Məhkəmə qərarları › İş №2-1(105)-581/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-581/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-581/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə Açar sözlər: qəyyum və ya himayəçi təyin edilməsi öhdəliyinin qoyulması barədə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəsad Nəbi oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(060)-1062/2019 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X2 üzərində qəyyum və ya himayəçi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2021-cı il tarixli, 2-1(118)-1481/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı X4 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(060)-1062/2019 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X2 üzərində qəyyum və ya himayəçi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddianın əsaslandırılması:

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, keçmiş iş yoldaşı olmuş X5 ona pul borclu olduğundan sonuncu ilə aralarında məhkəmə çəkişməsi başlamış və mülki iş üzrə cavabdeh X5 notariat qaydada vəkillə müqavilə bağlayaraq vəkili vasitəsi ilə məhkəməyə sənədlər təqdim edərək bildirdi ki, o "şizofreniya" diaqnozlu xəstədir və fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(060)-1062/2019 saylı qətnaməsi ilə S.A.Zeynalova fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan onun pul tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Bununla da onun hüquqları pozulmuşdur. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ona üç ay müddətində qəyyum təyin olunmalı olduğu halda qəyyum təyin edilmir və müxtəlif bəhanələrlə süründürülür. O, dəfələrlə X3 qəyyum təyin olunması ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsə də, onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə qətnaməsini icra etmək əvəzinə onu hüquq – mühafizə orqanlarına müraciət etməyini tövsiyə edirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2-1(118)-1481/2021 saylı qərardadı ilə iddiaçı X1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(060)- 1062/2019 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X2 üzərində qəyyum və ya himayəçi təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

4. Qərardaddan narazı qalan İddiaçı X4 apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2-1(118)-1481/2021 saylı qərardadının ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

5. İddiaçı X4 apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunun tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qərardad maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, ona borclu olan X3 qarşı o, Sumqayıt Şəhər Məhkəməsində borcun qaytarılması tələbinə dair iddia qaldırmış, lakin vəkili vasitəsilə məhkəmədə bildirmişdir ki, S.A.Zeynalova “şizofreniya” xəstəsidir və məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Belə diaqnozla məhkəmədə onu təmsil etmək üçün vəkilə notarial qaydada etibarnamə vermişdir. Bu səbəbdən də o, qanunvericiliyin tələblərinə uyğun olaraq Qəyyumluq və Himayəçi təyin edilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə yazılı olaraq müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti ona cavab yazmışdır ki, bizim qəyyum və ya himayəçi təyin etmək səlahiyyətimiz yoxdur və tövsiyə etdilər ki, məhkəməyə müraciət etsin. O, da qarşı tərəfin məsləhətinə əməl edərək məhkəmədə iddia qaldırmış, lakin məhkəmə İnzibai Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq qərardad çıxarmışdır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanının hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə Sumqayıt şəhər İcra Hakimiyyəti inzibati orqandır, bu səbəbdən də cavabdeh qismində cəlb edilmişdir, bunu həmin orqanın aparatı da öz cavab məktubu ilə təsdiqləyir. Ona görə də iddia düzgün qaldırılmışdır, hesab edir ki, qərardad ləğv olunmalı və yeni qərar qəbul edilməlidir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

6. apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı isə fiziki qüsuru olduğuna görə hərəkət edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasına dair poçt vasitəsilə məhkəməyə 01.09.2021-ci il tarixdə ərizə göndərmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

10. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

12. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

13. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

14. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

15. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hazırkı qərarın 9-11-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı onunla əsaslandırmışdır ki, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir və inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Qəbul edilməsi tələb edilən sərəncam fəaliyyət qabiliyyətinin itirmiş şəxsə qəyyumun təyin edilməsi ilə bağlıdır ki, şəxs üzərində qəyyum təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağlı digər məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri isə ümumi hüququn deyil xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunmalıdır ki, anoloji iddia tələbi ilə bağlı ümumi məhkəməyə müraciət etmək hüququ vardır.

18. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin hazırkı qərardadın 5-ci bəndində əksini tapan apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz, ona görə ki, həmin dəlillər iddia ərizəsinin mətni ilə eyniyyat təşkil edir ki, bu hallara dair də birinci instansiya məhkəməsinin qərardadında hüquqi qiymət verilmişdir, eyni zamanda apellyasiya şikayətinin dəlili olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti inzibati orqan olması səbəbindən onun hərəkətlərilə bağlı işə məhz inzibati məhkəmə qaydasında baxılmalı olmasına istinad edilməsi əsassızdır ona görə ki, İH-i inzibati orqan olmuş olsa da, iddiaçının rayon icra hakimiyyətinə etmiş olduğu müraciətilə bağlı idiaçıya ünvanlanmış cavab məktubu iddiaçı üçün müəyyən hüquqi nəticələr yaratmamışdır. Başqa sözlə desək, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab edilə bilməz.

19. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.3-cü bəndində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. yoxlamalıdırlar.

20. X8 13-cü bəndində göstərilir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.

21. X8 17-ci bəndində isə qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda sadalanan hallarına əsasən birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının qaldırdığı məsələ mülki hüquq münasibətlərinə aid olmaqla mülki məhkəmənin araşdırma predmetinə aid olduğundan iddia mümkün sayılmamalıdır.

23. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfin apelyasiya şikayəti təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 81 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2-1(118)-1481/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 120) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar