Məhkəmə qərarları › İş №2-1(105)-583/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-583/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-583/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında 0,0274 ha torpaq sahəsində yerləşməklə iddiaçıya məxsus birmərtəbəli, ümumi sahəsi 40,1 kv.metr yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi onun adına qeydiyyata alınmaqla həmin sahəyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(118)-937/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) bir neçə dəfə müraciət edərək, “Qusar şəhəri, Nuru Qurbanov küçəsində yerləşən 21A nömrəli fərdi yaşayış evinin qeyri-yaşayış binası kimi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 26.10.2020-ci il taixli məktubla qeyri-yaşayış binasına dair qəbul komissiyasının aktının olmadığını, 21.12.2020-ci il tarixli məktubla qeyri-yaşayış binasına dair texniki təsvir gösətrilməklə planın əlavə edilmədiyini əsas gətirərək imtina cavabı vermiş, sonuncu dəfə isə iddiaçıya 27 yanvar 2021-ci il tarixli, **********46 saylı məktub ünvanlayaraq bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, qeyri-yaşayış binasına dair tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Mənzil Məcəlləsində fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulmamışdır. Belə ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi dedikdə çoxmənzilli yaşayış binasının bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulur. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında 0,0274 ha torpaq sahəsində yerləşməklə iddiaçıya məxsus birmərtəbəli, ümumi sahəsi 40,1 kv m yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi onun adına qeydiyyata alınmaqla həmin sahəyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 3 ünvanında 0,0274 ha torpaq sahəsində yerləşən birmərtəbəli, ümumi sahəsi 40,1 kv.metr olan fərdi yaşayış evi mövcuddur. Mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən **********59-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03.06.2020 olan Çıxarışla rəsmiləşdirilmişdir. Həmin evin onun adına yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər əlavə edilmiş ərizə ilə Qusar rayon İcra Hakimiyyətinə müraciət edilmiş və Qusar Rayon İcra Hakimiyyəti Başçısının 28.07.2020-ci il tarixli, 29 №-li sərəncamı ilə ünvan 3 ünvanında 0,0274 ha torpaq sahəsində yerləşməklə ona məxsus birmərtəbəli, ümumi sahəsi 40,1 kv.metr yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi barədə qərara alınmış, həmin qərarda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar həmin yaşayış sahəsində hər hansı dəyişikliyin edilməsi, buna ehtiyac olmadığına görə (göstərilən Məcəllənin 21.7-ci maddəsinə uyğun olaraq) nəzərdə tutulmamışdır. Qeyd edilən Məcəllənin 27.1 -ci maddəsində göstərilir ki, əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, həmin Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 22 oktyabr 2020-ci il tarixdə cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək qeyd edilən yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi onun adına qeydiyyata alınmasını xahiş etmiş və ərizə ilə birlikdə bütün zəruri sənədləri də təqdim etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsini 27 yanvar 2021-ci il tarixli məktubla eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2-1(118)-937/2021 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı məxsus ünvan 3 ünvanında 0,0274 ha torpaq sahəsində yerləşən birmərtəbəli, ümumi sahəsi 40,1 kv m yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi onun adına qeydiyyata alınmaqla həmin sahəyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərazi İdarəsi tərəfindən müraciətə 21.12.2020-ci il tarixdə **********08 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyiniz qeyri-yaşayış binasına dair texniki təsviri göstərməklə planı ərizəyə əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında'' Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumaıa uyğunluğu yoxlanılmaqla aparılır. Bundan sonra İddiaçı, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 24.12.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, qeyri-yaşayış binasına dair tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Qeyd edilmişdir ki, Mənzil Məcəlləsində fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulmamışdır. Belə ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi dedikdə çoxmənzilli yaşayış binasının bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 8.0.10 maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.4- cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin vahid forması Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Tikinti obyektinin istismarına icazənin vahid forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edib təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlıdır. Belə ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət edərək, “Qusar şəhəri, Nuru Qurbanov küçəsində yerləşən 21A nömrəli fərdi yaşayış evinin qeyri-yaşayış binası kimi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməmiş və imtinasında iki hala- 1)qeyriyaşayış binasına dair tikinti obyektinin istismarına icazə sənədinin təqdim edilməməsi və 2)Mənzil Məcəlləsində fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinin nəzərdə tutulmadığına istinad etmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə iddianı əsaslı saymış və təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Daşınmaz əmlakın növləri içərisində yaşayış sahəsi xüsusi yer tutur. Yaşayış təyinatlı daşınmaz əmlak mülkiyyət formasından və yerləşdiyi yerdən asılı olmayaraq yaşayış sahələrinin bütün növlərini əhatə edir. Azərbaycan qanunvericiliyində mənzil hüququnun obyekti olan yaşayiş sahəsinin anlayışı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə yaşayış sahəsi dedikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər Mənzil Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. “Ayrıca sahə” dedikdə isə, təcrid olunmuş sahə nəzərdə tutulur. Göstərilən Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: -13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; - 13.1.2. mənzil, mənzilin hissəsi; -13.1.3. otaq; -13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Göründüyü kimi mənzil qanunvericiliyində yaşayış sahəsi dedikdə həm yaşayış evi, həm də mənzil nəzərdə tutulduğundan cavabdehin fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilə bilməməsi barədə dəlili əsassız hesab edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeyri-yaşayış sahəsi də daşınmaz əmlak hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində daşınmaz əmlaka bu cür tərif verilir: “Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir” Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Qeyri-yaşayış sahəsinin təyinatı isə müxtəlif ola bilər. Bu həm kommersiya xarakterli, həm də digər ictimai, inzibati, istehsalat və s. məqsədlər üçün də istifadə oluna bilər. Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirmək arzusunda olan şəxslərin hüquq və vəzifələrinin gerçəkləşdirilməsinin ümumi sərhədlərini müəyyənləşdirmişdir. Həmin Məcəllənin 10.0.18-ci maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrindən biri də müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etməkdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün yerli icra hakimiyyəti orqanının qərarı tələb olunur. Həmçinin “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.11-ci və 4.11.6-cı bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək və balansında olan qeyri-yaşayış fondunun əsaslı təmirini təşkil etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Hazırki halda da işə əlavə edilmiş Qusar RİHB-nın 28.07.2020-ci il tarixli 29 saylı sərəncamından çıxarışdan görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Nuru Qurbanov küçəsi, ev 21A ünvanında yerləşən 0.0274 ha torpaq sahəsindəki bir mərtəbəli fərdi yaşayış evinin 40.1 kv.m yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi qərara alınmışdır. Göründüyü kimi qanunvericiliklə yaşayış və qeyri-yaşayış sahələrinin bir-birinə çevrilməsi üçün yerli icra hakimiyyəti orqanının qərarı-icazəsi tələb olunur ki, hazırda da iddiaçıya belə bir icazə verilmişdir. Lakin sahənin keçirilməsini həyata keçirən orqan - yerli icra hakimiyyəti orqanının qərarı ilə iddiaçıdan nə digər sənədlər tələb edilmiş, nə də əlavə vəzifələr müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 21.6-ci maddəsində deyilir ki, keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Göründüyü kimi keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma işlərinin aparılması bütün hallarda deyil, yalnız zəruri olduğu hallarda həyata keçirilməlidir. Hazırki halda da iddiaçıya məxsus keçirilən sahədə yenidənqurma işlərinin aparılması üçün zərurət olmadığından yerli icra hakimiyyəti orqanının qərarında belə bir tələb qoyulmamışdır. Buna zərurət olmadığı halda cavabdehin bu hala istinad edərək yenidənqurma və (və ya) yenidən planlaşdırma (və ya) digər işlərinin başa çatması təsdiqləyən qəbul komissiyasının aktının olmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etməsi əsassız olmuşdur. Qeyri-yaşayış binasına dair tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməməsi ilə cavabdehin dəlili ilə bağlı kollegiya qeyd edir ki, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə yaxud qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə çevrilməsi əlbəttə ki, müəyyən hüquqi nəticələr doğurur. Bu, ən birinci növbədə çevrilən sahənin hüquqi rejiminin dəyişməsində özünü göstərəcəkdir. Lakin eyni zamanda da qeyd edilməlidir ki, hüquqi rejimin dəyişməsi yaşayış və ya qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun xitamına səbəb olmur, yalnız obyektin xarakteristikası - mülkiyyət hüququnun hüquqi münasibətlərində istifadə olunmasının məqsədi dəyişikliyə uğrayır (yaşayış sahəsi üçün - yaşayış sahəsinin ixtisaslaşdırılmış fonda daxil edilməsi, yaşayış sahəsinin fonddan çıxarılması zamanı əsasən kommersiya əhəmiyyətli istifadə; qeyri-yaşayış sahəsinə münasibətdə - ictimai, inzibati, istehsalat və s. məqsədlər üçün istifadə) Başqa sözlə, yaşayış və qeyri-yaşayış sahələrinin bir-birinə çevrilməsi həmin ilkin sahəyə dair mülkiyyət hüququnun itirilməsi ilə nəticələnmir. Hazırda da işdən görünür ki, mübahisə predmeti olan daşınmaz əmlak əvvəl yaşayış sahəsi kimi cavabdeh inzibati orqan tərəfindən qeydiyyata alınmışdır. Belə ki, iş materiallarında olan cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 03.06.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 40.10 kv m, 0.0274 ha torpaq sahəsi fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdehin imtinasında göstərdiyi hallar daşınmaz əmlaka mülkiyyət hüququnun qeyd alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın imtinası yuxarıda istinad edilən qanunvericiliyin tələblərini pozmaqla yanaşı, əsassız səbəblərdən iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(118)-937/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar