Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-576/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əzizova Vəfa Ehtiram qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı uşağın adının dəyişdirilməsinə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(118)-3640/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İŞİN HALLARİ İddiaçı 2018-ci ildə X4 ilə faktiki nikaha daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə onların Naləndə adlı bir qızları dünyaya gəlmişdir. xx.xx.2019-cu il tarixdə X3 uşaq barəsində atalığı müəyyən edilmiş və müvafiq şəhadətnamə verilmişdir. İddiaçı uşağın adının “Naləndə”dən “Melisa”ya dəyişdirilməsi məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin həmin orqan valideynlərin birgə xahişi olmadığından və uşağın mənafeyi nəzərə alnaraq imtina cavabı vermişdir. İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, uşağın adının dəyişdirilərək “Melisa” kimi qeyd edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək uşağın adının dəyişdirilməsinə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə həyat yoldaşı 2020-ci ildə ayrılmışlar.Lakin Övladlarının adı (Naləndə) əvvəlki ərinin anasının adıdır. Boşanma ərəfəsində çoxlu mübahisələri olmuşdur. İddiaçıya xəsarət yetirilmişdir. Bununla bağlı əvvəlcə Polis İdarəsində, sonra isə ona xəsarət yetirən qayınanası və baldızı barədə hökm elan olunmuşdur. Hazırda övladının həmin adın daşıması istər-istəməz köhnə olanları xatırladır, əsəbi olur, özündən çıxır. Bundan başqa, uşağı iki ilə yaxındır ki, “Melisa” deyə çağırıb öyrəşdirmişlər. Uşaq da artıq özünü Melisa kimi tanıyır. Övladının adı, yəni “Naləndə” adı ərəbcədən tərcümədə ah, kədər, qəm mənasını verir, bu da qız uşağı üçün xoşagələn ad deyildir. Bu tələblə cavabdehə müraciət etmiş və cavabdeh imtina məktubu ilə cavab verərək müraciətinin təmin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, imtina qanunsuzdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(118)-3640/2025 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim Mehribam Mahmudlu-Abbaszadə). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda sadalanan tələblərinə görə uşağın 18 yaşına çatana qədər digər valideynin soyadına dəyişdirilməsi üçün mütləq qaydada valideynlərin birgə xahişi tələb edilir. Bundan sonra da uşağın mənafeyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı buna razılıq verə bilər. Hazırki halda isə məlum olduğu kimi uşağın atası olan X3 adının dəyişdirilməsinə razılıq verməmişdir. Həmçinin cavabdehin imtina məktubunda eyni zamanda müəyyən edilmişdir ki, qeyd olunan ad Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi qeyd edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İdidaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, uşağın atası ilı münasibətləri olduqca pisdir, aliment verilməsinə dair qətnamənin 3 ildir çıxmasına baxmayaraq hazıradək bir dəfə də olsun aliment verməmişdir. Hətta bu səbəbdən 10 gün inzibati həbs də edilmişdir. Belə olan təqdirdə o, hər hansı razılıq verməyəcəkdir. Onun təqsiri üzündən uşaq bu adla yaşamağa məcbur olmamalıdır. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs qismində cəlb edilmiş X4 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişlər, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üşüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iddiaçının dinlənilmə hüququnu təmin edərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Hazırda iddiaçı övladı xx.xx.20189-cu il təvəllüdlü X2 adının “Melisa”ya dəyişdirilməsi üşün rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Birinci instansiya məhkəməsi valideynlərin birgə xahiinin olmaması və ilə həmin uşağın mənafelərini nəzərə alaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. Qeyd edilməlidir ki, yerli icra hakimiyyəti yanında qəyyumluq və himayəçilik orqanının məktubu isə inzibati aktın normativ anlayışında nəzərdə tutulmuş yuxarıda qeyd edilən bütün əlamətlərə, xüsusən də ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq əlamətinə malik deyildir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri, eləcə də mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarında qeyd edilir ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir. Hazırkı işin halları baxımından, nəzərə almaq lazımdır ki, qəyyumluq və himayəçiliklə, o cümlədən uşaqların adının dəyişdirilməsi ilə bağlı məsələlər mülki və ailə qanunvericiliyi ilə tənzimlənir. Bu baxımdan, qəyyumluq və himayəçiliklə bağlı münasibətlər mülki hüquq münasibətləri sayıldığına görə həmin münasibətlərdən aranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Birinci instansiya məhkəməsi cavabdehin inzibati orqan olmasını, iddianın növünü öhdəliyin icrası kimi müəyyən edib iddianı mümkün hesab edərək tələbə mahiyyəti üzrə baxmışdır. Lakin imtinanın icra hakimiyyəti orqanı tərəfindən verilməsi münasibətin və onunla bağlı mübahisənin mülki-hüquqi xarakterini dəyişdirmir və dəyişdirə bilməz. Bu münasibətlərin xarakteri baxımından həlledici olan rəyin verilməsi məsələnin kim tərəfindən həll olunması deyil, onun hansı hüquq sahəsinə əsasən həll olunmasıdır. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanların məhz publik (inzibati) sahəsində fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı yaranan mübahisələrə baxılır. Başqa sözlə, inzibati orqan publik hüquq müstəvisində fəaliyyət göstərdiyi və həmin hüquq normalarına əsasən şəxsə münasibətdə qərar qəbul etdiyi və ya belə qərarın qəbulundan imtina etdiyi və bunun üzərindən şəxsin hüquqlarını pozduğu hallarda, belə mübahisələrə baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin hərəkəti və iddiaçının tələbi inzibati hüquqa deyil, mülki (ailə) hüquq sahəsinə bağlıdır və mülki hüquq normalarına əsaslanır. İPM-in 8.2-ci maddəsinə əsasən, ....... mülki və ya cinayət məhkəmə icraatı qaydasında, ..... baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-15.3-cü bəndləri). Eyni zamanda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsi baxımından iddiaçıya izah edir ki, əgər uşağın atası uşağın adının dəyişdirilməsinə razı deyilsə, iddiaçı uşağın atasına qarşı uşağın adının dəyişdirilməsi üçün razılıq verilməsi və ya müvafiq icra hakimiyəti orqanına qarşı atanın razılığı olmadan uşağın adının dəyişdirilməsinə dair rəyin verilməsi tələbinə dair iddia qaldırma hüququna malikdir. Qeyd edilənlərə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(118)-3640/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-576/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-576/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver