeva məxsus olan hissəsi ******* manat təşkil edir. Həmçinin, iş materiallarından görünür ki, qeyd edilən kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən iddia icraatı qaydasında iddia tələbi irəli sürülmüş və hazırda qeyd edilən iddia tələbinə dair mülki iş müvafiq rayon məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən müvafiq əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra həmin əmlaka dair sərəncam vermək hüququ yaranır. Başqa sözlə desək, yalnız daşınmaz əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra həmin əmlakın özgəninkiləşdirilməsi mümkündür. Həmçinin, qeyd edilməlidir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi formalarından biri də hərracda müqavilə bağlanılması halı çıxş edir Mülki qanunvericiliyin normalarının tələbinə əsasən müqavilə hərrac vasitəsilə bağlanıla bilər, müqavilə hərracı udan şəxslə bağlanılır, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC-yə məxsus olan müvafiq əmlaklara dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan həmin əmlakın özgəninkiləşdirilməsi həyata keçirilmişdir. Bu hal isə ilk növbədə Mülki Məcəllənin 146.2 və 146.3-cü maddəsinin dispozitiv şərtləi ilə uzlaşmamaqla, qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, həmin normanın dispoztiv şərtlərinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi, daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadan əmlakın özgəninkiəşdirilməsinə qanunla yol verilmir və bu hal əmlakın özgəninkiləşdirilməsinə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi üçün əsas qismində çıxış edir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, sözügedən əmlaklara dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan həmin əmlakın özgəninkiləşdirilməsinə dair hərəkətlərin icra edilməsi (hərrac keçirilməsi) və yekun olaraq müqavilə bağlanılması (hərracın yekunlarına dair protokol müqavilə qüvvəsinə malik olduğundan) halı qanunvericiliyin tələbinə uyğun olmamışdır. Nəticə etibarilə bu hal həmin müqavilənin etibarsızlığına əsas olan hal kimi çıxış etmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, müvafiq inzibati orqan yalnız həmin əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmalkın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq tədbirləri gördükdən sonra, həmin əmlakın satılması istiqamətində qanunla müəyyən edilmiş tədbirləri görmək səlahiyyətinə malik olmuşdur. Başqa sözlə desək, qanunvericiliyin tələbinə əsasən ilk növbədə əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmalı, sonra onun özgəninkiləşdirilməsi həyata keçirilə bilərdi. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının istinad etdiyi hərracın yekunlarına dair protokol məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan əmlakla bağlı olduğundan, etibarlı müqavilə qismində çıxış etməməklə, əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edilmir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırması zamanı "xxxx" ASC-yə məxsus olan daşınmaz əmlakların (tikililər və qeyri-yaşayış sahələri) məhz müvafiq kredit müqavilələri üzrə borc öhdəliyinin icrasının təminatı qismində üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankın xeyrinə girov ilə yüklü edildiyi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda "xxxx" ASC-yə məxsus məhz daşınmaz əmlaklar girov predmeti olduğundan, girov saxlayan qismində Mərkəzi Bankın həmin əmlaklar tutmanın yönəldilməsi hüququ (öhdəliklərinin növbəlilik qaydasında icrasının təmin edilməsi) hüququ mövcud olmuşdur. İndiki halda iddiaçının istinad etdiyi əmlaklar daşınmaz əmlak qismində çıxış etməklə, məhz "xxxx" ASC-yə məxsus olan əmlak kimi satın alınması halına istinad edildiyindən, ASC-yə məxsus olan daşınmaz əmlaklar girov predmeti qismində çıxış etdiyindən, həmin hallar girov saxlayanın hüquq və mənafelərinin pozulmasına gətirib çıxarda bilər. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı qeyd edilən əmlakların satın alınması ilə bağlı xərc çəkilməsi (dəyərinin ödənilməsi və s.) kimi hallara istinad etməklə, hüquqlarının pozulduğunu ehtimal etdiyi halda, pozulmuş hüquqlarının bərpası məqsədilə mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-258/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-574/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-574/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver