Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-576/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-822/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli, 6/6 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı1, X6, İddiaçı4 və X3 ayrıldığı göstərilən 1,85 ha (18W nömrəli planşet üzrə 4885,37 kv.m, 0018 nömrəli planşet üzrə 13599,53 kv.m) torpaq sahəsinə dair Qusar rayon torpaq şöbəsi tərəfindən həmin şəxslərin adına 27 aprel 2001-ci il tarixli, JN-0018, KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Həmçinin, Qusar rayon AİK-nin eyni tarixli qərarı ilə adıçəkilən şəxslərə ayrıldığı göstərilən 2,70 ha (18W nömrəli planşet üzrə 4885,37 kv.m, 18A nömrəli planşet üzrə 8500,00 kv.m, 0018 nömrəli planşet üzrə 13599,53 kv.m) torpaq sahəsinə dair eyni - JN- 0018, KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. JN-0018 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 18W nömrəli planşeti üzrə 0,4885 ha torpaq sahəsi, eləcə də, 18 nömrəli planşeti üzrə 1,3599 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq adlarına **********19 və **********21 reyestr nömrəli çıxarışlar verilmişdir. İddiaçı1 ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Qusar rayonu Hil kəndi ərazisində yerləşən 2,70 ha torpaq sahəsinin 0,85 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İnzibati orqan xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-6211/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən JN-0018 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nın 18 A nömrəli planşetində göstərilən 0.85 ha torpaq sahəsinin uqodiyasının kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması və həmin torpaq sahəsinin elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmaması aşkar edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar rayonu AİK-nin xx.xx.2000-ci il tarixli, 6/6 saylı qərarı ilə ayrılmış (JN:0018, Kod ********) Qusar rayonu Hil kəndi ərazisində yerləşən 2,70 ha torpaq sahəsinə görə İddiaçı1, X6, İddiaçı4 və X3 Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və torpaq sahəsinə görə texniki sənədlərin verilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 6/6 saylı qərarı ilə Qusar rayonu Hil kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2,70 ha torpaq sahəsi İddiaçı1, X6, İddiaçı4 və X3 ayrılmışdır. Torpaq sahəsinin ölçüsü 2,70 ha olub, "kənd təsərrüfatı məhsullarının istehsalı” üçün nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi 2000-ci ildən hal-hazıradək iddiaçının və ailə üzvlərinin istifadəsindədir, taxıl məhsulları əkib-becərməklə məşğul olurlar. “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktının Kodu 30111018, seriyası JN- 0018-dir. Torpaq sahəsinin 1.3599 ha hissəsi üzərində iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququ qeydə alınmış və müvafiq çıxarış və plan və ölçü sənədi verilmişdir. 0.85 ha hissəsi isə ayrı yerdə yerləşməklə iddiaçının istifadəsindədir. Belə ki, iddiaçıya və ailə üzvlərinə ayrılmış 2.70 ha torpaq sahəsinin bir hissəsi meşə zolağına düşdüyünə görə sonradan ayrı torpaq sahəsi ilə əvəz edilmişdir və bu hal aqrar islahat komissiyasının qərarında da öz əksini tapmışdır. O, 0,85 ha hissəyə görə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraicət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, Qusar rayon AİK-nin xx.xx.2000-ci il tarixli 6/6 saylı qərarı ilə ayrılmış Qusar rayonu Hil kəndi ərazisində yerləşən 2,70 ha torpaq sahəsinin 0,85 ha hissəsi üzərində İddiaçı1, X5, İddiaçı4 və X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8, İddiaçı4 və X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-822/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qusar rayon AİK-nin xx.xx.2000-ci il tarixli 6/6 saylı qərarı ilə ayrılmış Qusar rayonu Hil kəndi ərazisində yerləşən 2,70 ha torpaq sahəsinin 0,85 ha hissəsi üzərində İddiaçı1, X5, İddiaçı4 və X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edildi ki, iddiaçı və ailə üzvlərinə Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli, 6/6 saylı qərarı ilə 2,70 ha torpaq sahəsi ayrılmışdır. İddiaçıya verilmiş dövlət aktında ayrılmış torpaq sahəsinin ölçüsü 2.70 ha (ayrı-ayrı 3 planşet olmaqla – 8500 kv m, 4885.37 kv m və 13599,53 kv m), cavabdeh orqanda saxlanılan arxiv nüsxəsində isə 1.85 kv.m göstərilmişdir. 22 dekabr 2022-ci il tarixdə ayrılan 2.70 ha torpaq sahəsindən 1.3599 kv.m hissəsi üzərində iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququ qeydə alınmış və müvafiq çıxarış və plan və ölçü sənədi verilmişdir. Cavabdeh iddiaçıya pay torpaq sahəsi kimi ayrılmış 0.85 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina etdikdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilmiş heç bir hala əsaslanmamışdır. 0.85 ha hissəsi ayrılandan sonra iddiaçıya verilmiş dövlət aktında göstərilən koordinatların elektron baza məlumatlarına əlavə edilməməsi iddiaçının təqsiri üzündən baş verməmiş, həmin məlumatların dolğunluğuna və dəqiqliyinə inzibati orqan cavabdehdir və bu hal vətəndaşın mülkiyyət hüqunun pozulmasına gətirib çıxarmamalıdır. Qusar rayon Lenin sovxozu üzrə yerli AİK-nın xx.xx.2000-ci il tarixli qərarı və həmin qərarın təsdiq edilməsi barədə Qusar rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 6/6 saylı qərarı hazıradək qüvvədədir, ləğv edilməmiş və ya qanunvericiliklə müəyyə edilmiş qaydada etibarsız hesab edilməmişdir. Mübahisəsi gedən 0.85 torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Üçüncü şəxslər İddiaçı2, İddiaçı3 və X9 və İddiaçı1 məhkəmə kollegiyasına birgə ərizə təqdim edərək, 8500,00 kv.m torpaq sahəsinə dair tərtib edilmiş JN-0018, KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında birgə mülkiyyətçilər kimi göstərildiklərindən birgə iddiaçı qismində tanınmalarını xahiş etmişdirlər. Məhkəmə kollegiyası tərəfindən vəsatət təmin edilərək İddiaçı2, İddiaçı3 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmiş, adıçəkilən şəxslər və İddiaçı1 birgə iddiaçı qismində tanınmışlar. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, JN:0018 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 18W nömrəli planşet üzrə 4885,37 kv.m. və 0018 nömrəli planşet üzrə 13599,53 kv.m. hissəsi elektron baza məlumatlarında və qeydiyyat kitablarında öz əksini tapdığından aktda göstərilən 2,70 ha torpaq sahəsinin həmin hissələri üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alınmışdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 şikayətin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, aqrar islahat zamanı ilk dəfə ona və ailə üzvlərinə 2,70 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra həmin torpaq sahəsinin bir hissəsi meşə fonduna düşdüyünə görə həmin sahənin 1,35 ha hissəsi başqa yerdən, 0,85 ha hissəsi də başqa yerdən ayrılaraq verilmişdir. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3 və X9 şikayətin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdilər. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İş materiallarında iddiaçıların adına Qusar rayon torpaq şöbəsi tərəfindən tərtib edilmiş 27 aprel 2001-ci il tarixli, JN:0018 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” 2 ədəd Dövlət Aktı vardır. Dövlət Aktlarının birində Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli, 6/6 nömrəli qərarı əsasında ayrılmış torpaq sahəsinin ölçüsü 2,70 ha (18W nömrəli planşet üzrə 4885,37 kv.m., 18A nömrəli planşet üzrə 8500,00 kv.m., 0018 nömrəli planşet üzrə 13599,53 kv.m.), digərində isə 1,85 ha (18W nömrəli planşet üzrə 4885,37 kv.m., 0018 nömrəli planşet üzrə 13599,53 kv.m.) göstərilmişdir. Hazırda iddiaçılar 2,70 ha torpaq sahəsinə dair tərtib edilmiş Dövlət Aktının 18A nömrəli planşeti üzrə 8500,00 kv.m. torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının qeydə alınmasını tələb edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir və aşağıdakılardan ibarətdir: 1) 2,70 ha torpaq sahəsinə dair JN-0018, KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 18A nömrəli planşetində göstərilən 8500,00 kv.m torpaq sahəsinin elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmaması; 2) Həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olması. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Həm birinci instansiya məhkəməsinin, həm də məhkəmə kollegiyasının sorğularına cavab olaraq Qusar Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş: - Lenin adına sovxoz üzrə yerli aqrar islahat komissiyasının 05 may 2000-ci il tarixli iclas protokolundan görünür ki, Lenin adına sovxozun ərazisində yerləşən Hil kəndində torpaqların yerdə vətəndaşlara təhkim edilməsi zamanı bəzi nöqsanlar aşkar edilmişdir. Belə ki, bir neçə vətəndaşa torpaq payı normadan az hesablanmış, bəziləri meşə, kolluq, daşlıq və kəndaltı yerlərə düşmüş, 14 nəfər torpaqdan pay almaq hüququ olan vətəndaşların isə adları siyahıda qeyd edilməmişdir. Qeyd olunan nöqsanların aradan qaldırılması məqsədilə:
1. Əvvəllər əkin kimi, sonradan baxımsızlıq üzündən örüş kimi istifadə olunan ərazilərdə boş qalan sahələrdən və bələdiyyənin ehtiyat fondundan payçıların torpaqla təmin edilməsi;
2. Torpaqların özəlləşdirilməsi zamanı siyahıda adları qeyd edilməyən vətəndaşlara bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi ayrılması;
3. Hil kənd İƏV-i üzrə torpağın özəlləşdirilmə siyahılarında adları qeyd edilməyən vətəndaşların siyahısının protokola əlavə edilməsi qərara alınmışdır. Protokolun 3-cü bəndinə müvafiq olaraq tərtib edilmiş siyahının 3-cü bəndində iddiaçılardan İddiaçı1 adı qeyd edilmiş və ona “18” akt nömrəsi üzrə ayrılan torpaq sahəsinin ölçüsü “2,11 ha”, kontur nömrəsi “241”, qaytarılan sahənin ölçüsü isə “1,36 ha” göstərilmişdir. - Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli, 6/6 nömrəli qərarı ilə yuxarıda sadalanan nöqsanların aradan qaldırılması üçün bölgüdə qismən dəyişikliklərin aparılmasına dair Lenin adına sovxoz üzrə yerli aqrar islahat komissiyasının 05 may 2000-ci il tarixli iclas qərarı təsdiq edilmişdir. Həmçinin, kollegiyanın JN:0018 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən məhkəməyə Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli, 6/6 nömrəli qərarı təqdim edilmişdir. Sorğuya cavaba əlavə edilən Qusar rayon AİK-nin 1998-ci il tarixli, 17/3 saylı qərarı ilə təsdiq edilmiş “Qusar rayonu Lenin adına sovxozun torpaq payı almaq hüququ olan subyektlərin adlı siyahısı” nın 1-4-cü bəndlərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 adları göstərilmişdir. Bundan əlavə, cavabdeh inzibati orqan da məhkəmənin analoji sorğusuna cavabında ayrı-ayrılıqda 1,85 ha və 2,70 ha torpaq sahələrinə dair JN:0018 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının arxiv nüsxələrinin olduğunu, eləcə də, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş “Torpağa mülkiyyət, torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının, torpağın mülkiyyətə verilməsinə dair və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr” in qeydiyyat kitabında JN:0018 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 18-ci sıra nömrəsi ilə 2,70 ha olaraq qeydə alındığını bildirmiş və həmin Dövlət Aktlarının arxiv nüsxələrini məhkəməyə təqdim etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı JN:0018 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 18W nömrəli planşet üzrə 0,49 ha (4885,37 kv.m.), 0018 nömrəli planşeti üzrə 1,36 ha (13599,53 kv.m.) torpaq sahələrinin elektron baza məlumatlarında olan xəritə üzərində öz əksini tapdığı müəyyən edilmişdir. İddiaçı 1,85 ha və 2,70 ha torpaq sahələrinə dair eyni tarixli və eyni nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının tərtib edilməsinə münasibətdə məhkəmə iclasında izahatında bildirmişdir ki, aqrar islahat zamanı ilk dəfə ona və ailə üzvlərinə 2,70 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin bir hissəsi meşə fonduna düşdüyünə görə daha sonra həmin sahənin 1,35 ha hissəsi başqa yerdən, 0,85 ha hissəsi də başqa yerdən ayrılaraq verilmişdir. Beləliklə, işin sadalanan faktiki hallarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, iddiaçılara Qusar rayonunda aparılmış aqrar islahat zamanı Lenin adına sovxoz üzrə Hil kəndindən əvvəlcə 1,85 ha torpaq sahəsi ayrılmış, aqrar islahat nöqsanlarla aparıldığından daha sonra onlara başqa ərazidən 8500,00 kv.m torpaq sahəsi də ayrılmışdır. İslahat zamanı, ümumilikdə, iddiaçılara 2,70 ha torpaq sahəsi ayrılmış, həmin 2,70 ha torpaq sahəsinə dair onların adına JN:0018 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş, aktda torpaq sahəsi 18W nömrəli planşet üzrə 4885,37 kv.m, 18A nömrəli planşet üzrə 8500,00 kv.m, 0018 nömrəli planşet üzrə 13599,53 kv.m olaraq göstərilmişdir. Hazırda mübahisələndirilən 8500,00 kv.m torpaq sahəsi iddiaçılara sonradan ayrıldığından əvvəlcə onların adına 2 planşet üzrə (18W nömrəli planşet üzrə 4885,37 kv.m., 0018 nömrəli planşeti üzrə 13599,53 kv.m.) 1,85 ha torpaq sahəsinə dair Dövlət Aktı, daha sonra 18A nömrəli planşet üzrə 8500,00 kv.m də əlavə edilməklə 3 planşet üzrə 2,70 ha torpaq sahəsinə dair Dövlət Aktı tərtib edilmişdir. Hər iki 1,85 ha və 2,70 ha torpaq sahəsinə dair tərtib edilmiş Dövlət Aktının arxiv nüsxələri də mövcuddur. Belə olan halda, kollegiya hesab edir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 18A nömrəli planşet üzrə 8500,00 kv.m torpaq sahəsinin elektron məlumat baza olan xəritə üzərində əksini tapmaması iddiaçıların ziyanına şərh oluna bilməz. Belə ki, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən həmin Dövlət Aktı qüvvədə olduğu müddətdə, yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar həmin Dövlət Aktının qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı həmin dövrdə (27 aprel 2001-ci il tarixdə) belə aktın verilməsi səlahiyyətinə malik olan və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmişdir və həmin aktın həqiqiliyinin və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aid edilməlidir. Bununla bağlı, həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan, səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq sənəd, hazırkı mübahisəyə münasibətdə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən hüququn qeydiyyata alınmasından, eləcə də müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Digər tərəfdən, kollegiya qeyd edir ki, torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə ilə tənzimlənirdi. Bu Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin qanunun mötəbərlik prezumpsiyasından bəhs edən 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Sadalanan maddi hüquq normalarını hazırkı işin hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən 2,70 ha torpaq sahəsinə təqdim edilmiş JN:0018 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sənəd hesab olunur. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 71/2023 nömrəli qərarında da “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının həqiqiliyinə və mötəbərliyinə dair məhkəmənin eyni mövqeyi ifadə olunmuşdur. Bundan əlavə, kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən verilmiş müayinə aktından görünür ki, JN:0018 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktnın 18A nömrəli planşet üzrə 8500,00 kv.m. torpaq sahəsi hazırda iddiaçı tərəfindən faktiki istifadə olunur, həmin torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında öz əksini tapmamışdır. Həmin torpaq sahəsi faktiki koordinatlar əsasında TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş məlumat bazasında dəqiqləşdirildikdə mülkiyyət növü bələdiyyə olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahələri (uqodiyası təmiz örüş) kimi uçota alındığı müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçıların sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.5-ci maddəsi, eləcə də Mülki Məcəllənin 139-1.1, 139-1.1.5-ci maddəsindən irəli gələn hüquqmüəyyənedici sənədə - 27 aprel 2001-ci il tarixli, JN:0018 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsaslanır. İstinad olunan həmin normalarda 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qismində təsbit edilmişdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-822/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.