Məhkəmə qərarları › İş №2-1(105)-582/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-582/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-582/2021 23.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evinin planölçü sxeminin tərtib edilməsi və hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı ilə bağlı mübahisə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evinin plan-ölçü sxeminin tərtib edilməsi və hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)-790/2021 saylı qərarından İddiaçı verdiyi apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evinin plan-ölçü sxeminin tərtib edilməsi və hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.metrdən ibarət torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evinə 2003-cü ildən əmlak hüququ olmaqla onun istifadəsindədir. Xızı rayonu X9 22.10.1998-ci il tarixli 17 saylı qərarı ilə JN- 048A saylı şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi 2005-ci il tarixdə ölmüş X10 həyat yoldaşı X11 tərəfindən 2003-cü ildə 550 ABŞ dollarına onun mərhum həyat yoldaşı X1. Torpaq sahəsini alan zaman Xızı rayonu X9 22.10.1998-ci il tarixli 17 saylı qərarı ilə JN-048A saylı şəhadətnamədə X12 ata adı soyadı göstərilmədiyi üçün alqı-satqı rəsmiləşdirilə bilməmişlər. Onlar tərəfindən verilmiş ərizə əsasında sənəddə soyad və ata adı düzəldilmişdir. Mərhum həyat yoldaşı X18 rayonu, Xızı şəhəri C.Cabbarlı küçəsi ev 22 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini aldıqdan sonra ümumi sahəsi 163,04 kv.metr yaşayış sahəsi, 91,64 kv.metr köməkçi sahədən, 71,40 kv.metrdən ibarət mənzil tikmiş və həmin yaşayış evi Xızı rayon "xxxx" MMC tərəfindən fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli əsasında 08 aprel 2011-ci il tarixində yaşayış sahəsi 40621.0 manat köməkçi sahəsi 7500 manat ümumi dəyəri 48121.0 manat qiymətləndirilmişdir. X12 qızı X15 torpaq sahəsinin sonuncuya qaytarılması barədə aralarında mübahisə yarandığı üçün torpaq sahəsini onun adına qeydiyyatdan keçməsinə razılıq vermək üçün həyat yoldaşının müalicəsinə pula ehtiyacı olduğundan ondan pul istəmiş və bu mübahisəyə son qoymaq üçün X13 ümumilikdə 2000 manat pul verdiyi halda sonuncu bir daha bu barədə mübahisənin olmayacağını demiş olsa da, X15 ondan xəbərsiz notariusa müraciət edərək vərəsəlik şəhadətnaməsinin alınmasını istəmiş, lakin sonuncunun qardaşı X17 torpaq sahəsinin onlara məxsus olmadığını və torpaq sahəsini onun mərhum anası X4 aldığını və həmin torpaq sahəsinin ona məxsus olduğu üçün X17 notariusda vərəsəlik şəhadətnaməsinin açılmasına öz etirazını bildirmişdir. X6 Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə müraciət edərək torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etmiş, DƏDRX-nin nümayəndələri onun yaşadığı evə gələrək ölçü işləri apararaq torpaq sahəsinin X13 məxsus olmasını təsdiq edən hər hansı bir sənəd olmadığından sonuncuya imtina cavabı verilmişdir. X6 daha başqa yolu olmadığından bir neçə dəfə onun yaşadığı evə gələrək evə qanunsuz müdaxilələr etmiş və 2019-cu ildə sonuncunun onun yaşadığı mənzilə qanunsuz müdaxilələrinin qarşısını almaq üçün “X8 torpaq sahəsinə qanunsuz müdaxilələrinin qarşısının alınması və həmin torpaq səhəsinin adına rəsmiləşdirilməsinə cəhd etməsinin sonuncuya qadağan edilməsi və torpaq sahəsinin onun istifadəsində olmasının müəyyən edilməsi” barədə 3-cü şəxs qismində hazırki iş üzrə Cavabdeh göstərilməklə Xızı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xızı Rayon Məhkəməsinin 2(068)-22/2019 saylı 08.04.2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsini qismən təmin edərək onun 2003-cü ildən faktiki istifadəsində olaraq daimi yaşadığı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,00 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evinə qanunsuz müdaxilələr cavabdeh X13 qadağan edilməsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evinin faktiki olaraq onun istifadəsində olmasının müəyyən edilməsi barədə qətnamə çıxarmışdır. Xızı Rayon Məhkəməsi iddia ərizəsinin təmin edilməsini onunla əsaslandırmışdır ki məhkəmənin sorğusu əsasında Xızı rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsinin 22.11.2018-ci il tarixli 343 nömrəli arayışında göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən mənzil 2003-cü ildən onun istifadəsində olmaqla övladları ilə birlikdə həmin mənzildə yaşadığı və eyni zamanda qonşuları şahid kimi məhkəmə iclasına dəvət edilərək qonşuların ifadəsi əsasında torpaq sahəsinin 2003-cü ildən onun aldığını və həmin torpaq sahəsi zibillik olduğu üçün onun istifadəyə yararsız olduğunu və həmin torpaq sahəsi tərəfindən abadlaşdırılaraq orada ev tikdiyini şahid ifadəsi ilə göstərmələri əsas olmuşdur. Xızı Rayon Məhkəməsinin 2(068)- 22/2019 saylı 08.04.2019-cu il tarixli qətnaməsi ilə onun 2003-cü ildən faktiki istifadəsində olaraq daimi yaşadığı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evinə qanunsuz müdaxilələrə son qoyulması, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evinin faktiki olaraq onun istifadəsində olmasının müəyyən edilməsi barədə qətnaməsinə əsasən tərəfindən bir neçə dəfə Cavabdeh ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşənümumi sahəsi 713,0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evinin plan ölçü sxeminin tərtib edilməsi və hüquqlanın qeyd edilməsinə dair daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsini xahiş etmiş, amma buna baxmayaraq cavabdeh qurum onun müraciətlərini belə rəsmi cavablandırmamışdır. O, bir neçə dəfə cavabdeh quruma gedərək oradan rəsmi cavab verilməsini istəmiş, lakin cavabdeh qurum məlum COVİD 19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşları qəbul etmədiklərini və yaşadığı evə rəsmi məktub göndəriləcəyini bildirmiş, nəticədə onlara etdiyi müraciətə rəsmi cavab verilmədiyindən onların məktubunu almasına dair poçt bildirişi əsasında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş torpaq sahəsi və torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi onun faktiki istifadəsində olduğundan torpaq sahəsinə dair plan ölçü sxeminin və torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə hüquqların qeyd edilməsinə dair daşınmaz əmlakın dövlət reyesteri xidmətindən çıxarış verilməlidir.

Cavabdehin etirazları:

3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı X2 rayonu, Xızı şəhəri, C.Cabbarlı küçəsi, ev 22 ünvanında yerləşən 0.0713 ha torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı 07 oktyabr 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və müraciəti ilə əlaqədar olaraq X7 bildirilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslardan heç biri təqdim edilmədiyindən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Bununla yanaşı həmin şəxs tərəfindən qanunvericiliyin tələblərinə cavab verən müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra müraciətinə qanunauyğun qaydada baxılacağı X7 bildirilmiş və bu barədə ona 28 oktyabr 2020-ci il tarixli **********96 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiasının mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş edilir.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)-790/2021 saylı qərarı ilə (hakim İ.R.Quliyev) iddianın rədd edilməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)-790/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edlməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, Xızı Rayon Məhkəməsinin 2(068)-22/2019 saylı 08.04.2019-cu il tarixli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evi faktiki olaraq onun istifadəsində olması müəyyən edilsə də, həmin məhkəmə qərarı ilə onun torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmamış, cavabdeh inzibati orqanın üzərinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi qoyulmamış və bu səbəbdən mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün əsas təşkil edən sənədlər mütləq təqdim edilmədiyindən və bununla bağlı hər hansı bir norma mövcud olmadığına görə cavabdeh inzibati orqanın imtinasını qanuni əsas hesab edərək iddia ərizəsi rədd edilmişdir. Hesab edir ki, məhkəmənin bu hissədə mövqeyi əsassız olduğundan qərar ləğv edilməlidir ona görə ki, Xızı Rayon Məhkəməsinin 2(068)-22/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evinin 2003-cü ildən faktiki olaraq onun istifadəsində olması müəyyən edilmiş və torpaq sahəsi, onun üzərində olan fərdi yaşayış evi artıq 18 ildir ki, onun istifadəsindədir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində qeyd edilənləri müdafiə edərək əlavə olaraq göstərdi ki, yaşadığı torpaq sahəsi onun mərhum həyat yoldaşı tərəfindən mərhum X12 həyat yoldaşı X5 2003-cü ildə 550 ABŞ dollarına alınmış, lakin torpaq sahəsini aldıqları zaman Xızı rayon Aqrar islahat Komissiyasının qərarı ilə şəhadətnamədə X12 ata adı, soyadı göstərilmədiyi üçün alqısatqı müqaviləsini rəsmiləşdirə bilməmişlər. Həmin vaxt torpaq sahəsi zibillik içində olmuş, torpağı təmizləyib ətrafına dəmit tor hasar çəkmişlər, sonra isə torpaq sahəsində ev və tövlə tikmişlər. Həmin torpaq sahəsilə bağlı Xızı Rayon Məhkəməsinin 08.04.2019-cu il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra evi sənədləşdirmək istəsə də, cavabdeh orqan onun müraciətinə cavab məktubu göndərməmişdir.

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətində qeyd edilənləri müdafiə edərək əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsinin qərarı əsassız olduğu üçün ləğv edilməli, iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hesab edir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,00 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş torpaq sahəsi və torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi iddiaçının faktiki istifadəsində olduğundan torpaq sahəsinə dair plan ölçü sxeminin və torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə hüquqların qeyd edilməsinə dair daşınmaz əmlakın dövlət reyesteri xidmətindən çıxarış verilməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

10. İddiaçı və vəkili Vəkil məhkəmə bildirişinə imza etməklə növbəti iclasın vaxtı barədə xəbərdar olunmalarına və Cavabdeh 2 dəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına üzürlü səbəblər olmadan gəlməmişlər.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə işdə iştirak edən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

19. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

20. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

21. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

22. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarınıdəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

30. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 9.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Maddə 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

32. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

33. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərind hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hazırkı qərarın 10-24-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddia tərəfinin izahatını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə qərarı ilə təsdiq edilmiş iddiaçının müəyyən hüquqları olsa da, hazırkı mərhələdə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir. Cavabdeh inzibati orqan yaranmış hüquqların təqdim edilən sənədlər əsasında dövlət qeydiyyatını aparan orqandır. İnzibati orqan tərəfindən mülkiyyət hüququnun qeydiyyatının aparıla bilməsi üçün, qeydiyyat üçün əsas təşkil edən sənədlər mütləq təqdim edilməlidir. İddiaçının təqdim etdiyi sənədlərin mülkiyyət hüququnun qeydiyyat əsası olmasını müəyyən edən hər hansı bir norma mövcud olmadığına görə, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır.

34. Məhkəmə kollegiyası hazırkı qərarın 6-ci bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, hazırkı qərarın 31-32-ci bəndlərində istinad edilən qanun normalarının tələblərinə uyğun olaraq mübahisələndirlən torpaq sahəsinə dair hüquqlar əldə edilmədiyindən, birinci instansiya məhkəməsinin də qərarında qeyd edildiyi kimi, məhkəmə qərarı ilə təsdiq edilmiş iddiaçının müəyyən hüquqları olsa da, hazırkı mərhələdə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir. Cavabdeh inzibati orqan hazırkı qərarın 33-cü bəndində istinad edilən qanunun müvafiq müddəalarında nəzərdə tutulan hüquqi sənədlərin təqdim edildiyi halda, yaranmış hüquqların dövlət qeydiyyatını aparan orqandır. İnzibati orqan tərəfindən mülkiyyət hüququnun qeydiyyatının aparıla bilməsi üçün, qeydiyyat üçün əsas təşkil edən sənədlər mütləq təqdim edilməlidir.

35. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının sorğusu əsasında cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, arxiv materiallarına əsasən Xızı rayonu, Köhnə Xızı qəsəbəsi ünvanında yerləşən 0.06 ha həyətaynı torpaq sahəsi üzərində vətəndaş Muğbilin (şəhədətnamədə şəxsin soyadı və ata adı qeyd olunmamışdır) tam mülkiyyət hüququ ləğv edilmiş DTXK-si tərəfindən 11 dekabr 2001-ci il tarixdə JN-048A (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə qeydiyyata alınmışdır, sözügedən şəhadətnamənin təsdiq edilmiş surəti də məktuba əlavə edilmişdir(i.v.92-93).

36. Beləliklə, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdeh orqana daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslardan heç biri təqdim etmədiyi üçün iddiaçının müraciətilə bağlı cavabdeh inzibati orqanın imtinasının əsaslı olması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Bu baxımdan məhkəmə kollegiyası iş üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi əsaslı olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)-790/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəməqərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar