Məhkəmə qərarları › İş №2-1(105)-584/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-584/2022

30.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-584/2022 30.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona 02 noyabr 2021-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(118)-1943/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur.

2. İddiaçıya ilk dəfə xx.xx.2015-ci il tarixdə 12 nömrəli TSEK-in xxxxxxx0001 nömrəli qərarı ilə (TSEK-in diaqnozu) Diaqnozun mətni: Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, Serebral araxnoidit, hipertenzion sindrom və epitutmalarla. Kəskin serebrovaskulyar çatmamazlıq, kəskin ifadə olunmuş astenonevrotik sindrom. Boyun fəqərələrinin yayılmış osteoxondrozu, xroniki hepatoxolesistit, xroniki qastrit diaqnozu ilə Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2. “Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmiş, növbəti müayinənin tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir.

3. 12 nömrəli TSEK-in xx.xx.2016-cı il tarixli xxxxxxx0002 nömrəli qərarı ilə iddiaçıya digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, Serebral araxnoidit, hipertenzion sindrom və epitutmalarla. Kəskin serebrovaskulyar çatmamazlıq, kəskin ifadə olunmuş astenonevrotik sindrom. Boyun fəqərələrinin yayılmış osteoxondrozu, xroniki hepatoxolesistit, xroniki qastrit diaqnozu əsasında “Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. Daha sonra cavabdeh tərəfindən iddiaçı barəsində Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişə (Forma 88) baxılmış və xx.xx.2021-ci ildə “Diaqnozun mətni: Xroniki meningit, Naməlum mənşəli ləng proqressivləşən gedişli xroniki meningit. (xx.xx.2021-ci il tarixli akademik M.Ə.Mirqasimov adına RKX-da 7972 nömrəli məsləhət vərəqəsinə əsasən) Ağırlaşma Ayaqaltı sinirin zədələnməsi. Hər iki ayaq pəncəsinin parezi Ağırlaşma Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə; İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: son beş ildə stasionar müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir.

5. Daha sonra cavabdeh tərəfindən iddiaçı barəsində Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişə (Forma 88) baxılmış və xx.xx.2021-ci ildə G03.1 - Xroniki meningit; Diaqnozun mətni: Xroniki meningit, Naməlum mənşəli ləng proqressivləşən gedişli xroniki meningit; İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Elektromioqrafiya müayinəsi ağırlaşmanı təsdiq etmir. Dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 02 noyabr 2021-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təkrar müayinənin nəticəsi olaraq ona 5 illik müddətə (xx.xx.2021-ci ilədək) İİ dərəcəli əlillik təyin edilmişdir (TSEK-in diaqnozu: digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, Serebral araxnoidit, hipertenzion sindrom və epitutmalarla. Kəskin serebrovaskulyar çatışmazlıq, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Boyun fəqərələrinin yayılmış asteoxondrozu., xroniki hepatoxolesistit, xroniki qastrit). Daha sonra, təkrar müayinə zamanı ona bildirilmişdir ki, yenidən əliiliyin təyin edilməsi üçün o ambulator müalicədən keçməlidir. Bundan sonra, 4 nömrəli şəhər xəstəxanasında xx.xx.2022-ci ildən xx.xx.2022ci ilədək ambulator müalicədə olmuşdur. Həmin müalicə zamanı da, səhhətində problemlər olduğu, başqa sözlə, əlillik təyin edilməsinə əsas verən xəstəliklər olduğu öz təsdiqini tapmışdır. Cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixdə aparılan müayinə zamanı isə əlillik təyin edilməsindən imtina edilmiş, imtinanın əsası kimi isə Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstərilmişdir. Onun xəstəlikləri (iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq olunur) əlillik almaq üçün əsasdır. Buna baxmayaraq, cavabdeh əsassız olaraq ona əlillik təyin edilməsindən imtina etmişdir. Cavabdehin hərəkətləri qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Dəmir yol xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G03 - Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit => G03.9 - Dəqiqləşdirilməmiş meningit; Diaqnozun mətni: Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, Serebral araxnoidit, hipertenzion sindrom və epitutmalarla. Kəskin serebrovaskulyar çatmamazlıq, kəskin ifadə olunmuş astenonevrotik sindrom. Boyun fəqərələrinin yayılmış osteoxondrozu, xroniki hepatoxolesistit, xroniki qastrit; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2. Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G03 - Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit => G03.9 - Dəqiqləşdirilməmiş meningit; Diaqnozun mətni: Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, Serebral araxnoidit, hipertenzion sindrom və epitutmalarla. Kəskin serebrovaskulyar çatmamazlıq, kəskin ifadə olunmuş astenonevrotik sindrom. Boyun fəqərələrinin yayılmış osteoxondrozu, xroniki hepatoxolesistit, xroniki qastrit; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2. Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00- G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G03 - Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit => G03.1 - Xroniki meningit; Diaqnozun mətni: Xroniki meningit, Naməlum mənşəli ləng proqressivləşən gedişli xroniki meningit. (xx.xx.2021-ci il tarixli akademik M.Ə.Mirqasimov adına RKX-da 7972 nömrəli məsləhət vərəqəsinə əsasən) Ağırlaşma Ayaqaltı sinirin zədələnməsi. Hər iki ayaq pəncəsinin parezi Ağırlaşma Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Qabarıq astenonevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: son beş ildə stasionar müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G03 - Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit -> G03.1 - Xroniki meningit; Diaqnozun mətni: Xroniki meningit, Naməlum mənşəli ləng proqressivləşən gedişli xroniki meningit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Elektromioqrafiya müayinəsi ağırlaşmanı təsdiq etmir. Dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Etirazda müvafiq normativ hüquqi aktlara istinad edilməklə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(118)-1943/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. 10.Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış, iddiaçının əvvəlki müayinələrinin nəticələrinə və birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad edilməklı göstərilmişdir ki, iddiaçıya məxsus Forma 88-də epilepsiyada tutmaların sayı, aşağı ətrafdakı parezin dərəcəsi və nevroloqun rəyi qeyd olunmamışdır. Bundan əlavə əsas diaqnoz olan “G03.1 xroniki meningit, naməlum mənşəli ləng proqressivləşən gedişli xroniki meningit” xəstəliyi ilə əlaqədar müalicədə olmamışdır. “Əlilliyin qiymətləndirmə qaydası” haqqında Nazirlər Kabinetinin 2020-ci il 18 yanvar tarixli 11 nömrəli Qərarının 4.2-ci bəndində də göstərilmişdir ki, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-c il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 2.5-ci bəndinə göndərişlərə görə həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi idenifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X2na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmçinin əlilliyin qiymətləndirilməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etdi.

13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1 Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

16. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1-ci bənd. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. ...2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); ...2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə: 4.1 Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra-göndəriş) əsasında aparılır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi “ Qaydası

21. 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi-Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ...1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; ...2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, hazırkı mübahisənin mahiyyəti iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən cavabdehin imtinası ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya tibb müəssisəsi tərəfindən təyin edilmiş G03 kodu göstərilmiş xroniki meningit xəstəliyi “mərkəzi sinir sisteminin iltihabi xəstəliklər”nə aid edilmiş və həmin xəstəliyin 9 növü müəyyən edilmişdir. Sinir sisteminin digər xəstəliklərinə G40 kodu ilə göstərilmiş “epizodik və paroksizmal pozğunluqlara” aid edilmiş və həmin xəstəliyin 7 növü müəyyən edilmişdir. Göründüyü kimi X1 G03 və G40 kodu altında göstərilmiş xəstəliklərin hər ikisi sinir sisteminin xəstəliklərinə aid edilmiş və hər iki kod altında göstərilmiş xəstəliklər bir-birindən fərqlidir. Məhkəmə daha sonra göstərmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.1.2-ci bəndinə əsasən reyestrə daxil edilmiş göndərişdə əlillik səbəbinin qeyd olunmasına baxmayaraq, əlilliyin təyin edilməsi üçün ambulator və ya stasionar müalicədə 6 aydan az müddətdə olması bəhanəsi ilə Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Halbuki, Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.9-cü bəndində qeyd olunan xəstəliyi olan şəxslərə ikinci dərəcə əlillik təyin edilir və Agentlik həmin Əsasnamənin tələblərini yerinə yetirməyə borcludur.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinə olunaraq onda təkrarən cavabdehin xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli qərarları ilə müəyyən edilmiş xəstəliyin - xroniki meningit, naməlum mənşəli ləng proqressivləşən gedişli xroniki meningit xəstəliyinin olması müəyyən edilmiş, eyni zamanda digər xəstəliklərlə yanaşı həmin xəstəliyin ağırlaşma forması kimi G40.3 kodu altında göstərilmiş generalizə olunmuş idiopatik epilepsiya da müəyyən edilmişdir. Qeyd olunan məlumatlar əsasında iddiaçı barədəsində Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndərilmiş reyestr məlumatları əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyası (TSEK) tərəfindən yuxarıda qeyd edilən səbəblə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir.

27. Daha sonra isə Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında da eyni xəstəliklərin mövcudluğu təsdiq edilmiş, lakin bu dəfə “Elektromioqrafiya müayinəsi ağırlaşmanı təsdiq etmir. Dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir.

28. Kollegiya qeyd edir ki, iş materiallarında olan tibbi sənədlərə əsasən iddiaçı müxtəlif xəstəliklərdən ambulator və stasionar müalicələr olunmuş, habelə akademik M.Ə.Mirqasımov adına Respublika klinik xəstaxanasının rəyinə əsasən iddiaçıda əsas diaqnozdan əlavə həmçinin X1 G40.3 kimi qeyd olunan “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu müəyyən edilmişdir.

29. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin müvafiq dəlilləri ilə əlaqədar iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçririlməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 həvalə edilməklə ekspertlər qarşısına aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.1974-cü ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı canlı müayinə olunmaqla, ona əlillik dərəcəsinin təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış 0530003AAJDZ, 0530003AAJEX nömrəli Forma 88 göndərişlərində qeyd olunmuş xəstəliklər müəyyən olunurmu?

2. xx.xx.1974-cü ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı canlı müayinə olunmaqla onda aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunurmu ?

30. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin T491/2022 saylı ekspert rəyindən görünür ki, məhkəmə-tibb eksperti X4 və Dövlət Tibbi-Sosial Ekspertiza və X3 sosial eksperti X5 iştirakı ilə İddiaçı məhkəmə-tibbi müayinəsi keçirilmiş, 1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya belə bir nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Sumqayıt 4 saylı xəstəxananın poliklinika şöbəsində tərtib edilmiş 0530003AAJDZ, 0530003AAJEX saylı göndərişlərlə göndərilmiş 088 saylı arayışlarda qeyd edilən diaqnozdakı əsas xəstəlik ağırlaşması şəxsin əyani və elektromioqrafiya müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklərlə öz təsdiqini tapmadığından əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddəti”nin təyininə dair meyarların hər hansı bir bəndini aid etmək mümkün olmamışdır.

31. Qeyd edilən tibbi ekspertizanın keçirilməsi məhkəmə tərəfindən “MTE və PAB” PHŞ-nə həvalə edilsə də həmin ekspertizanın keçirilməsində və rəyin tərtib edilməsində cavabdeh inzibati orqanın nümayəndəsinin də ekspert kimi iştirak etməsi nəzərə alınaraq kollegiya tərəfindən MPM-nin 88, 99-101-ci maddəsinin tələbləri baxımından həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilməmişdir.

32. Kollegiya qeyd edir ki, cavabdehin istər xx.xx.2021-ci il, istərsə də xx.xx.2021-ci il tarixli imtinalarında iddiaçıda müəyyən olunmuş əsas xəstəliyin (G03.1 Xroniki meningit, Naməlum mənşəli ləng proqressivləşən gedişli xroniki meningit) mövcudluğu inkar edilməmiş, birinci dəfə “son beş ildə stasionar müddəti yetərli deyil”, ikinci dəfə isə “Göndərişin natamam doldurulması - Səbəb: Elektromioqrafiya müayinəsi ağırlaşmanı təsdiq etmir. Dəqiqləşdirilsin” səbəbi ilə fərqli imtinalar verilmişdir. Yəni cavabdeh ikinci imtinasında əsas xəstəliyin deyil, müvafiq müayinənin ağırlaşmanı təsdiq etmədiyini gösərmişdir.

33. Halbuki iddiaçının təqdim etdiyi və onun barəsində Forma 88 göndərişində də istinad edilmiş tibbi sənədlərdən görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xroniki xəstədir, xx.xx.2021-ci il tarixli göndərişdən əvvəl xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə əsas diaqnoz olan xroniki meningitlə əlaqədar müayinə və müalicələrdə olmuş, onda həmin əsas diaqnozla yanaşı müvafiq ixtisaslaşmış tibb müəssisələrinin müayinə nəticələrində göstərilən G90.8 - Vegetativ (avtonim sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom); F06.6 üzvi mənşəli emosional labil (astenik) pozğunluq. Qıcolma tutmaları ilə; G57.6 Ayaqaltı sinirin zədələnməsi, hər iki ayaq pəncəsinin parezi; F07.8 Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Mərkəzi sinir sisteminin xəstəliyi qıcolma tutmaları ilə; G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar kimi ağırlaşmalar, habelə Z98.8 Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər; E11 İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip orta ağır gedişli, K.29.5 Dəqiqləşdirilməmiş xroniki qastrit, Xroniki qastrit, İ10 Essensial (birincili) hipertenziya, Arterial hipertenziya İİ mərhələ, əlavə risk İİİ; K81.1 Xroniki xolesistit yanaşı xəstəliklərin olması da müəyyən olunmuşdur.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçıda yuxarıda qeyd edilən xəstəliklər və ağırlaşmalar, o cümlədən xroniki meningit və generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar mövcud olduğu halda cavabdeh tərəfindən formal əsaslarla ona əlliyin təyin edilməsindən imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

35. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(118)-1943/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar