Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-575/2022 08.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı "xxxx"Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi Əliyev Şükür İdris oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv.metr olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(118)-179/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. 1 saylı Yerli İqtisad Məhkəməsinin 1002/2-184 nömrəli 11 iyul 2003-cü il tarixli qətnaməsi ilə "xxxx" firmasının 02/2001 saylı, xx.xx.2001-ci il tarixli müqavilədə göstərilən, Sumqayıt şəhəri 53-cü məhəllə ünvanda yerləşən torpaq sahəsini boşaltması, xx.xx.2001-ci il tarixli, 02/2001 saylı müqaviləyə əsasən 172,5 kv metr sahəsi olan tikilinin (xarrat sexi) "xxxx" firması tərəfindən satın alınmış hesab edilməsi qət edilmişdir.
2. Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə Sumqayıt şəhər bələdiyyəsi torpaq komissiyasının 23 oktyabr 2003-cü il tarixli 86 saylı protokoluna əsaslanaraq, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 11 iyul 2003-cü il tarixli (iş № 1002/2 - 184) qətnaməsini nəzərə alınaraq, 53-cü məhəllə ərazisində «VÜQAR - Ə» firmasının şəxsi əmlakı sayılan sahəsi 172,4 kv m olan («Triumf - 25» firması tərəfindən satılmış) xarrat sexinin yerləşdiyi 172,4 kv m torpaq sahəsi «Triumf - 25» firmasından geri alınması və həmin sahə daxil olmaqla istehsalat obyekti yaratmaq məqsədilə əlavə 1020 kv.m., ümumilikdə 1192,4 kv.m. torpaq sahəsi «VÜQAR - Ə» firmasının adına rəsmiləşdirilməsi qərara alınmışdır.
3. Sumqayıt şəhər bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı 31 oktyabr 2003-cü il tarixli 766 nömrəli texniki pasport tərtib edilmişdir.
4. İddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında bağlanmış 02 mart 2005-ci il tarixli 73 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə ilə Sumqayıt şəhəri, 53-cü məhəllə, ərazisində 1192 kv.m torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı əsasında bir il müddətinə icarə müqaviləsi bağlanmışdır.
5. İddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında bağlanmış 28 mart 2019-cu il tarixli 28 nömrəli “Torpaq icarə müqavilə”si ilə Sumqayıt şəhəri, 53-cü məhəllə, ərazisində 1192 kv m torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı əsasında xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək müddətə icarə müqaviləsi bağlanmışdır. 6. İddiaçı 1192,4 kv.metr olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin 7 fevral 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, 28 mart 2019-cu il tarixli icarə müqaviləsi ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə zidd olaraq torpaq sahəsi üzərində icarə müddəti hərrac keçirilmədən uzadılmışdır. Bundan başqa, müayinə zamanı 0,0079 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında (10 kVt) yerləşdiyi müəyyən edilmiş, "xxxx" firması tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na riayət edilməmişdir. 10-kvt-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində hər tərəfə 10 metr kimi müəyyənləşdirilmişdir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyə qərarının 24 oktyabr 2003-cü il tarixli 95 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XK-nin və rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri alınmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
6. İddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv.metr olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt bələdiyyəsinin 24 oktyabr 2003-cü il tarixli, 95 saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin 53-cü məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv.metr olan torpaq sahəsi istehsalat sahəsi yaratmaq məqsədi ilə "xxxx" firmasının icarəsinə verilmiş, sonra bələdiyyə tərəfindən torpaq sahəsinin inşaat pasportu hazırlanaraq firmaya təqdim olunmuş, həmçinin "xxxx" firması ilə torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanılmışdır. Qeyd edilən tarixdən hazıradək firma tərəfindən torpaq sahəsindən istifadə olunur, mütəmadi olaraq torpaq icarə haqqı bələdiyyənin hesabına ödənilir. "xxxx" firması ilə Sumqayıt bələdiyyəsi arasında sözügedən torpaq sahəsinə dair bağlanılmış sonuncu icarə müqaviləsinin müddəti 2019-cu ilin əvvəllərində başa çatdığından, firma tərəfindən 2019-cu ilin mart ayında bələdiyyəyə müraciət edilərək torpağın icarə müddətinin uzadılması xahiş edilmişdir. "xxxx" firmasının müraciəti əsasında tərəflər arasında sözügedən torpaq sahəsinə dair 28 mart 2019-cu il tarixli, 28 saylı yeni torpaq icarə müqaviləsi bağlanılmış və həmin müqavilədə torpağın icarə müddəti 31 dekabr 2023-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra firma torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində icarə hüququnun müddətinin uzadılmasının yalnız açıq torpaq hərracı yaxud müsabiqə yolu ilə əldə edilə bilinəcəyini göstərərək, "xxxx" firmasının torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və Sumqayıt şəhər Bələdiyyəsinin 24 oktyabr 2003-cü il tarixli, 95 saylı iclasının qərarı ilə "xxxx" firmasının icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində "xxxx" firmasının yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Cavabdehin imtina məktubunda istinad etdiyi digər dəlillərin də hər hansı hüquqi əsasları mövcud deyildir. Belə ki, cavabdeh firmanın istifadəsində olan torpaq sahəsinin 79 kv.metrinin guya yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyini bildirsə də, bunu təsdiq edən hər hansı mötəbər sübuta əsaslanmamışdır. Hətta cavabdehin bildirdiyi kimi, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi halda belə, bu, torpaq üzərində "xxxx" firmasının icarə hüququnun dövlət qeydiyyatından imtina üçün əsas sayıla bilməz. Belə ki, bu halda yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşən torpaq çıxılmaqla qalan torpaq sahəsi üzərində "xxxx" firmasının icarə hüququ dövlət qeydiyyatından keçirilməli idi. Cavabdehin sözügedən bələdiyyə qərarının qanunvericiliyə uyğun olmadığı məsələsi "xxxx" firmasının icarə hüququnu dövlət qeydiyyatından keçirməkdən imtina etməsi üçün bəhanədən başqa bir şey deyildir. Belə ki, cavabdeh yalnız qeydiyyat orqanı olduğu halda, öz səlahiyyətindən kənara çıxaraq bələdiyyə qərarlarına inzibati nəzarət orqanının funksiyasını daşıyan orqan kimi çıxış etmişdir.
8. Cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi etiraz dəlilləri ilə iddiaçının müraciətinə verilmiş imtinanın dəlilləri eynilik təşkil edir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(81)-179/2021 saylı 31 may 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhərinin 53-cü məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv m olan torpaq sahəsi üzərində iddiaçı "xxxx" firmasının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 10.Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüququ 2003-cü ilin oktyabr ayından yaranmışdır. Bundan sonra hər il iddiaçı ilə bələdiyyə arasında icarə müqaviləsinin müddəti uzadılmış, sonuncu dəfə xx.xx.2019cu ildə bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2023-cü ilədək qüvvədədir. Həmçinin, "xxxx" firmasına icarəyə verilməsi barədə qərar və icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə isə həmin qərarı və müqaviləni məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. Bundan əlavə, məhkəmə cavabdehin mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xəttininn mühafizə zolağında yerləşməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, aidiyyəti orqanlara verilmiş sorğulara cavablardan iddiaçının icarəsində olan torpaq sahəsinin üzərindən "xxxx" ASC-yə məxsus kabel və hava xətləri keçmədiyi müəyyən edilmişdir.
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. 12.Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-55/2022 saylı 10 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin Məhkəməsinin 22-1(81)-179/2021 saylı 31 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 13.Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 14.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2022-ci il tarixli, 2-1(102)-869/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-55/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
15.Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmənin qərarında göstərdiyi dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütun faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Belə ki, iddiaçı “VüqarƏ” firmasının direktoru Əliyev Şükür İdris oğlu Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən 0,11924 ha torpaq sahəsi üzərində “Vuqar-Ə” firmasının icarə hüququnun dövlətqeydiyyatının aparılması ilə əlaqədar 31 yanvar 2020-cı i tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və müraciəti ilə əlaqədar X3 bildirilmişdir ki, “Bələdiyyə topaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-cı il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mükiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə huquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Müraciətinə əlavə edilmiş 28 mart 2019-cu il tarixli 28 nömrəli icarə müqaviləsindən göründüyü kimi torpaq sahəsi üzərində icarə müddəti hərrac keçirilmədən uzadılmışdır. Bundan başqa, müayınə zamanı 0.0079 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında (10 kvt) yerləşdiyi müəyyən edilmiş, "xxxx" firması tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na nayət edilməmişdir. "Vüqar-Ə” firmasının nəzərinə çatdırılmışdır ki, 10-kvt-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağı Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmış "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində hər tərəfə 10 metr kimi müəyyənləşdirılmışdır. Həmçinin, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və araşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikasi Pezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyə qərarının 24 noyabr 2003-cü il tarixli 95 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XK-nin və rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri aınmamışdır. Göstərilənlərdən aydın olur ki, qeydiyyat orqanı haqlı olaraq iddiaçının sözügedən sahəsi üzərində icarə hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Lakin işə baxmış məhkəmə işin hallarına düzgün qiymət verməmiş və iddianın təmin edilməsi haqqında qanunsuz və əsassız qərar qəbul etmişdir. Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını həyata keçirən cavabdeh İdarə bir xidmət orqanıdır və qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə ərizəçinin sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü İdarə tərəfindən araşdırılır. “VüqarƏ” firmasının müraciətinə əlavə edilmiş 28 mart 2019-cu il tarixli 28 nömrəli icarə müqaviləsindən göründüyü kimi torpaq sahəsi üzərində icarə müqaviləsi hərrac və ya müsabiqə keçirilmədən bağlanmış, bələdiyyə qərarının 24 oktyabr 2003-cü il tarixli 95 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən DTXK-nın və rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri alınmamışdır. Göstərilən pozuntular mövcud olduğu halda həmin torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs hüquqlarının qeydiyyatı üçün əsas mövcud olduğu halda qanunsuz olaraq hüquqlarının qeydiyyata alınmamasından müdafiə üçün deyil, yəni mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının qeydiyyatı uçun məhkəmə tərəfindən əsas yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsini cavabdeh qismində işə cəlb etmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazı İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzıbati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsinə dair sənədlərdə bir sıra çatışmazlıqlar olmasına baxmayaraq formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, işə baxmış məhkəmə tərəfimizdən verilmiş etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Bundan başqa hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər bir sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının İdarəyə qarşı iddiası mümkün sayılmamalı idi. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. 17.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
18.Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 19.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 20.“Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu 9-cu bənd: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. 21.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 22.“İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 23.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24.Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 25.Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli Qərarında göstərilir ki, “...iddiaçıya xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası ilə bağlı torpaq sahəsi icarə verildiyi üçün onunla bağlı bağlanmış müqavilənin uzadılması ilə bağlı açıq torpaq hərracı və ya müsabiqəsi keçirilməsinə zərurət yoxdur. Bununla yanaşı, xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunun 9-cu bəndinin iddiaçıya şamil olunması üçün icarə müqaviləsi xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış olmaqla yanaşı, iddiaçı ilə bələdiyyə arasında davam edən icarə münasibətləri olmalıdır... işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçıya verilən torpaq sahəsi ilə bağlı icarə münasibətlərinin 2006-2019cu illər üzrə hansı formada mövcud olması (müqavilənin müddətinin uzadılması, yeni müqavilə bağlanması və s.) ilə bağlı araşdırma aparmalı, iddiaçı ilə bələdiyyə arasında faktiki icarə münasibətləri olub-olmamasını yoxlamalı idi (Qərarın 36-39-cu bəndləri). 26.Ali Məhkəmənin qərarında əks olunmuş həmin hallarla bağlı ş üzrə təkrar apellyasiya baxışı zamanı Sumqayıt Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 95 saylı qərarı ilə "xxxx" firmasına Sumqayıt şəhərinin 53-cü məhəlləsində ayrılmış torpaq sahəsi ilə bağlı 2006-2019-cu illərdə icarə münasibətlərinin mövcud olub-olmaması ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Sumqayıt Bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 2385 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, Sumqayıt Bələdiyyəsi ilə "xxxx" firması arasında 2006-2019-cu illər ərzində torpaq icarə müqaviləsi rəsmi bağlanılmasa da, faktiki olaraq torpaq icarə münasibətləri mövcud olmuşdur. Belə ki, “İcarə haqqında” Qanununun 5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Sumqayıt Bələdiyyəsi ilə "xxxx" firması arasında 02 mart 2005-ci il tarixdə bağlanılmış 73 saylı Torpaq icarə müqaviləsinin müddəti 31 dekabr 2005-ci il tarixdə bitsə də, Sumqayıt Bələdiyyəsi tərəfindən "xxxx" firmasının qeyd olunan torpaq sahəsini icarə hüququ əsasında istifadə edilməsinə etiraz edilməmişdir. Belə ki, "xxxx" firması tərəfindən 2003-cü ildən (torpaq sahəsi rəsmi ayrıldığı gündən) bu günə kimi hər il torpaq icarə haqqı vaxtı-vaxtında ödənilmişdir. 27.Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə usə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüququ xx.xx.2003-cü il tarixdən yaranmış, bundan sonra hər il iddiaçı ilə bələdiyyə arasında icarə münasibətləri davam etmiş, sonuncu dəfə xx.xx.2019-cu ildə bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2023-cü ilədək qüvvədədir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə torpaq sahəsi ona istehsalat obyekti yaratmaq məqsədilə verilmişdir. Qeyd edilən hal iddiaçı ilə müvafiq torpaq sahəsinin icarəsi ilə bağlı bağlanmış müqaviləni “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunun 10-cu bəndi baxımından yox, 9-cu bəndinə uyğun olaraq qiymətləndirilməsini şərtləndirir. İddiaçıya müvafiq torpaq sahəsi xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası ilə bağlı icarə verildiyi üçün onunla bağlı bağlanmış müqavilənin uzadılması ilə bağlı açıq torpaq hərracı və ya müsabiqəsi keçirilməsinə zərurət olmamışdır. Eyni zamanda təkrar apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Sumqayıt Bələdiyyəsi tərəfindən "xxxx" firmasının qeyd olunan torpaq sahəsini icarə hüququ əsasında istifadə edilməsinə etiraz edilməmiş, 2006-2019-cu illər ərzində torpaq icarə müqaviləsi rəsmi bağlanılmasa da, faktiki olaraq torpaq icarə münasibətləri mövcud olmuş və firma tərəfindən 2003-cü ildən (torpaq sahəsi rəsmi ayrıldığı gündən) hər il torpaq icarə haqqı vaxtı-vaxtında ödənilmişdir.
28. Məhkəmə cavabdehin mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xəttininn mühafizə zolağında yerləşməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, əvvəlki apellyasiya baxışı zamanı aidiyyəti orqanlara verilmiş sorğulara cavablardan iddiaçının icarəsində olan torpaq sahəsinin üzərindən "xxxx" ASC-yə məxsus kabel və hava xətləri keçmədyi müəyyən edilmişdir. Belə ki, X5 Təchizatı və Satışı İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən "xxxx" firmasına məxsus istehsalat sahəsinin bir hissəsi Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən və "xxxx" ASC-yə məxsus 10 kv-luq 14-cü şəhər fideri hava xəttindən budaqlanma yolu ilə 53-cü məhəllədə fəaliyyət göstərən X2 məxsus özəl müəssisənin 54 saylı komplekt transformator məntəqəsinə çəkilmiş 19 kV-luq hava elektrik veriliş xəttinin mühafizə zonasına düşür. Hava xətti Ə.Nəsirova məxsus obyektə verilmiş TX-12-4712 saylı xx.xx.2009-cu il tarixli texniki şərt əsasında 2009-cu ildə çəkilmişdir. Obyekt ilə hava xətti arasındakı məsafə 3 metr təşkil edir. Hava xəttinin trassası ərazinin mövqe planında qırmızı xətlə göstərilmişdir. "xxxx" firmasına məxsus 1192,4 kv.m-lik torpaq sahəsindən "xxxx" ASC Şimal RETSİnə məxsus 35-10-6-0,4 kV-luq kabel və hava xətləri keçmir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" firmasına məxsus istehsalat sahəsinin bir hissəsi Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən və "xxxx" ASC-yə məxsus 10 kV-luq 14-cü şəhər fideri hava xəttindən budaqlanma yolu ilə X2 məxsus özəl müəssisəni qidalandıran 54 saylı komplekt transformator məntəqəsinə çəkilmiş 10 kV-luq hava elektrik verilişi xəttinin mühafizə zonasına düşür. Hava xətti Ə.Nəsirova məxsus obyektə verilmiş TX-12-4712 saylı texniki şərt əsasında 2009-cu ildə çəkilmişdir. Obyekt ilə hava xətti arasındakı məsafə 3 (üç) metr təşkil edir."xxxx" firmasına məxsus 1192,4 kv.m torpaq sahəsindən "xxxx" ASC-yə məxsus 35/10/6/0,4 kV-luq kabel və hava xətləri keçmir. 29.Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinin iddiaçı "xxxx" firmasına icarəyə veirlməsi barədə qərar və icarə müqaviləsi hazırda qüvvədə olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş, yaxud etibarsız hesab olunmamışdır. Cavabdehə isə qanunvericiliklə həmin qərarı və müqaviləni məhkəmədə mübahisələndirmək hüququ verilməmişdir. 30.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. 31.Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(118)- 179/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 32.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(118)-179/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.