Məhkəmə qərarları › İş №2-1(105)-575/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-575/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-575/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışların qismən ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(118)-39/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 12 iyun 2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlıt Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0387 ha torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlıt Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi 19 iyun 2019-cu il tarixdə ərizəyə cavab olaraq bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən onun mülkiyyətində olan 13.07.2009cu il tarixli, **********77 reyestr nömrəli, 0,0387 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcuddur. Faktiki torpaq sahəsinin 0,0148 ha hissəsi X6 (05.09.2014-cü il tarixli, **********86 reyestr nömrəli) və 0.0239 ha hissəsi isə X3 (09.07.2007-ci il tarixli, **********25 reyestr nömrəli) mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşür. Məlumat üçün bildirilmişdir ki, mişar daşla hasarlanmış faktiki 0,0387 ha torpaq sahəsinin 0.0162 ha hissəsi X5 tərəfindən söküldüyü üçün sözügedən torpaq sahəsi məhkəmə mübahisə predmetidir. Bundan başqa qeyd etmişdir ki, azalmış sahəyə dair başqa sahədən torpaq sahəsi verilməsi idarənin səlahiyyəti xaricində olduğundan aidiyyəti üzrə müraciət etmək məqsədə uyğundur. Qeyd edlən cavabı aldıqdan sonra İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı məhkəmədə iddia qaldıraraq, X3 09 iyul 2007-ci il tarixli **********25 saylı çıxarışının qismən-zəbt etdiyi 0,0239 ha hissəsinin və X6 05 sentyabr 2014-cü il tarixli **********86 çıxarışının qismən-zəbt etdiyi 0,0148 ha hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı 13 iyul 2009 tarixli çıxarışa əsasən 0,0387 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin göndərdiyi şəxslər 0.0387 ha torpaq sahəsinin yerini və sərhədlərini müəyyənləşdirib ona təhvil vermişlər. 2015-ci ildə torpaq sahəsinin sərhədlərinin qonşuları X7 və X5 tərəfindən pozularaq müəyyən hissəsinin zəbt olunduğunu görmuş, bu barədə onlara etirazını bildirib, zəbt etdikləri torpaq sahələrini qaytarmalarını dəfələrlə tələb etmiş, onlar isə etiraz edərək bildirmişlər ki, həmin torpaq sahələri onlara məxsusdur, onun torpaq sahəsinin sərhədləri düzgün müəyyənləşdirilməmişdir. Ona görə də bu problemin həll edilməsi üçün dövlətin aidiyyəti idarələrinə, o cümlədən cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq cavabdeh bildirmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin 0,0148 ha hissəsi X6 (05.09.2014-cü il tarixli **********86 reyestr nömrəli) və 0.0239 ha hissəsi isə X3 (09.07.2007-ci il tarixli, **********25 reyestr nömrəli) mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşür. Beləliklə, X3 9 iyul 2007-ci il tarixli **********25 saylı çıxarışı qismən zəbt etdiyi 0,0239 ha hissəsi və X6 5 sentyabr 2014-cü il tarixli **********86 çıxarışı qismən-zəbt etdiyi 0,0148 ha hissəsi ləğv edilməlidir. Cavabdehin iddia tələbinə etirazı: Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 13.07.2009-cu il tarixli, **********77 reyestr nömrəli, 0.0387 ha torpaq sahəsinin planölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcud olduğu və eyni zamanda faktiki torpaq sahəsinin 0.0148 ha hissəsi X6 (05.09.2014-cü il tarixli, **********86 reyestr nömrəli) və 0.0239 ha hissəsi isə X3 (09.07.2007-ci il tarixli, **********25 reyestr nömrəli) mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, mişar daşla hasarlanmış faktiki 0.0387 ha torpaq sahəsinin 0.0162 ha hissəsi X5 tərəfindən söküldüyü müəyyən edilmişdir. Bundan başqa qeyd etmişdir ki, azalmış sahəyə dair başqa sahədən torpaq sahəsi verilməsi idarənin səlahiyyəti xaricində olduğundan aidiyyəti üzrə müraciət etməyi iddiaçıya tövsiyyə olunmuşdur. İddiaçı tərəfindən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması iddia olunan torpaq sahələri artıq başqa fiziki şəxsin xüsusi mülkiyyətində olduğundan, iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə dair sənədlərlə olan ölçülərlə, GPS mövqetəyinetmə cihazı vasitəsi ilə müəyyən edilmiş ölçülər arasında olan uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçı tərəfindən hər-hansı mötəbər sübut işə əlavə edilməmiş və iddia ərizəsinə əsasən tərəflərindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması hər-hansı normada əsaslandırılmamışdır. İddiaçının hazırkı tələbinin icrası, ilk növbədə başqa şəxsin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər-hansı əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2-1(085)- 1677/2019 saylı qərardadı ilə X5 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(118)-39/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0387 ha torpaq sahəsi 13.07.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. İşdən görünür ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0387 ha torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşməsi barədə məlumat verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçnın müraciətinə cavab olaraq 29 mart 2019-cu il tarixli məktubda bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 13.07.2009-cu il tarixli, **********77 reyestr nömrəli, 0,0387 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcuddur. Həmçinin torpaq sahəsi mübahisə predmetidir. İddiaçının eyniməzmunlu ikinci ərizəsinə cavabdeh tərəfindən verilən 19 iyun 2019cu il tarixli məktubda isə bildirilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən onun mülkiyyətində olan 13.07.2009-cu il tarixli, **********77 reyestr nömrəli, 0,0387 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcuddur. Faktiki torpaq sahəsinin 0,0148 ha hissəsi X6 (05.09.2014-cü il tarixli, **********86 reyestr nömrəli) və 0.0239 ha hissəsi isə X3 (09.07.2007-ci il tarixli, **********25 reyestr nömrəli) mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşür. Mişar daşla hasarlanmış faktiki 0,0387 ha torpaq sahəsinin 0.0162 ha hissəsi X5 tərəfindən söküldüyü üçün sözügedən torpaq sahəsi məhkəmə mübahisə predmetidir. Bundan başqa qeyd etmişdir ki, azalmış sahəyə dair başqa sahədən torpaq sahəsi verilməsi idarənin səlahiyyəti xaricində olduğundan aidiyyəti üzrə müraciət etmək məqsədə uyğundur. Qeyd edilən məktubdakı məlumatları əsas götürərək, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sorğusuna əsasən, təqdim edilmiş sənədlərdən görünür ki, JN 4136 saylı 24 may 2005-ci il tarixli Dövlət Aktına əsasən, 0.57 ha torpaq sahəsi 05.09.2014-cü il tarixdə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X6 adına, 05 aprel 2005-ci il tarixli, JN 3924 saylı Dövlət Aktına əsasən, 0.26 ha torpaq sahəsi isə 09.07.2007-ci il tarixdə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X5 və ailə üzvlərinin adına qeydə alınmışdır. İddiaçı mükiyyətində olan torpaq sahəsinin üçüncü şəxslər tərəfindən zəbt edildiyini bildirərək, çıxarışların zəbt edilən hissədə ləğv edilməsini xahiş etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı torpaq sahəsinin üçüncü şəxslər tərəfindən zəbt edildiyini bildirsə də, işdən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0387 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 13.07.2009-cu il tarixdə iddiaçının adına qeydə alınsa da, üçüncü şəxslərin hər ikisinin adına 2005-ci il tarixdə tərtib edilmiş Dövlət Aktı olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı torpaq sahəsini alqı-satqı yolu ilə əldə etdikdən sonra torpaqdan faktiki istifadə etməmişdir. Birinci instansiya məhkəməsinin 11.12.2019-cu il tarixli qərardadı ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən MH seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,0387 ha torpaq sahəsi, **********25 saylı Çıxarışa əsasən X3 mülkiyyətində olan 0,263808 ha və RX seriyalı ******* saylı Çıxarışa əsasən X6 mülkiyyətində olan 0,578892 ha torpaq sahələrinin ilə üst-üstə düşməsinin, həmçinin iddiaçı və üçüncü şəxslərin naturada istifadə etdiyi 0,0387 ha torpaq sahəsinin sənədlərə uyğunluğunun müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə tapşırılmışdır. Azərbaycan Respublikası Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən və həmin rəyə əsasən verilmiş ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, mübahisəsi gedən (iddiaçı və üçüncü şəxslərə məxsus olan) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə torpağ qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan, torpaq sahələrinin mülkiyyət sənədlərinə uyğunluq təşkil edibetməməsinin, həmçinin qeyd olunan torpaq sahələrinin koordinatlarının üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş rəydə qarşıya qoyulan sualların cavablandırılması mümkün olmadığından birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyinin alınması məqsədilə X2 müraciət edilmişdir. X4 tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli 545 saylı rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilən çıxarışlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Dövlət Aktları əsasında hazırlanmışdır. Lakin çıxarış tərtib edilərkən yer səthi üzərində (naturada) torpaq sahələrinin faktiki istifadə və coğrafi yerləşmə vəziyyəti nəzərə alınmamışdır. Bu amil də həmin çıxarışlarda koordinatları qeyd olunan torpaq sahələrinin hüdudları ilə natura üzrə hüdudları arasında ciddi şəkildə koordinat sürüşmələri (coğrafi yerləşmə mövqeyi) problemlərinin yaranmasına səbəb olmuşdur. Məhz mübahisəli torpaq sahələrinin yerləşdiyi Abşeron rayon Saray qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə verilən çıxarışların əksəriyyətində yuxarıda sadalanan koordinat sürüşməsi problemlərinin olması səbəbindən tərəflərin yer səthi üzərində faktiki istifadə etdikləri, baxışa təqdim etdikləri torpaq sahələrinin konturları ilə, onlara verilən çıxarış və plan ölçülərdə müvafiq şəkildə qeyd olunan torpaq sahələrinin konturları ilə üst-üstə düşmür. Yəni sənədlər üzrə torpaq sahələrinin koordinatları, faktiki naturada yerləşən torpaq sahələrindən kənarda yerləşir. Koordinat sürüşməsi (coğrafi uyğunsuzluq) səbəbindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, “MH" seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0387 ha torpaq sahəsi, **********25 saylı Çıxarışa əsasən X3 mülkiyyətində olan 0.263808 ha və “RX" seriyalı ******* saylı Çıxarışa əsasən X6 mülkiyyətində olan 0.578892 ha torpaq sahələri ilə üst-üstə düşmür. Beləliklə, birinci instansiya məhkəməsində aparılan icraat zamanı həm Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən, həmçinin özəl təşkilat tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahələrinin faktiki sürüşmələrin olması səbəbindən istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların mövcud olduğu, eyni zamanda hər üç torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir. Bu səbəbdən qaldırılmış iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyesterin qeyri-dəqiqliyi sübuta yetirilmədiyinə görə dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və şikayətin dəlillərini əsassız hesab edərək bildirir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir. Hazırkı halda isə üçüncü şəxslərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənəd 2006-cı il iyulun 6-dək Dövlər Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktdır və qanunun 8.0.5-ci maddəsinə əsasən, həmin sənəd hüquqların qeydə alınması üçün əsasdır. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hal, yəni torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi faktı müəyyən edilməmişdir. Odur ki, kollegiya hesab edir ki, cavabdehin hərəkətlərində hər hansı qanunsuzluq müəyyən olunmur, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının ləğvinə əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(118)-39/2021 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(118)-39/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar