Məhkəmə qərarları › İş №2-1(105)-578/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-578/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-578/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün əlillik müavinətinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(118)-1724/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan dövr üçün əlillik müavinətinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edlməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi 2-ci qrup əlilliyə görə müavinət təyin edilmiş və əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci il tarixindən müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı yenidən həkim müayinələrindən və komissiyalarından keçdikdən sonra 2-ci qrup əlilliyi bərpa edilmiş və xx.xx.2021-ci il tarixdən yenidən müavinət ödənilməsi davam etdirilmişdir. Lakin arada olan 6 ay müddət üçün ödəmə aparılmamışdır. Bu barədə cavabdeh təşkilata müraciət etdikdən sonra cavabdeh imtina verərək onunla izah etmişdir ki, təkrar qiymətləndirmədən 6 ay müddət keçdiyi üçün həmin dövr üçün ödəmə aparıla bilməz. Cavabdehin imtinası qanunsuzdur, çünki iddiaçının əlilliyi gözlə bağlıdır. Bu əlillik xx.xx.2016-cı il tarixdə müəyyən edilmiş və həmin əlillik bugünə kimi davam edir. Arada keçən 6 aylıq müddət iddiaçının günahı deyil. Müayinələrin uzanması, həkimlərin səhlənkarlığı və sistemdə yaranmış problemlərlə bağlıdır. Mübahisə edilməyən fakt odur ki, ilk əlillik təyin edilən gündən bugünə kimi iddiaçının əlilliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Müayinə nəticələrinin sistemə vaxtında vurulmaması onların haqqı olan illik müavinətin ödənilməməsi üçün hüquqi əsas ola bilməz. Qeyd edilməlidir ki, əlillik gözlə əlaqədardır və cavabdehin təyin etdiyi əlillik 2016-cı ildə mövcud olmuş, hazırda da mövcuddur. Belə olan halda vətəndaşdan asılı olmayan səbəblərdən təkrar əlillik təyin etmənin 6 ay uzanması əlilin qanuni haqqı olan müavinətdən məhrum edilməsi ilə nəticələnə bilməz. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, imtina qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəz filialına müraciət edərək, əlilliyə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş müavinətin hesablanıb ödənilməsini xahiş etmiş, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdə bitdiyini və əlillik dərəcəsinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyindən (xx.xx.2021-ci il) qeyd olunan dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bundan sonra iddiaçı “əlilliyə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, ötürülən 6 ay onun ucbatından deyil, müayinələrin uzanması, həkimlərin səhlənkarlığı və sistemdə yaranan problemlərlə əlaqədar ötürülmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Sözügedən Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına, işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” İddiaçı əlillik statusunu xx.xx.2021-ci il tarixində “qazanmışdır”. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən sözügedən qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(118)-1724/2022 nömrəli qərarı ilə (hakim İmran Burcayev) iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün əlillik müavinətinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.(...) “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti (...) Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. (...) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması (...) Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (...) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə məlumatına əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan göndərilmə tarixi xx.xx.2021-ci il olan Tibbi Sosial Ekspert Komissiyasının cavabının (göndəriş № 0531003AALYN) surətindən görünür ki, Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışla müəyyən olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə yenidən ikinci dərəcəli əlillik müəyyən edilmişdir (diaqnoz – irsi retinal distrofiyalar, OU-torlu qişanın kolbacıq distrofiya VİZUS OU) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli tibbi rəyinə əsasən iddiaçıya H54.1- Binokulyar, ağır görmə pozğunluğu; H35.5-İrsi retinal distrofiyalar; H52.2-Astiqmatizm diaqnozları qoyulmuşdur. TQS № 088 arayışdan da iddiaçının ikinci dərəcə əlil olması müəyyən edilir. Həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli bildirişində qeyd olunmuşdur ki, iddiaçı 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışlarında iddiaçıda ikinci dərəcə əlillik olması müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ikinci qrup əlildir. Ona xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək İİ qurp əlilliyə görə müavinət təyin edilmişdir. Həmin əlilliyin müddətinin bitməsi səbəbindən müavinətin ödənilməsi xx.xx.2021-ci il tarixdən etibarən dayandırılmışdır. Daha sonra iddiaçının əlilliyi xx.xx.2021ci il tarixdən xx.xx.2026-cı il tarixədək yenidən müəyyən edilmiş və xx.xx.2021-ci il tarixdən İİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. Beləliklə, iddiaçıya xx.xx.2021-xx.xx.2021ci il aralığında əlilliyə görə müavinət ödənilməmişdir. Bununla bağlı iddiaçı tərəf müvafiq olaraq cavabdeh orqana müraciət etməsinə baxmayaraq, cavabdeh orqan əlilliyin təkrar qiymətləndirilməsi tarixindən, yəni xx.xx.2021-ci il tarixdə yenidən bərpa edildiyindən müavinətin həmin tarixdən ödənilməli olmasını əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir. Cavabdehin iddia ərizəsinin və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı əlillik statusunu xx.xx.2021-ci il tarixində qazanmışdır və qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Cavabdehin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021ci ildən xx.xx.2021-ci il tarixədək 6 aylıq müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri ucbatından olmamışdır. İş materiallarından görünür ki, mübahisələndirilən müddət ərzində iddiaçı tərəf əlilliyin təyin edilməsi üçün müvafiq orqanlara müraciət etmişdir. Bundan əlavə, 6 ay ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun İİ dərəcə əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edildiyindən həmin 6 aylıq müddət ərzində iddiaçıya müavinətin ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(118)-1724/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar