Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-58/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 iyul 2020-ci il tarixli 2-1(118)-1024/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Quba Asan Xidmət Mərkəzi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh 16 mart 2020-ci il tarixli, **********3 saylı məktubla iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, mərhum əri X2 qanunla tələb olunan 14 il 09 ay sığorta stajı olmadığı üçün ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. Verilən cavab ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq, mərhum X7un 10 noyabr 1972-ci il tarixdən 1994-cü ilin fevral ayına kimi Əhaliyə Məişət Xidmət Kombinatında işlədiyi dövrü sığorta stajı sayıb, ordan əmək haqqı almaqla əldə etdiyi iş stajına əsasən, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə Quba şəhərində doğulmuş, 11 iyun 1976-cı ildə X3 ilə ailə həyatı qurmuşdur. Mərhum əri X3 10 noyabr 1972-ci ildən 22 fevral 1994-cü ilə kimi Əhaliyə Məişət Xidməti Kombinatında müxtəlif işlərdə işləmişdir. X7 23.09.2013-cü ildə ölmüşdür. O, pensiya yaşına çatdıqdan sonra Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən 16 mart 2020-ci il tarixli məktuba əsasən mərhum əri X2 tələb olunan 14 il 8 ay sığorta stajı olmadığına görə ona əmək pesniyası hüququnun olmadığı bildirilmişdir. Mərhum yoldaşı Yunis Ramazanov 22 ildən artıq müddətdə işləyib. İddia ərizəsinə əlavə etdiyi arxiv arayışından görünür ki, mərhum əri həmin illərdə əmək haqqı almaqla işləmişdir. Lakin mərhum ərinin işlədiyi müddət əmək kitabçasında 10 noyabr 1972-ci ildən 10 avqust 1984-cü ilə kimi qeyd olunmuşdur. Halbuki, qeyd olunan çatışmamazlıq mərhum ərinin təqsiri üzündən baş verməmişdir. Əri qeyd olunan illər ərzində fasiləsiz olaraq işləyərək əmək haqqı almışdır. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2-1(118)-1024/2020 saylı qərarı ilə iddia təmin edilmiş, mərhum X2 əmək kitabçasında və Quba rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlarında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək, iddiaçıya pensiya hüququn yarandığı 27.04.2019-cu il tarixdən ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-412/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması əsaslarından biri vəfat etmiş ailə başçısının öhdəsində olma məsələsidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyanın müəyyən edilməsi tələbini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdir. İddiaçının əri mərhum X2 1975-ci ildən 1994-cü ilə kimi Quba Məişət Xidməti Kombinatında işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyinə görə həmin dövrü sığorta stajı kimi götürmək mümkün olmamışdır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri əks olunmuşdur. Həmin maddə də qeyd olunur ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaş İddiaçı mərhum əri X2 tələb olunan 14 il 8 ay sığorta stajı olmadığına görə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz edib təmin edilməməsini, eyni zamanda iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək mərhum X7un 10.11.1972-ci ildən 30.03.1973-cü ilə, 02.07.1975-ci ildən 22.02.1994-cü ilə kimi Əhaliyə Məişət Xidməti Kombinatında işlədiyi dövrü sığorta stajına daxil edilərək ona pensiya hüququnun yarandığı 27.04.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası, tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı işin mübahisələndirilməyən hallarından görünür ki, mərhum X3 ilə iddiaçı arasında 11.06.1976-cı il tarixdə nikah bağlanmış, ölüm haqqında şəhadətnaməyə əsasən, Y.Ramazanov 08 noyabr 2013-cü il tarixdə ölmüşdür. İddiaçı pensiya yaşına çatdıqdan sonra cavabdeh inzibati orqana müraciət edərək, ona ailə başçısını itirməyə görə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh iddiaçının həyat yoldaşının tələb olunan sosial sığorta stajının az olması səbəbindən ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsinin qanuna zidd olduğunu bildirərək, iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu ilin iyul ayının 1-dək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 61 il olmuşdur. İddiaçının xx.xx.1958-ci ildə anadan olduğu nəzərə alındıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 61 yaşında, yəni 27.04.2019-cu il tarixdən pensiya yaşına çatmışdır. İddiaçının hüququ yaranan vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 12.1-ci maddəsində isə göstərilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdeh apelyasiya şikayətində iddiaçının cavabdehin öhdəsində olması faktını mübahisələndirsə də, kollegiya bu dəlili əsassız hesab edir. Belə ki, işin materiallarına görə, iddiaçının əri 08 noyabr 2013-cü ildə vəfat etmiş, vəfat etdiyi günə kimi iddiaçı ilə birgə nikahda olmuşdur. İddiaçının hazırda pensiya yaşına çatması, həmçinin mərhumun həyat yoldaşı olaraq ərinin öhdəsində olması, özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi ərindən kömək alması faktı onu “Əmək pensiyaları haqqında” 14.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan subyekt kimi qəbul etməyə əsas verir. Cavabdehin apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, pensiya hüququnun yaranması üçün mərhumun 14 il 8 ay tələb edilən sığorta stajına malik olması tələb olunur, mərhumun isə tələb edilən stajı toplaması iş materialları ilə təsdiq olunmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərinin 1954-cü il təvəllüdlü olmaqla 2013-cü ildə vəfat etməsi nəzərə alındıqda, onun öhdəsində olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya hüququnun yaranması üçün 14 il 08 ay sığorta stajı (ölən günədək olan 59 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 44) x 4 ay = 176 ay : 12 = 14 il 08 ay) olmalıdır. İşin hallarından görünür ki, iddiaçının mərhum ərinin sığorta stajı əmək kitabçası və arxiv arayışı ilə təsdiq edilir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının həyat yoldaşına məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının əslindən görünür ki, X3 10.11.1972-ci ildən 30.02.1973-cü ilə kimi Əhaliyə Məişət Xidməti Kombinatında ayaqqabı təmiri ustası işləmiş, 03.05.1973- 18.05.1975-ci illərdə hərbi xidmətdə olmuş, 02.07.1975-ci ildə yenidən həmin Kombinatda usta kimi fəaliyyətə başlamışdır. İşdən azad edilməsi barədə qeyd isə əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin, X5 Filialı tərəfindən verilmiş 31.01.2020-ci il tarixli, 55 nömrəli arxiv arayışından görünür ki, X3 10 noyabr 1972-ci ildə Əhaliyə Məişət Xidməti Kombinatında ayaqqabı təmiri ustası işinə qəbul edilmiş, 30.03.1973-cü il tarixdə 43 saylı əmrlə işdən azad edilmişdir. Daha sonra 02 iyul 1975-ci ildə həmin Kombinatda fərdi ayaqqabı tikişi və təmiri ustası işinə qəbul edilmiş, 22.02.1994-cü il tarixdə 12 saylı əmrlə işlədiyi obyektdə kommersiya fəaliyyəti ilə məşğul olduğu üçün işdən azad edilmişdir. 31.01.2020-ci il tarixli, 56 nömrəli arxiv arayışından isə görünür ki, Əhaliyə Məişət Xidməti Kombinatının əmək haqlarının qeydi kitablarına əsasən, X3 1972-1994-cü illərdə İdarədə işlədiyi müddətdə əmək haqqı almışdır. Beləliklə hərbi xidmətdə olduğu və işlədiyi illər nəzərə alınmaqla mərhumun ümumilikdə 20 ildən artıq sosial sığorta stajı vardır. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri də odur ki, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının halında isə onun idarədə işlədiyi dövrlər onun əmək kitabçasında tam göstərilməmişdir, bu hal isə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasına maneçilik yaradır. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, sözügedən dəlil əsassızdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi X5 filialı tərəfindən təqdim edilmiş arxiv arayışını təqdim etmişdir. Beləliklə, hərbi xidmətdə olduğu və arxiv arayışı ilə işlədiyi və əmək haqqı aldığı dövrlər sosial sığorta stajı kimi nəzərə alındıqda iddiaçının mərhum ərinin 20 ildən sığorta stajı yaranır ki, (minimum 14 il 08 ay sığorta stajı olmalı idi) bununla da iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ yaranmış olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamışdır. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququnun yaranması ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçıya hüquqi yardım etməklə tələbini dəqiqləşdirməmiş, qərarın nəticə hissəsində mərhum X2 əmək kitabçasında və Quba rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlarında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək, iddiaçıya pensiya hüququn yarandığı 27.04.2019-cu il tarixdən ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Halbuki, iddiaçının tələbində 1972-1994-cü illərdəki stajın nəzərə alınması xahiş edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 1973-1975-ci illərdə Y.Ramazanov hərbi xidmətdə olmuşdur. Odur ki, məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım edərək tələbini dəqiqləşdirməyi təklif etmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddianın dəyişdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, X2 10.11.1972-ci ildən 30.03.1973-cü ilə və 02.07.1975-ci ildən 22.02.1994-cü ilə kimi Əhaliyə Məişət Xidməti Kombinatında işlədiyi dövrü sığorta stajına daxil edilərək iddiaçıya 27.04.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyul 2020-ci il tarixli 2-1(118)-1024/2020 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. X2 10.11.1972-ci ildən 30.03.1973-cü ilə və 02.07.1975-ci ildən 22.02.1994-cü ilə kimi Əhaliyə Məişət Xidməti Kombinatında işlədiyi dövr sığorta stajına daxil edilməklə İddiaçı 27.04.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-58/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-58/2021
23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver