Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-587/2022 18.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı ona forma 88-in verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2- 1(118)-1186/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Naziliyinin Baş klinik hospitalının hərəkət və hərəkətsizliyi, ona əlilliyin təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Naziliyinin Baş Klinik Hospitalının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi X4 iddia tələbinə dəqiqləşdirmə verərək, iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Klinik Hərbi Hospitalının, üçüncü şəxs qismində isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin qəbul edilməsini və forma 88-in verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildən Müdafiə Nazirliyinin Milli Ordu sıralarında hərbi qulluqçudur, hazırda da N saylı hərbi hissədə xidmət göstərir, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı xəstəliklərlə əlaqədar dəfələrlə hərbi hospitallarda müayinə və müalicələr almış, lakin aldığı müalicələr nəticəsində sağalmamışdır. 2020-ci ilin axırından dəfələrlə etdiyi müraciətlərə baxmayaraq onu hospitala müalicəyə buraxmayıblar, məzuniyyət götürüb hospitala gedib özünü qeydyiyyata salmış və sonradan müayinə və müalicə üçün 19 may 2021-ci il tarixindən 19 iyun 2021-ci il tarixədək hərbi hospitalda müalicə olunaraq kafi vəziyyətdə ordan buraxılmış, lakin travmatologiya şöbəsində yer olmadığına görə bir aydan sonra əməliyyata gəlməsini yazmışdırlar. Hospitaldakı müalicələr və müayinələrdən narazıdır, qoyulmuş diaqnoza görə aldığı xəstəliklərin hamısı hərbi xidmət dövründə olmuşdur, həm də hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi-həkim komissiyası tərəfindən hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır, halbuki dəfələrlə həkimlər bildiriblər ki, xəstəliklərinə görə hərbi xidmətə yararsızdır, hansı səbəblərə görə belə yazılması aydındır. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarından göründüyü və iddiaçının da qeyd etdiyi kimi İddiaçı Azərbaycan ordusu sıralarında gizir hərbi rütbəsində xidmət etməklə N nömrəli hərbi hissədə xidmətdədir. İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətini davam etdirərək xidməti dövründə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicələrdə olmuşdur. Belə ki, o, xx.xx.2016-cı il tarixdə “Sağ tərəfli düz qasıq yırtığı. Vertebrogen lyumbalgiya” diqnozu ilə Müdafiə Naziliyinin Baş X3-Abdominal Cərrahiyyə bölməsinə daxil olmuş və daxil olarkən şikayətləri sol qasıq nahiyəsində olan şişkinlik və ağrılardan, səbəbi ağır fiziki işlərin icrası ilə əlaqələndirilmişdir. Aparılmış müalicə xx.xx.2016-cı il tarixdə yerli anesteziya altında sol tərəfli herinotomiya, hernioplastika əməliyyatı icra edilmiş, xəstə əməliyyatdan sonrakı dövrü fəsadsız keçirərək, yara birincili sağalmaqla kafi vəziyyətdə öz hərbi hissəsinə yazılmış həmçinin xx.xx.2016-cı il tarixdə Hərbi Həkim Komisiyasına təqdim olunmaqla keçmiş, o xəstəliklər cədvəlinin 61 maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək 15 gün məzuniyyət verilməsi ilə hərbi hissəsinə göndərilmiş, məsləhətlər hərbi hissə həkiminin nəzarəti, HHK-nın qərarını həyata keçirmək və planlı qaydada fizioterapevtik müalicə nəzərdə tutulmuşdur. Bundan başqa, xəstə xx.xx.2017-ci il tarixdə MNBKH-nın Nevrologiya bölməsinə bel-oma nahiyəsində olan sağ ayağa yayılan ağrıdan, keymədən, hərəkət məhdudluğundan şikayətlərlə “Xroniki diskogen mənşəli bel-oma radukliti, natamam remissiya mərhələsində. L3-L4 fəqərəarası diskin sol foraminal protruziyası, L4-L5 fəqərəarası diskin sol foraminal yırtığı. Vazamator rinit. Sağ əlin birinci barmağının distal falanqasının kiçik ölçülü kiristalı” diaqnozu ilə stasionar müayinə və müalicələrə qəbul edilmiş, rejim, pəhriz, aktovegin, diklofenak, amitriptilin, qalazolin, dimedirol, omeprozol, aparılaraq, xəstə kafi vəziyyətdə xx.xx.2017-ci il tarixdə stasionardan çıxarılaraq hərbi həkim komissiyasına təqdim edilmiş HHK-sı MN-nin 123 saylı əmrinin 26c maddəsinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı vermiş, xəstə xx.xx.2017-ci il tarixdə xidmət etdiyi hərbi hissəyə göndərilmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2018-ci il tarixdə bel nahiyyəsində olan ağrılardan və ağrıların aşağı ətraflara yayılmasından şikayətlənərək MNBKH-nın Tibbi Reabilitasiya bölməsinə “Dikogen mənşəli sol tərəfli L5 radiklopatiyası” diqnozu ilə qəbul edilmiş xx.xx.2018-ci il tarixədək stasionar müayinə və müalicələrdə olaraq rejim-3, pəhriz- 15, sol dikloffenat, sol midokalm tab, omeprazol, almagel, fizioterapefitik prosedurlar, massaj və MBT təyin olunaraq təyinat edilmişdir. Həmçinin gizir İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək MNBKH-nın Qastroenterologiya bölməsinə stasionar müalicədə olmuş, qəbul olarkən şikayətləri baş ağrısı, halsızlıq, ürəkbulanma, ümumi zəiflik, epiqastrol nahiyədə ağrı, qıcqırma, qəbizlik olmuşdur. Xəstəyə təyinatlar edilərək pəhrizə, qidalanma rejiminə əməl etmək, zərərli vərdişlərdən imtina etmək (spitli içki, siqaret) omeprozol yeməkdən əvvəl 10 gün istifadə edilməsi tövsiyə edilmiş HHK-na təqdim edilmiş və yenə də sıradankənar olmaqla N gün məzuniyət verilərək çıxarış edilmişdir. Eyni zamanda gizir İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək MN BKH-nın Ortepediya bölməsində sağ əlin İ barmağının distal falanqasının total enxondroması”, yanaşı olaraq “İki tərəfli qasıq limfadenopatiyası. Təpə nahiyəsinin yumuşaq toxumalarının yad cismi (metal olmayan). Xroniki diskogen mənşəli döş və beloma redukuliti, natamam remissiya mərhələsində. L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərin proturziyası. Xora xəstəliyi, natamam remissiya mərhələsində. Mədənin və 12 barmaq bağırsaq soğanağının çapıqlaşmış xoralarından sonrakı vəziyyət” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Xəstəyə rejim, pəhriz, ağrıkısici, antibiotik, antikoaqulyant və s. müalicələr aparılmışdır. Xəstəyə xx.xx.2021-ci il tarixdə “enxondromanın xaric edilməsi, autoosteoplastika” cərrahi əməliyyatı icra olunmuşdur. Xəstə hərbi həkim komissiyasına təqdim olunmuş, Müdafiə nazirinin 123 nömrəli əmrinin 86 maddəsinin İİİ qarafasına əsasən “hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilməlidir” qərarı verilmişdir. Məzuniyyət müddəti tamamlandıqdan sonra xəstəyə təkrar baxış olmuş və tam sağalma qeyd edilmişdir. İddiaçının iddiasında nəzərdə tutduğu bəzi tələblər vardır ki, bu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının səlahiyyətləri çərçivəsində deyildir. Belə ki, iddiaçı hospitaldan ona əllillik dərəcəsinin (qrupunun) və onu tərxis edilməsi tələbini irəli sürür. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ayrı-ayrı hərbi qurumlardır və hərbi qulluqçunun müayinə və müalicələri bitdikdən sonra zəruri hallarda Hərbi Həkim Komissiyasına təqdim olunur onun hərbi xidmətə yararlılıq dərəcəsinin yenidən müəyyən edilməsi üçün Hərbi Həkim Komissiyasına təqdim edilir və hərbi qulluqçu yuxarıda qeyd olunan əmr və sərəncamların tələblərinə uyğun şəhadətləndikdən sonra xidmətin davam etdirilib-etdirilməməsi qərarı verilir. Gizir İddiaçı də, bir neçə dəfə hərbi həkim komissiyasına təqdim edilərək şəhadətləndirilmiş və sıradan kənar olmaqla hərbi xidmətə yararlı hesab edilmişdir. Həmçinin gizir İddiaçı əlilliklə bağı ona hospital tərəfindən qrup verilməməsi tələbinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə əlilliyin müəyyən edilməsi, növünün dəyişdirilməsi və bərpa olunması Müdafiə Nazirliyinin səlahiyyətlərində olmadığından Mərkəzi Hərbi Həkim Komissiyasının təsdiq etdiyi şəhadətnaməni təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və ya həmin qurumun qeydiyyatda olduğu rayon şöbəsinə müraciət etməyi məqsədəmüvafiqdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlilliyin təyin olunması ilə bağlı agentliyə rəsmi müraciəti daxil olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(118)-1186/2022 nömrəli qərardadı ilə (hakim Ceyhun Məmmədov) iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (...) Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır (...) Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarından müəyyən olunur ki, keçmiş hərbi qulluqçu gizir İddiaçı hərbi xidmət dövründə travma almış və müxtəlif vaxtlarda hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək hərbi xidmət vəzifələrindən tam azad edilmişdir. Sonradan o, vəzifələrinin yerinə yetirilməsi ilə bağlı xidmət keçdiyi hərbi hissəyə geri qaytarılmışdır. İddiaçı bağlaşma əsasında hərbi xidmət keçdiyini və bağlaşmanın müddəti bitdiyinə görə Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanın 20 mart 2022-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 bəndinin “a” yarımbəndi ilə ordu sıralarından azad edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş 1391 saylı xx.xx.2022-ci il tarixli arayış əsasında İddiaçı sıradankənar hərbi xidmətə görə yararlı hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Hərbi Həkim Komissiyasının rəyi əsasında hərbi qulluqçular xəstəliyə görə ehtiyata, istefaya buraxılırlar və ya onlar qısa müddətli məzuniyyətə buraxılırlar. Hərbi qulluqçunun müharibə dövründə aldığı xəsarətin səbəb əlaqəsi və hərbi xidmətə yararlılıq dərəcəsi barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının tərəfindən qərar (arayış) verildikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. Daxil edilmiş məlumat əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik dərəcəsi təyin edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən hərbi-həkim komissiyaları hərbi xidmətə könüllü daxil olan vətəndaşların, orqanlara xidmətə daxil olan vətəndaşların, hərbi qulluqçuların və digər şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsini həyata keçirir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikasında hərbi-həkim ekspertizasına metodik rəhbərliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası həyata keçirir. Həmin Əsasnamənin 1.9-cu bəndinə əsasən vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbihəkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. Həmin Əsasnamənin 1.13-cü bəndinə əsasən tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları, o cümlədən həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışı onların rəsmiləşdirildiyi gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər. Qeyd olunanlardan göründüyü kimi hərbi xidmət zamanı xəsarət almış hərbi qulluqçuya əlillik dərəcəsinin təyin edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən deyil Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi arayış əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş məlumat əsasında əlillik dərəcəsi təyin edilir. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 fevral 2015-ci il tarixli 8 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Tibb Xidmətinin dinc dövrdə idarəetmə orqanları, tibbi hərbi hissə və müəssisələri haqqında Əsanamənin təstiq edilməsi barədə” Təlimatın 3.1.1-ci bəndinə əsasən Hərbi hospitalyararlı və xəstə hərbi qulluqçulara, elecə də hərbi müalicə müəssissələrində müayinə, müalicə almaq hüququna malik olan şəxslərə ixtisaslı və yüksək texnologiyalı tibbi yardım göstərilməsi, onların müayinəsi, müalicəsi, tibbi reabilitasiyası və hərbi həkim ekspertizasının keçirilməsi üçün təyin edilmiş müalicə-profilaktika müəssisəsidir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfə hüquqi yardım göstərsə də, iddiaçı X6 əvəzinə Mərkəzi Hərbi Həkim Komissiyasının cavabdeh qismində işə cəlb olunmasına razı olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbi öhdəliyin icrası, Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı isə qaldıracağı tələbi 1391 saylı arayışında (qərarında) qeyd olunan “sıradankənar hərbi xidmətə yararlı” diaqnozunun ləğv edilməsi ilə bağlı olmalıdır. Bu cür iddia tələblərində isə pretenziya qaydalarına riayət olunması vacib amillərdən biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddia olduğundan və həmin iddialar üzrə xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunduğundan, iddiaçı isə cavabdeh kimi Mərkəzi Hərbi Həkim Komissiyası əvəzinə Baş Klinik Hospitalını cavabdeh kimi qoyduğundan apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(118)-1186/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-587/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-587/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver