Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-587/2023 15.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və texniki sənədlərin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı ünvan 1i ünvanında yerləşən 2.47 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisə üzərində faktiki vəziyyətinə uyğun olaraq onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1026/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı sözügedən əmlak kompleksi kimi müəssisəyə dair təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktında Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Bundan başqa sözügedən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olması, həmçinin təqdim edilmiş sənədlərdə torpaq sahəsi 2.50 ha göstərilsə də, faktiki vəziyyətdə 2.47 ha olduğu aşkar edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı sözügedən əmlak kompleksi kimi müəssisəyə dair təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktında tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Bundan başqa sözügedən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olması, həmçinin təqdim edilmiş sənədlərdə torpaq sahəsi 2.50 ha götərilsə də, faktiki vəziyyətdə 2.47 ha olduğu aşkar edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı istifadəsində olan Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 2.5 ha torpaq sahəsinin ərazidən keçən "xxxx" ASC-nin balansında olan 220 kV-luq “1-ci Hövsan” hava xəttinin mühafizə zonasına düşmür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 2.47 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisə üzərində faktiki vəziyyətinə uyğun olaraq onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dövlət reyestrindən verilmiş **********30 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 2.5 ha torpaq sahəsi mülkiyyətindədir. Həmin torpaq sahəsində xx.xx.2016-ci il tarixli, 006 saylı tikinti obyektinin tikintisinə icazə verilməsinə dair sənədə xx.xx.2019-cu il tarixli, 06 saylı Tikinti obyektinin istismarına icazə sənədinə, lisenziyası olan memar tərəfindən hazırlanmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış eskiz lahiyəyə əsasan ümumi tikinti sahəsi 9186.4 m2 , tikintialtı sahəsi 8167 m2 olan əmlak kompleksi kimi müəssisə tərəfindən inşa edilərək, istismara verilmişdir.Həmin əmlak kompleksi kimi müəssisəyə dair eskiz layihə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq, müvatiq möhürlə təsdiqlənmişdir.Sözügedən əmlak kompleksi kimi müəssisənin daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş və onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar iddiaçının xx.xx.2022-ci il tarixli, ********** daxilolma nömrəli müraciəti olmuşdur: aparılan araşdırma zamanı Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən əmlak kompleksi kimi müəssisəyə dair istismarına icazə verilməsi barədə sənədin qanunamüvafiq qaydada tərtib edilmədiyi, tikinti obyektinə verilmiş kodun qeyd edilmədiyi əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahələrinə aid olduğu, faktiki istifadə olunan torpaq sahəsinin 2.47 ha olduğu, Torpaq sahəsinin bir hissəsinin 6 KVt elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Göstərilən səbəblərdən iddiaçının müraciətinin icrası müsbət həll edilməmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1026/2023 nömrəli qərarı ilə idda təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat iddiaçının tələbinin təmin etmədikdən sonra iddiaçı qeyd olunan sənədləri iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etmiş və 6 aydan artıq davam edən məhkəmə araşdırılması zamanı iddiaçıya müvafiq icra hakimiyyətinə müraciət edərək, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun alınması üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, iddiaçı müvafiq icra hakimiyyəti orqanlarına müraciətlərinə dair məhkəməyə sübut təqdim etməmişdir. Qanunvericiliyin tələbləri baxımından hazır tikililərə kodun alınması üçün tikili sahibi yerli icra hakimiyyəti vasitəsi ilə tikiliyə aid sənədləri Şəhərsalma və Arxitektura Komitəsinə göndərməlidir. Yerli icra hakimiyyəti vasitəsi ilə daxil olmuş tikili sənədlərindən asılı olaraq tikili barədə olan məlumatlar vahid tikinti reyestrinə daxil edilib- edilməməsi məsələsinə baxılır. Lakin qeyd olunan hərəkətlərin məhz iddiaçı tərəfindən yerinə yetirilməsinin tələb edilməsinə və onun tərəfindən bu hərəkətlərin yerinə yetirməsindən imtina edilməsi mövcud tikilinin Tikinti Reyestrinə daxil edilməsini mümkünsüz edir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmlak kompleksi kimi müəssisənin istismarına icazə sənədində tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilməməsi imtina üçün əsas hesab edilməməlidir. İstismara icazə sənədində tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilməməsi vətəndaşın nöqsanı deyil. Bu sənədin verilməsi İcra Hakimiyyətinin səlahiyyətində olmaqla həmin orqan tərəfindən tikintinin istismara hazır olduğunun rəsmi bəyan olunması deməkdir. “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının” 4.2-ci bəndinə əsasən tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş şünü müddətində bu Qaydaların 3.1.1-ci yarım bəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir, bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Göründüyü kimi kodun alınması tikintiyə icazə verən orqanın səlahiyyətinə, olub, onun iradəsindən asılı olmayıb. Onun tikintiyə icazə verən orqan adından fəaliyyət göstərmək kimi səlahiyyətimolmayıb və yoxdur. Tikinti obyektinə kodun verilməsi bu gün faktiki olaraq mümkün deyil. Belə olduğu halda inşa edilmiş əmlak kompleksi kimi müəssisə sökülüb tikinti obyektinə kod alındıqdan sonra yenidən inşa edilməlidir. Belə çıxır ki, müvafiq icra hakimiyyəti orqanının öz işini qanunamüvafiq qaydada görməməsi ucbatından vətəndaşa cəza verilmiş olur. Faktiki torpaq sahəsinin 2.47 ha olması da imtina üçün əsas deyil. Belə ki, torpaq sahəsinin ölçüsünün 2.47 ha kimi qeyd edilməsinə etirazı yoxdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının
5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.
7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının
9. Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. .....
12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; ...... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, hazırki iş üzrə mübahisə predmetini mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan müvafiq torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələb təşkil edir. İddiaçı müvafiq torpaq sahəsi üzrə mülkiyyət hüququna malik olduğunu, həmin hüququnun müvafiq qaydada dövlət qeydiyyatına alındığını, həmin torpaq sahəsində tikinti norma və qaydalarına uyğun olaraq qeyri-yaşayış binası inşa edildiyini, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin tikiliyə dair istismara icazə sənədi verildiyini əsas gətirərək, qeyd olunan iddia tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqan tərəfindən imtinanın əsas kimi müvafiq qeyri-yaşayış binasının tikintiyə icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, həmin sənəddə tikinti obyektinə verilmiş kodun qeyd edilməməsi, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyintalı torpaqlara aid olması, təqdim edilmiş sənədlərdə torpaq sahəsinin faktiki ölçüsünün 2,47 ha olmasının aşkar edilməsi hallarına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilərək, iddia rədd olunmuşdur. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan müvafiq torpaq sahəsinin ölçüsünün ona dair hüquqmüəyyənedici sənəddə 2,50 ha qeyd edildiyi halda, faktiki olaraq ölçüsünü 2,47 ha olması halına istinad etmişdir ki, bu hal özlüyündə həmin torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə dair hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas hesab edilmir. Belə ki, iddiaçı torpaq sahəsinin ölçüsünü 2,47 ha kimi qeyd edilməsinə etirazının olmadığını bildirmiş, habelə iddia tələbində də məhz 2,47 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi ilə bağlı tələb qeyd edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar özlüyündə cavabdehin imtina və etiazının əsası kimi istinad etdiyi həmin halları təkzib edir və bu hal imtina üçün əsas qismində çıxış etməmişdir. Həmçinin, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbyacan Respublikası Mülki Məcəlləsinin 240-cı maddəsinin tələbinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Deməli, iddiaçının mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində şəhərsalma və tikinti norma və qaydalarına, torpaq sahəsinin təyinatına riayət etməklə, müvafiq tikilini ucaltmaq (inşa etmək) onun hüququ kimi mövcud olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtina əsası kimi müvafiq qeyri-yaşayış binasının tikintiyə icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, həmin sənəddə tikinti obyektinə verilmiş kodun qeyd edilməməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normasının tələbinə əsasən indiki halda torpaq sahəsinin mülkiyyətçisi qismində çıxış edən iddiaçı şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə inşa etdiyi müvafiq qeyri-yaşayış binasına mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda isə mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün məhz qanunvericiliklə imperativ norma şəklində müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən xüsusi mülkiyyətində olan torpaq sahəsində müvafiq tikili inşa edilmiş və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən isə 15.04.206-ci il tarixdə 006 №li obyektin tikintisinə icazə sənədi və 20 dekabr 2019-ci il tarixdə 06 №li tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Qeyd olunmalıdır ki, həmin icazə sənədində tikinti obyektinin kod nömrəsi dövlət reyestri tərəfindən verilir və həmin orqanın özü tərəfindən veriləcək kod nömrəsinin icazə sənədində göstərilməməsi halı isə özlüyündə müvafiq qeyri-yaşayış obyektinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz, qanunvericilikdə bununla bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Həmçinin, qeyd edilən kod nömrəsi müvafiq qeydiyyat orqanının özü tərəfindən də müəyyən edilə bilərdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1ci bəndinə əsasən, dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. Bundan əlavə qeyd edilməlidir ki, iş materialları əsasında Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tikili ilə bağlı kod verilməsi üçün sənədlərin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi müəyyən edilmişdir. Göründüyü kimi, indiki halda qeyd olunan dəyişikliklər cavabdeh inzibati orqanın özü tərəfindən edilə bildiyi halda, inzibati orqan tərfindən edilmiş formal xətalar cavabdeh inzibati orqan tərəfindən imtina üçün əsas gətirilir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina əsası kimi həmin hala istinad etməsi formal xarakter daşımaqla, əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtina əsası kimi torpaq sahəsinin təyinatı ilə bağlı hala istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi kimi çıxış etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş ”Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 1ci bəndinə qeyd edilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisində sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydalarını tənzimləyir. Həmin qaydaların 2-ci bəndində qeyd edilmişdir ki, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan görünür ki, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlarda sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi mümkündür. İndiki halda iş materiallarından görünür ki, qeyd edilən qeyri-yaşayış binası sahibkarlıq obyekti olmaqla, saxlama anbarı və ofis kimi istifadə olunur. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda həmin torpaq sahəsində inşa edilmiş tikilinin onun təyinatına uyğun olmaması ilə bağlı cavabdehin gətirdiyi arqument əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddia tələbinə etirazın əsası kimi həmin torpaq sahəsinin elektrik xəttinin mühafizəsi zonasında yerləşməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən Qaydalarda qeyd edilən halın torpaq sahəsinə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zolağında yerləşmir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də cavabdehin etirazın əsası kimi istinad etidyi hallar əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1- ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4-daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, hazırki iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olmaqla və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmişdir. Başqa sözlə desək, birinci instansiya məhkəməsi cavabdehin imtinasının əsası kimi çıxış edən halın yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtləri ilə uzalaşmaması, habelə inzibati orqanın formal xəta olaraq yol verdiyi yalnışlığın cavabdeh inzibati orqanın imtinası üçün əsas götürülməsi halının mülkiyyət hüququnun toxunulmazlığı və qorunması kimi fundamental konstitusion prinsiplərin, habelə inzibati icraatın mahiyyətinə və prinsiplərinə zidd olması halını və onun düzəldilməsinin mümkünlüyünü diqqətdən qaçırtmış, bu halları isə mütənasiblik prinsipi baxımından təhlil etməmişdir. Qeyd olunan hallar isə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində 2,47 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, sözügedən əmlak kompleksinə cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən baxış keçirilərək, yerində müayinə edilərək, xx.xx.2022-ci il tarixli müayinə aktı təqdim edilmişdir. Həmin müayinə aktının məzmunundan görünür ki, həmin əmlak kompleksinin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 9186,4 m2 kimi, faktiki vəziyyətdə isə ümumi sahəsi 8943,2 m2 (əsas sahə üzrə 7577,1 m2, köməkçi sahə üzrə 1366,1 m2), digər 137,3 m2 kimi qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının vəkili və nümayəndəsi öz izahatında bildirmişdir ki, iddia tələbində qeyd edilmiş əmlak kompleksinin faktiki vəziyyətinə uyğun olaraq dedikdə, məhz müayinə aktında qeyd edilmiş əmlak kompleksinin faktiki vəziyyətə uyğun olan göstəriciləri nəzərdə tutulmuşdur, bu halın nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası İPM-in 52-ci maddəsini tələbini əsas götürərək, hesab edir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, gələcəkdə müvafiq məhkəmə qərarının icrası ilə bağlı yarana biləcək anlaşılmazlığın qarşısının alınması üçün sözgedən əmlak kompleksinin faktiki vəziyyətinə uyğun olaraq (ümumi sahəsi 8943,2 m2 (əsas sahə üzrə 7577,1 m2, köməkçi sahə üzrə 1366,1 m2), digər 137,3 m2) qeyd edilməklə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halının qərarın nəticə hissəsində qeyd edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1026/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 2.47 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisə üzərində onun faktiki vəziyyətinə (ümumi sahəsi 8943,2 m2 (əsas sahə üzrə 7577,1 m2, köməkçi sahə üzrə 1366,1 m2), digər 137,3 m2) uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması, dövlət reyestrindən çıxarış və texniki sənədlərin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.