Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-578/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər:hüquqmüəyyənedici sənədlər olmadan mülkiyyət hüququnun qeydə alınmasının yolverilməzliyi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1529/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 415 nömrəli, 19 aprel 2002-ci il tarixli sərəncamı ilə “Aqrotexservis” firmasının 18 saylı, 12 dekabr 2002-ci il tarixli məktubuna əsasən iddiaçıya Abşeron rayon, Xırdalan şəhərində yerləşən 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş torpaq sahəsinin ayrılması ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti başçısının 415 saylı sərəncamının 19 aprel 2022-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Belə ki, sözügedən tarixdə müvafiq icra hakimiyyəti orqanının torpaqayırma səlahiyyətinin olmadığı aşkar edilmişdir. Bundan başqa vətəndaşa sözügedən sərəncam əsasında ayrılmış torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırkı müraciətinizə əlavə olunmadığı aşkar edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq bələdiyyənin, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq sözügedən daşınmaz əmlakın dövlət əmlakı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsi torpaqların elektron kadastr uçot informasiya sisteminə əsasən dövlət mülkiyyətindədir və səhmləri 100% özəlləşdirilmiş "xxxx" ASC-nin hüdudları daxilində yerləşir. Cavabdehin 3-21-3-32/2-10411/2025 nömrəli, 25 iyun 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi torpaqların elektron kadastr uçot informasiya sisteminə əsasən dövlət mülkiyyətindədir və səhmləri 100% özəlləşdirilmiş "xxxx" ASC-nin hüdudları daxilində yerləşir. İddiaçının müraciətində əlavə olunmuş sərəncam əsasında ayrılmış torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırkı müraciətinizə əlavə olunmadığı aşkar edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq bələdiyyənin, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də konfiqurasiya uyğunsuzluğu müəyyən etmək mümkün olmamış, lakin torpaq sahəsinin ölçüsündə münasibətdə uyğunsuzluq aşkarlanmışdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının sərəncamında 0.06 ha, Xırdalan bələdiyyəsinin yerquruluşu planında çıxarışa əsasən 0.03 ha, faktiki istifadəyə görə 0.0295 ha qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən ona məxsus 19 aprel 2002-ci ildə Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 415 saylı sərəncamı ilə ayrılmış 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illər “Aqrotexservis”-də çalışmışdır. Binəqədi rayonu sakinləri, uzun illər yəni müəssisə və idarələrdə işləyən vətəndaşlar Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyətinə müraciət edərək, “Aqrotexservis” firmasına, məxsus Xocasən qəsəbə nümayəndəliyinin Xırdalan yaşayış sahəsindəki boş torpaq sahəsində fərdi yaşayış evlərinin tikilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdirlər. “Aqrotexservis” firmasının rəhbərliyi isə özünün xx.xx.2001-ci il tarixli, 18 saylı məktubları ilə Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnvertarlaşdırılması İdarəsi tərəfindən tərtib olunmuş və Dövlət Əmlak komitəsinin 14 mart 1997-ci il tarixli, 41 saylı əmri ilə tərtib edilmiş texniki pasportuna əsasən firmanın balansında olan və firmanın yerləşdiyi Xırdalan yaşayış sahəsindəki 24534,4 kv.m boş torpaq sahəsindən, 3600 kv.m-dən istifadə edə bilmədiklərini nəzərə alaraq, həmin torpaq sahəsinin ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evi tikmələri üçün ayrılmasına etiraz etmədiklərini bildirmişdirlər. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Xocasən qəsəbə nümayəndəliyi fərdi yaşayış evi tikmək üçün müraciət etmiş vətəndaşların soyadını, adını və atasının adını qeyd etməklə, onlar ayrılmış torpaq sahəsinin ölçülərini göstərərək, hər vətəndaş üçün ayrıca cizgi təqdim etmişdir. Həmin siyahıda 5-ci sırada onun adı qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 19 aprel 2002-ci il tarixli, 415 nömrəli sərəncamına əsasən 600,00 kv.m torpaq sahəsi ona verilmiş, cizgi təqdim edilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün icazə verilmişdir. Bu torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə **********6 nömrəli cavab məktubu ilə ona imtina verilmişdir. İmtina əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının nümayəndəsi X2 4 saylı Abşeron Ərazi İdarəsinə 10 noyabr 2022-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron RİH başçısının 415 saylı sərəncamının 19 aprel 2002-ci il tarixdə verildiyi və sözügedən tarixdə müvafiq icra hakimiyyəti orqanının torpaq ayırma səlahiyyətinin olmadığı, iddiaçıya ayrılmış 0.03 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, müraciət üzrə əlavə edilmiş Abşeron Rayon Xırdalan Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi aşkar edilmişdir. Əlavə olaraq sözügedən daşınmaz əmlakın dövlət əmlakı olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1529/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən İddiaçı məxsus 19 aprel 2002-ci ildə Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 415 saylı sərəncamı ilə ayrılmış 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 415 nömrəli, 19 aprel 2002-ci il tarixli sərəncamı ilə “Aqrotexservis” firmasının 18 saylı, 12 dekabr 2002-ci il tarixli məktubuna əsasən Xırdalan şəhərində yerləşən 3600 kv.metr torpaq sahəsindən iddiaçıya 600 kv.metr torpaq sahəsinin ayrılması və ona ayrılmış həmin sahədə fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Məhkəmə işin hallarının hərtərəfli araşdırılması üçün aidiyyatı üzrə sorğular ünvanlamışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş müayinə aktında: torpaq sahəsinin faktiki olaraq ölçüsünün 0.0295 ha təşkil etdiyi; torpaq sahəsindən kommunikasiya xəttinin keçmədiyi; tikinti olmadığı qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. İddiaçıya torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair təqdim edilmiş bələdiyyənin yerquruluşu planından çıxarışda torpaq sahəsinin ölçüsünün 0.03 ha qeyd olunmuş, faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü isə 0.0295 ha-dır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X5 izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; Maddə 15. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. 15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. 15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. 15.5. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. 15.6. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər. 15.7. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Etimad hüququnun qorunması prinsipi …. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ....65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;.... Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. ..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında onun adına ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının adına torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının sərəncamı ayrılsa da, həmin dövrdə qeyd edilən qurumun torpaqayırma səlahiyyəti olmadığından, habelə torpaq sahəsinə dair ayrıc aktı və ya ilkin baş plan əlavə olunmadığından, yerquruluşu planından çıxarış qanunamüvafiq qaydada təsdiq edilmədiyindən, daşınmaz əmlak dövlət əmlakı olduğundan, iddiaçının müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının xx.xx.2002-ci il tarixli 415 №li Sərəncamı ilə “Aqrotexservis” firmasının məktubu nəzərə alınaraq, 3600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmələri üçün ayrılması məqsədilə firmanından balansından çıxarılması, təqdim edilmiş cizgilərdə adları qeyd edilmiş vətəndaşlara, o cümlədən iddiaçıya fərdi yaşaypış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, faktiki torpaq sahəsinin ölçüsü 0,0295 ha, torpaq sahəsi şimal-şərq tərəfdən yol, digər üç tərəfdən qonşularla sərhəddir, tikinti yoxdur, kommunikasiya keçmir, torpaq sahəsi daş hasar daxilində yerləşir, yerquruluşu planında döngə nöqtələrinin koordinatları göstərilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən faktiki torpaq sahəsi "xxxx"-in 00201555 registr nömrəli dövlət əmlakı ilə üst-üstə düşür. İş materiallarından görünür ki, sözügedən torpaq sahələri elektron kadastr uçot informasiya sisteminə əsasən dövlət mülkiyyətindədir və səhmləri 100 faiz özəlləşdirilmiş "xxxx" ASC-nin hüdudları daxilində yerləşir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarında əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsaslar dəqiq və imperativ norma şəkildə müəyyən edilmişdir. Başqa sözlə desək, əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olan hüquqmüəyyənedici sənədlərin mövcudluğu, həmin hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. İddiaçı məhz müvafiq icra hakimiyyəti orqanının sərəncamına istinad etməklə, əmlak üzərində yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istətir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddiaçının əmlak üzərində mülkiyyət hüququnun yaranıb-yaranmaması məsələsinin həlli üçün məhz onun əsası kimi çıxış edən hüquqmüəyyənedici sənədlərin mötəbər olub-olmaması halların aydınlaşdırılması zəruridir. Kollegiya qeyd edir ki, həmin dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən dövlət mülkiyyətində olan əmlakına dair müvafiq icra hakimiyyəti orqanın torpaqayırma səlahiyyəti, habelə dövlət əmlakı qismində müvafiq hüquqi şəxsin balansından çıxarılaraq, fərdi vətəndaşların mülkiyyətinə verilməsinə dair səlahiyyəti olmamışdır. Nəticə etibarilə iddiaçının adına torpaq sahəsi məhz səlahiyyəti olmayan inzibati orqan tərəfindən ayrılmışdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən inzibati aktın qəbul edilməsi halı həmin inzibati aktın etibarsız hesab edilməsi üçün əsas hesab edilir, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Belə olan halda, kollegiya hesab edir ki, indiki halda iddiaçının mülkiyyət hüququnun yaranması əsası kimi istinad etdiyi müvafiq sərəncam səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyindən, etibarsız inzibati akt kimi çıxış etməklə, hər hansı hüquqi nəticələrə səbəb olmur. Bu baxımından kollegiya hesab edir ki, sözügedən sərəncam həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsas olan mötəbər hüquqmüəyyənedici sənəd qismində çıxış etməmişdir. İddiaçı tərəfindən isə torpaq sahəsi üzərində hüququnun yaranması və yaranmış hüququnun qeydə alınması üçün qanunla müəyyən edilmiş başqa sənədlər məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarilə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması və bu hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədin olması halı müəyyən edilməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, iş materialları əsasında sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olması halı müəyyən edilmişdir. Belə olan halda, kollegiya qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması əsasının müəyyən edilməsi baxımından həmin torpaq sahəsinin iddiaının adına özəlləşdirilməsi ilə bağlı halın mövcudluğu da aşkar edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, sözügedən torpaq sahəsinin yerini (yerləşmə mövqeyini) müəyyən edən sənəd də mövcud olmamış, bu halda özlüyündə iddianının əsaslılığını istisna edən hal kimi çıxış edir. Nəticə etibarilə kollegiya qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya hazırki iddia tələbinə münasibətdə bərabərlik hüququnun və etimad hüququnun qorunması prinsiplərinin tətbiqinin mümkünlüyü ilə bağlı onu qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri üzərində mülkiyyət hüququ eynihüquqmüəyyənedici sənədlər əsasında qeydiyyata alınmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, bərabərlik hüququnun və etimad hüququnun qorunması prinsiplərinin tələbləri qanunazidd əsaslara və qanunsuz hərəkətlərə əsaslana biməz. Belə olan halda kollegiya hesab edir ki, indiki halda iddiaçıya münasibətdə iddia tələbinin əsaslılığını qeyd edilən prinsilərinin tələbi baxımından da müəyyən edilməsi mümkün olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanuni və əsaslı olmuş, iddiaçının iddia tələbi əsassız olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin mülkiyyət hüququnun yaranması üçün qanuni əsası qismində çıxış edib-etməməsini qanunvericilik normasının tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1529/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.