Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-579/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 21 avqust 2020-ci il tarixli 69 saylı əmrinin ləğv edilməsi, əvvəl tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2- 1(118)-336/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Başçısının 21 avqust 2020-ci il tarixli 69 saylı əmrinin ləğv edilməsi, onun əvvəllər tutduğu vəzifəyə - Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və işə bərpa olunduğu günə kimi olan məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 21 avqust 2020-ci il tarixli 69 saylı əmrinin ləğv edilməsi, əvvəl tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Başçısının 04 oktyabr 2019-cu il tarixli 71 nömrəli əmri ilə rayon İHB-nın Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə işlədiyi müddətdə üzərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirmişdir. Cavabdeh başçısı Ziyəddin Əliyev imzaladığı 17 avqust 2020-ci il tarixli 30 nömrəli əmrlə guya əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ona şiddətli töhmət elan etmişdir. Əmri isə onunla əsaslandırmışdır ki, Quba şəhərinin ərazisində təmizlik və səliqəsəhman təmin olunmamış, son vaxtlar belə hallar daha da artmışdır. Əvvəla, inzibati ərazi dairəsi üzrə nümayəndələrin fəaliyyəti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və həmin qanuna əsasən intizam tənbeh tədbirləri arasında “şiddətli töhmət” anlayışı yoxdur. Rayon icra hakimiyyəti başçısının hansı əsasla onun barəsində belə bir intizam tənbehini tətbiq etməsi aydın deyildir. Həmin əmrdən bir neçə gün sonra Cavabdeh başçısı Ziyəddin Əliyev imzaladığı 21 avqust 2020-ci il tarixli 69 nömrəli əmrlə onu tutduğu vəzifədən azad edərək, dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmr onunla əsaslandırılmışdır ki, onun barəsində əvvəllər də intizam tənbeh tədbirləri seçilsə də, guya o, bundan nəticə çıxarmamış, şəhər ərazisində zibil yığınları aşkar edilmişdir. RİH başçısının heç bir qanuni əsas olmadan uydurma dəlillərlə onu işdən azad etmişdir. Əmrdən də görünür ki, işdən çıxarılma üçün əsas kimi şöbə müdiri vəzifələrini icra edən vəzifəli şəxsin öz şəxsi fikir və fərziyyələrindən ibarət təqdimatı hesab edilmişdir. Şəhər ərazisində təmizliyin, səliqə-səhmanın və bu kimi vəzifələrin icrası RİH başçısının 23 yanvar 2020-ci il tarixli 12 nömrəli sərəncamı ilə yaradılmış rayon İcra Hakimiyyətinin birbaşa tabeliyində olan "xxxx" Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilmişdir. Buna baxmayaraq iddiaçı, bu onun vəzifə səlahiyyətlərinə daxil olmasa da, hər gün ərazini gəzərək ərazidə aşkarladığı çatışmazlıqlar barədə Birliyin rəhbərinə məlumat vermişdir. RİH başçısı əvvəllər də onun əmək fəaliyyətinə aid olmayan qeyd olunan məsələlərlə əlaqədar barəsində qərəzli olaraq intizam tənbehi tədbirləri seçmişdir. Bu zaman da onun verdiyi əsaslandırılmış izahatlar nəzərə alınmamışdır. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, son 3 il ərzində Quba rayonunda geniş miqyaslı tikinti, abadlıq və quruculuq işləri görülmüş, yeni parklar salınmış, bir sıra mühüm infrastruktur layihələr həyata keçirilmişdir. Hazırda da rayonda bir çox əhəmiyyətli layihələr icra olunmaqdadır. Görülmüş işlər nəticəsində Quba şəhərinin, eləcə də qəsəbə və kəndlərin siması xeyli yaxşılaşmış, yaşayış məntəqələrinin sosialiqtisadi inkişafı xeyli artmış, bütün bunlar isə əhali tərəfindən yüksək rəğbət hissi ilə qarşılanmışdır. Lakin görülən işlərə baxmayaraq bir sıra problemlər də mövcud olmuşdur. Quba rayonu müntəzəm olaraq çoxsaylı qonaq qəbul etdiyindən şəhərdə gündəlik səliqəsəhman və təmizlik işlərinin aparılmasına ciddi nəzarət edilməlidir. Amma şəhərin təmizliyinə cavabdeh olan aidiyyəti məsul şəxslərin öz işlərini düzgün qura bilməməsinin nəticəsidir ki, İddiaçı nümayəndə işlədiyi vaxtlarda şəhərdə təmizlik və səliqə-səhman işləri lazımi səviyyədə aparılmamış, belə vəziyyət də şəhərin ümumi görünüşünə ciddi xələl yetirmişdir. Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı öz işini düzgün qura bilməməsi, kommunal təşkilatların fəaliyyətinə lazımınca nəzarət edə bilməməsi şəhərdə təmizlik işlərinin tələb olunan səviyyədə aparılmasına mənfi təsir göstərmişdir. O, əvvəllər də dəfələrlə lazımi tapşırıq və tövsiyələrin verilməsinə, mövcud qanunvericiliyin tələblərinə əsasən barəsində müvafiq cəza və tənbeh tədbirlərinin görülməsinə baxmayaraq işində heç bir dönüş yaratmamış, verilən tapşırıqlara laqeyd və səhlənkar münasibət göstərmişdir. Belə ki, ona işində yol verdiyi nöqsanlara görə rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2020-ci il tarixli 14 nömrəli əmri ilə “xəbərdarlıq”, 09 iyun 2020-ci il tarixli 16 nömrəli əmri ilə “töhmət”, 17 avqust 2020-ci il tarixli 30 nömrəli əmri ilə isə “şiddətli töhmət” elan edilmişdir. Lakin İddiaçı barəsində qəbul edilən qərarlardan ciddi nəticə çıxarmamış, şəhər ərazisində səliqə-səhmanın yaradılması istiqamətində səmərəli fəaliyyət göstərməmişdir. Nəticədə 20 avqust 2020-ci il tarixdə keçirilən reyd zamanı Quba şəhərinin ərazisində bir neçə yerdə şəhərin ümumi görünüşünə ciddi şəkildə mənfi təsir göstərən tikinti materiallarından və məişət tullantılarından ibarət zibil yığınları aşkarlanmışdır. Bu faktlar bir daha İddiaçı öz işini düzgün qura bilmədiyini və vaxtında lazımi tədbirlərin həyata keçirilməsini təmin etmədiyini sübut etmişdir. Qeyd olunanlara əsasən İddiaçı Quba RİH başçısının 21 avqust 2020-ci il tarixli 69 nömrəli əmri ilə vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində əmrin verilməsinə əsas olmuş təqdimatda göstərilən halların ümumiyyətlə onun vəzifə səlahiyyətlərinə aid edilmədiyini bildirsə də, əvvəllər verilmiş inzibati tənbehlərdən də görünür ki, RİH başçısı tərəfindən qeyd olunan nöqsanlarla bağlı ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, göstəriş və tapşırıqlar verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(118)-336/2021 saylı qərarı ilə iddia təmin edilərək Cavabdeh Başçısının 21 avqust 2020-ci il tarixli 69 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini etirazı ilə eyni məzmunda əsaslandırmış və əlavə etmişdir ki, İddiaçı iddia ərizəsində əmrin verilməsinə əsas olmuş təqdimatda göstərilən halların ümumiyyətlə onun vəzifə səlahiyyətlərinə aid edilmədiyini bildirsə də, əvvəllər verilmiş inzibati tənbehlərdən də görünür ki, RİH başçısı tərəfindən qeyd olunan nöqsanlarla bağlı ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, göstəriş və tapşırıqlar verilmişdir. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifəsidir. Həmçinin iddiaçı ilə bağlanmış 04 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinin 3.1-ci bəndində göstərilmişdir ki, RİH başçısının və aparatının tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi işçinin əmək funksiyasına daxildir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən dövlət qulluqçusu rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməlidirlər. Onlar başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidirlər. Məhkəmə tərəfindən qərarın əsaslandırma hissəsi ilə əlaqədar bildirmişlər ki, Rayon İcra Hakimiyyəti ilə işçilər (dövlət qulluqçuları və digərləri) arasında əmək münasibətləri həm Əmək Məcəlləsinə, həm də “Dövlət qulluğu haqqında” Qanuna (Qanunun 34-cü maddəsinə uyğun olaraq) uyğun həyata keçirilir. Buna əsasən İddiaçı “şiddətli töhmət” elan edilməsi Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun tətbiq edilmişdir. Həmin əmr ona şəxsən təqdim edilmiş və o, bundan müvafiq organa şikayət vermişdir. Töhmətdə qeyd olunan halların aradan qaldırılması Rayon İcra Hakimiyyəti başçısının tapşırığı hesab olunur və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifəsidir. Lakin iddiaçı sadəcə olaraq ona verilmiş tapşırıqları səlahiyyətinin olmaması ilə əsassız olaraq izah etməyə çalışır. Həmçinin məhkəmə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5.1-ci bəndində müəyyən konteksti (5.1.5-ci bəndi) əsas götürərək, digər əsas hissəyə (5.1.1. yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək) ümumiyyətlə qiymət verməmişdir. Halbuki həmin bənddə qeyd olunan hallar icra nümayəndələri tərəfindən bərabər şəkildə icra edilməlidir. Məhkəmə iclasında iddiaçı da təsdiq etmişdir ki, ona icra başçısı tərəfindən dəfələrlə şəhərdə gündəlik səliqə-səhman və təmizlik işlərinin aparılmasına ciddi nəzarət etməsi və buna cavabdeh olan digər qurumlarla əlaqəli şəkildə işləməsi barədə tapşırıqlar verilmişdir. İddiaçının belə bir səlahiyyətinin olmaması barədə deyilənlər əsassızdır. Həmçinin buna əsas hesab edilən "xxxx" MKTB-nin rəisi Vüqar Əhmədlinin Rayon İcra Hakimiyyətinə 20.08.2020-ci il tarixli izahatı daxil olmamışdır. Məhkəmə hesab etmişdir ki, intizam tənbehi verildikdən sonra işçinin işində dönüş yaratması və tənbehdən nəticə çıxarmaq uçün üç gün azdır və ağlabatan müddət deyildir. Bununla əlaqədar bildirmişdir ki, iddiaçı tələbində də qeyd etdiyi kimi, işində dönüş yaratmaq düşüncəsində olmamış, ona tapşırılan işlərlə bağlı səlahiyyəti olmadığını əsas gətirmişdir. Onun vəzifəsi yalnız şəhər ərazisində gördüyü nöqsanlarla əlaqədar məlumat vermək deyil, həm də onların aradan qaldırılması üçün əməli tədbirlərin görülməsini təşkil etməkdən ibarət olmuşdur. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün bir gün müddət də kifayət edə bilər. Lakin iddiaçının töhmət aldıqdan sonrakı hərəkətləri onun, belə bir niyyətinin (töhmətdən nəticə çıxarmaq, işində dönüş yaratmaq) olmadığını göstərmişdir. Eyni zamanda bildirmişdir ki, İddiaçı və digər şəxslərin bir sıra hüquqa zidd hərəkətləri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində icraat aparılır. Məhkəmə bununla əlaqədar sorğu versə də, idarə istintaq sirri olmasını əsas gətirərək İddiaçı verdiyi ifadəni təqdim etməmişdir. Hesab edirlər ki, dövlət qulluqçusunun mənimsəmə və digər cinayət əməllərində adının hallanması və bununla əlaqədar əsaslı şübhələrin olması onunla bağlı veriləcək qərarda nəzərə alınmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, onun vəzifə səlahiyyətlərinə təsərrüfatbaşına kitabların aparılması, vətəndaşlara arayışların verilməsi, şəhərdə təmizlik işlərinin, məişət tullantılarının yığılmasının düzgün aparılması və küçələrin işıqlandırılması və s.kimi məsələlərlə bağlı əlaqədar təşkilatla əlaqəli işləmək və s. daxil olmuşdur. Belə ki, o, hər gün ərazini gəzib nəzərə çarpan çatışmamazlıqlar və nöqsanlar barədə aidiyyəti təşkilatlara məlumat vermişdir. Ona 03 iyun 2020-ci il tarixli xəbərdarlıq elan edilməsi və töhmət verilməsinə dair 9 iyun 2020-ci il tarixli əmrlərdən xəbəri olmamış, bununla bağlı izahatları alınmamışdır. 17 avqust 2020-ci il tarixdə iclasda rayon icra hakimiyyəti başçısı tərəfindən şiddətli töhmət elan edilmişdir. Belə ki, şəhərdə bir köhnə evinin sökülməsi ilə bağlı tikinti materialları evin qarşısındakı ərazidə küçəyə yığılmışdır. O, bunu görmüşdür, lakin ev sahibini tapmaq mümkün olmadığına, inzibati ərazi dairə nümayəndəliyinin isə belə bir texnikaya malik olmadığına görə həmin vaxt göstərilən tullantıları oradan yığışdırmaq mümkün olmamışdır. Bununla bağlı o, səlahiyyətləri daxilində başçının birinci müavininə, "xxxx" MMC-yə məlumat vermişdir. Bundan başqa başçı aztəminatlı ailələlərə pandemiya ilə bağlı paylanan ərzaq yardımların düzgün paylanmaması səbəbi ilə ona irad tutmuşdur. Halbuki, onun həmin yardımların paylanmasında hər hansı şəxsi marağı olmamışdır, o, yalnız ərazidəki aztəminatlı ailələrin siyahısını tutaraq ünvanlarını göstərmişdir. Həmin iclasdan sonra da o, yuxarıda göstərilən evin sahibini tapa bilməmiş, həmin şəxsin barəsində sahə müvəkkili tərəfindən inzibati xəta haqqına protokol tərtib edilmişdir. 20 avqust 2020-ci il tarixdə rayon icra hakimiyyəti başçısı ərazidə reyd keçirərkən həmin yerdə tullantıların yığışdırılmamasını görüb ertəsi gün onu işdən azad etmişdir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçının işdən-xidməti vəzifəsindən azad olunması barədədir. Belə ki, iş materiallarına əsasən Cavabdeh Başçısının 04 oktyabr 2019-cu il tarixli 71 nömrəli əmrindən görünür ki, İddiaçı 04 oktyabr 2019-cu il tarixdən rayon icra hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Elə həmin tarixdə Cavabdeh başçısı X2 və İddiaçı arasında əmək müqaviləsi bağlanmış və sonuncu həmin gündən vəzifəsinin icrasına başlamışdır. Eyni zamanda işə əlavə edilmiş Cavabdeh Başçının 21 avqust 2020-ci il tarixli 69 nömrəli əmrindən görünür ki, “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı 21 avqust 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə göstərilmişdir ki, Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı öz işini düzgün qura bilməməsi, kommunal təşkilatların fəaliyyətinə lazımınca nəzarət edə bilməməsi şəhərdə təmizlik işlərinin tələb olunan səviyyədə aparılmasına mənfi təsir göstərmişdir. O, əvvəllər də dəfələrlə lazımi tapşırıq və tövsiyələrin verilməsinə, mövcud qanunvericiliyin tələblərinə əsasən barəsində müvafiq cəza və tənbeh tədbirlərinin görülməsinə baxmayaraq işində heç bir dönüş yaratmamış, verilən tapşırıqlara laqeyd və səhlənkar münasibət göstərmişdir. Belə ki, ona işində yol verdiyi nöqsanlara görə rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2020-ci il tarixli 14 nömrəli əmri ilə “xəbərdarlıq”, 09 iyun 2020-ci il tarixli 16 nömrəli əmri ilə “töhmət”, 17 avqust 2020-ci il tarixli 30 nömrəli əmri ilə isə “şiddətli töhmət” elan edilmişdir. Lakin İddiaçı barəsində qəbul edilən qərarlardan ciddi nəticə çıxarmamış, şəhər ərazisində səliqəsəhmanın yaradılması istiqamətində səmərəli fəaliyyət göstərməmişdir. Nəticədə 20 avqust 2020-ci il tarixdə keçirilən reyd zamanı Quba şəhərinin ərazisində bir neçə yerdə şəhərin ümumi görünüşünə ciddi şəkildə mənfi təsir göstərən tikinti materiallarından və məişət tullantılarından ibarət zibil yığınları aşkarlanmışdır. Bu faktlar bir daha İddiaçı öz işini düzgün qura bilmədiyini və vaxtında lazımi tədbirlərin həyata keçirilməsini təmin etmədiyini sübut etmişdir. Başqa sözlə, cavabdehin mövqeyinə görə əmrin verilməsinə əsas iddiaçının öhdəliklərinə və vəzifələrinə riayət etməməsi olmuşdur. Hazırda iddiaçı həmin əmri mübahisələndirərək onun qanunsuz olduğunu və yenidən işə bərpa olunmasını xahiş edir. İşə baxan məhkəmə iddianı təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş hallar öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: - 33.1-ci maddəsinə əsasən, bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. - 25.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunun 18, 20 və 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi növündə (25.2.6) intizam tənbeh tədbiri tətbiq edilə bilər; - 25.6-cı maddəsinə əsasən, bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud (1) və ya mütəmadi olaraq pozuntulara yol verildikdə (2) və ya bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə (3) tətbiq oluna bilər; - 25.11-ci maddəsiə əsasən, dövlət qulluqçusu «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddələrin tələblərindən göründüyü kimi, dövlət qulluqçusu tərəfindən dövlət qulluqçusu vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi pozuntulara yol verildikdə və qanunla nəzərdə tutulmuş məhdudiyyətlərə əməl olunmadıqda dövlət qulluqçusu dövlət qulluğundan azad edilə bilər və bu halda onun dövlət qulluğuna xitam verilir. Hazırki işin hallarından görünür ki, cavabdehin iddiasına görə iddiaçının öz vəzifələrinin icrası zamanı yol verdiyi kobud pozuntu – sonuncunun şəhərdə təmizlik işlərinin tələb olunan səviyyədə aparılmasına əməl etməməsi olmuşdur. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyası adlanan 3-cü bölməsində iddiaçının şəhərdə təmizlik və səliqə-sahman işlərinə məsul olması qeyd edilməmişdir. İş materiallarından görünür ki, bu vəzifələrin icrası "xxxx" MKTB-yə məxsus olmuşdur. Belə ki, işə əlavə edilmiş Cavabdeh başçısının 12 nömrəli 23 yanvar 2020-ci il tarixli sərəncamından görünür ki, Quba rayonu ərazisində mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində işlərin daha da yaxşılaşdırılması, göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, müxtəlif kommunal xarakterli məsələlərin həllinə nail olmaq, pərakəndəliyi aradan qaldırmaq məqsədi ilə “Təmizlik Sanitariya və Abadlıq birliyi”nin ,”Məişət tullantılarının zərərsizləşdirilməsi Xidməti”nin, “X3 və Abadlıq birliyi”nin, Qonaqkənd qəsəbə “Təmizlik Sanitariya və Abadlıq birliyi” nin və Qırmızı Qəsəbə “Kommunal Müəssisələri Kombinatı”nın fəaliyyətləri dayandırılaraq onların maddi texniki bazası əsasında Təmiz Quba Kommunal Təsərrüfatı birliyi yaradılmışdır. İddiaçının mövcud sahədə vəzifəsi isə şəhərdə təmizlik işlərinin, məişət tullantılarının yığılmasının düzgün aparılması və küçələrin işıqlandırılması və s.kimi məsələlərlə bağlı əlaqədar təşkilatları əlaqələndirmək olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 5.1-ci bəndinə əsasən ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinə aid edilmişdir. Əsasnamənin məzmunundan göründüyü kimi məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirmək birbaşa inzibati ərazi dairəsi nümayəndələrinin səlahiyyəti deyildir, onların səlahiyyətinə həmin işləri yerinə yetirən qurumların fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək daxil edilmişdir. İşdən isə müəyyən olunur ki, iddiaçı, üzərinə düşən vəzifəni yerinə yetirmiş və aşkar etdiyi tullantılar və tikinti materialların yığınları barədə "xxxx" MKTB-yə məlumat vermişdir. Bu halı MKTB-nin rəisi Vüqar Əhmədli özünün Cavabdeh başçısı Ziyəddin Əliyevə ünvanlanmış 20.08.2020-ci il tarixli izahatında da təsdiq etmişdir Belə ki, işdə olan İddiaçı tərəfindən Cavabdeh başçısı Ziyəddin Əliyevə ünvanlanmış 20.08.2020-ci il tarixli izahatdan görünür ki, o, Quba şəhərinin General Əsədov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində olan tikinti tullantılarının yığışdırılması üçün ev sahibinə, “Təmiz Quba “MKTB-nə və sahə müvəkklinə məlumat verdiyini, eyni zamanda sahə müvəkkili tərəfindən inzibati xəta haqqında protokol tərtib edildiyi bildirmişdir. Eləcə də "xxxx" MKTB-nin rəisi Vüqar Əhmədli tərəfindən Cavabdeh başçısı Ziyəddin Əliyevə ünvanlanmış 20.08.2020-ci il tarixli izahatdan görünür ki, Quba şəhərinin General Əsədov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində olan tikinti tullantılarının yığışdırılması üçün dəfələrlə ev sahibinə xəbərdarlıq edilmişdir. Bu barədə Quba şəhər icra nümayəndəliyinə məlumat verilmiş, lakin müəssisənin balansında tikinti tullantılarının yığışdırılması və daşınması üçün müvafiq texnika olmamışdır. Beləliklə də aparılan araşdırmada qeyd olunanlar, yəni iddiaçının işdən azad olmasına səbəb olan halların iddiaçının təqsiri ucbatından baş vermədiyini təsdiqləyir. İddiaçının vəzifəsi mövcud vəziyyətlə qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermək olmuşdur ki, iddiaçı da bunu yerinə yetirmiş, baş verənlər qarşısında hərəkətsiz və ya münasibətsiz qalmamışdır. Hətta qəbul edilsə belə iddiaçının, həvalə olunmuş vəzifələri vaxtında yerinə yetirməməsi və ya lazımi şəkildə yerinə yetirməməsi müəyyən edilmişdir, bu halda belə dövlət qulluqçusu barəsində digər intizam tənbeh tədbirinin tətbiqinin mümkünlüyü araşdırılmadan, birbaşa dövlət qulluğundan azad edilməsi barədə intizam tənbehinin seçilməsi heç bir halda qanuni və əsaslı hesab edilə bilməz. Məlumdur ki, dövlət qulluğundan azad edilmə dövlət qulluqçusuna tətbiq ediləcək intizam tənbeh tədbirləri arasında ən ağırıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. İş materiallarından görünür ki, Cavabdeh Başçısının 03 iyun 2020-ci il tarixli 14 nömrəli əmrinə əsasən rayon icra hakimiyyəti başçısının Quba şəhər İƏD üzrə nümayəndəsi İddiaçı koronavirus (Covid-19) infeksiyası dövründə aztəminatlı ailələrə ərzaq yardımlarının düzgün paylanmaması və əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə xəbərdarlıq elan edilmişdir. Bundan sonra Cavabdeh Başçısının 09 iyun 2020-ci il tarixli 16 nömrəli əmrinə əsasən, rayon icra hakimiyyəti başçısının Quba şəhər üzrə İƏD nümayəndəsi İddiaçı əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə töhmət elan edilmişdir. Daha sonra Cavabdeh Başçısının 17 avqust 2020-ci il tarixli 30 nömrəli əmrindən görünür ki, rayon icra hakimiyyəti başçısının Quba şəhər üzrə İƏD nümayəndəsi İddiaçı əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdir. 21 avqust 2020-ci il tarixdə isə mübahisələndirilən əmrlə iddiaçının tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi iddiaçı barəsində xəbərdarlıq, töhmət və şiddətli töhmət elan edildikdən sonra dövlət qulluğundan azad edilməsi qərara alınmışdır. Başqa sözlə, ən yüngün intizam tənbehindən sonra ən ağır intizam tənbehi tətbiq edilmişdir. Halbuki cavabdeh ən yüngül və ən ağır tənbeh növləri içərisində olan digər tənbeh növlərinin də tətbiqi mümkünlüyünü müzakirə edə bilərdi. Bundan əlavə cavabdehin iddiaçı barəsində tətbiq etdiyi nə xəbərdarlıq, nə də şiddətli töhmət tənbeh növü “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində sadalanan siyahıda öz əksini tapmamışdır. Cavabdeh bu mövqeyi belə əsaslandırmışdır ki, onun iddiaçı barəsində tətbiq etdiyi “şiddətli töhmət” elan edilməsi Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun tətbiq edilmişdir. Cavabdehin bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 5.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. İstinad olunan normaya əsasən müəyyən olunur ki, yuxarıda göstərilən kateqoriyadan olan qulluqçulara AR ƏM-də nəzərdə tutulmuş müvafiq normalar o halda tətbiq olunur ki, onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmamış olsun. Göründüyü kimi qanunverici Əmək Məcəlləsinin dövlət qulluqçularına şamil edilməsini istisna etmir, lakin bu istinad yalnız sahəvi tənzimləmə olmadıqda keçərlidir. Hazırki halda da bir halda ki, qanunverici dövlət qulluqçularına tətbiq ediləcək tənbeh növlərini “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində sadalamışdır, cavabdehin cari məsələ ilə bağlı Əmək Məcəlləsinə istinadı əhəmiyyətsiz olmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmayan, Əmək Məcəlləsində isə təsbit edilən və eyni zamanda dövlət qulluqçularına da şamil edilən məsələlərdən biri kimi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmaları misal göstərmək olar. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin normanın 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi qanunverici iki halda - işçilərin sayı və ya ştatları ixtisar edildikdə, eləcə də işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işçinin əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi qaydasını irəli sürmüşdür. Oxşar müddəa “Həmkarlar ittifaqı haqqında” AR Qanunun 20-ci maddəsinin 4-cü hissəsində də nəzərdə tutulmuşdur. Nəzərə alanda ki, hazırki mübahisə də cavabdehin iddiasına görə iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar yaranmışdır, onda cavabdeh inzibati orqan iddiaçını məhz bu əsasla əmək müqaviləsinə xitam verdiyi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalı idi. Lakin işdə belə bir hala rast gəlinmir. Bu təhlil isə bir daha mübahisələndirilən əmrin qanun pozuntuları ilə müşayiət olunaraq qəbul olunduğuna dəlalət edir. Kollegiya həmçinin bir məqama da diqqət yetirir ki, hazırki mübahisə ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında yaranmış münasibət ilk əmək və xidməti münasibət deyil. Belə ki, iddiaçı hazırki vəzifəsinə 2019-cu il 04 oktyabrda təyin olunmuşdur. Lakin iddiaçıya məxsus əmək kitabçasında görünür ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər 2013-cü ildən yaranıbdır. Belə ki, iddiaçıya məxsus ******* saylı əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı 21.05.2013-cü il tarixdə Cavabdeh Başçısının 21 may 2013-cü il tarixli, 31 nömrəli əmri ilə RİHB aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Qulluq etdiyi dövrdə iddiaçıya Cavabdeh Başçısının 21 noyabr 2014-cü il tarixli, 221 nömrəli sərəncamı ilə “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. Bundan sonra iddiaçı Cavabdeh Başçısınınn 81 nömrəli, 30 iyun 2015-ci il tarixli əmri ilə RİHB aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilərək, həmin şöbənin müdir müavini vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə olarkən iddiaçıya Cavabdeh Başçısının 14 iyun 2016-cı il tarixli, 34 nömrəli əmri ilə İİ dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İddiaçı 02.10.2019-cu il tarixədək həmin vəzifədə qalmış, 04.10.2019-cu il tarixdə isə hazırki vəzifəsinə təyin olunmuşdur. Qeyd olunanlar isə o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasındakı xidməti münasibətlərin başlanğıcı daha əvvəlki tarixlərə dayanır. İddiaçı əvvəlcə Quba RİHB aparatında baş məsləhətçi, sonra müdir müavini, ən sonda isə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. Bütün təyinatlar da cavabdehin özü tərəfindən aparılmışdır. Başqa sözlə, cavabdeh iddiaçının peşəkarlığına, səriştəsinə, işgüzar qabiliyyətinə, əmək və icra intizamına bələd və bundan məmun olduğu üçün onu hər dəfə vəzifədə yüksəltmiş və sonda hazırki vəzifəyə təyin etmişdir. Belə olan halda cavabdehin bu davranışı ilə iddiaçının öz əmək funksiyalarını lazımınca yerinə yetirə bilməməsi barədə mövqeyi-biri digərini təkzib edir. Cavabdeh apellyasiya şikayətində iddiaçının mənimsəmə və digər cinayət əməllərində adının hallanması və bununla əlaqədar əsaslı şübhələrin olmasının onunla bağlı veriləcək qərarda nəzərə alınmasını istəmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi belə cavab vermişdir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh vəzifəli şəxslərinin, eləcə də Quba rayon Barlı bələdiyyəsinin sabiq sədri Kərim Məmmədovun və Quba rayon Zərdabi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş X4 qanunsuz hərəkətləri ilə bağlı fakta görə cinayət işi başlanılaraq istintaq olunur. Həmin cinayət işinin isitintaqı zamanı İddiaçı şahid qismində dindirilsə də, istintaq sirri olduğundan həmin ifadəni təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi istintaq digər şəxslər barəsindədir, iddiaçı isə həmin iş üzrə şahid qismində dindirilmişdir. İddiaçının şahid qismində verdiyi ifadənin əldə edilə bilməməsi hazırki mübahisənin mahiyyətinə və onun qiymətləndirilməsinə təsir etmir. Beləliklə, qeyd olunanlara əsasən kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(118)-336/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-579/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-579/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver