Məhkəmə qərarları › İş №2-1(105)-575/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-575/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-575/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(118)-4135/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Quba rayonu Vladimirovka Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarına əsasən İddiaçı bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən 52,15 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin arayışına əsasən Vladimirovka bələdiyyəsinin mülkiyyətinə aid 52,15 ha torpaq sahəsi bonitet balı 29 bal olmaqla, 4-cü keyfiyyət qrupuna aid kənd təsərrüfatına yararsız torpaq sahəsidir.

3. Vladimirovka bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında “Torpaqların alqısatqısına dair” akt imzalanmış, həmçinin, xx.xx.2004-cü il tarixdə ayrılan 52,15 ha torpaq sahəsi bələdiyyənin yerquruluşu planından çıxarışında (1:10000 miqyası) göstərilmişdir.

4. Daha sonra iddiaçı ərizə ilə Quba rayonu Zizik Bələdiyyəsinə müraciət edərək, ona kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə torpaq sahəsinin ayrılmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyinə əsasən Zizik bələdiyyəsinin mülkiyyətinə aid 12,0 ha torpaq sahəsinin iddiaçıya satılmasına etiraz edilməmişdir.

6. Torpaq sahəsinin dəyəri olaraq iddiaçı tərəfindən Zizik bələdiyyəsinin hesabına 2470 (iki min dörd yüz yetmiş) manat məbləğində pul ödənilmişdir.

7. Quba rayonu Zizik Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarına əsasən iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi üçün bələdiyyə ərazisindən 12,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

8. Zizik bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında “Torpaqların alqı-satqısına dair” akt imzalanmış, həmçinin, xx.xx.2006-cı il tarixdə ayrılan 12,0 ha torpaq sahəsi bələdiyyənin yerquruluşu planından çıxarışında (1:10000 miqyası) göstərilmişdir.

9. DTXK-nin Quba rayon şöbəsinin rəyinə əsasən Zizik bələdiyyəsinin mülkiyyətinə aid 20,80 ha torpaq sahəsinin iddiaçıya satılmasına etiraz edilməmişdir.

10. Torpaq sahəsinin dəyəri olaraq iddiaçı tərəfindən Zizik bələdiyyəsinin hesabına 11.000 (on bir min) manat məbləğində pul ödənilmişdir.

11. Quba rayonu Zizik Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarına əsasən iddiaçıya bələdiyyənin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi üçün 20,80 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

12. Zizik bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında “Torpaqların alqı-satqısına dair” akt imzalanmışdır.

13. Zizik Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 10 ha, 5 ha, və 5,8 ha torpaq sahələrinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə AN seriyalı, 378335 nömrəli, 378336 nömrəli, 378337 nömrəli “Topraq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir.

14. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Vladimirovka Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarına, Zizik Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli və xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarlarına əsasən ona ayrılmış 52,15 ha, 12,0 ha və 20,80 ha torpaq sahələri üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

15. 52,15 ha torpaq sahəsinə münasibətdə cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21- 3-34/2-A-0342-8/2024 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə (DWJ) üzərində çay yatağı kimi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir.

16. 12,0 ha torpaq sahəsinə münasibətdə cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21-3- 34/2-A-0341-8/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək qeyd etmişdir ki, torpaq sahəsi ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə (DWJ) üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir. Bundan başqa, torpaq sahəsinə dair Timirzayev bələdiyyəsi tərəfindən tərtib edilmiş 1:10000 miqyaslı yerquruluşu planından çıxarış DTXK-nin Quba rayon şöbəsi və Quba RİH-nin memarlıq tikinti şöbəsi tərəfindən təsdiq edilməmişdir.

17. 20,80 ha torpaq sahəsinin 5 ha və 5,8 ha hissəsinə münasibətdə cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2A-0338-8/2024 və 3-21-3-34/2A-0339-8/2024 nömrəli məktubları ilə müraciətin icrasından imtina edərək qeyd etmişdir ki, 5 ha və 5,8 ha torpaq sahələrinin cizgisi ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə (DWJ) üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. Həmin torpaq sahələri alqı-satqı predmeti deyildir.

18. 20,80 ha torpaq sahəsinin 10 ha hissəsinə münasibətdə cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-A-0340-8/2024 nömrəli məktubu ilə müraciətin müraciətin icrasından imtina edərək qeyd etmişdir ki, 10 ha torpaq sahəsinin cizgisi ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə (DWJ) üzərində çay yatağı və örüş kimi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir.

19. Verilən imtina cavabları ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu Zizik Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli və xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarları ilə ona ayrılmış müvafiq olaraq 20,80 ha və 12 ha, Quba rayonu Vladimirovka Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə ona ayrılmış 52,15 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

20. İddia tələbi hazırkı qərarın 1-19-cu bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırılmışdır.

21. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubları ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

22. Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(118)-4135/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, Quba rayonu Zizik Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 20,80 ha, Quba rayonu Zizik Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 12 ha, Quba rayonu Vladimirovka Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 52,15 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Rahim Həsənov).

23. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, DT və XK-nın Quba rayon şöbəsinin rəyləri, Zizik bəldiyyəsi tərəfindən verilmiş alqı-satqı aktının və bələdiyyə qərarlarından müəyyən olunur ki, iddiaçıya torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün ayrılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən kənd təsərrüfatına az yararlı torpaq sahəsi olmuşdur. Zizik, Vladimirovka bələdiyyələrinin qərarlarında müvafiq qeyd edilmiş, bu səbəbdən alqı-satqı predmeti olmuş və həmin qərarların preyudisiallığı şübhə doğurmamalıdır. Nəzərə alınmalıdır ki, məhkəməyə təqdim edilmiş Quba rayon Timiryazev Bələdiyyəsinin məktublarından müəyyən olunur ki, Zizik və Valdimirovka bələdiyyələri birləşdirilərək Timiryazev bələdiyyəsi yaradılmış və iddiaçıya torpaq sahələrinin ayılmasına dair bələdiyyə qərarları qüvvədədir və çıxarış alınmasına etiraz etmədikləri bildirilmişdir. Bu səbəbdən də cavabdehin bu səpkidəki arqumenti əsassızdır.

24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

25. Cavabdeh apellyasiya şikayətini imtina məktubları və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasını təyin edilməmişdir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək, Zizik Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 12,0 torpaq sahəsinin örüş torpaqlarına aid 4 ha hissəsindən imtina etdiklərini bildirmiş və 80,95 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

28. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;

30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

31. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

32. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ...

33. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ...

34. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

35. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

40. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

42. Hazırkı mübahisənin predmetini 3 ədəd torpaq sahəsi: 1) Vladimirovka Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 52,15 ha; 2) Quba rayonu Zizik Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 20,80 ha; 3) Zizik Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı ilə ayrılmış 12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir.

43. Cavabdehin imtina məktubu və şikayətinin dəlilləri iddia olunan hər üç torpaq sahəsinin torpaq sahəsi ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə (DWJ) üzərində çay yatağı və ya kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olaraq göstərilməsidir.

44. Birinci instansiya məhkəməsi torpaq sahəsinin ayrılmasına dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən müsbət rəylərin verildiyini və bələdiyyə qərarlarının hazırda qüvvədə olduğunu nəzərə alaraq iddianı təmin etmişdir.

45. Məhkəmə kollegiyası işə baxan məhkəmənin hüuqqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:

46. Şikayətin dəlillərinin araşdırılması məqsədilə kollegiyanın sorğusu əsasında iddia olunan torpaq sahəsi cavabdeh tərəfindən yerində müayinə edilmiş və bununla bağlı məhkəməyə müayinə aktı təqdim edilmişdir.

47. Müayinə aktından görünür ki: - 52,15 ha torpaq sahəsi DWJ xəritələrində mülkiyyət növü dövlət olmaqla “su obyektləri - çay yatağı” kimi göstərilmiş, sonradan quruduğu üçün yararlı hala salınmış və istifadə olunmuşdur. TEKUİS-ə də əvvəllər “su obyektləri - çay yatağı” kimi işlənilmiş, daha sonra Timirzayev bələdiyyəsinin xx.xx.2024-cü il tarixli müraciəti əsasında "xxxx" MMC tərəfindən torpaq tədqiqatı aparılaraq TEKUİS-ə “kənd təsərrüfatı təyinatlı torpaqlar”, “çoxillik əkmələr” uqodiya olaraq düzəlişlər edilmişdir, faktiki olaraq meyvə bağlarıdır. - 12 ha torpaq sahəsi DWJ xəritələrində mülkiyyət növü bələdiyyə olmaqla “kənd təsərrüfatı təyinatlı örüş” kimi, TEKUİS-də bir neçə hissəyə bölünməklə, 4,0 ha hissəsi örüş, 8,0 ha hissəsi çoxillik əkmələr- meyvə bağları kimi qeyd edilmişdir. Faktiki olaraq meyvə bağlarıdır, üzərində təsərrüfat təyinatlı (anbar/ofis) tikililər vardır. - 20,80 ha torpaq sahəsi 5,0 ha, 10,0 ha və 5,8 ha olmaqla, 3 hissədən ibarətdir. DWJ xəritələrində mülkiyyət növü bələdiyyə olmaqla “kənd təsərrüfatı təyinatlı örüş” kimi, TEKUİS-də kənd təsərrüfatı təyinatlı əkin (çoxillik əkmələr- meyvə bağları) kimi qeyd edilmişdir. Faktiki olaraq meyvə bağlarıdır. - İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 84,95 ha təşkil edir.

48. Müayinə aktından göründüyü kimi 12 ha torpaq sahəsinin 4 ha hissəsi örüş, qalan 8 ha hissəsi, o cümlədən, 52,15 ha və 20,80 ha torpaq sahələri olmaqla, ümumilikdə 80,95 ha torpaq sahəsi TEKUİS-ə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələridir.

49. İddiaçı apellyasiya məhkəməsində icraat zamanı 12 ha torpaq sahəsinin 4 ha hissəsinə münasibətdə tələbinin həcmini azaldaraq, yerdə qalan 80,95 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.

50. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

51. Odur ki, hazırda mübahisə predmeti 80,95 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması məsələsidir.

52. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər.

53. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Sadalanan normaların tələblərindən göründüyü kimi qanunvericiliklə bələdiyyə tərəfindən kənd təsərrüfat təyinatlı az yararlı və yararsız torpaqların şəxslərin mülkiyyətinə verilməsi yolverilən hesab edilir.

54. İşdən görünür ki, Vladimirovka Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli, Zizik Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli və xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarlarının qəbulu üzrə icraat çərçivəsində torpaq sahəsinin alqı-satqı qaydasında iddiaçıya satılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən rəylər verilmişdir.

55. Həmin rəylərə əsasən, bələdiyyələr tərəfindən ayrılması nəzərdə tutulmuş 52,15 ha, 20,80 ha 12,0 ha torpaq sahələrinin kənd təsərrüfatına yararsız olması nəzərə alınaraq iddiaçıya satılması məqsədəmüvafiq hesab edilmişdir.

56. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyasının 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən müvafiq fərmanına əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirir.

57. Cavabdeh hazırda həmin torpaq sahəsinin TEKUİS-ə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğunu qeyd etsə də, iddiaçıya həmin torpaq sahələri ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi torpaqayırma qaydasında müsbət rəylər verilmiş və həmin səlahiyyətli qurum ayrılması nəzərdə tutulan torpaq sahələrini kənd təsərrüfatına yararsız sahələr kimi qiymətləndirmişdir.

58. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı müvafiq rəy bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz.

59. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin həmin dəlili əsassızdır.

60. Cavabdeh şikayətinin əlavə dəlillərində torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilmədiyini bildirmişdir.

61. Şikayətin bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya məhkəməsində icrat zamanı cavabdeh tərəfindən verilmiş müayinə aktından görünür ki, iddiaçının torpaq sahəsi baza məlumatlarında olan xəritə üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Faktiki istifadədə olan torpaq sahəsinin daxilindən yüksək gərginlikli elektrik xətləri keçir.

62. Göründüyü kimi iddia olunan torpaq sahəsinin koordinatları heç bir mülkiyət sənədi ilə üst-üstə düşmür. Kollegiya qeyd edir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zolağında yerləşdiyi qəbul edilsə belə, nəzərə almaq lazımdır ki, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” normalarında qeyd edilən halın daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilməmişdir.

63. Odur ki, şikayətin dəlili əsassızdır.

64. İddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Vladimirovka Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli, Zizik Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarlarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.

65. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

66. Bələdiyyələrin həmin qərarlarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

67. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

68. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(118)-4135/2025 nömrəli qərarı dəyişdirilsin. Quba rayonu Vladimirovka Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 52,15 ha torpaq sahəsi, Zizik Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarına əsasən ayrılmış 8,0 ha torpaq sahəsi, Zizik Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarına əsasən ayrılmış 20,80 ha torpaq sahəsi olmaqla, ümumilikdə 80,95 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar