Məhkəmə qərarları › İş №2-1(105)-583/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-583/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-583/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı ona əlavə 12 kv.metr yaşayış sahəsi olan yeni 1 (bir) otaqlı mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(118)-1726/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona əlavə 12 kv.metr yaşayış sahəsi olan yeni 1 (bir) otaqlı mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o ailə üzvləri ilə birgə X2 yaşayış sahəsi 78 kv.metr olan binasında yaşayırmış, 05 fevral 2019-cu ildə Şamaxıda baş verən güclü zəlzələ nəticəsində onların da qəzalı vəziyyətə düşmüş yaşadığı yataqxanadan çıxarıb, rayonda tikilən binadakı sahəsi əvvəlkindən xeyli az yaşayış sahəsinə malik olan (66,22 kv. metrlik) evlə təmin ediblər. İddiaçı bundan narazılıq edib aidiyyəti dövlət orqanlarına çoxsaylı şikayətlər yazıb bildirdirmiş ki, yeni evi darısqaldır və faktiki olaraq sahəsi 12 kv.metr az olan mənzilə köçürülmüşlər. Bir ildən çoxdur ki, dövlət orqanlarına müraciətlər etsə də məsul şəxslər müraciətlərini bir-birinin üstünə ötürür və nəticədə şikayətinə baxan yoxdur. X2 rəhbərliyi tərəfindən ona verilmiş 27 saylı, 25 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, həmin liseyin balansında olan onların yaşadığı xidməti binanın 11 nömrəli mənzilinin ölçüsü 78 kv.metrdir. Çoxsaylı müraciətləri əsasında Şamaxı Rayon İcra Hakimiyyətindən ona göndərilmiş Ş-03-1868 saylı, 05 oktyabr 2021-ci il tarixli cavab məktubunda yazılmışdır ki, 05 fevral 2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Şamaxı şəhərində yaşayış binaları inşa olunmuş və vətəndaşlar yeni mənzillərə köçürülmüşlər. Mənzillər Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi siyahı əsasında nazirliyin əməkdaşlarının iştirakı ilə vətəndaşların əvvəl yaşadıqları evlərin sahəsinə uyğun püşkatma yolu ilə paylanmışdır. Sonda püşkatma əsasında onlara Şamaxı şəhərində M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binanın 9 saylı mənzilinin püşkatma yolu ilə verilməsi yazılmışdır. Müraciətlərinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən də ona 37/Q- 00469 saylı, 04 mart 2021-ci il tarixli cavab göndərilmişdir. Bu cavabda da yuxarıda qeyd etdiyi eyni məlumatlar təkrarlanaraq onlara ünvan 1 ünvanında Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş, elektrik enerjisi, su və qazla təchiz olunmuş 110 mənzilli binada 2 otaqlı, 66,22 kv.metr sahəsi olan mənzil verildiyi yazılmışdır. Bundan əlavə, mənzillərin bölüşdürülməsi prosesinin X3 rəhbərliyinin təsdiq etdiyi siyahılar əsasında Şamaxı Rayon İcra Hakimiyyəti keçirilməsi və buna görə müvafiq icra hakimiyyətinə müraciət etməyi ona tövsiyyə olunmuşdur. Yenidən Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etsə də ona müsbət cavab verilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının istifadəsində olmuş yaşayış sahəsi peşə liseyi tərəfindən ona xidməti mənzil kimi verilmiş və həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ tanınmamışdır. Şamaxı rayonunda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə rayon ərazisində FHN tərəfindən yüksəkmərtəbəli yaşayış binası inşa edilərək qəzalı vəziyyətə düşmüş mənzilin sakinlərinin istifadəsinə verilmişdir. Qeyd olunan 3 blokdan ibarət yaşayış binasının balansaxlayıcısı yoxdur. Mənzillərin bölgüsünə gəldikdə isə rəsmi sənədlərə malik sakinlərə müvafiq mənzillər paylanılmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti də mənzillərin bölgüsü zamanı atılmış püşkatmada iştirak etmişdir. Müvafiq yaşayış binasının hansı qurumun balansına verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmiş, lakin hələ həmin yaşayış binası Şamaxı Rayon İcra Hakimiyyətinin balansına verilməmişdir. İddiaçıya əlavə yaşayış sahəsinin verilməsi faktiki olaraq Şamaxı Rayon İcra Hakimiyyətinin səlahiyyətində deyil. Sadəcə olaraq yerli icra hakimiyyətinin əsasnaməsinin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binanın sakinləri yeni inşa edilmiş yaşayış binasına köçürülmüşdürlər. Bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(118)-1726/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı ona əlavə 12 kv.metr yaşayış sahəsi olan yeni 1 (bir) otaqlı mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69. Məhkəmə qərarının forması və məzmunu 69.3. Məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdən görünür ki, iddiaçıya Azərbaycan Respublikası Təhsil Nazirliyi X3 tərəfindən 78 kv.metr olan yaşayış sahəsi ayrılmışdır. 05 fevral 2019-cu ildə Şamaxıda baş verən zəlzələ nəticəsində həmin yaşayış binası qəzalı vəziyyətə düşmüş, iddiaçı müvafiq qəzalı yataqxanadan çıxarılıb və rayonda dövlət tərəfindən tikilən yeni yaşayış binasından 66,22 kv.metr sahəsi olan yeni yaşayış sahəsi ilə təmin edilib. İddiaçı yaşayış sahəsinin əvvəlki mənzilindən kiçik olduğundan narazılıq edərək, cavabdehdən əlavə yaşayış sahəsinin verilməsini tələb etmiş və iddiaçının tələbi cavabdeh tərəfindən müsbət həll edilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin imtinasının qanuni olduğuna istinad edərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi nə iddiaçının iddia ərizəsində göstərdiyi hallarla bağlı, nə də cavabdehin imtinasında qeyd edilən xüsusatlarla bağlı araşdırma aparmamışdır. Belə ki, iddiaçıya verilmiş mənzilə dair hüquqmüəyyənedici sənədlər tələb edilməmiş, mənzillərin hansı qaydada bölüşdürülməsi ilə bağlı sənədlər araşdırılmamış, püşkatmanın hansı əsaslarla aparıldığı müəyyən edilməmişdir. Qeyd olunan hallar araşdırılmadan isə iddiaya qiymət vermək və iş üzrə yekun nəticəyə gəlmək mümkün deyil. Halbuki, İPM-in 12-ci maddəsinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur və məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipi pozulduğundan iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(118)-1726/2022 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar