Məhkəmə qərarları › İş №2-1(105)-584/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-584/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-584/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünsüz sayılması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehsinə qarşı “onun adının “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi üçün müəyyən edilmiş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədilə N saylı hərbi hissənin üzərinə xx.xx.2020-ci il tarixli, 296 nömrəli döyüş əmrinin 2020-ci ilin hərbi hissə komandirinin Nizami hissə üzrə əmrlər kitabına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2333/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 2758 nömrəli məktubunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, ona “Müharibə veteram” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün tələb olunan, adının əmrlər kitabına əlavə olunması vəzifəsinin Cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsi” məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “onun adının “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi üçün müəyyən edilmiş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədilə N saylı hərbi hissənin üzərinə xx.xx.2020-ci il tarixli, 296 nömrəli döyüş əmrinin 2020-ci ilin hərbi hissə komandirinin Nizami hissə üzrə əmrlər kitabına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandirinin N mart N7-ci il tarixli 69 nömrəli əmri ilə qeyd edilən hərbi hissənin idarə heyətinin maliyyə xidmətinin mühasibi vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə işləyir. X19 Baş Komandanı, Azərbaycan Respublikasının Prezidentinin 27 sentyabr 2020-ci il tarixdə erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı verdiyi əmrlə başlayan Vətən Müharibəsi zamanı o, xidmət etdiyi Cavabdeh tərkibində N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək Füzuli və Cəbrayıl rayonlarında işğaldan azad olunmuş ərazilərdə öz xidməti fəaliyyətini layiqincə yerinə yetirmişdir. Belə ki, Cavabdeh komandirinin N oktyabr 2020-ci il tarixli 296 nömrəli əmri ilə saat 07:15 radələrində Pirəkəşkül - 2 hərbi şəhərciyi ərazisində yerləşən həmin hərbi hissədən onunla birlikdə maliyyə xidməti rəisi mayor X10, maliyyə xidməti rəisinin köməkçisi kapitan X5 və Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət xidmətinin müxtəlif rayonlarından döyüşlərə cəlb olunan müddətdən artıq xidmət edən hərbi qulluqçuları kiçik çavuş X15, əsgər X6, kiçik çavuş X7, əsgər X8 və əsgər X1 rayonunun işğaldan azad olunan ərazisində yerləşən qərargahına getmişdilər.Adlarını yuxarıda qeyd etdiyi həmin şəxslər 2-ci Qarabağ müharibəsi veteranı siyahısına daxil edilmiş və onların hamısına “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Dəfələrlə poçt ünvanından rəsmi olaraq bu işlə bağlı ərizə ilə müraciət etmiş, 11 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə və digər orqanlara müraciət edərək haqq işində ona köməklik göstərmələrini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin 23 noyabr 2022 - ci il tarixli 4/3-12790 nömrəli məktubu ilə imtina cavabı gəlmişdir və yenə də əsas səbəb kimi əmrdən çıxarışıların olmaması göstərilmişdir. Qeyd edir ki, 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsində mühasib-xəzinədar vəzifəsində mülki xidmət etdiyi Cavabdeh Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı həmin hərbi hissənin tərkibində N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək xidmətdə olmağına baxmayaraq, adının 2-ci Qarabağ müharbəsi veteranı adı alanların siyahısında olmadığını bilib, bu barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasından ötrü Cavabdeh maliyyə xidməti rəisi-baş mühasib isə bununla bağlı Cavabdeh komandirinə raportla müraciət etmişdir.Həmçinin, Cavabdeh maliyyə xidmətinin mühasibi vəzifəsində olmaqla, həmin hərbi hissənin tərkibində N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək Füzuli və Cəbrayıl rayonlarında xidmətdə olmağımla bağlı fakt, bu məsələnin araşdırılmasından ötrü hərbi hissə komandirinin tapşırığı ilə təşkil edilmiş 10 (on) nəfərdən ibarət komissiya üzvləri (sədr və üzvlər) tərəfindən hərtərəfli araşdırılmış, bu barədə tərtib edilib imzalanmış və hərbi hissə komandirinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli 2453 nömrəli aktda öz əksini tapmışdır. Bununla da işğaldan azad olunmuş ərazilərdə xidməti fəaliyyətini davam etdirməyi ilə bağlı həqiqət öz əksini tapdı. Bunlardan başqa, Cavabdeh komandiri vəzifəsini icra edən polkovnikleytenant Sadiq Fərzəliyev və hərbi hissə komandiri polkovnik-leytenant Emil Kamalov tərəfindən tərtib edilib imzalanmış “Müharibə veteram” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların arxa təminat üzrə tapşırıqların və maliyyə-təsərrüfat işlərinin (hərbi qulluqçuların plastik əmək haqqı kartları və əsgər pulunun paylanması və s.) yerinə yetirilmiş mülki şəxs barədə arayış-məlumatda da bildirilir ki, mən, xx.xx.N7-ci il tarixli 69 nömrəli əmrlə Cavabdeh rütbəsi mülki, vəzifəsi mühasib olmaqla, döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) hərbi hissə döyüş əməliyyatlarına cəlb olunmuş, həmin dövrdə isə o, arxa təminat üzrə tapşırıqlarla bağlı fəaliyyətə cəlb olunmuş, bu barədə əmr olmamışdır. Lakin, hərbi hissə komandirinin tapşırığı ilə komissiya təşkil olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli 2453 nömrəli akt tərtib olunmuşdur. İştirak etdiyi ərazilər bunlardır: Füzulu rayonunun Qacar və Aşağı Alxanlı kəndləri, “İlan dağı” ərazisi, Cəbrayıl rayonunun Daşkəsən kəndi və Xocavənd rayonu. Arayış-Məlumatın 8-ci qrafasında: “Hansı qismdə iştirak edib, həmin dövrə arxa təminat üzrə tapşırıqlar ilə bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatlı məlumat verilsin)” hissəsində bildirilir ki, arxa təminat üzrə tapşırıqların, maliyyə-təsərrüfat işlərinin yerinə yetirilməsi və əsgər pullarının paylanması ilə məşğul olub. Eyni zamanda pozulmuş hüququnun bərpası üçün səlahiyyətli dövlət orqanlarına dəfələrlə ərizə ilə müraciət etmiş və müsbət nəticə əldə edilməmişdir.Bununla əlaqədar qeyd edir ki, adının əmrlər kitabında yazılmadığını o sonralar yəni, adının müharibə veteranları adı alan şəxslərin siyahısına (X22) daxil edilməsindən imtina olunmasından sonra bilmiş və bununla bağlı həm tabe olduğu rəisinə, həm də komandanlığa yazılı müraciət etmiş, rəhbərlik isə araşdırılma aparmış və məsələnin obyektiv həll edilməsi üçün komissiya təşkil etmişdir. Müharibə dövründə o N oktyabr 2020-ci il tarixdə döyüş yerinə getməyi barədə komandirin əmrini müzakirə etmədən icra etmiş və yazılı əmrin verilib- verilməməsi barədə düşünməmiş, çünki öz komandirinə həmişə inanmışdır. Həmçinin, bundan sonra yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasından ötrü Cavabdeh maliyyə xidməti rəisibaş mühasibinə xx.xx.2023- cü il tarixində rəsmi olaraq ərizə ilə müraciət etmiş, maliyyə xidməti rəisi-baş mühasib isə bununla bağlı Cavabdeh komandirinə raportla müraciət etmişdir. Hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisinə bu işin araşdırılması və aidiyyatı üzrə materialların göndərilməsi tapşırılmış, o isə xidməti fəaliyyəti olaraq xx.xx.2023-cü il tarixli 442 qeydiyyat nömrəli ərizəmə əsasən şahidlərdən alınmış izahatlarla araşdırma aparararaq xx.xx.2023-cü il tarixində 2164 nömrəli “Xülasə” etmişdir. Xülasədə də aparılan araşdırma zamanı belə müəyyən olunmuşdur ki, onun həqiqiətən də döyüş bölgəsinə gedərək orada hərbi qulluqçuların aylıq pul məvaciblərini (əsgər pulunun paylanması, maliyyə təsərrüfat işləri ilə məşğul olmağı) paylamağı öz əksini tapmış, lakin bununla bağlı hərbi hissədə əmrlər üzrə heç bir qeydiyyat aparılmamışdır. Adının əmrlər kitabında yazılmaması isə onun səhvi deyil və buna o cavabdeh deyil, bu məsələ hərbi hissə komandanlığının vəzifə səlahiyyətlərinə daxildir. Cavabdehin iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, əsasları İddiaçı Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına müraciət etmişdir. Komissiya imtina məktubunda İddiaçı arayış məlumatında qeyd olunan ərazilərdə olması nizami hissə üzrə əmr və ezamiyyət vərəqəsi ilə təsdiq olunmadığına və döyüş əməliyatiarı bölgəsində olması təsdiqlənmədiyinə görə xx.xx.2023-cü il tarixli icias protokoluna əsasən komissiya tərəfindən ona ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hazırda, iddiaçı adının əmrlər kitabına əlavə olunması tələbini irəli sürmüşdür. İddia tələbi əsassız olduğundan təmin edilə bilməz.Belə ki, iddiaçının adının Cavabdeh komandirinin əmrlər kitabına əlavə edilməsi üçün qanuni əsasları mövcud deyildir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2333/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı adının Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müəyyən edilmiş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədilə Cavabdeh üzərinə xx.xx.2020-ci il tarixli, 296 nömrəli döyüş əmrinin 2020-ci ilin hərbi hissə komandirinin Nizami hissə üzrə əmrlər kitabına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. İddiaçı 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsində mühasib-xəzinədar vəzifəsində mülki xidmət etdiyi Cavabdeh Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı həmin hərbi hissənin tərkibində N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək xidmətdə olmuşdur. İddiaçının döyüş əməliyyatlarında xidməti Hərbi hissə komandirinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli 2453 nömrəli aktda və arayışlarda öz əksini tapmışdır. Lakin bu barədə 2020-ci ilin əmrlər kitabanda hər hansı bir qeyd aparılmamışdır. İddiaçı müvafiq hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabına adının daxil edilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Əmrlər kitabında həmin qeydin olması gələcəkdə müharibə veteranları üçün iddiaçının adının siyahıya alınması üçün lazımdır. İddiaçının döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapsa da cavabdeh hərbi hissə müvafiq əmrlər kitabına onun adının daxil etməməsi qanunsuz olmuşdur. Cavabdehin etirazında göstərdiyi arqument məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Belə olan halda iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçının yuxarıda qeyd olunan sənədlərlə döyüş bölgəsində iştirakı öz təsdiqini tapmış və cavabdeh inzibati orqanın iddiaçıya Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müəyyən edilmiş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədilə N saylı hərbi hissənin üzərinə xx.xx.2020-ci il tarixli, 296 nömrəli döyüş əmrinin 2020-ci ilin hərbi hissə komandirinin Nizami hissə üzrə əmrlər kitabına daxil edilməsini istisna edəcək hal müəyyən olunmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2333/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(118)-2333/2024 nömrəli qərarında buraxılmış yanlışlıqların düzəldilməsi, qərarın giriş hissəsində “vəkil və nümayəndəsi Vəkil iştirakı ilə”, iddianın təsviri hissəsində iddiaçının iddianın təmin edilməsinin xahiş edilməsi sözünün əvvəlində “onun nümayəndəsi və vəkili Vəkil” kimi yazılması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Maddə 74 İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel N5-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi “onun adının “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi üçün müəyyən edilmiş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədilə N saylı hərbi hissənin üzərinə xx.xx.2020-ci il tarixli, 296 nömrəli döyüş əmrinin 2020-ci ilin hərbi hissə komandirinin Nizami hissə üzrə əmrlər kitabına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddianın mümkün sayılması üçün zəruri olan şərtlər mövcud olmalıdır, yalnız bu halda iddia mümkün sayılmalıdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İş materiallarında olan N oktyabr 2020-ci il tarixli 296 №li Əmrin məzmunundan görünür ki, xüsusi döyüş əməliyyatlarında iştirak etmək məqsədilə 877-ci mexanikləşdirilmiş briqadanın adları çəkilən hərbi qulluqçuları N oktyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissənin müdafiə zolağına getmiş hesab edilməsi və hərbi hissənin qazan təminatına qoyulması və 5 nəfər şəxsin adı qeyd edilmiş, iddiaçının adı əks olunmamışdır. İndiki halda iddiaçının iddia tələbi müharibə veteranı adı və vəsiqəsinin alınması üçün həmin əmrin əmrlər kitabına daxil edilməsi ilə bağlı olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iddia tələbində qeyd etdiyi əmrdə iddiaçının adı olmamışdır. Belə olan halda idiaçının həmin əmrlə bağlı iddia tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır. Başqa sözlə desək, indiki halda həmin əmrin iddiaçının hansı hüquqlarının pozulmasına səbəb olması və ya bununla bağlı hüquqi müdafiəyəyə ehtiyacının olması halı müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçının həmin əmrin əmrlər kitabına daxil edilməsi ilə bağlı tələbi onun hüquqi marağına (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) və ya arzuladığı məqsədə çatmaq üçün əlverişli iddia növü kimi mövcud olmamışdır.Belə ki, əmrlər kitabı mahiyyət etibarilə cavabdeh tərəfindən qəbul edilmiş əmrlərin qeydiyyatının aparılması məqsədilə tərtib edilməklə, hər hansı hüquqi məzmuna malik olmamaqla, hüquqi nəticələrə (hüquq və vəzifələrin yaranmasına) səbəb olmur, hüquqi nəticə məhz qəbul edilmiş əmrlərlə bağlı ortaya çıxır. İndiki halda isə iddiaçı barəsində hər hansı əmr olmadan adının əmrlər kitabına daxil edilməsi və ya istinad etdiyi əmrin əmrlər kitabına daxil edilməsi tələbinin irəli sürülməsi mahiyyət etibarilə iddiaçının hüquqi marağına uyğun olmamaqla, onun hüquqi müdafiəyə ehtiyacın olması zərurətini yaratmır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərini yoxlamadan, mahiyyəti üzrə baxaraq, qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin halları diqqətdən qaçırmış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2333/2024 nömrəli qərarı ləğv edilsin, iddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar