Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-577/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə ona satılmış 1,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu qeydiyyatı təsdiq edən elektron çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(118)-354/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları: Şamaxı rayon İİ Cabanı Bələdiyyəsinin 27 iyul 2007-ci il tarixli, 08 saylı Qərarı ilə İddiaçı bələdiyyə perspektiv inkişaf ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız torpaq sahəsindən alqı-satqı qaydasında tikinti məqsədilə 0.10 ha torpaq sahəsi, kənd təsərrüfatı məqsədilə 1.40 ha, cəmi 1.50 ha torpaq sahəsi satılmışdır. İddiaçı Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə ona satılmış 1,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə ona satılmış 1,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu qeydiyyatı təsdiq edən elektron çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə iddiaçıya 1120 manat müqabilində 1,5 ha torpaq sahəsi satılmışdır. Həmin qərar əsasında 2007-ci ildə torpağın alqı-satqısına dair akt tərtib edilmişdir. Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə satılmış 1,5 ha torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması üşün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etsə də, hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Hesab edir ki, həmin imtina əsassızdır və hüquqları qeydiyyata alınmalıdır. Həmin torpaq sahəsi satılarkən DTXK-nin arayışı əsasında müəyyən edilmişdir ki, torpaq sahəsi alqı-satqı predmetidir və Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.2-ci maddəsinə əsasən dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək DƏDKR-in vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 47.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüququi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı qəararı ilə ona satılmış 1.5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 nömrəli qərarı ilə sahibkarlıq məqsədilə İddiaçı mülkiyyətinə 1.5 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinə ləğv edilmiş DTXK tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib olunmamışdır. Sənədlər toplusuna torpaq sahəsinin yerini əks etdirən bələdiyyənin yerquruluşu xəritəsindən çıxarış da əlavə olunmamışdır. Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən faktiki İstifadədə olan torpaq sahəsinin yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsindən alqı-satqı yolu ilə əldə olunmuş 1.50 ha torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan mövcud elektron baza xəritəsində örüş torpaqları kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının torpaq qanunvericiliyin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmetı ola bilər. Azərbaycan Respublikası "Torpaq Məcəlləsinin 16.3. maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri İsə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü bəndində qeyd olunmuşdur ki, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı mədsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq İcra Hakimiyyəti orqanının (Nazirlər Kabineti) qərarı ilə yol verilir. Şamaxı rayon 2ci Cabanı Bələdiyyəsi tərəfindən satılmış 1.5 ha torpaq sahəsi alqısatqı predmeti olmadığına görə İddiaçı ərizəsinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15- ci maddəsinə əsasən imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(118)-354/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Dağ-Şirvan kadastr qiymət rayonu üzrə bonitet şkalası 80—61 olan torpaq sahələri ikinci keyfiyyət qrupuna daxil olmaqla kənd təsərrüfatına yararlı torpaq sahələri hesab edilir. Hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi kənd təsərrüfatının örüş torpaqları növünə daxildir. Məhkəmə qeyd edir ki, kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur, keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqlar mülkiyyətə verilə bilməz. Örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini itirsə belə, yəni az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsini istisna edəcək. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qeyd etdikləri rəsmi sənədlər, foto və videoçəkilişlərlə təsdiq edilir, habelə, göstərdiyi faktları təsdiq edən çox sayda şahidlər vardır. İddiaçı etimad hüququna əsaslanaraq müqavilə bağlamış və müvafiq ödənişi edərək mövcud torpaq sahəsini satın almışdır. Hal-hazırda həmin sahəsilə bağlı ekspert rəyi də mövcuddur, hansı ki, bu ekspert rəyində müvafiq torpaq sahəsinin örüş torpağı deyil, alqı-satqı predmeti olduğu qeyd olunmuşdur. Qeyd edir ki, məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, iş üzrə mövcud olan sübutlara düzgün qiymət verməmiş, həmçinin işə qərəzli yanaşmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. (-). Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi
1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.
2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.
3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.
4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. (-).
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri (-).
2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.
Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı bələdiyyə qərarı ilə ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına nail olmaq istəyir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirir ki, sözügedən torpaq sahəsi örüş torpaq sahəsidir, örüş torpaq sahəsi isə alqı-satqı predmeti ola bilməz. İddiaçı isə bu mövqeyi o əsasla mübahisələndirir ki, ekspertiza rəyi vardır. Torpaq sahəsinin örüş torpağı deyil, alqı-satqı predmeti olduğu qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi kənd təsərrüfatının örüş torpaqları növünə daxildir. Kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur, keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqlar mülkiyyətə verilə bilməz. Örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini itirsə belə, yəni az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsini istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli, 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq Məcəlləsinin 9.2 və 12-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalarından biri də kənd təsərrüfatı təyinatlı torpaqlardır və kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Həmin Qanunun 7.2-ci maddəsində isə təsbit edilmişdir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarına əsasən: 1 (..) Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. (..) Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir.
3. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. 4.Örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər.
5. Örüş, otlaq və biçənək sahələrinin məhsuldarlığı və münbitliyi təbii amillərin təsiri nəticəsində itirilərsə, bu sahələr müvafiq yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatətinə əsasən dövriyyədən çıxarılaraq konservasiya edilir. Həmin sahələrin sağlamlaşdırılması qaydası müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
18. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir.
22. Fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər.
28. Örüş, otlaq və biçənək sahələrinin istifadəçiləri və icarəçiləri tərəfindən həmin sahələrin alınıb-satılmasına, ipoteka qoyulmasına, özbaşına dəyişdirilməsinə və torpaq qanunvericiliyinin digər tələblərinin pozulmasına yol verilmir. İstinad olunan normalara əsasən müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyətlilik baxımından yararlı, az yararlı və yararsız dərəcələrinə bölünür. Növ müxtəlifliyi – istifadə məqsədi baxımından bu kateqoriyada əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar fərqləndirilir. Digər növlərə (əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar) münasibətdə az yararlı və yararsız kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü yolverilən olduğu halda, örüş, otlaq və biçənək torpaqlarına münasibətdə qanunverici torpağın yararlılığını fərqləndirmədən belə təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini qadağan etmişdir. Belə torpaqlar fiziki şəxslərə yalnız istifadəyə və icarəyə verilə bilər. Hazırki işdə də, əvvəla, işdə olan Şamaxı rayon İİ Cabanı Bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması barədə 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarında torpaq sahəsinin kənd təsərrüfatına az yararlı/şərti yararsız olduğu, eləcə də DTXK-nin Şamaxı rayon şöbəsinin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu barədə 17-7/19 saylı, xx.xx.2007-ci il tarixli rəyində torpağın kənd təsərrüfatına yararsız olduğu qeyd edilsə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayonunun İİ Cabanı Bələdiyyəsinə təqdim edilmiş arayışda torpaq sahəsinin uqodiyası örüş, bantet balı 61-80, keyfiyyət qrupu İİ, normativ qiyməti 950-00 kimi qeyd edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli müayinə aktında torpaq sahəsinin hər tərəfdən boş örüş sahələri ilə əhatə olunduğu, torpaq sahəsi üzərində heç bir tikintinin mövcud olmadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı Şamaxı rayonu İİ Cabanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı Qərarı əsasında ona ayrılmış torpaq sahəsini naturada göstərdi və koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirildi. İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi 1.53 ha təşkil edir. Təqdim edilmiş inzibati iş materiallarında İddiaçı İİ Cabanı bələdiyyəsi tərəfindən satılmış 1.50 ha torpaq sahəsinin yerquruluşu planından çıxarış mövcud deyildir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən qoyulmuş sualı cavablandırmaq üçün Şamaxı rayonu İİ Cabanı bələdiyyəsinə məktub ünvanlanaraq İİ Cabanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı Qərarı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin yerquruluşu planından çıxarışın təqdim olunması xahiş olunmuşdur. Şamaxı rayonu İİ Cabanı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 05 saylı məktubu ilə təqdim olunmuş yerquruluşu layihəsindən çıxarışa əsasən ayrılmış torpaq sahəsi iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşdiyi əraziyə və ölçülərinə uyğundur. Elektron məlumat bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş torpağıdır. Elektron məlumat bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin ətrafında (qonşuluğunda) yerləşən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Elektron məlumat bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üstüstə düşmür. Birinci instaniya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-41/22955/2024 saylı məktubunda qeyd edilmişdir ki, ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçının naturada göstərdiyi və iddia etdtiyi torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinin üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınmamışdır. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (DWJ məlumatları - torpaq islahatının nəticələrini əks etdirən elektron xəritə) əsasən iddiaçının naturada göstərdiyi və iddia etdtiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla uqodiyası örüş torpaqlarıdır. “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının bu qərara əlavə edilmiş "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilmişdir. Həmin cədvələ əsasən, Dağ—Şirvan kadastr qiymət rayonu üzrə bonitet şkalası 80—61 olan torpaq sahələri ikinci keyfiyyət qrupuna daxil olmaqla kənd təsərrüfatına yararlı torpaq sahələri hesab edilir. Göründüyü kimi, torpaq sahəsi 2007-ci il tarixdə iddiaçıya ayrılarkən torpağın bonitet balı 61-80 olmaqla ikinci keyfiyyət qrupuna daxil olan kənd təsərrüfatına yararlı torpaq sahəsi olmuşdur. Yuxarıda aparılan dəyərləndirməyə əsasən isə kənd təsərrüfatına yararlı torpaq sahəsinin mülkiyyətə verilməsinin yolverilməz olduğu qeyd olunmuşdur. Kollegiya onu da qeyd edir ki, iddiaçı yuxarıda qeyd edilənləri təkzib etsə də, məhkəmə kollegiyası tərəfindən torpaq sahəsinin hazırda kənd təsərrüfatına yararlılıq dərəcəsi ilə bağlı əlavə araşdırma apararaq "xxxx" MMC-dən əlavə mütəxəssis rəyinin alınmasına aşağıdakılara əsasən zərurət görməmişdir. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xidməti tapşırığına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi İlyas Rəsulov tərəfindən mütəxəssis rəyi verilmiş və müəyyən olunmuşdur ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, örüş torpağıdır. Başqa sözlə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatının örüş torpaqları növünə daxildir. Yuxarıda aparılan qiymətləndirməyə əsasən isə kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur, keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqlar mülkiyyətə verilə bilməz. Ona görə həm də lüzum yoxdur ki, yuxarıda aparılan təhlilə əsasən müəyyən olundu ki, örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini itirsə belə, yəni deyək ki, az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsini istisna edəcək. Bu halda həmin torpaq sahəsi dövriyyədən çıxarılıb sağlamlaşdırılacaq. Bu səbəbdən də kollegiya mübahisəli torpaq sahəsinin hazırda yararlılığının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparmamışdır. Çünki bütün hallarda iddiaçının vəziyyətində heç nə dəyişməyəcək, yəni torpaq sahəsi örüş yeri üçün yararsız olsa belə, yenidən sağlamlaşdırılması üçün dövriyyədən çıxarılacaqdır. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya tikinti məqsədi üçün satılmış cəmi 1.50 ha torpaq sahəsi, ümumilikdə, ayrıldığı zaman ikinci keyfiyyət qrupuna daxil olan kənd təsərrüfatına yararlı torpaqlara aid olmuş, həmçinin hazırda da, həmin torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı örüş torpaq sahəsidir. Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Həmin Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. İstinad olunan normalardan görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Hazırki iş üzrə isə Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən tikinti məqsədi üçün iddiaçıya satılması qərara alınmışdır. Halbuki, yuxarıda adıçəkilən Qaydalara əsasən bələdiyyənin kənd təsərrüfatı təyinatlı örüş torpağı yalnız məqsədli təyinatı üzrə icarəyə və ya istifadəyə verilə bilərdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.” Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçıya torpaq sahəsinin satılması qərara alınmış sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmir. Belə olan halda bu hal həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilər və bu səbəbdən cavabdeh, iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Beləliklə də müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin tikinti məqsədi üçün bələdiyyənin qərarına əsasən satılması qanunvericiliyə uyğun aparılmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(118)-354/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.